Azərbaycan aliminə
fəxri ad verilib.
Rusiyanın birinci Prezidenti
Boris Yeltsin adına Ural Federal Universitetinin Elmi Şurası sentyabrın
27-də Azərbaycan Milli
Elmlər Akademiyasının
həqiqi üzvü,
Əməkdar Elm Xadimi,
filologiya elmləri doktoru, professor, Azərbaycan
Dillər Universitetinin
rektoru Kamal Abdullayevə
həmin universitetin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Rusiyanın Yekaterinburq şəhərində yerləşən,
şimal qonşumuzun ən nüfuzlu ali təhsil
müəssisələrindən biri olan bu
universitetin rəhbərliyi
akademik Kamal Abdullayevi Yekaterinburq şəhərində
keçiriləcək təqdimat
mərasiminə dəvət
etmişdi.
Milli.Az
Trend-ə istinadən bildirir ki, oktyabrın 27-də həmin
ali məktəbin təşkilatçılığı ilə
keçirilən, Rusiya təhsil və elm qurumları təmsilçilərinin,
eləcə də bir sıra xarici ölkə universitetlərinin
alimlərinin qatıldıqları və türk
dünyasının aktual problemlərinin öyrənilməsinə
həsr olunmuş beynəlxalq elmi konfransın gedişində
akademik K.Abdullayevə Ural Federal Universitetinin fəxri doktoru
diplomunun təqdim edilməsi mərasimi keçirilib. Diplomu təqdim
edən Ural Federal Universitetinin rektoru Viktor Kokşarov rəhbərlik
etdiyi universitetin fəxri doktorları sırasında
tanınmış Azərbaycan aliminin də olmasının ali təhsil müəssisəsinə şərəf
gətirdiyini, bu hadisənin ölkələrimiz və
xalqlarımız arasında qardaşlıq münasibətlərinin
daha da inkişaf etdirilməsinə xidmət etdiyini
vurğulayıb. Həmçinin bunun Rusiya universitetləri ilə
Azərbaycan ali məktəbləri, konkret olaraq isə Ural
Federal Universiteti ilə Azərbaycan Dillər Universiteti
arasında əməkdaşlığın daha da genişlənməsinə
və dərinləşməsinə təkan verəcəyinə
əmin olduğunu bildirib.
Yüksək
mükafata görə minnətdarlığını bildirən
akademik K.Abdullayev iki ölkənin ali məktəbləri
arasında əlaqələrin sıx olduğunu qeyd edib. Bununla belə, Azərbaycan və Rusiya arasında
elmi əməkdaşlığın, təhsil, mədəniyyət
sahələrində əlaqələrin daha da inkişaf
etdirilməsi üçün geniş imkanların olduğunu
deyib.
Daha sonra
akademik Kamal Abdullayev Ural Federal Universitetində fəaliyyət
göstərən Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzində tələbələrlə
görüşüb, urallı tələbələrə
ölkəmizin bu günü, burada mövcud olan multikultural
mühit, Azərbaycanın təhsil sistemi, rəhbərlik
etdiyi ali məktəb haqqında məlumat verib, onların
suallarını cavablandırıb. K.Abdullayev
Ural Federal Universitetinin bir qrup tələbəsinin Azərbaycanda
təşkil olunan ənənəvi qış və yay
multikulturalizm məktəblərində iştirak etdiyini
xatırladıb, digər tələbələri də bu məktəblərin
işinə fəal şəkildə qatılmağa dəvət
edib. Dəvət tələbələr tərəfindən
alqışlarla qarşılanıb.
Yeni Azərbaycan.-
2017.- 28 oktyabr.- S.5.