Bölgələrdə payızlıq taxıl əkini uğurla davam edir

 

Əldə edilən yüksək göstəricilər taxılçıları daha geniş sahələrdə əkin aparmağa həvəsləndirir

Azərbaycanda ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişlənməkdədir. Belə ki, bu gün ölkənin bir sıra rayonlarında aqroparkların salınması, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının genişləndirilməsi, istixana komplekslərinin tikilməsi, taxılçılığın inkişafı daxili tələbatın ödənilməsi ilə yanaşı, yeni ixrac imkanları yaradır. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.

Qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısının 2014-cü il yanvarın 16-da imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

O cümlədən bu gün yeni əkin sahələrinin salınması, bir sıra yeni torpaqlarda meliorativ tədbirlərin görülməsi yenidən aktuallaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti bildirib: “Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da, təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir”.

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,7 faizi, yaxud 938,2 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 683,8 min ton məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, 28,6 min hektar dən üçün qarğıdalı sahəsindən 178,7 min ton məhsul toplanaraq, hər hektardan orta hesabla 62,4 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 milyon 862,5 min ton olub.

Hazırda bölgələrdə payızlıq taxıl əkini davam edir. Bir neçə gündür Cəlilabadın taxıl sahələrində əkin kampaniyasına başlanılıb. Lizinq yolu ilə gətirilən kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli şərtlərlə verilməsi əkinçilərin işini rahatlaşdırmaqla yanaşı, həm də sürətləndirib. Lizinq yolu ilə alınan müasir texnikadan istifadə edən fermer Sahib Əsədov bu il əkin sahəsini genişləndirərək 40 hektara çatdıracaq. Payız şumunu vaxtında yekunlaşdıran fermer artıq 10 hektar sahədə səpin aparıb. Sahələrdə əsasən yerli iqlimə uyğunlaşdırılmış toxumlar əkilir. Daha məhsuldar olduğundan fermerlər “Bərəkət” buğda növünün əkininə üstünlük verirlər. Toxumlar seleksiya üsulu ilə yetişdirilir və fermerlərə satılır.

Qeyd edək ki, taxıl əkini üçün məhsul istehsalçılarına hər hektara görə 90 manat subsidiya verilir. Onlar əkin zamanı istifadə olunan gübrələri 70 faiz güzəştlə əldə edirlər. Bu il Cəlilabadda 65 min hektar sahədə taxıl səpini proqnozlaşdırılıb.

Ağsu rayonunda isə payızlıq taxıl səpini davam edir və indiyədək 1900 hektar sahədə əkin aparılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu mühüm kampaniya üçün hər gün sahələrə 45-dək səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, o cümlədən Gəgəli, Kəndoba, Rəhimli, Bozavand və bir çox digər ərazi vahidlərində taxıl əkini daha sürətlə və mütəşəkkilliklə davam etdirilir. Qeyd edək ki, taxılçılıq rayonda aqrar sektorun aparıcı sahələrindəndir. Keçən payızda rayonda 33 min 322,4 hektarda səpin aparılmışdısa, bu il əkin sahələrinin 34 min hektara çatdırılması planlaşdırılır.

Qobustan rayonunda da payızlıq taxıl əkini kampaniyası sürətlə davam etdirilir və hər gün sahələrə 50-dən çox səpin aqreqatı çıxarılır. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, son vaxtlar yağışların törətdiyi çətinliklərə baxmayaraq, artıq 10 min hektaradək sahədə əkin aparılıb. Rayonun daha çox taxıl əkilən ərazilərində, o cümlədən Xilmilli, Cəmcəmli, Qurbanlı, Təklə ərazi vahidlərində, habelə Qobustan Bölgə Təcrübə Stansiyasında, “Qobustan rayon kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-də və bir sıra digər yerlərdə bu mühüm kampaniya daha sürətlə, mütəşəkkil davam etdirilir. Qeyd edək ki, ötən ilin payızında 26 min hektarda səpin aparan Qobustan taxılçıları cari mövsümdə əkin sahələrini azı 27 min hektara çatdırmaq əzmindədirlər.

Cari mövsümdə Şamaxıda payızlıq taxıl əkini sahələrinin 28 min hektara çatdırılması nəzərdə tutulub. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, hazırda Şamaxıda payızlıq taxıl əkininin qızğın çağıdır. Hər gün sahələrə 45-50 səpin aqreqatı çıxarılır. Qısa vaxtda 4000 hektarda səpin aparılıb. Əkində əsasən “R-1” və “R-2” toxumlarından istifadə olunur. Qeyd edək ki, ötən payızda rayonda taxıl əkini sahələri 22 min 112 hektar olub. Bu il isə əkinə xeyli əlavə torpaq sahələri ayrılıb.

Cari ilin məhsulu üçün Qazax rayonunda 11 min hektar sahədə taxıl əkilib. Aqrotexniki qaydalara düzgün və vaxtlı-vaxtında əməl olunmasının nəticəsidir ki, zəmilərin hər hektarından 33,03 sentner taxıl götürülüb. Əldə edilən bu yüksək göstəricilər taxılçıları daha geniş sahələrdə əkin aparmağa həvəsləndirir.

Sahibkarlar gələn ilin məhsulu üçün 12500 hektar sahədə taxıl əkməyi qarşılarına məqsəd qoyublar. Bu məqsədə çatmaq üçün ilk gündən taxıl əkini sahələrinin şumlanmasına başlanılıb. Rayon üzrə hər gün 300-350 hektar sahənin şumu qaldırılır. Bu günə qədər isə 4355 hektar sahədə şumlama aparılıb. Şumlama ilə yanaşı, payızlıq taxıl əkininə hazırlıqla bağlı digər tədbirlər də həyata keçirilir.

Yevlax rayonunun təsərrüfatlarında da payız-tarla işləri davam etdirilir. Rayon üzrə 3440 hektar sahədə payızlıq şum qaldırılıb. 1037,7 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 708,7 hektarda xəsil arpa, 329 hektarda dən üçün buğda və arpa səpilib. Bundan başqa, dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 946,1 hektar sahədə təkrar əkin aparılıb.

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında da 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpininə start verilib. Kampaniyanın ilk günləri Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdə 130 hektar sahəyə arpa toxumu səpilib. Ümumiyyətlə, rayonda gələn ilin məhsulu üçün 65,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Payızlıqların səpini üçün 14 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. İndiyədək təsərrüfatlarda 23 min hektardan çox sahədə şum aparılıb və bu iş sürətlə davam etdirilir.

Xatırladaq ki, Şəki taxılçıları ötən mövsüm 66 min 634 hektar sahədən 214 min tondan çox məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min 568 ton artıb. Eləcə də Zaqatala rayonunun təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb. İlk günlər rayonun Muğanlı, Bəhmətli, Dağlı və Faldarlı kəndlərinin təsərrüfatlarında 131 hektar sahəyə arpa toxumu səpilib. Bəzi təsərrüfatlarda isə artıq buğda səpininə də başlanılıb. Cari mövsümdə rayonda 11 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Taxıl səpini üçün 3 min 650 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Təsərrüfatlarda, eyni zamanda, payızlıqların səpini üçün şum çıxarılması işi də davam etdirilir. İndiyədək 6 min hektardan çox sahədə şum aparılıb. Ümumiyyətlə, hazırda rayonda taxılçılıq sahəsində 2 min 700 nəfərədək sakinin məşğulluğu təmin olunub. Ötən mövsüm zaqatalalı fermerlər 10 min 758 hektar taxıl sahəsindən 34 min 320 ton məhsul götürüblər.

Digər regionlarda olduğu kimi, Kürdəmir rayonunda da payızlıq taxıl əkini kampaniyasına mütəşəkkil hazırlıqla başlanılıb və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, 2000 hektaradək sahədə səpin aparılıb. Fermerlər və fiziki şəxslər ilk günlərdən sahələrə 50-dək səpin aqreqatı çıxarıblar. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Köhünlü, Pirli, Muradxan, Yenikənd, Sığırlı, Karrar və bir sıra digər ərazi vahidlərində səpin kampaniyası daha sürətlə aparılır. Qeyd edək ki, ötən il 39 min 360 hektar sahədə payızlıq səpin aparan Kürdəmir taxılçıları cari mövsümdə əkin sahələrini 45 min hektara çatdırmaq əzmindədirlər.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 31 oktyabr.- S.7.