Azərbaycanın regionlarında sənaye quruculuğu geniş vüsət alıb

 

Perspektivdə ölkədə bir neçə iri sənaye mərkəzinin, həmçinin bütün bölgələrdə müasir sənaye məhəllələrinin yaradılması nəzərdə tutulub

Azərbaycanın yeni şəraitdə qlobal miqyasda meydana çıxan müasir çağırışları, maliyyə imkanlarını, kadr resurslarını nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf istiqamətləri sırasında sənaye quruculuğu siyasəti mühüm yer tutur ki, bu da bir sıra mühüm amillərlə şərtlənir. Əvvəla, sənayeləşmə xəttinin həyata keçirilməsi ölkəmizin hər cəhətdən müasir dövlət quruculuğu siyasətinə adekvatdır. Dünya təcrübəsindən də bəlli olduğu kimi, hazırda güclü innovativ sənaye yaradılmadan ölkələrin yüksək inkişaf səviyyəsini təsəvvür etmək belə mümkün deyil. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da məhz bu yolu tutub. Sənaye sektorunun inkişafı respublikamız üçün yeni istehsal imkanlarının yaranması deməkdir. Azərbaycan yüksək səviyyəli, rəqabətədavamlı sənaye məhsulları istehsalını hədəfləməklə həm daxili istehlakı bütünlüklə yerli istehsal hesabına qarşılamaq, həm də özünün ixrac imkanlarını genişləndirmək niyyətindədir. Başqa bir amili də xüsusi qeyd etmək lazımdır. Belə ki, bütün ölkə boyunca böyük əmək tutumuna malik yeni sənaye obyektlərinin yaradılması ölkəmizin sosial siyasətinə uyğun gəlir. Fəaliyyətə başlayan sənaye müəssisələrində çoxlu sayda yeni iş yerləri yaradılır ki, bu da əhalinin məşğulluğu kimi çox vacib sosial problemin həllinə böyük dəstəkdir.

Əlamətdar haldır ki, ökəmizdə konseptual əsaslara söykənən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib. Sənaye quruculuğuna göstərilən siyasi iradənin, həmçinin praktiki müstəvidə görülən tədbirlərin nəticəsidir ki, cari ilin birinci yarısında da respublikamızda ən yaxşı iqtisadi inkişaf göstəricisi 4,4 faiz olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb.

Perspektivdə Azərbaycanın qeyri-neft sənayesinin potensialı daha da artacaq. Hazırda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda qeyri-neft sənayesi üzrə istehsalın genişləndirilməsi istiqamətində bir sıra iri layihələr icra edilir. Yeni layihələrə əsasən, yaradılan müəssisələrdə ölkəmizin böyükhəcmli ixrac imkanları formalaşacaq. Ölkədə reallaşdırılan iri sənaye layihələri arasında Sumqayıt Kimya Sənaye Parkında yaradılan müəssisələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq. Yaxın perspektivdə ölkəmizdə həmçinin böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur.

Ölkənin sənaye xəritəsi regionlara doğru genişlənir

Tarixən Azərbaycanda sənaye əsasən iri şəhərlərdə, ələlxüsus da paytaxt Bakıda inkişaf edib. Abşeron yarımadasında, o cümlədən də Xəzərdə neft-qaz hasilatı paralel şəkildə sənaye inkişafına güclü təkan verib. Uzun illər ərzində neftçıxarma və neft emalı müəssisələrinin Bakıda təmərküzləşməsi nəticəsində ölkəmizin paytaxtı Cənubi Qafqazın sənaye mərkəzinə çevrilib. Şübhə yoxdur ki, Bakının sənaye potensialı bundan sonra da artırılacaq. Bunu şəhərin əlverişli coğrafi mövqeyi, əmək ehtiyatları, xammal mənbələri və əlbəttə ki, müxtəlif sənaye mallarına istehlakın kifayət qədər böyük olması kimi amillər şərtləndirir.

Eyni zamanda, Azərbaycan regional sənaye inkişafını hədəfləyib. Ölkədə paytaxt Bakının sənaye şəhəri kimi üstün mövqeyi qorunub saxlanılmaqla yanaşı, Sumqayıtın, Gəncənin və Mingəçevirin də sənaye mərkəzlərinə çevrilməsi nəzərdə tutulub. Bundan başqa, ölkənin bütün bölgələrində sənaye məhəllələrinin yaradılması qərara alınıb. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həm qanunvericilik bazası möhkəmləndirilir, həm də praktiki müstəvidə genişmiqyaslı layihələr reallaşdırılır. Son illərdə regional inkişaf strategiyasının tərkib hissəsi kimi bölgələrin infrastrurktur təminatında çox böyük dəyişikliklər baş verib. Belə ki, regionların elektrik enerjisi, su, qaz və digər kommunal xidmətlərlə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, yeni yollar çəkilib ki, bunlar da sənaye quruculuğu üçün vacib olan amillərdir. Təsadüfi deyil ki, artıq ölkənin sənaye xəritəsi əsasən regionlara doğru genişlənir.

Sahibkarlar regionlarda yeni sənaye müəssisələrinin yaradılmasında fəal iştirak edirlər

Məlumdur ki, ölkəmizdə dövlət sahibkarlara həm siyasi, həm də maddi cəhətdən böyük dəstək göstərir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə biznes mühitinin optimallaşdırılması məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir, o cümlədən sahibkarların vergi yükü azaldılıb, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, daxili istehsalın qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Son 13 ildə özəl bölmə təmsilçilərinə təxminən 2 milyard manat həcmində güzəştli kreditlər ayrılıb. Belə davamlı dövlət dəstəyi sayəsində ölkəmizdə güclü milli sahibkarlar ordusu formalaşıb.

Öz növbəsində dövlətin siyasi və maddi dəstəyindən bəhrələnən milli sahibkarlar regionlarda yeni sənaye müəssisələrinin yaradılmasında fəal iştirak edirlər. Müvafiq təşviq mexanizmi işə salındıqdan sonra ölkəmizdə özəl bölmə təmsilçilərinə 80-dən çox investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması sayəsində 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 60 faizdən çoxu sənaye sektorunu əhatə edir. Onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.

Son illərdə ölkəmizdə daxili sərmayə qoyuluşu hesabına sənaye sektorunda intensiv şəkildə yeni müəssisələr yaradılır. Kiçik və orta sahibkarların fəal iştirakı ilə texnoparkların yaradılması respublikada həyata keçirilən müasir sənaye quruculuğunun mühüm əlamətidir. Qeyd edək ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq texnoparkların yaradılması istiqamətində uğurlu addımlar atılıb və ilk texnoparklarda məhsul istehsalına start verilib.

Sumqayıtda 167,66 hektar ərazidə yaradılan Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq. Artıq burada fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanıb, həmçinin yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Sənaye Parkında daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq. Ümumiyyətlə, investorların Sumqayıt Sənaye Parkına marağı böyükdür.

Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən isə tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istiqamətlərin də uğurlu inkişafına daha bir nümunədir. Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıqlarının, müasirtipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir.

Son bir ildə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq. Eyni zamanda, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır. Prezident İlham Əliyev həmçinin Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Yeni sənaye parklarında ölkədə böyük tələbat duyulan məhsullar istehsal ediləcək

Ölkənin bu və ya digər regionunda yaradılan sənaye müəssisələrində daxili bazarda böyük tələbat duyulan məhsulların istehsalının nəzərdə tutulması diqqətəlayiq haldır. Məsələn, hazırda respublikamızın müxtəlif dərman vasitələrinə olan tələbatı əsasən idxal hesabına ödənilir ki, bu da ölkəmizdən böyük həcmdə valyuta axınına səbəb olur. Pirallahı Sənaye Parkında yaradılan dərman istehsalı fabrikləri respublikamızın müxtəlif adda dərman vasitələrinə tələbatının ödənilməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılması qərara alınıb.

Ötən ilin noyabrında Pirallahı Sənaye Parkında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin, həmçinin “Vita-A”, Rusiyanın “R-Farm” şirkətinin, Azərbaycan İnvestisiya Şirkətinin təmsilçilərinin iştirakı ilə ilk əczaçılıq zavodunun təməli qoyulub. Layihənin dəyəri 74 milyon dollar təşkil edir. Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.

Cari ilin yanvarında isə Pirallahı Sənaye Parkında növbəti müəssisənin - “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq. Müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitələr, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq. Müəssisə Almaniya, İtaliya istehsalı olan texnika ilə təchiz ediləcək.

Regionlarda yaradılan emal sənayesi müəssisələri aqrar sektorun inkişafı baxımından böyük əhəmiyyət daşıyır

Son illərdə ölkənin əksər bölgələrində müasir texnologiyalarla işləyən yeni emal sənayesi müəssisələri açılıb. Bu müəssisələr regionlarda aqrar sektorun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bəhs olunan istehsal obyektləri xammal kimi əsasən yerli məhsullardan istifadə edirlər ki, bu da aqrar sektorda çalışanlar üçün böyük üstünlüklər yaradır. Belə ki, onlar yetişdirdikləri məhsulun reallaşdırılması sarıdan heç bir çətinliklə üzləşmirlər.

Əlamətdar haldır ki, regional sənaye quruculuğuna böyük önəm verən Prezident İlham Əliyev bölgələrə səfərləri çərçivəsində yeni emal sənayesi müəssisələrinin açılışında şəxsən iştirak edir və Özünün dəyərli tövsiyələrini verir. Azərbaycanın dövlət başçısı regionlara növbəti səfəri zamanı “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun açılışında iştirak edib. Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib. Bu müəssisədə 0,33, 0,75 və 1,5 litrlik plastik qablarda armud, tərxun, limon və üzüm limonadları istehsal edilir. Limonad istehsalı korpusu 3500 kvadratmetrdir. Buraya anbar və istehsal sahəsi daxildir. Texnoloji xəttin başlanğıcında qablar İtaliya şirkətinin avadanlığı ilə şişirdilir. Limonadın xammalı avtomatik sistemdə hazırlanır. İstehsalatda istifadə olunan kompressorlar isə Belçika avadanlığıdır.

Hazırda Zaqatalada “AzRose” MMC tərəfindən qızılgül yağı istehsalı müəssisəsi yaradılır. Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində tikintisi davam edən bu müəssisə ilə də tanış olub. Müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.

Dövlət başçısına məlumat verilib ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızılgül və 6 min litr “Lavanda” gülü yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür. Azərbaycanda ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə istehsalın 5 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro təşkil edib. Eyni zamanda, müəssisədə 3 min litr “Lavanda” yağının istehsalı nəzərdə tutulub. Ötən il dünya bazarında 1 litr “Lavanda” yağının qiyməti 100-130 avro təşkil edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına çıxarılacaq. Gələcəkdə digər bitki növlərinin efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artacaq.

Regionlarda müdafiə təyinatlı məhsulların istehsalı qürurverici haldır

Son illərdə Azərbaycanın bölgələrində innovativ texnologiyalar əsasında işləyən yeni müəssisələrin fəaliyyətə başlaması bölgələrin dinamik inkişafını konkret şəkildə təzahür etdirir. Regionlarda müdafiə təyinatlı məhsulların istehsalı isə qürurverici haldır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə cari il iyunun 23-də Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki 7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılış mərasimi keçirilib. Müdafiə sənayesi naziri Yavər Camalovun məlumatına əsasən, zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa, açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.

Zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən müvafiq şirkətlərin müasir standartlara cavab verən texnoloji avadanlıqları alınaraq quraşdırılıb. Bu avadanlıqlar arasında proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları, yoxlama və sınaqların aparılması üçün müxtəlif çeşidli laboratoriya avadanlığı var. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 280 adda xüsusi və universal ölçü alətlərinin və tərtibatların alınması təmin edilib. Zavodda 170 yeni iş yeri yaradılıb.

Şirvan şəhərində həmçinin dövlət başçısının iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılış mərasimi olub. Zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq - proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 14 sentyabr.- S.-7.