Ölkəmizdə həyata keçirilən turizm layihələri öz müsbət nəticələrini verir

 

Turizmin davamlı inkişafı istiqamətində atılan addımlar nəticəsində dünya artıq Azərbaycanı regionda turizm ölkəsi kimi qəbul edir

Xəbər verildiyi kimi, sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (BMDTT) Baş Assambleyasının 22-ci sessiyası keçirilib. Müxtəlif ölkələri təmsil edən mindən çox nümayəndəni əhatə edən sessiyanın gündəliyinə turizm və davamlı inkişaf məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada həmçinin Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının növbəti illər üçün fəaliyyət istiqaməti və əsas prioritetləri müzakirə olunub.

Sentyabrın 13-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının 22-ci Baş Assambleyasının açılış mərasimi və Davamlı Turizm mövzusunda yüksək səviyyəli Nazirlər Forumu keçirilib. Mərasimdə Çinin Milli Turizm Administrasiyasının sədri Li Sinzao və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai çıxış edərək Assambleyanı açıq elan ediblər. Sonra Turizm və davamlı inkişaf məqsədləri mövzusunda yüksək səviyyəli Nazirlər Forumu keçirilib.

“CNN İnternational” telekanalının müxbiri Riçard Kuestin moderatorluğu ilə keçirilən forumda Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMDTT-nin İcraiyyə Şurasının sədri Əbülfəs Qarayev, Misir, Mərakeş, Kolumbiya, Gürcüstan, Filippin, İsveçrənin turizm sahəsinə cavabdeh olan nazir və komitə rəhbərləri, Turizm Etikası üzrə Dünya komitəsinin rəhbəri çıxış ediblər. Nazir Əbülfəs Qarayev çıxışında ölkəmizdə həyata keçirilən turizm layihələri barəsində ətraflı məlumat verib. Çıxış edənlər yaxın gələcəkdə davamlı inkişaf məqsədlərinə çatmaq üçün cəmiyyətin bütün üzvlərinin birlikdə əməkdaşlıq etmələrinin, habelə turizm sahəsinin inkişafı üçün dövlət orqanlarının özəl sektorla sıx əməkdaşlıq qurmalarının vacibliyini qeyd ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sessiya çərçivəsində sentyabrın 15-də keçirilən növbəti tədbirdə isə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının Turizm Etikası üzrə Konvensiyasının yekun variantının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Qeyd edək ki, Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış işçi qrupuna, eləcə də sözügedən Konvensiyanın razılaşdırılması və BMDTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq edilməsi üçün yaradılmış Xüsusi Komitəyə (Ad Hoc) Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sədrlik edib. Bununla bağlı sessiya çərçivəsində işçi qrupunun sədri qismində çıxış edən Nazim Səmədov Turizm Etikası üzrə Konvensiyanın turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirdiyini xatırladıb və üzv ölkələri bu mühüm sənədin təsdiq edilməsinə dəstək verməyə çağırıb.

BMDTT-nin baş katibi Taleb Rifai Azərbaycan nümayəndəsinin bu çıxışını dəstəkləyib və sözügedən Konvensiyanın hazırlanmasında ölkəmizin böyük payının olduğunu vurğulayıb. Səsvermə zamanı Azərbaycan daxil olmaqla, 51 ölkə sənədin mətninin qəbul olunmasını dəstəkləyib. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti də çıxış edərək ölkələrin beynəlxalq hüquqi prinsiplərə hörmət etməsinin vacibliyini vurğulayıb və bu baxımdan Konvensiyanın təsdiqinin zəruri olduğunu qeyd edib. Bununla da, üzv ölkələrin yekdil razılığı ilə Turizm Etikası üzrə Konvensiya Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında təsdiq edilib.

Məlumat üçün bildirək ki, 1999-cu ildə təsdiq edilmiş “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış Turizm Etikası üzrə Konvensiya Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının ilk Konvensiya sənədi olacaq. Bununla da, Azərbaycan turizm sahəsində təsdiq edilən ilk Konvensiyaya öz töhfəsini verib.

Yeri gəlmişkən, BMDTT-nin 22-ci Baş Assambleyası çərçivəsində keçirilmiş Avropa Komissiyasının iclasında seçkilər baş tutub. Belə ki, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva üzv seçilib və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiqlənib.

Xatırlatmaq yerinə düşər ki, ölkəmiz 2013-2017-ci illərdə Şuranın üzvü olub, 2017-ci ildə isə Şuraya sədrlik edir. Azərbaycanın son illərdə turizm sahəsində qazandığı uğurları və Şurada səmərəli fəaliyyəti nəticəsində ölkəmizin növbəti dövr üçün namizədliyi səsvermə zamanı dəstəklənib. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu mühüm uğur Prezident İlham Əliyevin turizm sahəsinə və beynəlxalq əməkdaşlığa göstərdiyi daimi diqqətin nəticəsində beynəlxalq ictimaiyyətin dövlətimizə yüksək etimadının göstəricisidir.

Daha dəqiq desək, ölkəmizdə bütün sahələri əhatə edən inkişaf siyasəti, həmçinin dövlət başçısının xüsusi diqqət və qayğısı turizm sektorunun tərəqqisinə də təkan verib və bu beynəlxalq aləm tərəfindən də təqdir edilməkdədir. İnkişaf siyasətindən söz düşmüşkən, məlum olduğu kimi, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində regionlar inkişaf edib, regionlarda infrastruktur layihələri icra edilib, sahibkarlıq üçün şərait yaradılıb və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf edib.

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki giriş nitqində bu məqama toxunan dövlət başçısı “2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir”, - deyib.

Prezident İlham Əliyev bildirib ki, “Biz son illər ərzində 11 min kilometrdən çox yol salmışıq və dünən də bir neçə yol layihəsinin açılışını etdik. Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıbdır. Bu həm sosial layihələrdir, eyni zamanda, iqtisadi layihələrdir. Çünki fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Çünki gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir”.

Bəli, yuxarıda da bildirildiyi kimi, regionların tərəqqisi istiqamətində atılan addımlar, həyata keçirilən layihələr ölkəmizdə turizmin inkişafına da çox böyük təkan verib. Məhz bunun nəticəsidir ki, Azərbaycana gələn xarici turistlərin sayı artmaqda davam edir. Məsələn, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 milyon 513 min turist gəlib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artım deməkdir. Təkcə iyul ayında 330 min turist gəlib ki, bu da sözügedən müddət ərzində ən çox turistin gəldiyi aydır. Azərbaycana daha çox turist gələn ölkələrin siyahısında Rusiya birincidir ki, bu da təxminən 500 minə yaxın turist deməkdir. Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında da ciddi artım müşahidə olunur. Digər sevindirici məqam ondan ibarətdir ki, qonşu ölkələrdən - Gürcüstan və Türkiyədən, eləcə də İrandan Azərbaycana gələn turistlərin sayında da artım nəzərə çarpır.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov KİV-ə açıqlamasında turizmdən gələn gəlirin ümumdaxili məhsulun 4,1 faizini təşkil etdiyini vurğulayıb. O, ölkəyə gələn turistlərin xərclədikləri vəsaitə də toxunub: “Ölkəyə gələn turistlərin qalma müddətinə baxdıqda ən az 5-7 günlük səfər proqramları təşkil etdikləri görünür. Bunun da 3-4 gününü Bakıda, digər günlər isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist 700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir. Turizmi yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqəmlərinə baxsaq, bu, təxminən eynidir”.

Şöbə müdiri turizmin yalnız gecələmə, bələdçi, iaşə xidməti obyektlərindən ibarət olmadığını qeyd edərək bildirib ki, məqsəd turistlərin bu xərclərinin artırılması üçün əlavə xidmətlər təklif etməkdir. Diqqətə çatdırıb ki, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət istiqamətinə uyğun olaraq bu gün ölkədə kifayət qədər festivallar, mədəni tədbirlər keçirilir, turistləri cəlb edəcək turizm məhsullarının sayı artırılır. Vüqar Şıxəmmədov vurğulayıb ki, dünya artıq Azərbaycanı regionda turizm ölkəsi kimi qəbul edir.

Heç şübhəsiz, turizmin müxtəlif sahələrinin, o cümlədən sağlamlıq turizminin inkişafı istiqamətində atılan addımlar ölkənin digər regionları kimi, Quba-Xaçmaz iqtisadi rayonunda da müsbət nəticələrini verir. Belə ki, Şabrandakı “Qalaaltı” sanatoriyası əsaslı şəklidə yenidən qurulandan sonra turistlərin sayında xeyli artım müşahidə edilir. Ümumiyyətlə, ölkəmizdəki iqlim müxtəlifliyi bir sıra təbii müalicə mərkəzlərinin yaranmasına imkan yaradır. Yüksək müalicəvi potensiala malik kurort-mərkəzə üz tutanların sayı ötən illə müqayisədə 40 faiz artıb.

Sanatoriya ölkəmizin qədim abidələrindən sayılan Çıraqqala yaxınlığında sıldırım qayanın altında yerləşir. Həmin tarixi məkanı dünyaya tanıdan mədən suyu ötən əsrin 60-cı illərindən Şabranın 20 kilometrliyində Qalaaltı adlanan kəndin dağətəyi ərazisində tapılıb. Müalicəvi suyun kəşfi ilə Qalaaltına axın başlanılıb.

Mütəxəssislər müalicəvi suyun yeddi mənbəyi olduğunu müəyyən ediblər. Böyük ehtiyata malik Qalaaltı suyu dünyada unikal məhsul kimi tanınır. Təbii üsullarla aparılan müalicələr əsasən böyrək problemi olanları həmin xəstəlikdən azad edir. Lakin burada qastroentoloji, endokrinoloji, nevroloji və digər xəstəliklərdən də müalicə almaq olar. Şəfa ocağında palçıq və parafindən başqa digər fizioterapevtik üsullardan da istifadə olunur.

Mərkəzin dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşməsi ürək, oynaq və digər xəstəliklərin də müalicəsinə müsbət təsir göstərir. Müalicə söbəsinə qəbul olunanlar əvvəlcə ən müasir üsullarla hərtərəfli müayinə olunur və nəticədə üzə çıxan xəstəliklərə qarşı müalicə proseduru keçirlər.

Yeri gəlmişkən, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən onun ilboyu fəaliyyət göstərməsidir. Buradakı prosedurlar 7-21 gün davam edir. Qalaaltı Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasına üzv seçilib. Kurort-turizm mərkəzinin həmin siyahıya düşməsi onun imkanlarına və turist axınına öz müsbət təsirini göstərir.

Regionlarda həyata keçirilən işlər Quba-Xaçmaz iqtisadi rayonunda müsbət nəticələr verib. Eyni zamanda bu iqtisadi rayona daxil olan Qubaya da turist axını müşahidə edilib. Məsələn, Qurban bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı ikiqat artıb. Qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də olub. Quba Turizm İnformasiya Mərkəzindən bildirilib ki, həmin günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub. Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar. Təkcə avqust ayı ərzində Qubaya 17 min 300 nəfər turist gəlib ki, onların da 3 min 150 nəfəri xarici ölkə vətəndaşlarıdır. İlin əvvəlindən başlayaraq rayona gələn turistlərin sayı isə 100 minə yaxındır.

Xarici turistlərin ən çox üz tutduğu rayonlardan biri də Şəkidir. Verilən məlumatlara əsasən, 2017-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini 10 minə yaxın turist ziyarət edib. Gələnlərin 4300 nəfəri xarici turistlər olub. Onların arasında Rusiya, İspaniya, İtaliya, Almaniya və ərəb ölkələrindən gələnlər üstünlük təşkil ediblər.

Bu barədə Kiş Tarixi-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib. Kiş məbədi ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. Eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu məbəd bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.

Kiş alban məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məbədin yerləşdiyi ərazidə 2003-cü ildə Kiş Tarixi-Memarlıq Qoruq-Muzeyi yaradılıb. 2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.

Bu ilin yeddi ayı ərzində, eyni zamanda, Şamaxıya 84 min 892 nəfər turist gəlib ki, onlardan da 24 min 605-i xarici turistlərdir. Bölgəyə gələn turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, turistləri təkcə Şamaxının gözəl təbiəti, zəngin flora və faunası deyil, bu qədim yaşayış məskəninin tarix və mədəniyyət abidələri də cəlb edir. Belə ki, 743-cü ilə aid Cümə məscidi, orta əsrlərdə tikilən Gülüstan qalası və digər onlarla tarix və memarlıq abidələri, habelə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası turistlərin böyük maraq göstərdikləri yerlərdir. Hazırda Şamaxıda 5 turizm marşrutu var ki, bunlar öz zənginliyi ilə cəlbedicidir.

Qeyd edək ki, Azərbaycanda turizmin inkişafına göstərilən dövlət qayğısı Şamaxı rayonunda da müsbət nəticələrini verməkdədir. Bu gün bölgədə 1022 yerlik 22 istirahət mərkəzi və 3 beşulduzlu hotel fəaliyyət göstərir.

Onu da bildirək ki, turizmin inkişafına xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyev, eyni zamanda, regionlara səfəri çərçivəsində turizm komplekslərinin açılışında şəxsən iştirak edir. Yeri gəlmişkən, dövlət başçısı sentyabrın 2-də Lənkəranda “Xəzər Palace” hotel kompleksinin açılışında iştirak edib. Lənkəranda inşası yeni başa çatan “Xəzər Palace” hotel kompleksi ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri böyük əhəmiyyət kəsb edir. Bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks təkcə Lənkəran üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.

Yeni turizm obyekti ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, otel kompleksi iki hektar sahədə inşa edilib. Otelin beşmərtəbəli binasının tikintisinə 2015-ci ilin mayında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunub. Binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə edilib. Otuz doqquz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Açılış mərasmində bidirilib ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunublar. Otel kompleksində müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, müasir restoranlar da fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlət başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Burada balacalar üçün müxtəlif əyləncə və idman sahələri qurulub. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.

O da qeyd olunub ki, “Xəzər Palace” otel kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Otel kompleksinin ərazisində həmçinin 8 kottec qonaqların istifadəsinə verilib.

Ümumiyyətlə, Lənkəran rayonu özünün təbiəti, eləcə də zəngin və əlverişli iqlim şəraiti ilə geniş turizm imkanlarına malikdir. İlin hər fəslində gözəlliyi ilə insanları sehrinə salan cənub bölgəsinin mirvarisi səfalı meşələri, dağları, digər tərəfdən Xəzərin ləpələri ilə oxşadığı qumlu sahilləri ilə turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır. Lənkərana gələn turistlər burada yaradılan yeni infrastrukturdan, yüksək xidmət mədəniyyətindən razı qaldıqlarını, eləcə də təbiətin əsrarəngiz gözəlliyinə heyran olduqlarını bildirirlər.

Rayonda olan 14 mehmanxana və hotellərdə eyni vaxtda 1000-1200 nəfər turistin dincəlməsi üçün lazımi şərait yaradılıb. Rayonun turizm obyektlərinə və istirahət mərkəzlərinə gələnlər arasında ölkəmizin müxtəlif bölgələrindən və Bakıdan gələn turistlərlə yanaşı, əcnəbi turistlər də var. Lənkərana gələn turistləri ən çox cəlb edən buranın əsrarəngiz gözəlliyi ilə yanaşı, yerli mətbəxə aid müxtəlif növ yeməklərdir. Turistlərin mənalı istirahəti üçün cənub bölgəsinin görməli və tarixi yerlərinə turizm marşrutları da müəyyənləşdirilib.

Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, ötən il rayona gələn turistlərin sayı 15 min 900 nəfər olub. Bunun 14 faizi əcnəbi turistlərin payına düşüb. Bu ilin ötən dövründə isə rayona 14 mindən çox turist gəlib. Onların 1800 nəfərindən çoxu xarici turistlərdir.

Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu ölkənin qərb regionunda yerləşən Naftalanı da turistlər üçün cəlbedici kurort mərkəzinə çevirib. Naftalan şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2017-ci ilin səkkiz ayı ərzində Naftalanın turizm obyektlərində 22 min 721 turist dincəlib, yaxud müalicə alıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur. Həmin turistlərin 5 min 481 nəfəri dünyanın 60 ölkəsindən gələnlər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 363 nəfər, yaxud 43 faiz çoxdur. Naftalana gələn xarici turistlərin əksəriyyəti Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ukraynadandır. Bundan başqa, Türkiyə, İran, Gürcüstan, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Meksika, Hindistan, Polşa, İtaliya, ABŞ, Kanada kimi ölkələrdən gələn turistlər də çoxluq təşkil edib.

Ümumilikdə son illərin statistikası onu göstərir ki, Naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün bu şəhərə üz tutanların sayı ildən-ilə artır. Hazırda, demək olar ki, Naftalanın bütün sanatoriyaları, istirahət və müalicə mərkəzləri turistlərlə doludur. Qeyd edək ki, hazırda şəhərdə 3 və 5 ulduzlu 10 sanatoriya, turizm-istirahət obyekti fəaliyyət göstərir. Bu turizm obyektlərində gün ərzində 2 min 200 qonağı qarşılamaq, eləcə də onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2017.- 19 sentyabr.- S.7.