Türkiyə-Azərbaycan
qardaşlığı bundan sonra da bütün dünyaya
nümunə olaraq qalacaq
Yıldıray Arslan: Azərbaycan Prezident İlham
Əliyevin rəhbərliyi ilə hər keçən gün
ərzində daha da güclənir
TRT Bakı təmsilçiliyinin rəhbəri
Yıldıray Arslanın Azərbaycandakı fəaliyyət
müddətinin başa çatdığına dair xəbəri
bir qədər təəssüflə qarşıladım. Təəssüf ona görə ki, ölkəmizə
könül verən, Azərbaycanı, sözün əsl mənasında,
ikinci vətəni hesab edən, bu vətəni
üçün də əlindən gələn hər
şeyi etməyə hazır olan bir dostumuz artıq burada bizlərlə
bərabər olmayacaq. Amma bir şeyə əminik
ki, harada olmasından, harada çalışmasından
asılı olmayaraq, Y.Arslan Bakıya ilk gəlişində
sevib ailə qurduğu Lalə xanım, hazırda Kanadada təhsil
alan oğlu Alp Enes Arslanla birlikdə bundan sonra da Azərbaycanın
haqq səsinin dünyaya çatdırılmasında əlindən
gələni əsirgəməyəcək. Elə
Türkiyəyə dönüşü öncəsi qəzetimizə
müsahibə verən Y.Arslana ilk sualımız da məhz
ölkəmizə ilk gəlişi və azərbaycanlı
xanımla ailə qurmasının tarixçəsi ilə
bağlı oldu.
İçərişəhər, Qafqaz rəqsi
və ilk baxışdan sevgi...
Söhbətimizə
“Biz Azərbaycana can Azərbaycan deyirik. Yəni Azərbaycan mənim üçün, bizim
üçün candır. Uşaqlıq illərində
böyüklərimizdən eşitdiyimiz hekayələrdə,
xatirələrdə hər zaman adı keçən
Qafqazın incisi, Qafqazın mərkəzi, gənclik illərimizdə
də inandığımız dəyərlərin mənbəyi
olaraq gördüm Azərbaycanı” sözləri ilə
başlayan Y.Arslan ölkəmizə ilk gəlişinin
SSRİ dönəminə, ötən əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin əvvəllərinə təsadüf
etdiyini dedi: “Bakıda Türkiyənin ixrac məhsullarının
sərgisi açılırdı. Həmin sərgi
ilə bağlı bura gəldik. Onu da
deyim ki, bu, mənim TRT müxbiri kimi xarici ölkədə ilk
işim idi”.
Müsahibim
deyir ki, Bakıya ilk gəlişində onun həyatında əlamətdar
bir hadisə baş verib: “Bizim əslimiz Şimali
Qafqazdandır. Babamın babası rus-çərkəz
savaşı dönəmində oradan Türkiyəyə
köçüb. Anamın anası hər
dəfə mənə Qafqaz barədə böyük həvəslə
danışardı. Yəni Qafqaz bizim
kökümüzün olduğu yerdir və Bakı məni
yenidən Qafqaz ruhuna qovuşdurdu. Belə
ki, sərgidən sonra Bakıda, İçərişəhərdəki
restoranda yemək yeyirdik. Birdən Qafqaz rəqsinin
sədalarını eşitdim. Səsə
qulaq verib, irəliyə getdim. Baxdım ki,
Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının açıq havada konsertidir. Başladım əl çalmağa. Bu vaxt kənardan
şlyapalı bir adam yaxınlaşdı
və “sən bu rəqsi anlayırsanmı?” - deyə
soruşdu. Söhbət zamanı həmin adam
(sonradan bildim ki, o, rəqs ansamblının rəhbərlərindən
biridir) dedi ki, rəqs etməyi bilirsənsə, bizim bir
qızımız var, buyur, onunla rəqs et. Bir də
gördüm ağ paltarlı, uzun
saçlı bir qız gəldi. Onunla rəqs
etdim və sonra da (gülür) evləndim”.
Qarabağ
müharibəsi haqqında əsl həqiqətləri
dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən
biri...
TRT-də
Azərbaycanla bağlı digər ilklərə də imza
atan Y.Arslan həm də Qarabağ müharibəsini, cəbhə
xəttindəki olayları dünyaya çatdıran ilk
türkiyəli jurnalistlərdən biridir: “İlk səfərimdən
bir neçə ay sonra yenidən Bakıya gəlmişdim. Həmin vaxt bir qəbiristanlığın
yanından keçərkən bir-iki qəbrin başında
qadınların ağladığını gördüm.
Məlum oldu ki, onların yaxınları
Qarabağda erməni separatçılar tərəfindən
şəhid ediliblər. Həmin şəhid
yaxınları ilə reportaj hazırlayıb, Ankaraya göndərdik.
Bu reportaj həm Türkiyədə, həm də
dünyada böyük əks-səda doğurdu. Çünki ona qədər xarici xəbər
agentlikləri elə təqdim edirdilər ki, sanki Qarabağda
qətliam törədən azərbaycanlılardır. Amma bizim reportaj erməni yalanlarını ifşa
etdi. Bəlli oldu ki, xarici mətbuatın
iddia etdiyi kimi, azərbaycanlılar erməniləri deyil, ermənilər
azərbaycanlıları qətlə yetirirlər”.
Bakıya üçüncü gəlişinin 20 Yanvar
faciəsindən sonra baş tutduğunu deyən müsahibim
1990-cı illərdə Qarabağda savaş bölgəsinə
ezam olunub, Qarabağda, Murovda, Qazaxda, Tovuzda çəkilişlər
aparıb. Kəlbəcər qaçqınları ilə ilk
reportajı da o hazırlayıb.
“Bu
üç il ərzində üzərimə düşən
vəzifənin öhdəsindən layiqincə gəlməyə
çalışdım”
Çeçenistanda
ilk çəkiliş aparan türk müxbir kimi də tarixə
düşən Y.Arslan TRT-də müxtəlif vəzifələrdə
çalışdıqdan sonra 2014-cü ildə TRT Bakı təmsilçiliyinin
rəhbəri təyin edilib: “Öncə qeyd edim ki, TRT
Bakı təmsilçiliyi fəaliyyətə
başladığı 2001-ci ildən Azərbaycan və Türkiyənin
ortaq gündəmi, tarixi və gələcəyi ilə
bağlı səmərəli fəaliyyət göstərməyi
qarşısına məqsəd qoyub. 2014-cü ilin avqust
ayında təmsilçiliyin rəhbəri vəzifəsinə
təyin olundum və bu üç il ərzində
üzərimə düşən vəzifənin öhdəsindən
layiqincə gəlməyə çalışdım. Həmin müddətdən bu günə kimi iki
ölkənin qardaşlığına, ölkələrimiz
arasında reallaşdırılan layihələrə, iki
ölkə rəsmilərinin səfərlərinə, mədəniyyətin
təbliğinə yönələn müxtəlif
verilişlər hazırlanıb. Bundan əlavə, 20
Yanvar faciəsi, 26 fevral - Xocalı soyqırımı və
21 mart - Novruz bayramı ilə bağlı Bakıdan canlı
yayımlar edib, Azərbaycanla Türkiyənin münasibətlərindəki
inkişaf haqqında materiallar hazırlayıb bu dostluğa
öz töhfəmizi verməyə
çalışmışıq. Hazırda TRT Bakı təmsilçiliyi
tərəfindən aylıq 4 bölüm “Can Azərbaycan”, 4
bölüm “Bakı spor dosyası” və 4 bölüm “Dosya
Haber” olmaqla 12 bölüm proqram, ümumilikdə 50 xəbər
buraxılışı, həmçinin Türkiyənin bir
çox tv və radio kanalları üçün canlı
yayım, telefon bağlantısı və reportajlar
hazırlanmaqdadır. Eyni zamanda, Azərbaycanın AzTV və
İTV kanalları ilə ortaq televiziya verilişləri, “TRT
FM” və “ASAN RADİO” ilə qurulan “radio körpüsü”
vasitəsilə hər bazar ertəsi 17:30-17:50 arasında “Tam
bu saat” adlı ortaq canlı yayım hazırlanır.
Təmsilçiliyimiz tərəfindən Bakıda
keçirilən beynəlxalq idman yarışları da
yaxından işıqlandırılıb. Rəhbərlik
etdiyim üç il ərzində TRT Bakı təmsilçiliyi
nümunəvi fəaliyyətinə görə Azərbaycanda
fəaliyyət göstərən qurumlar tərəfindən
çoxsaylı mükafatlara layiq görülüb”.
“Azərbaycan
dünyada bir nümunə olaraq qəbul edilir”
Yeri gəlmişkən, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev Prezident
seçiləndən sonra Türkiyəyə ilk səfərində
Ondan müsahibə alan ilk türk jurnalisti də məhz
Y.Arslan olub: “Müsahibə zamanı “Azərbaycanın
gələcəyini necə görürsünüz”
sualıma cənab Heydər Əliyev “Müasir, öz sərvətlərini
özü istifadə edən, mədəni, inkişaf
etmiş, dövlət kimi bütün qurumlarını
formalaşdırmış qüdrətli bir Azərbaycan
qurmaq mənim arzumdur”, - deyə cavab verdi. Bu gün
çəkinmədən bildirərəm ki, cənab Heydər
Əliyevin həmin arzusu tamamilə reallaşıb və Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə hər
keçən gün ərzində daha da güclənir. Mən bu gücü, bu inkişafı
alqışlamaqla yanaşı, demək istəyirəm ki,
2014-cü ildə Bakıya gələndə şoka
düşdüm. Çünki 1994-cü ildə
gördüyüm Azərbaycanla 2014-cü ilin Azərbaycanı
arasında yerlə göy qədər fərq vardı. Bir tək
cümlə ilə desək, Azərbaycan bütün sahələrdə
inkişaf əldə edib. Onu da deyim ki, əgər
müstəqilliyin ilk illərində Azərbaycan deyəndə
Qərbdəki ölkələrdə insanların, hətta
siyasətçilərin üzündə sual
qarışıq təəccüb yaranırdısa, indi Azərbaycan
bütün dünyada tanınır. Bu tanınmaq da
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
iqtidarının həyata keçirdiyi
düşünülmüş, bütün sahələrin
inkişafına yönəlmiş siyasətin nəticəsidir.
Qeyd edim ki, ölkənizdə keçirilən
beynəlxalq idman və mədəniyyət tədbirlərinin
Azərbaycanın beynəlxalq aləmdə daha yaxından
tanınması, həmçinin ölkənin üzləşdiyi
Qarabağ problemi haqqında həqiqətlərin dünya
miqyasında çatdırılması istiqamətində
mühüm əhəmiyyəti var”.
“Hər dəfə Bakıdan gedəndə
hüznlü oluram”
“Bakıdan hansı təəssüratla
dönürsünüz” sualına xeyli sükuta daldıqdan
sonra bir qədər də kədərlə cavab verən
Y.Arslan “Mən hər Bakıdan gedəndə hüznlü
oluram. Bu dəfə də belə olacaq. Mən şeir də
yazıram. Bir müddət öncə Bakıdan
ayrılışa aid bir şeir yazdım, içində kədər,
deyəsən, daha çox olub. Yəni, gedişimin
hüznü həmin şeirdə əks olunub, deyə bilərəm.
Sanki doğma Vətənimdən gedirəm”, - dedi.
Sonda “Türkiyə-Azərbaycan
qardaşlığı bundan sonra da bütün dünyaya
nümunə olaraq qalacaq”, - deyən müsahibim bildirdi ki,
xalqlarımız arasındakı sarsılmaz bağlar, həmçinin
dövlət başçılarının siyasi iradəsi
belə deməyə əsas verir və ötən il bu
qardaşlığın növbəti,
özü də əvəzolunmaz nümunəsinin şahidi
olduq: “Ötən ilin martında Ankarada baş verən terror
aktı səbəbindən cənab Prezident Rəcəb Tayyib
Ərdoğanın Bakıya səfərinin təxirə
salınmasından dərhal sonra cənab Prezident İlham
Əliyevin Ankaraya səfər etməsi,
iki dövlət başçısının bir-birinə “əziz
qardaşım” deyərək, mehribanlıqla görüşməsi,
Ankaranın “Esenboğa” hava limanında yolasalınma mərasimi
zamanı Azərbaycan Prezidentinin dəvəti ilə Onun təyyarəsində
iki qardaş ölkənin dövlət
başçılarının çay süfrəsi
arxasında söhbət etmələri dünyada tayı-bərabəri
olmayan Türkiyə-Azərbaycan
qardaşlığının bariz nümunəsidir”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2017.-21 oktyabr.- S.7.