Regionlarda əhalinin içməli su təminatının yüksək səviyyəyə qaldırılması istiqamətində tədbirlər ardıcıl xarakter daşıyır

 

Bu sahədə görülən işlər etibarlı və tam təkmil su təchizatı sisteminin yaradılmasına xidmət edir

Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və davamlı tədbirlər bu sahədə mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Dövlət proqramlarının uğurla icrası həm bu istiqamətdə müəyyən olunmuş hədəflərə çatmaq, həm də yeni inkişaf perspektivlərinin yaranması baxımından böyük əhəmiyyətə malikdir. Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində də bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı diqqətə çatdırıb: “2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı, hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.

Onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə bu sahədə qarşıya qoyulan məqsədlər özündə kompleks məsələləri ehtiva edir. Bu kontekstdə regionlarda əhalinin içməli su təminatının yüksək səviyyəyə qaldırılması prioritetlərdən biri kimi müəyyənləşdirilib. Hazırda regionlarda həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarma sisteminin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir.

Ümumiyyətlə, indi içməli su layihələrinin icrası ölkəmizdə geniş vüsət alıb. Sadalananlarla yanaşı, onu da vurğulamaq yerinə düşər ki, bəhs edilən sahəni daim diqqətdə saxlayan Prezident İlham Əliyev müvafiq sahədə tədbirlərin davam etdirilməsi üçün bir sıra yeni sərəncamlar imzalayıb. Məsələn, dövlətimizin başçısı avqustun 5-də “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş Dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu tədbirlərin davamı olaraq Qax şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon manat ayrılıb.

Bununla yanaşı, Prezident İlham Əliyevin Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb. Sərəncamda deyilir ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində bölgələrin içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin fasiləsiz içməli su ilə təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu tədbirlərin davamı olaraq Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə ilkin mərhələdə həcmi 7500 kubmetr olan bir su anbarının, diametri 720 mm, uzunluğu 7,6 km olan magistral su kəmərinin, diametrləri 90-280 mm, uzunluğu 13,0 km olan paylayıcı su şəbəkəsinin, diametri 315 mm, uzunluğu 7,0 km olan təzyiqli kanalizasiya xəttinin tikintisi və bir kanalizasiya nasos stansiyasının yenidən qurulması zərurəti yaranıb. Dövlət başçısı Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməyi tapşırıb.

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkədə əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, bu sahədə mühüm işlər görülüb. Bu tədbirlərin davamı olaraq Mingəçevir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin növbəti mərhələsində həcmi 10000 kubmetr olan bir ədəd su anbarının tikintisinin tamamlanması, diametrləri 110-225 mm, uzunluğu 21,5 km olan paylayıcı su şəbəkəsinin, diametri 200-500 mm, uzunluğu 5,3 km olan kanalizasiya şəbəkəsinin, diametri 630-800 mm, uzunluğu 4,5 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülmüş işlər nəticəsində sökülmüş 42200 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. Sərəncama əsasən, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev həmçinin Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat ayrılıb. Sərəncamda deyilir ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu tədbirlərin davamı olaraq Biləsuvar şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, diametrləri 200-500 mm, uzunluğu 4,36 km olan kanalizasiya şəbəkəsinin, diametri 800 mm, uzunluğu 2,9 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 178000 kvadratmetr asfalt örtüyündən 30000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. Sərəncam Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə imzalanıb.

Digər tərəfdən, dövlətimizin başçısı təkcə müvafiq sərəncamların imzalanması ilə kifayətlənmir, regionlara səfərləri zamanı müvafiq layihələrin açılışında şəxsən iştirak edir. Yeri gəlmişkən, avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı “Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olub. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq bulaqlar seçilib və bir suqəbuledici qurğu tikilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilib. Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib.

Dövlətimizin başçısının diqqətinə çatdırılib ki, Gədəbəy şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənərək kənarlaşdırılması üçün məhsuldarlığı gündə 3500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda sutəmizləyici qurğunun tikintisi üzrə tender prosedurları davam etdirilir. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd, Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcəkdə 23 min nəfər faydalanacaq.

Layihənin icrasına qədər olan vəziyyət barədə məlumat verilərkən bildirilib ki, Gədəbəy şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 10 min sakinindən 25 faizinə xidmət göstərir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Gədəbəy şəhərində kanalizasiya sistemi isə indiyə qədər mövcud olmayıb.

Sentyabrın 2-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib. Qeyd olunub ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.

Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.

Ümumiyyətlə, hazırda regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində respublikanın ikinci böyük şəhəri Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam etdirilir. Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılıb. Bu mərhələdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 kilometr uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2014-cü ilin fevralında başa çatdırılıb. Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, 4 kilometr magistral su kəməri, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 kilometr anbarlararası xətt inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Buradan Gəncə şəhərinə 27,5 kilometr uzunluğunda magistral su kəməri çəkilib. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək. Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir və ümumilikdə 855 kilometr içməli su, 813 kilometr kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 81 kilometr içməli su, 70 kilometr kanalizasiya şəbəkəsi çəkilib. Eyni zamanda, şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın sayğac quraşdırılıb. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Xatırladaq ki, Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ötən əsrin 30-cu illərindən başlanılıb. Müxtəlif illərdə yaradılmış 515 kilometr içməli su şəbəkəsi mövcuddur. Gəncə şəhərinə içməli su Qızılqaya, Göygöl su mənbələrindən və subartezianlardan verilir. Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alırlar.

Görülən işlər çərçivəsində Qəbələ rayonunda isə 6 subartezian quyusu qazılıb. Rayonda əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. Qəbələ Su-Kanal İdarəsi tərəfindən “Qaraçay” və “Duruca” su mənbələrində yerləşən anbarların lil və qumdan təmizlənməsi işləri başa çatdırılıb. Şəhərin Nizami Gəncəvi, Heydər Əliyev, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, İsmayıl bəy Qutqaşınlı küçələrindəki su və kanalizasiya xətlərində təmir-bərpa işləri aparılıb, axıntıların qarşısı alınıb. Hazırda Qəbələ şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir, küçələrdə borular çəkilir, sayğaclar quraşdırılır, çirkab suları üçün nəzərdə tutulan təmizləyici qurğu inşa edilir. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qəbələ şəhərində, Vəndam qəsəbəsində, Zirik, Mıxlıqovaq, Zarağan, Məlikli kəndlərində 6 ədəd subartezian quyusu qazılıb. Hazırda Mıxlıqovaq kəndində daha bir ədəd subartezian quyusunun qazılması işləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda da əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bu günədək tutumu 7 min 500 kubmetr olan 1 ədəd və hər biri 10 min kubmetr su tutan 2 anbar tikilib, mövcud olan qalereyanın təmiri, yeni infrastrukturların, siyirtmə kamerasının tikintisi başa çatdırılıb. Bundan başqa, qalereyadan anbarlara qədər 1,5 kilometr uzunluğunda boru xətti, buradan Şərur şəhərinə qədər 7,1 kilometr əsas aparıcı boru xətti çəkilib. 50 kilometrdən artıq müxtəlif diametrli paylayıcı su xətləri, buna paralel olaraq kanalizasiya xətləri hazır vəziyyətə gətirilib, evlərə birləşdirici xətlərin çəkilişi davam etdirilib. Hazırda əsas işlər rayon mərkəzinin prospekt və küçələrində aparılır. Su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan su sayğacları, borular, quyu qapaqları, yanğın hidrantları və digər avadanlıqlar yüksək keyfiyyətə malikdir. İşlərin gedişində diametri 110 millimetrdən min millimetrədək olan borulardan istifadə edilir.

Qazax rayonunun Xanlıqlar kəndində isə 146 ailə içməli su ilə təmin olunub. Yeni su xətti 1,8 kilometr məsafədən çəkilib. Kəndin ayrı-ayrı yerlərində 3 ədəd 5 tonluq su çəni qoyulub, 13 kran quraşdırılıb. Beləliklə, 146 ailə bu sudan istifadə edəcək ki, bunun da 53-ü məcburi köçkün ailəsidir. Onu da qeyd edək ki, yaxın gələcəkdə çəkilən bu xətdən daha 50 ailəyə su veriləcək. Bununla yanaşı, yaxın günlərdə rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərinə də içməli su çəkiləcək.

Beləliklə, regionlarda əhalinin içməli su təminatının yüksək səviyyəyə qaldırılması istiqamətində tədbirlər ardıcıl xarakter daşıyır. Bu sahədə görülən işlər etibarlı və tam təkmil su təchizatı sisteminin yaradılmasına xidmət edir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2017.- 13 sentyabr.-S.7.