Regionlarda əhalinin içməli
su təminatının yüksək səviyyəyə
qaldırılması istiqamətində tədbirlər
ardıcıl xarakter daşıyır
Bu sahədə görülən işlər
etibarlı və tam təkmil su təchizatı sisteminin
yaradılmasına xidmət edir
Regionların sosial-iqtisadi inkişafı istiqamətində
həyata keçirilən məqsədyönlü və
davamlı tədbirlər bu sahədə mühüm nailiyyətlərin
əldə edilməsini şərtləndirib. Dövlət
proqramlarının uğurla icrası həm bu istiqamətdə
müəyyən olunmuş hədəflərə
çatmaq, həm də yeni inkişaf perspektivlərinin
yaranması baxımından böyük əhəmiyyətə
malikdir. Avqustun 4-də Qaxda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə
keçirilən barama, tütün və fındıq
istehsalının inkişafı məsələlərinə
dair respublika müşavirəsində də bu məsələlər
diqqət mərkəzində olub. Dövlətimizin
başçısı diqqətə çatdırıb:
“2004-cü ildə mənim təşəbbüsümlə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı qəbul edilmişdir və bu proqramın ölkə
tarixində çox böyük rolu vardır. İndi təsəvvür
edin, əgər o proqram qəbul edilməsəydi, bizim
bölgələrimiz hansı problemlərlə üzləşə
bilərdi. Məhz bu birinci proqramın, ondan
sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində
bölgələr dirçəldi, inkişaf etdi,
böyük investisiya təmin edildi. 2004-cü ildən bu
günə qədər Azərbaycan bölgələrinin
inkişafı, hesab edirəm ki, tarixi nailiyyətdir.
Heç vaxt Azərbaycan tarixində belə qısa müddət
ərzində bu qədər işlər görülməmişdir.
Bu gün Azərbaycan bölgələrində lazım olan
bütün infrastruktur layihələri icra edilib və biz
sürətli inkişaf dövrünü
yaşayırıq”.
Onu da qeyd etmək lazımdır ki,
hazırkı mərhələdə bu sahədə
qarşıya qoyulan məqsədlər özündə kompleks
məsələləri ehtiva edir. Bu kontekstdə regionlarda əhalinin
içməli su təminatının yüksək səviyyəyə
qaldırılması prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Hazırda regionlarda həm əhalinin içməli su ilə
təminatı, həm də əkin sahələrinin suvarma sisteminin
yenidən qurulması istiqamətində tədbirlər davam
etdirilir.
Ümumiyyətlə, indi içməli su layihələrinin
icrası ölkəmizdə geniş vüsət alıb.
Sadalananlarla yanaşı, onu da vurğulamaq yerinə
düşər ki, bəhs edilən sahəni daim diqqətdə
saxlayan Prezident İlham Əliyev müvafiq sahədə tədbirlərin
davam etdirilməsi üçün bir sıra yeni sərəncamlar
imzalayıb. Məsələn, dövlətimizin
başçısı avqustun 5-də “Qax şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsinin davam etdirilməsi ilə bağlı
əlavə tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan
Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin
layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə
həyata keçirilən sosial-iqtisadi inkişaf
konsepsiyasının prioritetlərindəndir. Son
illər bu sahədə qəbul olunmuş Dövlət
proqramlarının uğurla icrası nəticəsində
regionların içməli su təchizatı və kanalizasiya
infrastrukturu müasir tələblərə uyğun olaraq
yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz
təminatı sahəsində mühüm nailiyyətlər
əldə edilib. Bu tədbirlərin davamı
olaraq Qax şəhərində su təchizatı və
kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, əhalinin içməli
su ilə fasiləsiz təmin olunması məqsədilə həyata
keçirilən şəhərin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
növbəti mərhələsi kimi, həcmi
2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin
başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir
su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan
paylayıcı su şəbəkəsinin, diametrləri
200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin
tikintisi və ilkin mərhələdə görülən
işlər nəticəsində sökülmüş 7722
kvadratmetr asfalt örtüyünün bərpası zərurəti
yaranıb. Qax şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində
həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99
milyon manat ayrılıb.
Bununla yanaşı, Prezident
İlham Əliyevin Salyan şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı Sərəncama əsasən
Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulmasına 11,8 milyon manat ayrılıb. Sərəncamda
deyilir ki, əhalinin içməli su ilə təminatını
yaxşılaşdırmaq məqsədilə Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq
olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramları çərçivəsində ölkədə
həyata keçirilən kompleks tədbirlər nəticəsində
bölgələrin içməli su təchizatı və
kanalizasiya infrastrukturu müasir tələblərə
uyğun olaraq yenidən qurulub, sakinlərin fasiləsiz
içməli su ilə təminatı sahəsində
mühüm nailiyyətlər əldə edilib. Bu tədbirlərin davamı olaraq Salyan şəhərində
su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması,
əhalinin içməli su ilə fasiləsiz təmin
olunması məqsədilə ilkin mərhələdə həcmi
7500 kubmetr olan bir su anbarının, diametri 720 mm, uzunluğu
7,6 km olan magistral su kəmərinin, diametrləri 90-280
mm, uzunluğu 13,0 km olan paylayıcı su şəbəkəsinin,
diametri 315 mm, uzunluğu 7,0 km olan təzyiqli kanalizasiya xəttinin
tikintisi və bir kanalizasiya nasos stansiyasının yenidən
qurulması zərurəti yaranıb. Dövlət
başçısı Maliyyə Nazirliyinə bu Sərəncamda
nəzərdə tutulan məbləğdə maliyyələşməni
təmin etməyi tapşırıb.
Prezident İlham Əliyev Mingəçevir
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında da Sərəncam
imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkədə əhalinin
içməli su ilə təminatının və bununla
bağlı xidmətlərin
yaxşılaşdırılması istiqamətində
sistemli fəaliyyət həyata keçirilir. Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq
olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramları çərçivəsində regionların
içməli su təchizatı və kanalizasiya infrastrukturu
müasir tələblərə uyğun olaraq yenidən
qurulub, bu sahədə mühüm işlər
görülüb. Bu tədbirlərin
davamı olaraq Mingəçevir şəhərində su təchizatı
və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması
məqsədilə həyata keçirilən layihənin
növbəti mərhələsində həcmi 10000 kubmetr
olan bir ədəd su anbarının tikintisinin tamamlanması,
diametrləri 110-225 mm, uzunluğu 21,5 km
olan paylayıcı su şəbəkəsinin, diametri 200-500
mm, uzunluğu 5,3 km olan kanalizasiya şəbəkəsinin,
diametri 630-800 mm, uzunluğu 4,5 km olan magistral kanalizasiya
kollektorunun tikintisi və ilkin mərhələdə
görülmüş işlər nəticəsində
sökülmüş 42200 kvadratmetr asfalt
örtüyünün bərpası zərurəti
yaranıb. Sərəncama əsasən, Mingəçevir
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması istiqamətində həyata keçirilən
işlərin davam etdirilməsi məqsədilə dövlət
büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə
9,5 milyon manat ayrılıb. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə nəzərdə
tutulan məbləğin maliyyələşdirilməsini təmin
etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli
gələn məsələləri həll etmək
tapşırılıb.
Prezident İlham Əliyev həmçinin Biləsuvar
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında Sərəncam
imzalayıb. Sərəncama əsasən, “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat
ayrılıb. Sərəncamda deyilir ki, əhalinin
içməli su ilə təminatını
yaxşılaşdırmaq məqsədilə ölkədə
həyata keçirilən kompleks tədbirlər nəticəsində
regionlarda içməli su təchizatı və kanalizasiya
infrastrukturu müasir tələblərə uyğun olaraq
yenidən qurulub, sakinlərin içməli su ilə
fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər
əldə edilib. Bu tədbirlərin davamı
olaraq Biləsuvar şəhərində su təchizatı və
kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, əhalinin içməli
su ilə fasiləsiz təmin olunması məqsədilə həyata
keçirilən şəhərin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
növbəti mərhələsi kimi,
diametrləri 200-500 mm, uzunluğu 4,36 km olan kanalizasiya şəbəkəsinin,
diametri 800 mm, uzunluğu 2,9 km olan magistral kanalizasiya kollektorunun
tikintisi və ilkin mərhələdə görülən
işlər nəticəsində sökülmüş 178000
kvadratmetr asfalt örtüyündən 30000 kvadratmetr asfalt
örtüyünün bərpası zərurəti
yaranıb. Sərəncam Biləsuvar şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində
həyata keçirilən işləri davam etdirmək məqsədilə
imzalanıb.
Digər tərəfdən, dövlətimizin
başçısı təkcə müvafiq sərəncamların
imzalanması ilə kifayətlənmir, regionlara səfərləri
zamanı müvafiq layihələrin
açılışında şəxsən iştirak edir.
Yeri gəlmişkən, avqustun 20-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy
şəhərinin içməli su təchizatı layihəsinin
açılışında iştirak edib. Dövlətimizin
başçısı “Gədəbəy şəhərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsi üzrə görülən
işlərin texniki-iqtisadi göstəricilərini əks
etdirən stendlərlə tanış olub. “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
Hüseynov dövlətimizin başçısına
görülən işlər barədə məlumat verib.
Bildirilib ki, layihə Azərbaycan Hökuməti və
İslam İnkişaf Bankı tərəfindən birgə
maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli
Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi”
çərçivəsində həyata keçirilir. Layihə
2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy
şəhərində 12 min nəfər əhalinin içməli
su və kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Gədəbəy şəhərinin
içməli su mənbəyi olaraq bulaqlar seçilib və
bir suqəbuledici qurğu tikilib. Şəhərin
dayanıqlı su təchizatını təmin etmək
üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı,
14,8 kilometr uzunluğunda magistral su kəməri və digər
köməkçi infrastruktur inşa edilib. Bundan
başqa, Gədəbəy şəhərində
inşası planlaşdırılan 81 kilometr uzunluğunda
paylayıcı su şəbəkəsinin, şəbəkədaxili
iki nasos stansiyasının tikintisi başa çatıb, 2300
evə birləşmə verilib və sayğaclar
quraşdırılıb. Yeni yaradılan su təchizatı
sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz
suyun verilməsi təmin edilib.
Dövlətimizin başçısının
diqqətinə çatdırılib ki, Gədəbəy
şəhərində ilk dəfə kanalizasiya sistemi də
yaradılıb. Layihəyə uyğun olaraq
47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr
kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq
tullantı sularının təmizlənərək kənarlaşdırılması
üçün məhsuldarlığı gündə 3500
kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə
tutulur. Hazırda sutəmizləyici qurğunun tikintisi
üzrə tender prosedurları davam etdirilir. Bundan
başqa, şəhərin su mənbələri və su təchizatı
qurğuları rayonun 11 min nəfər əhalisinin
yaşadığı Düzyurd, Arıqdam, Yenikənd,
Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı
nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə
bu layihədən gələcəkdə 23 min nəfər
faydalanacaq.
Layihənin icrasına qədər olan vəziyyət
barədə məlumat verilərkən bildirilib ki, Gədəbəy
şəhərinin mərkəzləşdirilmiş içməli
su təchizatı sistemi 1960-cı illərdə
yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 10
min sakinindən 25 faizinə xidmət göstərir. Mərkəzləşdirilmiş
qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4
saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını
fərdi qaydada ödəyir. Gədəbəy şəhərində
kanalizasiya sistemi isə indiyə qədər mövcud
olmayıb.
Sentyabrın 2-də isə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri
çərçivəsində şəhərin içməli
su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin
istifadəyə verilməsi mərasimində iştirak edib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə “Cəlilabad şəhərinin içməli
su təchizatı sisteminin yenidən qurulması və
kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə
dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə
maliyyələşdirilən “Milli Su Təchizatı və
Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində
həyata keçirilir. Layihə çərçivəsində
Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan
77 min nəfər əhalisini ekoloji təmiz içməli su
ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı
və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə
tutulub. Layihə çərçivəsində tikinti
işlərinə 2012-ci ildə başlanıb və 2018-ci
ilin birinci rübünə tam başa
çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su
anbarından suyun Cəlilabad şəhərində hər
birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə
verilməsi üçün ümumi uzunluğu 30048 metr olan
magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225
metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi
yaradılıb, evlər su sayğacları ilə təmin
edilib. Qeyd olunub ki, çirkab sularının nəqli
üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr
olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif
diametrli təzyiqli çirkab su xətti və 186383 metr
uzunluğunda çirkab su şəbəkəsi çəkilib.
Kanalizasiya şəbəkəsi üzərində 4371
baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə
qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının
ikisində işlər tam yekunlaşdırılıb,
üçündə isə inşaat işləri başa
çatdırılaraq mexaniki və elektromexaniki işlər
davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr
olan çirkab su təmizləyici qurğuda inşaat işləri
davam etdirilir.
Cəlilabad şəhərinin su təchizatı
və kanalizasiya sistemləri 1960-cı illərdə
yaradılıb. Yeni layihənin icrasınadək şəhərə
içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi
şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət
edirdi. İçməli su gün ərzində 2-4 saatlıq
qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə
tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad
şəhərinin kanalizasiya sistemi də müasir tələblərə
cavab vermirdi.
Ümumiyyətlə, hazırda regionlarda
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması işləri davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan hökuməti və
Almaniya İnkişaf Bankının (KFW bankı) birgə
maliyyələşdirdiyi “II Açıq Kommunal
İnfrastruktur Proqramı” çərçivəsində
respublikanın ikinci böyük şəhəri Gəncədə
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsi üzrə işlər
sürətlə davam etdirilir. Qeyd edək ki, Gəncə
şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə
şəhəri ilə yanaşı, Göygöl rayonunun
Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli
kəndlərini əhatə edir və 2035-ci ilədək
perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin
su təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Gəncə şəhərini içməli su
ilə təmin etmək üçün Göygöl,
Qızılqaya mənbələri və Şəmkirçay
su anbarı seçilib. Layihənin birinci mərhələsi
üzrə işlərə 2011-ci ilin sentyabr ayında
başlanılıb. Bu mərhələdə
Göygöl su mənbəyində məhsuldarlığı
saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə
şəhərində həcmi 4000 kubmetr olan su anbarı
tikilib və mənbədən anbara qədər 24,3 kilometr
uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ
üzrə işlər 2014-cü ilin fevralında başa
çatdırılıb. Layihənin ikinci mərhələsində
Qızılqaya su mənbəyində bərpa-yenidənqurma
işləri aparılıb, 4 kilometr magistral su kəməri,
ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9
kilometr anbarlararası xətt inşa edilib. Gəncə şəhərinin
içməli su tələbatının böyük hissəsi
Şəmkirçay su anbarının
yaxınlığında tikilən və məhsuldarlığı
sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin
ediləcək. Buradan Gəncə şəhərinə 27,5
kilometr uzunluğunda magistral su kəməri çəkilib.
Layihəyə əsasən bu mənbədən Gəncə
şəhərinə saniyədə 1336 litr su veriləcək.
Gəncə şəhərinin içməli su və
kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə
həyata keçirilir və ümumilikdə 855 kilometr
içməli su, 813 kilometr kanalizasiya şəbəkəsinin
tikintisi nəzərdə tutulur. Layihənin
üçüncü mərhələsində 81 kilometr
içməli su, 70 kilometr kanalizasiya şəbəkəsi
çəkilib. Eyni zamanda, şəhərdə 119 çoxmənzilli
yaşayış binasının daxili şəbəkəsi
yenidən qurulub, 7 minə yaxın sayğac
quraşdırılıb. Gəncə şəhərində
yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində
inşa ediləcək və məhsuldarlığı sutkada
120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.
Xatırladaq ki, Gəncə şəhərinin
mərkəzləşdirilmiş su təchizatı və
kanalizasiya sistemlərinin yaradılmasına ötən əsrin
30-cu illərindən başlanılıb. Müxtəlif illərdə
yaradılmış 515 kilometr içməli su şəbəkəsi
mövcuddur. Gəncə şəhərinə içməli
su Qızılqaya, Göygöl su mənbələrindən və
subartezianlardan verilir. Hazırda 350 min sakini olan Gəncə
şəhərində əhalinin təxminən 45 faizi və
ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada
içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə
su alırlar.
Görülən işlər çərçivəsində
Qəbələ rayonunda isə 6 subartezian quyusu
qazılıb. Rayonda əhalinin içməli su və əkin
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması məqsədilə
mühüm işlər görülür. Qəbələ
Su-Kanal İdarəsi tərəfindən “Qaraçay” və
“Duruca” su mənbələrində yerləşən
anbarların lil və qumdan təmizlənməsi işləri
başa çatdırılıb. Şəhərin Nizami Gəncəvi,
Heydər Əliyev, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, İsmayıl bəy Qutqaşınlı
küçələrindəki su və kanalizasiya xətlərində
təmir-bərpa işləri aparılıb,
axıntıların qarşısı alınıb. Hazırda Qəbələ şəhərinin su və
kanalizasiya sisteminin yenidən qurulması işləri davam
etdirilir, küçələrdə borular çəkilir,
sayğaclar quraşdırılır, çirkab suları
üçün nəzərdə tutulan təmizləyici
qurğu inşa edilir. Əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması və əhalinin içməli suya
olan tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən Qəbələ
şəhərində, Vəndam qəsəbəsində,
Zirik, Mıxlıqovaq, Zarağan, Məlikli kəndlərində
6 ədəd subartezian quyusu qazılıb. Hazırda
Mıxlıqovaq kəndində daha bir ədəd subartezian
quyusunun qazılması işləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunda da əhalinin təmiz və keyfiyyətli içməli
su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən
qurulması istiqamətində işlər davam etdirilir. Bu
günədək tutumu 7 min 500 kubmetr olan 1 ədəd və hər
biri 10 min kubmetr su tutan 2 anbar tikilib, mövcud olan qalereyanın
təmiri, yeni infrastrukturların, siyirtmə kamerasının
tikintisi başa çatdırılıb. Bundan
başqa, qalereyadan anbarlara qədər 1,5 kilometr uzunluğunda
boru xətti, buradan Şərur şəhərinə qədər
7,1 kilometr əsas aparıcı boru xətti çəkilib.
50 kilometrdən artıq müxtəlif diametrli paylayıcı
su xətləri, buna paralel olaraq kanalizasiya xətləri
hazır vəziyyətə gətirilib, evlərə
birləşdirici xətlərin çəkilişi davam
etdirilib. Hazırda əsas işlər rayon mərkəzinin
prospekt və küçələrində aparılır. Su
və kanalizasiya şəbəkələrinin çəkilişi
zamanı istifadə olunan su sayğacları, borular, quyu
qapaqları, yanğın hidrantları və digər
avadanlıqlar yüksək keyfiyyətə malikdir. İşlərin gedişində
diametri 110 millimetrdən min millimetrədək olan borulardan
istifadə edilir.
Qazax rayonunun Xanlıqlar kəndində isə 146 ailə
içməli su ilə təmin olunub. Yeni su xətti 1,8 kilometr məsafədən çəkilib. Kəndin ayrı-ayrı yerlərində 3 ədəd
5 tonluq su çəni qoyulub, 13 kran quraşdırılıb.
Beləliklə, 146 ailə bu sudan istifadə
edəcək ki, bunun da 53-ü məcburi köçkün ailəsidir.
Onu da qeyd edək ki, yaxın gələcəkdə
çəkilən bu xətdən daha 50 ailəyə su veriləcək.
Bununla yanaşı, yaxın günlərdə
rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərinə
də içməli su çəkiləcək.
Beləliklə, regionlarda əhalinin içməli su təminatının
yüksək səviyyəyə qaldırılması istiqamətində
tədbirlər ardıcıl xarakter daşıyır. Bu sahədə
görülən işlər etibarlı və tam təkmil su
təchizatı sisteminin yaradılmasına xidmət edir.
Nurlan
QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2017.- 12 sentyabr.- S.-7