Regionlarda kənd təsərrüfatında
məhsuldarlıq yüksəlib
Bu, bölgələrimizin sosial-iqtisadi
inkişafını sürətləndirən faktorlardan
biridir
Qeyri-neft sektorunun inkişafı istiqamətində
aparılan uğurlu fəaliyyət aqrar sahədə daha
yüksək nəticələrin əldə olunmasına yol
açıb. Vurğulamaq lazımdır ki, kənd
təsərrüfatının inkişafı, spesifik və
ixracyönümlü məhsulların yetişdirilməsi
istiqamətində atılan addımlar, eləcə də
2004-cü ildən başlayaraq uğurla həyata keçirilən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları bu gün ölkəmizdə
aqrar sahənin inkişafının yeni mərhələyə
qədəm qoymasını şərtləndirib. Ölkə
Prezidentinin tövsiyə və göstərişlərinə
əsasən kənd təsərrüfatının daha dinamik
inkişafını təmin etmək üçün bu
gün bölgələrdə əsaslı tədbirlər
görülür. Bunun nəticəsidir ki, artıq ölkəmizin
bir sıra rayonlarında yüksək nəticələrə
nail olunub.
Məlum olduğu kimi, ölkəmizdə
yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli
məhsul istehsal edən müəssisələr
açılıb, yerli tələbatın ödənilməsi
ilə bərabər, bir sıra istiqamətlər üzrə
ixrac potensialı güclənməyə başlayıb.
Təkcə Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən verilmiş güzəştli kreditlər
hesabına 51 logistik mərkəzin, 23 taxıl
anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri
fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16
üzümçülük, 23 bağçılıq və
39 quşçuluq təsərrüfatının, 10
süd emalı, digər istehsal müəssisələrinin
yaradılması, son illərdə istixanaların ərazisinin
dəfələrlə genişləndirilməsi aqrar sektorda
ixracın artırılmasına böyük töhfə
verir.
Bununla yanaşı, sənaye
parklarında və zonalarında müasir müəssisələrin
fəaliyyətə başlaması, indiyədək
verilmiş 130 investisiya təşviqi sənədi üzrə
1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə
tutulması, 24 rayon üzrə 142,5 min hektar ərazidə 32
aqroparkın, o cümlədən 12 heyvandarlıq
kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının
yaradılması və digər işlər yaxın illərdə
qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da
artıracaq. Uğurlu nəticələr meyvə-tərəvəz
istehsalında da özünü göstərir.
Ayrı-ayrı rayonlarda əldə olunan nəticələr
bunu deməyə əsas verir. Məsələn, Tərtərdə
bostan bitkiləri üzrə məhsuldarlıq 16,1 sentner artıb.
Cəbhə bölgəsində yerləşən Tərtər
rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında
məhsul yığımı davam edir. Rayon
statistika idarəsinin rəisi Ədalət Məmmədov
AZƏRTAC-a bildirib ki, bu günədək 34 min 728 ton dənli
və dənli paxlalı bitkilər, 1367 ton dən
üçün qarğıdalı, 3830 ton dən
üçün günəbaxan, 5500 ton şəkər
çuğunduru, 5459 ton kartof, 13 min 914 ton müxtəlif növ tərəvəz, 120 ton ərzaq
üçün bostan bitkiləri, 5308 ton meyvə və giləmeyvə,
343 ton üzüm istehsal edilib. 2016-cı ilin müvafiq
dövrünə nisbətən hər hektardan orta məhsuldarlıq
dənli və dənli paxlalı bitkilər üzrə 2,3
sentner, dən üçün qarğıdalı
üzrə 2,7 sentner, kartof üzrə 0,4 sentner, tərəvəz
üzrə 2,7 sentner, ərzaq üçün bostan bitkiləri
üzrə 16,1 sentner artıb. Məhsul yığımı
başa çatmış sahələrdə cari ilin məhsulu
üçün 330,1 hektar sahədə təkrar əkin
aparılıb, təmiz herik şumu daxil edilməklə
payızlıq əkinlər üçün 3157 hektar sahə
şumlanıb.
Qazax rayonunda isə 1303 hektar meyvə
bağı var ki, onlardan 1264 hektarı bar verəndir. Bu
bağların 325 hektarı üzüm, qalanı isə alma,
armud və digərləridir. Hazırda rayonda alma
yığımı davam edir. Müxtəlif alma növlərinin
becərildiyi bağlardan yüksək məhsul əldə
edilir. Fermer Qədir Mustafayev deyib: “Bir hektar alma bağım
var. Bağa aqrotexniki qaydada qulluq etdiyimizə görə bol məhsul
yetişdirmişik. Alma bağında “Qızıləhmədi”,
“Beşguşəli” və digər alma sortları var. Alma
yığımı davam edir. Sahələrdə hələ
bol məhsulumuz var. Məhsulun satışında da problem
yaşanmır. Müştərilər elə sahədəcə
alırlar”.
O bildirir ki, meyvə bağından bol məhsul
əldə etmək üçün, ilk növbədə,
ağaclara qulluq edilməli, gübrələri və suyu
vaxtında verilməlidir. Aqrar sahəyə göstərilən
dövlət dəstəyindən ruhlanan fermer alma
bağını gələcəkdə bir qədər də
genişləndirməyi planlaşdırıb.
Meyvə yığıldıqdan sonra bir hissəsi
yerindəcə satılır. Müəyyən hissəsi isə
soyuduculara yığılıb qışa saxlanılır.
Sahibkarın bağında mövsümdən asılı
olaraq 10 nəfərə kimi mövsümi işçi
çalışır. İşçilər nəqliyyat
vasitəsi və yeməklə təmin olunurlar. Sahibkar
payızda bağda daha 150-200 ağac əkməyi nəzərdə
tutur.
Bu il Qaxda isə fındıq bağlarından
beş min tona yaxın məhsul gözlənilir. Prezident
İlham Əliyevin kənd təsərrüfatının
ixrac potensialı yüksək sahələrindən olan
fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıq və göstərişlər
Qax rayonunda da uğurla icra olunur. Belə ki,
fındıq bağlarının genişləndirilməsi məqsədilə
2016-cı ilin payız əkini mövsümündə rayon ərazisində
1275 hektar, cari ilin yaz əkini mövsümündə isə
513 hektar sahədə yeni fındıq bağları
salınıb. Ümumiyyətlə, son 3-4 il ərzində
rayonda mövcud fındıq bağlarının sahəsi
2 min 800 hektar genişləndirilərək 6 min 800 hektara
çatdırılıb. Bu bağların 5 min hektarı
barverəndir. Ötən il rayonun fındıq
bağlarından 3 min 152 ton məhsul götürülüb.
Rayonun fındıq bağlarında artıq məhsul
yığımına başlanılıb. Bu il 5 min tona
yaxın məhsul gözlənilir. Hazırda
fındığın bir kiloqramının satış qiyməti
2,5 manat ətrafında dəyişir. Qiymətlərin artacağı da istisna olunmur.
İndiki qiymətlərlə bu il kənd
əhalisinin fındıq satışından ən azı
12-13 milyon manat qazanc əldə edəcəkləri gözlənilir.
Bu isə kənd əhalisinin yaşayış
şəraitinin, sosial rifahının daha da
yaxşılaşmasına səbəb olacaq. Rayonun Marsan kənd sakini Altay Əliyev kənd əhalisinin
ailə büdcəsinin formalaşmasında
fındıqçılığın böyük rol
oynadığını bildirib. Kənd sakini deyib:
“Hazırda ailəmizin 3,5 hektar
fındıq bağı var. Bağda olan fındıq
ağaclarının sayı 480-ə yaxındır. Keçən
il fındıq bağından 3 ton məhsul
götürdük. Bu il məhsuldarlıq
daha yüksəkdir. Ümid edirik ki, bu il
bağdan 4 tona yaxın fındıq əldə edəcəyik”.
Fındıqçılığın çox gəlirli
sahə olduğunu vurğulayan kənd sakini Prezident İlham
Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət
və qayğıdan ruhlanaraq bu ilin yazında kənddə
özünə məxsus torpaq sahəsində daha 120 ədəd
fındıq kolu əkdiyini diqqətə
çatdırıb.
Son illər
Balakən rayonunda da kənd təsərrüfatının ənənəvi
sahələrindən olan
fındıqçılığın inkişaf etdirilməsi
istiqamətində məqsədyönlü iş
aparılır. Fındıq istehsalı rayonun kənd
əhalisinin əsas qazanc mənbələrindən biri hesab
olunur və bu sahəyə maraq ildən-ilə artır.
Ötən il rayonda fındıq
bağlarından 4 min ton məhsul tədarük olunub. Kənd əhalisi fındıq istehsalından 12
milyon manat gəlir əldə edib. Artıq
rayonun fındıq bağlarında cari mövsümün ilk
məhsul yığımına başlanılıb. Bu il bağlardan 5 min tona yaxın fındıq tədarük
olunması gözlənilir. Rayonda yeni
fındıq bağlarının salınması istiqamətində
də işlər davam etdirilir. Təkcə
son iki ildə Balakəndə 2 min 264 hektar sahədə yeni
fındıq bağları salınıb. Hazırda
rayonda mövcud fındıq bağlarının ümumi sahəsi
7 min 930 hektar təşkil edir.
Zaqatala rayonunun fındıq bağlarında da
tezyetişən fındıq sortlarının
yığımına başlanılıb. Mütəxəssislərin
rəyinə görə, bu il bağlardan 9
min tona yaxın fındıq məhsulu gözlənilir. Bu barədə rayon İcra Hakimiyyətindən məlumat
verilib. Fındıqçılıq
rayonun iqtisadiyyatında aparıcı yerlərdən birini
tutur. Fındıq istehsalı rayonun kənd
əhalisinin əsas qazanc mənbələrindən biri hesab
olunur və bu sahəyə maraq ildən-ilə artır.
Prezident
İlham Əliyevin kənd təsərrüfatının
ixrac potensialı yüksək sahələrindən olan
fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıqların
icrasını təmin etmək məqsədilə son illər
Zaqatala rayonunda da yeni fındıq bağlarının
salınması istiqamətində davamlı iş
aparılır. Belə ki, 2017-ci ilin yazında
rayon ərazisində 3 min 158 hektar sahədə yeni
fındıq bağları salınıb. Uçotdan kənarda
qalan və yeni qeydiyyata alınan 4 min 284 hektar bağlar da nəzərə
alınmaqla, hazırda Zaqatala rayonunda mövcud fındıq
bağlarının ümumi sahəsi 17 min 17 hektardır. Bu bağların 9 min hektardan çoxu barverəndir.
2016-cı
ildə rayonun emal müəssisələri tərəfindən
91,1 milyon manat dəyərində
fındıq məhsulu ixrac olunub. Cari ilin birinci yarısında
isə fındıq ixracının həcmi 30,8
milyon manat təşkil edib. Bu, ötən ilin
müvafiq dövrü ilə müqayisədə 74 faiz
çoxdur. Xatırladaq ki, keçən il
rayonda 8 min 910 ton fındıq istehsal olunub.
Ağsu rayonunda isə cari ildə bol meyvə
yetişdirilib və hazırda məhsul yığımı
davam edir. Rayon statistika idarəsindən bildirilib ki, bu ilin yeddi
ayında bölgədə 1977 ton müxtəlif növdən
olan meyvə tədarük olunub. Yığılan
meyvə ötən ilin müvafiq dövründəkindən
83 ton çoxdur. Rayonda daha çox olan,
yerli şərait üçün əlverişli hesab edilən
alça, gavalı, ərik, albalı, əncir, üzüm,
yay armudu və bir sıra digər meyvələrin bir qisminin
yığımı başa çatıb, bir qismi isə
yığılır. Nar, heyva, alma və
bəzi meyvələr isə əsasən gələn
ayın axırlarından yığılacaq. Cari
mövsümdə rayonun Pirhəsənli, Qaraqoyunlu, Padar,
Ərəbuşağı və bir çox digər ərazi
vahidlərində bol meyvə yetişdirilib.
Salyanda isə
kütləvi üzüm yığımına start verilib. Bu
il təsərrüfat işləri
üçün əlverişli keçdiyindən bağlarda
bol məhsul yetişib. Hazırda rayonda həyətyanı
sahələrlə birlikdə 1186 hektar üzüm
bağı mövcuddur ki, bunun da 954 hektarı barverəndir.
Bağlarda ilk olaraq daha tez yetişən sürfə
üzümünün yığımı aparılır.
Qısa müddətdə plantasiyalardan 80 tondan
çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı
xarici bazarlara da göndərilir. Təsərrüfat
sahiblərinin sözlərinə görə, bu il məhsuldarlıq ötən illə
müqayisədə 20-25 faiz çox olacaq. Onu
da qeyd edək ki, rayonda Fransadan gətirilmiş tinglər
hesabına yeni üzüm bağları da salınır.
Gətirilən üzüm sortlarından “Prima”,
“Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə
uyğunlaşdırılır. Salyanlı
fermerlər bu gəlirli sahəni daha da inkişaf etdirmək
üçün bütün imkanları səfərbərliyə
alıblar.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 9 avqust.- S.7.