Prezident İlham Əliyev: Təhsil,
vətənpərvərlik, milli dəyərlər,
güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz
Prezident İlham Əliyev Arif Hüseynzadə
adına 20 nömrəli məktəb-liseyin yeni
binasının açılışında iştirak edib
Sentyabrın 15-də - Bilik günündə
Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına
20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş
binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov Prezident
İlham Əliyevə görülən işlər barədə
ətraflı məlumat verib. Qeyd edilib ki, 20 nömrəli məktəb-liseyin
əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin
daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə
Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin
binası əsaslı şəkildə təmir edilib. Elə
həmin il sentyabrın 15-də - Bilik günündə
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva məktəbdə aparılan yenidənqurma işləri
ilə tanış olublar. Sonradan ərazidə əhalinin
çoxalması ilə əlaqədar məktəbə gələn
şagirdlərin sayında da böyük artım olub. Bu da təbii
ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib
və məktəb üçün yeni binanın tikintisi zərurətə
çevrilib. Bunu nəzərə alan Prezident
İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil
ocağı üçün əvvəlkindən daha
böyük, ən müasir və dünya standartlarına
uyğun yeni bina inşa edilib. Ölkəmizin ən
böyük təhsil müəssisəsi olan 20 nömrəli
məktəb-liseyin binası indi paytaxtın müasir və
memarlıq baxımından zövq oxşayan ən
yaraşıqlı binalarından biridir.
Dövlətimizin başçısı məktəb-liseyin
binasının rəmzi açılışını bildirən
lenti kəsib.
Məktəbdə yaradılan şəraitlə
tanış olan Prezident İlham Əliyevə və birinci
xanım Mehriban Əliyevaya məlumat verilib ki, ən müasir
avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək
keyfiyyətdə təşkili üçün hər cür
şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər
hazırlıq sinifləri də nəzərdə tutulub.
Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər
Təhsil Mərkəzi də fəaliyyət göstərəcək.
Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl
isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145
sinif otağı və fənn kabinetləri, həmçinin
7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə
birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil
alır. Təhsil ocağında 260 müəllimdən ibarət
pedaqoji heyət çalışır.
Məktəbdəki Heydər Əliyev Muzeyi də
eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu
öndərin həyatı və siyasi fəaliyyətinin
müxtəlif dövrlərini əks etdirən maraqlı
fotolar, sənədlər və kitablar toplanıb. Muzeydə
yaradılan müxtəlif fotostendlər, nümayiş etdirilən
əyani vəsaitlər Heydər Əliyev irsinin öyrənilməsi
və gələcək nəsillərə
çatdırılmasında müstəsna rol oynayacaq.
Qeyd edək ki, paytaxtın bəzi təhsil
müəssisələrində olduğu kimi, bu məktəbdə
də “Məktəblinin dostu” layihəsi icra olunacaq. Təhsil Nazirliyi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin birgə təşkil etdiyi layihənin əsas məqsədi
müəllim və şagirdlər üçün təhlükəsiz
mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək,
şagird, valideyn, müəllim, təlim-tərbiyə
müəssisələrinin kollektivi və rəhbərliyi ilə
mütəmadi olaraq maarifləndirmə və diaqnostik işlər
aparmaqdır.
Müasir dünyada hər bir ölkənin gələcəyi
təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki
nailiyyətlər hər bir ölkədə inkişaf
konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr
sırasındadır. Ölkəmizdə son illərdə təhsilin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini
daha etibarlı və inamlı görmək istəyir.
Bundan başqa, zəngin təbii sərvətləri ilə
dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən
səmərəli istifadə ilə insan kapitalının daha
da inkişaf etdirilməsini başlıca hədəf
seçib. Buna görə də neft gəlirləri Azərbaycanda
həm də təhsilin, elmin inkişafına yönəlib.
İyirmi nömrəli məktəb-lisey
üçün yeni binanın inşası bir daha təsdiqləyir
ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində
təhsil islahatları uğurla davam edir. Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət proqramında məktəblərin
əsaslı təmiri və yenidən qurulması ilə
bağlı nəzərdə tutulmuş tədbirlər plana
uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə,
şagirdlərin ən yüksək səviyyədə təhsil
almaları, onların elmin sirlərinə daha dərindən
yiyələnmələri üçün hərtərəfli
imkanlar açır.
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm
qoyan birinci sinif şagirdləri ilə görüşüblər,
onları Bilik günü münasibətilə təbrik ediblər.
Bildirilib ki, builki tədris ilində ilk dərs məşğələsi
“Cocuq Mərcanlı - tarixi qayıdışın
başlanğıcı” mövzusuna həsr olunub. Məqsəd uşaq və gənclərə Azərbaycan
Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi
qəhrəmanlıqlar və işğaldan azad olunan
torpaqlarımıza qayıdışın rəmzinə
çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha
dolğun məlumatların verilməsidir.
Dövlətimizin başçısı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
şagirdlərlə xatirə şəkli çəkdiriblər.
Ölkəmizdə təhsilin
inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində
Heydər Əliyev Fondunun da müstəsna xidmətləri
var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”,
“Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin
inkişafı” proqramları və digər layihələri bu
sahənin inkişafında mühüm rol oynayıb. Həmin
proqram və layihələrin uğurlu olmasını şərtləndirən
əsas amillərdən biri də Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın bu məsələləri daim diqqətdə
saxlamasıdır.
İyirmi nömrəli məktəb-liseydə
yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda
təhsilin və elmin inkişafına ən yüksək səviyyədə
dövlət qayğısı var. Çünki dövlətin
yürütdüyü siyasətin prioritetlərindən biri də
insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu
baxımdan təhsil sahəsinə qoyulan investisiyalar
mühüm əhəmiyyət kəsb edir.
Sonra Prezident İlham Əliyev məktəbin
müəllim və şagird kollektivi ilə
görüşüb.
Dövlətimizin başçısı
görüşdə çıxış edib:
“Sabahınız xeyir olsun. Mən, ilk növbədə, sizi
yeni dərs ili münasibətilə təbrik etmək istəyirəm.
Bu dərs ilində siz yeni məktəbdə
oxuyacaqsınız, işləyəcəksiniz. Bütün
şagirdləri, müəllimləri bu gözəl hadisə
münasibətilə təbrik edirəm.
İyirmi nömrəli məktəb indi
dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə
də biz özümüz yeni standartları müəyyən
edirik. Bu məktəbin çox böyük tarixi var, həmişə
ölkəmizin ən böyük məktəbi olmuşdur və
bu gün də ölkəmizin ən böyük məktəbi
kimi öz fəaliyyətini yeni binada davam etdirir.
Təxminən 10 il bundan əvvəl məktəbin
təmiri ilə bağlı müəyyən tədbirlər
görülmüşdü, mən bu məktəbdə
olmuşdum. Təmir işləri aparılmışdı, o
vaxt üçün bəlkə də pis
aparılmamışdı, ancaq bizim bugünkü
inkişafımızın səviyyəsinə uyğun gəlmirdi.
Ona görə də qərar qəbul olundu ki, məktəbin
binası sökülsün və yeni məktəb tikilsin.
Xatırlayıram, o vaxt da valideynlər, müəllimlər tərəfindən
müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb
söküləcək və yerində başqa bir bina tikiləcək.
Bəzən olur, şəhərimizdə belə şayiələr
gəzir, ancaq əlbəttə ki, onların heç bir əsası
yox idi. Bizim planlarımız elə bəri başdan ondan ibarət
idi ki, bu yerdə, 20 saylı məktəbin tarixi yerində
yeni gözəl məktəb tikilsin və biz bunu da etdik.
İki il yarım ərzində möhtəşəm bir bina
tikildi. Tam əminliklə demək mümkündür ki, bu
gün ölkəmizin ən böyük və ən gözəl
məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq
hazırda o qədər də asan deyil. Çünki son illərdə
həm Bakıda, həm bölgələrdə bir çox
gözəl məktəblər tikilib. Məktəblərin bəziləri
memarlıq abidələridir. Bu gün 20 saylı məktəb
doğrudan da bütün məktəblər arasında
gözəlliyi, rahatlığı və təchizatı ilə
fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti
də ən yüksək səviyyədə olacaqdır.
Son illər ərzində Bakı şəhərində
demək olar ki, məktəblərin tam əksəriyyəti əsaslı
təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib.
Bakıda 300-dən çox məktəb var. Son
məlumata görə, təmirə ehtiyacı olan məktəblərin
sayı təqribən 20-yə yaxındır. Əminəm
ki, gələn il və əgər çatdıra bilməsək,
2019-cu ildə Bakının bütün məktəbləri ən
yüksək standartlara cavab verəcək.
Bu il Bakı şəhərində 10 məktəb
əsaslı təmir olunub, biri tikilib. Ölkə üzrə
isə 70-dən çox məktəb əsaslı təmir
olunub, tikilib. Tikinti işləri davam edir. Bilirsiniz ki, bölgələrdə,
ucqar kəndlərdə indi modul tipli məktəblər
tikilir. Onlardan 100-ü bu il və gələn il istifadəyə
verilməlidir. Beləliklə, qəzalı məktəblərlə
bağlı olan problem də əminəm ki, yaxın
iki-üç il ərzində öz həllini tam tapacaq.
Azərbaycanda məktəb tikintisi sürətlə
gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu
vermişdir. “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata
yol açdı. Ondan sonra dövlət xətti ilə bir
çox məktəblər tikildi. 2004-cü ildən bu
günə qədər 3 mindən çox məktəbdə
əsaslı təmir işləri aparılmışdır,
bir çox məktəblər yenidən tikilmişdir. Bu proses davam edir və davam edəcəkdir.
Çünki hələ qəzalı vəziyyətdə məktəblər
var və digər tərəfdən Azərbaycanın
uğurlu iqtisadi inkişafı ona gətirib
çıxarır ki, Azərbaycanda əhalinin sürətli
artımı müşahidə olunur. Bu, çox
müsbət haldır, ölkəmizin inkişafını
göstərir. Əhalimiz nə qədər artsa, ölkəmiz
o qədər də güclənəcək. Məktəblərə
gedən uşaqların sayı hər il artır. Belə olan
halda əlbəttə ki, məktəb tikintisi prosesi daim təmin
edilməlidir.
Məktəblərin, təhsilin, ümumiyyətlə,
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
yanaşı, təhsilin keyfiyyəti də artır. Biz bunu
görürük və son illərdə bu, özünü
artıq büruzə verir. Bu, ali məktəblərə qəbul
imtahanlarında özünü göstərir. Bizim məktəblərimiz
beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr
göstərirlər. Mənə verilən məlumata görə,
40 medal qazanmışlar, onların arasında qızıl
medal da var. Yəni, təhsilin keyfiyyəti əlbəttə
ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən
və o cümlədən müəllimlərdən bu keyfiyyəti
tələb etmək üçün gərək onların
yaxşı şəraiti olsun. Müəllimlərin də
iş şəraiti məktəblər istifadəyə
verildikcə yaxşılaşır. Məktəb ancaq
şagirdlər üçün deyil, müəllimlər
üçün də iş yeridir. Müəllimlərin əməkhaqları
da artır, xüsusilə diaqnostik qiymətləndirmədən
keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli
dərəcədə artmışdır. Mənə verilən
son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı
təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı
göstəricidir, daha da artmalıdır. Nə qədər
çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə
ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə
də daim diqqət yetirəcəkdir.
Biz bütün bu işləri
ona görə görürük ki, uşaqlarımız, gənclərimiz
savadlı, bilikli olsunlar. Çox yaxşı haldır ki, biz
müstəqillik dövründə savadlılıq səviyyəsini
yüksək həddə saxlaya bilmişik və bu gün bu,
təxminən 100 faiz səviyyəsindədir. Bizim
üçün bu, adi haldır. Amma bir çox ölkələr
üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük
üstünlüyümüzdür. Çünki
savadlılıq əsasdır və uşaqlarımız
bilikli, ağıllı olmalıdırlar, yaxşı
oxumalıdırlar ki, gələcəkdə onlar özləri
üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər.
Çünki bugünkü dünyada savad, bilik hər
şeyi müəyyən edir. Əgər hər
hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə,
gələcəkdə cəmiyyətdə yaxşı yer
tutmaq istəyirsə, mütləq yaxşı
oxumalıdır. Yaxşı oxumaq üçün
bütün şərait var. Mən əminəm ki, Azərbaycan
uşaqları, gənclər, yeniyetmələr bu işlərə
çox böyük məsuliyyətlə yanaşacaqlar.
Hər bir ölkənin inkişafını ölkənin
intellektual potensialı müəyyən edir. İnkişaf
etmiş ölkələrin təcrübəsinə,
onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə
bilək. O ölkələrdə ki, innovasiyalar,
texnologiyalar inkişaf edir, o ölkələr dünya
miqyasında da aparıcı mövqelərə malikdir.
Gələcək inkişafı təbii resurslar yox,
bilik müəyyən edəcək. Biz görürük
ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə
texnologiyalar nə qədər inkişaf edir. O
texnologiyaların sahibləri bu gün dünyada da söz
sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə,
texnoloji inkişafa çox böyük əhəmiyyət
veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və
Azərbaycan da texnoloji inkişaf baxımından geridə
qalmasın. Maddi-texniki baza möhkəmlənir,
təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına
investisiyalar qoyulur. Beləliklə, əminəm
ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə
yüksək həddə olacaqdır. Bu, həm
inkişaf üçün, həm bu gün ölkəmizdə
yaşanan sabitlik, əmin-amanlıq üçün
lazımdır. Çünki
savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər
də özünü büruzə verir. Biz
ölkəmizin təhlükəsizliyini qoruyuruq - həm sərhədlərimizi,
təhlükəsizliyimizi qoruyuruq, eyni zamanda,
özümüzü yad təsirdən də
qorumalıyıq. Çünki bu gün
dünyada ideoloji sahədə mübarizə gedir, müharibə
gedir. Bu, sonrakı qanlı müharibələrin
elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin
beyinləri zəhərlənir. Onlar
müxtəlif xoşagəlməz addımlara təhrik olunur,
sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin
çirkin niyyətləri bu və ya digər ölkədə
özünü göstərsin. Ona görə,
biz özümüzü, o cümlədən bu mənfi və
təhlükəli təsirdən də qorumalıyıq.
Necə qorumalıyıq? Bax
bunu siz müəllimlər, təhsil işçiləri etməlisiniz
ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə
olan halda heç bir kənar mənfi niyyət, ya təsir
bizim uşaqlarımızın şüuruna təsir edə
bilməz. Eyni zamanda, bununla bərabər
olaraq, həm müəllimlər, həm valideynlər
uşaqları vətənpərvərlik ruhunda tərbiyə
etməlidirlər ki, onlar Vətənə bağlı
olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi
hər şeydən üstün tutsunlar. Çünki
əgər milli dəyərlərimizdə hər hansı bir
sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını,
sütunlarını sarsıdar. Ona görə,
mən həmişə deyirəm ki, milli dəyərlərimiz,
mənəvi dəyərlərimiz bizim üçün hər
şeydən üstündür. Biz onları
qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz
üçün əsasdır.
Biz 25 il ildən çoxdur ki, müstəqil ölkə
kimi yaşayırıq, öz hesabımıza
yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm
olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər
kampaniyaları aparılır. Onların da məqsədi
aydındır - Azərbaycanı ləkələmək, Azərbaycanı
öz iradəsinə ram etmək və ondan sonra güclənən
Azərbaycan potensialından öz maraqları
üçün istifadə etmək. Biz isə
buna imkan vermirik və möhkəm dayanmışıq, milli
maraqlarımızı qoruyuruq. Ona görə
də müntəzəm olaraq müxtəlif xarici dairələrin
atəşinə məruz qalırıq. Amma
bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq. Bugünkü Azərbaycan,
bugünkü Azərbaycan reallıqları, ölkəmizdə
hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi,
vətəndaş həmrəyliyi, bax, bizim böyük dəyərimizdir
və bunu Azərbaycan xalqı öz zəhməti,
istedadı hesabına əldə edib. Əlbəttə,
ölkəmizdə kifayət qədər güclü siyasi
iradə var ki, xalqımızı kənardan bizə
tuşlanan bütün atəşlərdən qoruyaq. Gənclər də, uşaqlar da, bax, bu ruhda -
müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi
yaşamalıdır və müstəqil siyasəti bundan
sonra da aparmalıdır. Biz bunu
aparırıq, aparacağıq. Ancaq gələcək
sizin əlinizdə olacaqdır. Ona görə,
müəllimlər, valideynlər, uşaqların özləri
də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər,
güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz.
Əminəm ki, belə gözəl məktəbdə
mənim bütün tövsiyələrim öz yerini tapacaq.
Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzu edirəm”.
* * *
Ölkəmizdə
təhsilin inkişafına göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya təşəkkür edən
valideyn Jalə Seyidli deyib:
- Mənim
övladım 20 nömrəli məktəbdə təhsil
alır. Bir qədər həyəcanlıyam.
Çünki Prezident, Ali Baş Komandan qarşısında və
Birinci vitse-prezident qarşısında həyəcansız
danışmaq olmur. Bu cür gözəl məktəbə,
ümumiyyətlə, Azərbaycan təhsilinin
inkişafında gördüyünüz işlərə
görə Sizə və Mehriban xanıma təşəkkür
etmək istəyirəm. Nazirlik məlumat verib ki, bu il ölkəmizdə təhsilin inkişafı
üçün yeni layihələr həyata keçiriləcək.
Bir valideyn olaraq çox sevinirəm ki, bu qədər
problemlərə, qayğılara, dünyada gedən gərgin
siyasi proseslərə baxmayaraq, Prezidentimiz və Onun
xanımı təhsilə, məktəblərə hərtərəfli
dəstək olurlar. Çox sağ
olun.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm, çox
sağ olun. Valideynləri də, müəllimləri
də təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram.
Yeni Azərbaycan.-
2017.- 16 sentyabr.- S.2.