Bakıda “Milli mənəvi
dəyərlərin təbliği:
dünən, bu gün, sabah” adlı konfrans keçirilib
Oktyabrın 26-da Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə “Milli mənəvi dəyərlərin
təbliği: dünən,
bu gün, sabah” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, milli mənəvi dəyərlərimizin qorunması,
xalqımızın multikultural
və tolerant ənənələrinin daha
da gücləndirilməsi
sahəsində görülən
işlər və bu sahədə qarşıda duran məsələlərin müzakirəsinə
həsr olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəhbərliyi, deputatlar,
ölkəmizdə fəaliyyət
göstərən dini
konfessiyaların təmsilçiləri,
din xadimləri, gənclər, ictimaiyyət
nümayəndələri iştirak
ediblər.
Konfransı açan Dövlət
Komitəsinin sədri
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda
milli mənəvi dəyərlərin qorunması,
təbliği istiqamətində
mühüm işlər
görülür və
bununla bağlı fəaliyyət bundan sonra da davam
etdiriləcək. Prezident İlham
Əliyevin imzaladığı
Fərmanla təsis edilən Mənəvi Dəyərlərin Təbliği
Fondu barədə də ətraflı məlumat verən Mübariz Qurbanlı Fondun respublikamızdakı
dini konfessiyaların dəstəklənməsi, mənəvi
dəyərlərin qorunması
və inkişafı,
eyni zamanda, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini
təmin etmək məqsədilə yaradıldığını
diqqətə çatdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində fəaliyyət
göstərəcəyini vurğulayan
Dövlət Komitəsinin
sədri qeyd edib ki, DQİDK Qafqaz Müsəlmanları
İdarəsi ilə birgə yeni yaradılan Fondla bağlı tədbirlər
hazırlayaraq Azərbaycan xalqına məxsus mənəvi və milli dəyərlərin
gənc nəslə daha geniş şəkildə çatdırılması
istiqamətində işlər
həyata keçirəcək.
Ulu öndərimiz Heydər
Əliyevin “İslam dini bizim milli
mənəvi dəyərlərimiz
arasında çox ciddi yer tutan
dəyərlərdən biridir”
fikrini xatırladan Mübariz Qurbanlı vurğulayıb ki, milli mənəvi dəyərlərimizin əsasında
dinimiz dayanır və hər bir dəyərimiz bu və ya digər formada
məxsus olduğumuz dinimizə aiddir. O deyib ki, Azərbaycanın
sivilizasiyaların qovuşuğunda
yerləşməsi, müxtəlif
dinlərlə tarixən
təmasımızın olması
xalqımızın mədəniyyətinə,
adət-ənənələrinə təsir göstərib.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Rafael Hüseynov çıxışında mövzunun
əhəmiyyətini yüksək
qiymətləndirərək milli mənəvi dəyərlərimizin tarixən
keçdiyi yolda müəyyən çətinliklərlə,
qadağalarla qarşılaşmasına
baxmayaraq, xalqımızın
bu dəyərləri bütün
dövrlərdə qoruyub
saxlaya bildiyini diqqətə çatdırıb.
R.Hüseynov, eyni zamanda, Ermənistanın Azərbaycan mədəniyyətinə,
maddi-mənəvi irsinə
qarşı məqsədyönlü
şəkildə həyata
keçirdiyi vandalizm siyasətindən də danışıb. Mənəvi Dəyərlərin Təbliği
Fondunun yaradılmasını
yüksək qiymətləndirən
Milli Məclisin komitə sədri vurğulayıb ki, Fond Azərbaycanın milli mənəvi dəyərlərinin, mədəni
irsinin, ədəbiyyatımızın
yaratdığı böyük
yaradıcılıq örnəklərinin
dünyada təbliğ
edilməsi ilə ölkəmizin böyüklüyünü,
gücünü və
qüdrətini bir daha göstərəcək.
“Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında Prezident
İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi
Dəyərlərin Təbliği
Fondunun yaradılması
haqqında imzaladığı
Fərmanı yüksək
qiymətləndirib və
buna görə dövlətimizin başçısına təşəkkürünü
bildirib. O, mənəvi
dəyərlərimizin əsrlərboyu
qorunub saxlanıldığını
bildirərək, mənəvi
dəyərlərimizin təbliğində
kütləvi informasiya
vasitələrinin üzərinə
də böyük vəzifə düşdüyünü
diqqətə çatdırıb.
Daha sonra
çıxış edən
deputat Fazil Mustafa Prezident İlham Əliyevin Mənəvi Dəyərlərin
Təbliği Fondunun yaradılması haqqında
imzaladığı Fərmanın
çox ciddi və zamanında atılmış addım
olduğunu bildirib. O qeyd edib ki,
Azərbaycan spesifik ölkədir, burada müxtəlif dinlərin nümayəndələri sülh
və tolerantlıq şəraitində yaşayır.
Qafqaz Müsəlmanları
İdarəsinin sədr
müavini Qəmər
Cavadlı Mənəvi
Dəyərlərin Təbliği
Fondunun yaradılmasının
çox əhəmiyyətli
tarixi hadisə olduğunu qeyd edib. Bildirib ki, zəngin mədəni-mənəvi irsə,
çoxəsrlik tolerantlıq
ənənələrinə, nümunəvi dövlət-din
münasibətləri modelinə
malik olan və fərqli sivilizasiyaların qovuşuğunda
yerləşən Azərbaycan
tarixən çoxkonfessiyalı
məkan olub. Hazırda Azərbaycan İslam mədəniyyətinin,
tolerant mühitin formalaşdığı nümunəvi
ölkələrdən biridir.
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev çıxışlarında dövlətimiz tərəfindən Azərbaycanda bütün sahələrə olduğu kimi, mili mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət göstərildiyini vurğulayıblar. Bildiriblər ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Yeni Aərbaycan.- 2017.- 27
oktyabr.- S.3.