Regionların sosial-iqtisadi inkişafı
bu ilin 9 ayı ərzində də davam edib
Aran iqtisadi rayonuna daxil olan ayrı-ayrı
rayonlarda əldə edilən uğurlar da bunu təsdiqləyir
Ölkəmizdə həyata
keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu əldə
olunan nailiyyətlərin davamlılığını təmin
edir. İqtisadiyyatımızın daha da şaxələndirilməsi,
eləcə də qeyri-neft sektorunun dinamik
inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin
artırılması yeni mərhələdə iqtisadi
sektorda ardıcıl islahatların davam etdirilməsi
üçün müəyyən olunmuş hədəflərə
çatmağa imkan verir. Eyni zamanda, regionların sosial-iqtisadi
inkişafı ilə bağlı Dövlət
proqramlarının uğurlu icrası Azərbaycanın
ayrı-ayrı regionlarında sıçrayışlı
inkişafa da təkan verib.
Dövlət proqramları çərçivəsində
atılan addımlar nəticəsində respublikada
açılan yeni iş yerlərinin, yaradılan yeni
infrastrukturun mütləq əksəriyyəti məhz
regionların payına düşüb ki, bu da bölgələrin
daha da yüksək səviyyədə inkişafına yol
açıb. Elə bu ilin 9 ayı ərzində əldə
olunan nəticələr də bunu deməyə əsas verir.
Yeri gəlmişkən ölkənin hər yerində
olduğu kimi, Aran iqtisadi rayonuna daxil olan ayrı-ayrı
rayonlarda bəhs edilən dövrdə əldə edilən nəticələr
də deyilənləri təsdiqləyir.
Məsələn, verilən məlumata
görə, bu ilin doqquz ayında Aran iqtisadi rayonuna daxil olan
Göyçay rayonunda infrastruktur layihələrinin həyata
keçirilməsi, aqrar sahənin daha da inkişaf etdirilməsi,
yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa
edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər
həyata keçirilib, məhsul istehsalı və xidmətlərin
ümumi həcmi 2016-cı ilin birinci yarısına nisbətən
5,5 faiz və ya 19,8 milyon manat artaraq 199,1 milyon manat olub. Ötən
9 ayda aqrar sahədə bir sıra uğurlar əldə edilib.
Belə ki, 2017-ci ilin məhsulu üçün 22324,2 hektar
sahədə kənd təsərrüfatı bitkilərinin əkini
aparılıb ki, bu da ötən ilə nisbətən 1119,2
hektar və ya 5,2 faiz çoxdur. Cari ildə 14841 hektar dənli
və paxlalı bitkilər, 433,7 hektar qarğıdalı, 219
hektar çəltik, 41 hektar soya, 156 hektar kartof, 1080,5 hektar tərəvəz,
5724 hektar yonca əkilib.
Cari
mövsümdə 14617 hektar sahədən 41,2
min ton taxıl biçilib. Cari ildə 44 kümçüyə
1900 qram ipəkqurdu verilib, 5293 kiloqram barama tədarük
edilib. Həmçinin 219 hektar sahədən 250 tondan artıq
çəltik, 434 hektar sahədən 438 ton
qarğıdalı, 280 hektar ərazidə salınmış
7565 istixanadan 30 min tondan artıq faraş pomidor və xiyar
istehsal olunub. 2017-ci ilin 9 ayı ərzində bütün
maliyyə mənbələrindən əsas kapitala 19,1 milyon
manat vəsait yönəldilib, 18,5 milyon manatlıq tikinti
işləri görülüb ki, bunun da 83,1 faizi istehsal təyinatlı
obyektlərin tikintisində istifadə edilib.
Hesabat dövründə “Azəravtoyol” ASC tərəfindən
rayonun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı
avtomobil yolunun yenidən qurulması işlərinə
başlanılıb. Yolun ümumi uzunluğu 17 kilometr, eni 10
metr olacaq. Bundan əlavə, rayonda
avtovağzal binası da tikilir. Heydər
Əliyev parkında, bayraq meydanında aparılan yenidənqurma
işləri başa çatdırılıb, ərazidə
yeni bayraq muzeyinin tikintisi, Əli Kərim parkının əsaslı
şəkildə yenidən qurulması işləri davam
etdirilir. Həmçinin 2500 nəfər
tamaşaçı tutumu olan mərkəzi stadionda əsaslı
yenidənqurma işləri davam etdirilir, ərazidə yeni
basketbol meydançası inşa olunur.
Bundan
başqa, əsaslı təmir olunan Göyçay şəhər
2 nömrəli orta məktəbin və Qaraman kənd orta məktəbin
binaları, Hacağabəyli kəndində yeni tikilən 24
yerlik sinif komplekti, Ərəbşahverdi kəndində 40
yerlik modul tipli məktəb binası istifadə verilib,
hazırda Alıkənd kəndində 40 yerlik modul tipli məktəb
binasının tikintisi üçün layihə-smeta sənədləri
hazırlanır. Rayonun Yalman kəndində
Sahibkarlığa Kömək Milli Fondunun və sahibkarın vəsaiti
hesabına Logistik Mərkəz və Xurma Qurutma Fabriki, 2000
tonluq soyuducu anbar kompleksi tikilir. Keçmiş
Pambıq Əyirici və Toxuculuq Fabrikinin bazasında yeni
istehsal sahələrinin yaradılması istiqamətində
yenidənqurma işləri davam etdirilir.
Eləcə
də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
sifarişi ilə rayonun 6 kəndində modul tipli sutəmizləyici
qurğu inşa edilir, “Azərsu” ASC-nin sifarişi ilə 15 kəndə
içməli su xətti çəkilir. Hesabat
dövründə rayonun Cəyirli kəndinin ərazisində
regionda ən iri tikinti materiallarının topdan və pərakəndə
satış bazası istifadəyə verilib, hazırda
inşa edilən “yaşıl market”in tikintisində son
tamamlama işləri aparılır. Cari ilin yanvar-sentyabr
ayları ərzində 1033 yeni iş yeri açılıb
ki, bunun da 1026-sı daimidir.
Aran iqtisadi rayonunun Zərdab rayonunda isə cari ilin doqquz
ayında 64 milyon 589 min manatlıq məhsul istehsal olunub. Bunun da 41 milyon 215 min
manatı və ya 63,8 faizi kənd təsərrüfatının
payına düşür. Bu il 480 qutu ipəkqurdundan
27 min 45 kiloqram barama istehsal olunub. Bu, respublikada ən
yüksək göstəricidir. 611 nəfər
kümçü barama istehsalına görə 250 min manata
yaxın pul əldə edib. Cari mövsümdə 3232,3 hektar sahədə pambıq yetişdirilib. Hazırda məhsul yığımında 2000 nəfərdən
çox işçi qüvvəsi çalışır.
Hələlik 2389 ton pambıq
yığılaraq emal müəssisələrinə təhvil
verilib. Çəltikçilik sahəsində
də diqqətəlayiq inkişaf var. Hesabat dövründə
202 hektar sahədə çəltik əkilib. Bu ayın
əvvəlinədək 690,7 ton məhsul
istehsal olunub. Hazırda biçin davam edir.
Rayonda ötən 9 ayda “Ram Süd” MMC-nin süd emalı
müəssisəsi istifadəyə verilib. Sutkalıq
istehsal gücü 20 ton olan müəssisədə 100 nəfərə
yaxın işçi qüvvəsi çalışır.
“SEDA” layihəsi çərçivəsində
rayonun Hüseynxanlı, Gödəkqobu, Dəli Quşçu
kəndlərində yem sexlərinin, Əlibəyli kəndində
tibb məntəqəsinin tikintisi davam etdirilir.
Bölgəyə
daxil olan Bərdə rayonunda ötən 9 ayda 322,6 milyon manatlıq
ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye,
149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu
istehsal edilib, 48,6 milyon manatlıq tikinti-quraşdırma
işləri aparılıb. 2016-cı ilin müvafiq
dövrünə nisbətən ümumi məhsul istehsalı
20,5 faiz, sənaye məhsulu istehsalı
16,3 faiz, kənd təsərrüfatı məhsulları
istehsalı 12,4 faiz, tikinti-quraşdırma işləri 2 dəfə
artıb. İlin ötən dövründə
regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının icrası
istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Bərdə şəhərində və
kəndlərdə geniş abadlıq işləri
aparılıb. Küçə və
meydanlara, yolların kənarlarına 5 mindən çox
ağac və 15 mindən çox gül kolları əkilib.
Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı
təmir edilib, Hacılar kəndində südtoplama məntəqəsi
tikilib. Bərdə şəhərində
6 ədəd beşmərtəbəli, 2 ədəd ikimərtəbəli
kommunal yaşayış binasının dam örtükləri,
fasad və giriş hissələri əsaslı təmir
olunub. Yeni Daşkənd-Umudalılar
avtomobil yolunun tikintisi başa çatıb. Rayonun Lək,
Lənbəran, Qasımbəyli, Piyadalar, Qurdlar, Qullar, Bala
Qacar, Məşədiibişli kəndlərində və Təhlə
kəndində məcburi köçkünlərin məskunlaşdığı
ərazidə elektrik şəbəkəsi yenidən qurulub.
Hazırda
Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin,
Yuxarı Qarabağ kanalının maşın qolunun, Bərdə-Ağcabədi
avtomobil yolunun tikintisi davam etdirilir. Tərtər
çayı yatağında sahilbərkitmə işləri
aparılır. Şəhər 2 və 6
nömrəli tam orta məktəbləri, İmamzadə
kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi
bərpa edilir. Rayonun 18 kəndində
elektrik şəbəkəsi yenidən qurulur.
Vurğulanmalıdır ki, rayonda cari ilin məhsulu
üçün 15 min 846 hektar sahədə yazlıq bitkilər
əkilib. Hər
hektardan 38,3 sentner olmaqla, 53 min 506,3 ton
taxıl istehsal olunub. 8518,5 hektar pambıq
sahəsində isə yığım davam edir. Rayonda
heyvandarlığın inkişafı istiqamətində də
tədbirlər davam etdirilib.
Kürdəmir rayonunda da ötən
ilin müvafiq dövrü ilə müqayisədə ümumi
məhsul buraxılışının həcmi 0,9 faiz artaraq
252 milyon 860,8 min manat təşkil edib. Ümumi məhsul
buraxılışının 41,8 faizi iqtisadiyyatın
aparıcı sahəsi olan kənd təsərrüfatının
payına düşüb. Cari mövsümdə təkcə
80 min 700 ton mühüm strateji məhsul olan taxıl istehsal
edilib. Hazırda taxıl əkini sürətlə davam edir.
1500 hektardan çox sahədə səpin aparılıb. Bu il
ötən ilkindən 5000 hektar çox olmaqla, azı 45 min
hektarda taxıl əkilməsi nəzərdə tutulub.
Rayonda baramaçılığın,
pambıqçılığın inkişafı da xüsusi
diqqət mərkəzindədir. Bu mövsümdə 160
kümçü tərəfindən 300 qutu ipəkqurdu bəslənilib,
11 min 512 kiloqram barama istehsal olunub. Pambıq əkininə gəldikdə,
cari mövsümdə 4027 hektar sahədə “ağ
qızıl” yetişdirilib. Hazırda pambıq
yığımı davam edir. Yığıma 2000 nəfərdən
çox işçi qüvvəsi, 6 pambıqyığan
maşın və digər texnikalar cəlb olunub. İndiyədək
2500 tondan çox məhsul yığılıb və bunun
2394 tonu məntəqələrə təhvil verilib.
Ötən 9 ayda rayonda aqrar
sektorda dinamik inkişafı təmin etmək məqsədilə
ciddi işlər aparılıb. “Şirvan” massivində 6150
hektar, Muradxan-Pirli massivində isə 4500 hektar sahənin
suvarma suyu ilə təminatını
yaxşılaşdırmaq üçün Kür
çayı sahilində nasos stansiyaları, dəmir-beton
qurğular tikilir, kanallar çəkilir. Rayonda təyinatı
dəyişdirilən 10650 hektar torpaq sahəsində artıq
3 aqropark yaradılıb. Bu sahələrdə meliorasiya
işlərinin aparılması, müasir suvarma sistemlərinin
qurulması istiqamətində tədbirlər
görülür.
Eləcə də “Qlobal Aqro” MMC tərəfindən
dənli bitkilərin saxlanılması üçün 27 min
tonluq anbarın, “Smart” dəyirmanının, yağ və yem
emalı zavodlarının, toxum emalı müəssisəsinin
tikilməsi nəzərdə tutulub. Hazırda 9 min tonluq anbar
istifadəyə verilib, kommunikasiya və digər
quraşdırma işləri davam etdirilir. Bu müəssisənin
tam işə düşməsi yüzlərlə yeni iş
yerinin açılmasına imkan verəcək.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.-25 oktyabr.- S.7.