Rəfiqə Əliyeva öz
ömür payını
alim, insan və vətəndaş kimi şərəflə yaşadı
Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü,
kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın doğum günündən 85 il ötür. Görkəmli
alimin anadan olduğu gün ilk dəfədir ki, onsuz qeyd
edilir.
Fədakar alim
və böyük pedaqoq
Bəşər tarixinə nəzər salsaq görərik ki, dünyada ən mütərəqqi mövqelər və uğurlar məhz elm və kamal
sayəsində qazanılıb
və bundan sonra da belə
olacaq. Təsadüfi deyil ki, dünya
elminə dəyərli
töhfələr verən,
ömrünü xalqının
yolunda fəda edən insanlar heç vaxt unudulmur, xatirələri daim əziz tutulur. Onlardan biri də bu
gün 85 illik yubileyi qeyd olunan
fədakar alim və böyük pedaqoq Rəfiqə Əliyevadır.
Bakı Dövlət
Universitetinin və çalışdığı kimya fakültəsinin kollektivi yubiley mərasimini onun özü ilə birgə keçirməyi planlaşdırırdı, lakin
əcəl buna imkan vermədi. Görkəmli akademik mayın 6-da ömrünün
85-ci ilində həyata
vida etdi.
Rəfiqə xanım ömrü həyatından sonra da davam edən
insanlardandır. O, yaşadığı
dövrdə ölkənin
ictimai-sosial həyatında,
elm və təhsilin inkişafında
mühüm rol oynayıb.
Onun ömür
kitabı bu gün bir daha
vərəqlənir, keçdiyi
həyat yolu göz önündə canlanır. AZƏRTAC Rəfiqə
xanımın həyat
və fəaliyyətinin
mühüm məqamlarına
nəzər salır.
Analitik kimya sahəsində ilk qadın akademik
Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də
Naxçıvan şəhərində
anadan olub. Bu sadə ailə
Azərbaycan xalqına
Heydər Əliyev kimi dahi şəxsiyyət,
bir çox görkəmli alimlər və pedaqoqlar bəxş edib. Belə alimlərdən biri olan Rəfiqə xanımın tərcümeyi-halına
nəzər yetirsək
görərik ki, o, zəngin və şərəfli bir həyat yolu keçib. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirən Rəfiqə Əliyeva əmək fəaliyyətinə Azərbaycan
Politexnik İnstitutunda
başlayıb. 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə
isə Azərbaycan Elmlər Akademiyasının
Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb.
Sonradan Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında
təhsil alıb və 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib.
Burada assistent, baş müəllim, dosent,
professor vəzifələrini tutub. Təxminən
on beş il “Ekoloji kimya
və ətraf mühitin mühafizəsi”
elmi-tədqiqat laboratoriyasına
rəhbərlik edib.
1999-cu ildə doktorluq dissertasiyasını müdafiə
edən Rəfiqə xanım həmin il professor adına
layiq görülüb.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
2014-cü ildə isə
həqiqi üzvü seçilib. Analitik kimya
sahəsində ilk qadın
akademik olan Rəfiqə xanım Nyu-York Elmlər Akademiyasının da həqiqi
üzvü idi.
Gələcək nəsillərə ötürülən
bilik və təcrübə
Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva həm də bacarıqlı pedaqoq idi. Yarım əsrdən çox
pedaqoji fəaliyyətlə
məşğul olan alim yüksək ixtisaslı kadrların hazırlanmasına bütün
bilik və bacarığını sərf
edirdi. Öz dərin biliyini
və zəngin təcrübəsini gələcək
nəsillərə ötürməyi
bacaran alim kimi böyük elmi məktəb yaratmışdı. Onun
yetirmələri təkcə
Azərbaycanda deyil, həmçinin MDB, ABŞ, Kanada,
Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail, Türkiyə və Avropa ölkələrinin aparıcı
elmi mərkəzlərində
vəuniversitetlərində çalışır, xalqımıza
başucalığı və
nüfuz gətirir. Bu, heç də
bütün elm adamlarına
nəsib olmur.
450-dən
çox elmi əsər, 25 dərslik və dərs vəsaiti, 20 patent – bunlar Rəfiqə Əliyevanın çoxillik
fəaliyyətinin diqqətçəkən
bəhrələridir. Eyni zamanda,
onun rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktoru yetişdirilib.
Nadir istedada və yüksək əməksevərliyə
malik elm fədaisi
Əsl elm fədaisi
olan Rəfiqə Əliyevanın Azərbaycan
analitik kimya elminin inkişafında müstəsna xidmətləri
var. O, keçid və
nadir torpaq elementlərinin
fotometrik təyini və qatılaşdırma
metodikalarının öyrənilməsi
sahəsində tədqiqatlar
aparan, analitik kimya elminin bu
sahəsinin yeni biliklərlə zənginləşdirilməsində
xidmətləri olan tanınmış alimdir. Analitik reaksiyaları
xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu
arasındakı asılılığın
müəyyənləşdiriləsi onun adı ilə
bağlıdır. Akademikin binar
və qarışıqliqandlı
kompleks birləşmələrin
bərk fazada sintezi və fiziki-kimyəvi tədqiqi sahəsində yaratdığı
məktəbin əldə
etdiyi misilsiz nailiyyətlər, qazanılan
uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək
dəyərləndirilib. Məhz onun səyi nəticəsində üzvi
reagentlərin kvant kimyəvi hesablamaları sahəsində böyük
uğurlara imza atılıb. Bütün bu
uğurların təməlində
onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyi
dayanırdı.
O, sevilib, sevilir və seviləcək...
Təbii
ki, bu məhsuldar
elmi-pedaqoji fəaliyyət
diqqətdən kənarda
qalmayıb və Rəfiqə xanım Azərbaycanda təhsilin və elmin inkişafındakı
xidmətlərinə görə
“Şöhrət” ordeni
ilə təltif edilib.
Rəfiqə xanım qismətinə düşən ömür
payını əsl insan, vətəndaş kimi şərəflə yaşadı. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik,
həssaslıq, səmimiyyət
kimi ali
insani keyfiyyətlərə
malik olan Rəfiqə Əliyeva həmkarları, tələbələri,
onu tanıyanlar tərəfindən sevilib,
sevilir və seviləcək...
Yeni Azərbaycan.-
2017.- 21 sentyabr.- S.4.