Regionlarda pambıq yığımı uğurla davam edir

 

Sahibkarlara göstərilən dəstək nəticəsində yığılan məhsul vaxtında və itkisiz tədarük məntəqələrinə çatdırılır

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı həm də ixrac qabiliyyəti yüksək olan məhsulların daha geniş istehsalına şərait yaradır. Bu mənada, regionlarda texniki bitkilərin yetişdirilməsinin daha da genişləndirilməsi bu sahənin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Belə ki, ölkəmizdə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğı bu sahənin yenidən yüksəlişinə imkan verir. Vurğulanmalıdır ki, pambıqçılığın inkişafı dünya bazarına çıxışımız, eləcə də kənd təsərrüfatının inkişafında mühüm rola malikdir. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Ötən il 10 minlərlə insan pambıq təsərrüfatlarında çalışıb.

Qeyd edilməlidir ki, pambıqçılığın daha yüksək səviyyədə inkişafı üçün dövlətimiz sahibkarlara hərtərəfli yardım göstərir. İstər subsidiyaların verilməsi, istər yeni texnikalarla təminat məsələsinin həll edilməsi, istərsə də yeni torpaqların əkinə cəlb edilməsi regionlarda pambıqçılığın inkişafında yeni səhifələr açır. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılıb və sahibkarlara eyni zamanda, 10 qəpik subsidiya verilir. Bu isə həm də pambıqçılığa marağın artmasına imkan yaradır.

Yeri gəlmişkən, Ağdam rayonunda pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub. Pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edən məruzə dinlənilib. Bildirilib ki, əgər ötən il rayon ərazisində 390 hektarda pambıq əkilmişdisə, bu il 3005 hektarda pambıq becərilib. Əsasən “CTS Aqro” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “Ağdam Kənd Təsərrüfatı” MMC və sahibkar Kamil Sarıyevlə müqavilə bağlayan fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər. Məlumat verilib ki, pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Məhsulun maşınla yığılması nəzərdə tutulan sahələrdə pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi üçün defoliasiya işləri görülür. Artıq rayonda ayın əvvəlindən bu yana pambığın əl ilə yığımına başlanılıb. Cari ildə tarlalardan 7 min tondan artıq pambıq yığılması proqnozlaşdırılır.

“Aqrolizinq” ASC Şirvan Təchizat Bazasında isə respublikada pambıq yığımının başlanması ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub. Tədbirdə pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin və digər şirkətlərin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, həmçinin fermerlər, sahibkarlar və mexanizatorlar iştirak edib. Təqdimat mərasimində öncə “John Deere” şirkətinin istehsalı olan 140 ədəd pambıqyığan kombayna və pambıq yığımında istifadə olunan 400-dən artıq qoşqu, traktor və digər kənd təsərrüfatı texnikalarına baxış keçirilib. Bildirilib ki, “Aqrolizinq” ASC tərəfindən bağlanmış müqavilələrə əsasən bu günədək 8500 ədəd kənd təsərrüfatı texnikası “Aqrolizinq” ASC-nin bazalarına daxil olub ki, onların da 5143 ədədi pambıqçılığa aid maşınlardır. Bu gün 140 pambıqyığan kombayn, 400-dən çox qoşqu “Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri, onların rayon (şəhər) bölmələrinin, həmçinin pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin şirkətlərinin istifadəsinə verilib. İndiyədək 4000-dən çox texnikanın pambıq istehsalı ilə məşğul olan fermerlərə xidmət göstərilməsi məqsədilə istifadəyə verilməsi həyata keçirilmiş, qalan texnikaların isə istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.

Ucar rayonunda da bu ayın əvvəlindən kütləvi pambıq yığımı kampaniyasına başlanılıb. Qeyd edək ki, cari ildə rayonda 2500 hektarda pambıq əkilib. Bərgüşad, Yuxarı Şilyan, Müsüslü və bir sıra digər inzibati ərazi dairələrində bol “ağ qızıl” yetişdirilib. Məhsul yığımına ilk günlərdən 700 nəfərədək rayon sakini cəlb olunub. Qısa vaxtda 20,5 ton pambıq yığılıb. Məhsul toplanışı kampaniyası sürətlə davam edir.

Ağdaş rayonunda da pambıq yığımına başlanılıb. Hazırda kəndlərdə pambıqyığan kombaynların köməyi və əl əməyi ilə işlər sürətlə davam etdirilir. Tarixən pambıqçılıqda böyük ənənəsi olan Ağdaşda bu il 3000 hektar sahədə çiyid səpini aparılıb. Bu da ötən ildəkindən 1846 hektar çoxdur. Fermerlər yüksək məhsul götürmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstəriblər. Məhsuldarlığın yüksək olması üçün səriştəli və təcrübəli aqronom və mühəndis kadrlar becərmə işlərinə cəlb edilib. Qeyd edək ki, ötən il rayonda 1154, 2015-ci ildə isə cəmi 30 hektar sahədə pambıq əkini aparılıb. Pambıqçılığın inkişafına dövlət dəstəyindən sonra daha da həvəslənən ağdaşlı fermerlər və fərdi təsərrüfat sahibləri 2015-ci illə müqayisədə pambıq əkini sahəsini 100 dəfə artırıblar. Hazırda tarlalarda bol məhsul var. Mütəxəssis rəyləri və pambıq kollarında yetişmiş qozalar deməyə əsas verir ki, bu il ağdaşlı fermerlər hər hektardan 20 sentner olmaqla, ümumilikdə 6 min tona yaxın pambıq tədarük edəcəklər. Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.

O da vurğulanmalıdır ki, Ağdaşda əvvəlki illərlə müqayisədə cari ildə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək gələn il rayonda 5 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün hazırlıq işləri görülür, istifadəsiz qalan bütün boş torpaq sahələrinin əkinə cəlb edilməsi nəzərdə tutulur.

Salyanda isə pambıq sahələri genişləndirilərək 7 min hektara çatdırılıb. Gələcəkdə rayonda pambıq sahələrinin daha da artırılması nəzərdə tutulub. Bu baxımdan pambıqçılıqda yüksək texnologiyaların tətbiqi olduqca zəruridir. Mütəxəssislərin fikrincə, yeni texnologiyalar olmasa yüksək məhsuldarlıqdan söhbət belə gedə bilməz. Odur ki, Milli Aviasiya Akademiyası və AMEA Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Salyanda Regional Mərkəzin təcrübə təsərrüfatında ozonlaşdırma texnologiyası tətbiq edilib. Ozonlaşma nəticəsində toxum həm zərərvericilərə qarşı davamlı olur, rüşeymin inkişafı tezləşir, cücərmə qabiliyyəti yüksəlir, həm də məhsuldarlıq və keyfiyyət daha da artır. Artıq ozonlaşdırılmış pambıq sahələrinə baxış keçirilib və hər hektardan 35-40 sentner məhsul gözlənilir. Hazırda alimlər tərəfindən rayonda pambıqçılıqda ozonlaşdırma texnologiyasının tətbiqi ilə bağlı fermerlərlə görüşlər təşkil edilir, onlar arasında maarifləndirmə işləri aparılır.

Zərdabda da kütləvi pambıq yığımı kampaniyası davam edir və artıq məhsul toplanışına pambıqyığan maşınlar da cəlb olunur. Rayonda cari ilin məhsulu üçün əkin sahələri 4 dəfəyədək artaraq 3232,3 hektara çatdırılıb. Məhsul toplanışına 1500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Qısa vaxtda 275 ton “Ağ qızıl” toplanılıb və yığılan məhsulun 211,4 tonu qurudularaq qəbul məntəqələrinə təhvil verilib.

Yeri gəlmişkən, Kürdəmir rayonunda kütləvi pambıq yığımına başlanılıb və qısa vaxtda 600 tona yaxın “ağ qızıl” toplanılıb. Tədarük edilən xam pambıq Kürdəmirin Sor-sor kəndi ərazisində “MKT-İK” MMC tərəfindən tikilən və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qarabucaq qəsəbəsi ərazisində inşa olunan 2 qəbul məntəqəsinə təhvil verilir. İndiyədək yığılan məhsulun 400 tondan çoxu qurudularaq həmin qəbul məntəqələrinə göndərilib.

Qeyd edək ki, rayonda məhsul yığımına 2000 nəfərədək sakin cəlb olunub. Hazırda yığım kampaniyası sürətlə davam edir. Yenikənd, Böyük Kəngərli, Qocalı, Pirili, Köhünlü, Şilyan, Qarasu və bir sıra digər ərazi vahidlərində pambıq tarlalarından bol məhsul götürülür.

Ağsu rayonunun pambıqçıları da cari mövsümdə tarlalarda bol məhsul yetişdiriblər və hazırda hər yerdə yığım sürətlə davam etdirilir. Yığım kampaniyasına 1500 nəfərdən çox işçi qüvvəsi cəlb edilib. Az vaxtda 400 tonadək pambıq yığılıb. Toplanan məhsul qurudularaq qəbul məntəqələrinə təhvil verilir.

Bu mühüm strateji sahənin inkişafına göstərilən dövlət dəstəyi bölgədə öz müsbət nəticəsini verir. Cari mövsümdə Ağsuda 2500 hektarda pambıq yetişdirilib ki, bu göstərici ötən ildəkindən iki dəfə çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Çaparlı, Bozavand, Ərəbuşağı və digər ərazi vahidlərində daha çox “ağ qızıl” yetişdirilib və sahələrdən bol məhsul götürülür. Bu il rayonda 5500 tondan çox pambıq tədarük olunacağı proqnozlaşdırılır.

Ağcabədi rayonunda da pambıq yığımına başlanılıb. Hazırda Ağabəyli, Boyad, Şənlik kəndlərdə pambıqyığan maşınlar sahələrə çıxarılıb. Rayonda bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün stimul yaradır. Əgər ötən il rayon ərazisində 3661 hektarda pambıq əkilmişdisə, bu il əkin sahələri 9950 hektara çatdırılıb. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC, “CTS Aqro” MMC, “Ağcabədi Kənd Təsərrüfatı” MMC və “Kürdlər Pambıq” MMC ilə müqavilə əsasında becərirlər. Havaların əlverişli keçməsi və aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib.

Şənlik kəndi Ağcabədi rayonunda pambıqçılığın inkişaf etdiyi kəndlərdəndir. Bu il kəndin ərazisində 550 hektar sahədə pambıq yetişdirilib. Bağlanmış müqavilələrə əsasən fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilib. Hazırda bütün qüvvələr pambığın yığılmasına yönəldilib.

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.- 2017.- 16 sentyabr.- S.7