Azərbaycanda yol
infrastrukturunun inkişafı diqqət mərkəzindədir
Regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının uğurlu icrası nəticəsində
2004-cü ildən bu günədək 11 min kilometr yeni yollar
çəkilib
Ölkəmizdə əldə olunan inkişaf
bütün sahələri əhatə etməkdədir. Qeyri-neft sektorunun dirçəldilməsi, kənd təsərrüfatının
daha yüksək səviyyədə inkişaf etdirilməsi
istiqamətində atılan addımlar, yenilənən
infrastrukturlar bir daha aparılan fəaliyyətin
ardıcıllığının və məqsədyönlülüyünün
təmin edilməsindən xəbər verir.
İnfrastruktur quruculuğu istiqamətində görülən
işlər bu mənada xüsusi olaraq
vurğulanmalıdır. Onu da qeyd edək ki, ölkəmizdə
mükəmməl infrastruktur təminatının
yaradılması istiqamətində görülən işlər
yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində
də mühüm nəticələrin əldə
olunmasını şərtləndirib.
Qeyd edək ki, 2004-cü ildən həyata
keçirilən regionların sosial-iqtisadi inkişafına
dair Dövlət proqramları regionlarda yol infrastrukturunun əsaslı
şəkildə yenilənməsinə yol açıb. Yəni regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilən Dövlət proqramları
çərçivəsində respublikanın bütün
bölgələrində yeni yollar çəkilib və ya
yenidən qurulub, çoxlu sayda körpülər, yol
qovşaqları tikilib, infrastruktur daha da
yaxşılaşdırılıb. Eyni zamanda,
hazırda da bölgələrdə yol-nəqliyyat
infrastrukturunun yenilənməsi istiqamətində işlər
davam etdirilir.
Vurğulayaq ki, yol-nəqliyyat infrastrukturunun
yenilənməsi istiqamətində layihələr arasında
kənd yollarının yenilənməsi ilə bağlı
görülən tədbirlər xüsusi olaraq qeyd
olunmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev hər
zaman Azərbaycan Respublikasında bütün kənd
yollarının təmiri ilə bağlı görülən
işlərin davamlı olduğunu vurğulayıb. Nazirlər Kabinetinin bu ilin ilk yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında çıxış edən Prezident İlham
Əliyev bildirib ki, kənd yolları layihələri icra
edilir: “Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi
adlandırdıq, ancaq hər bir layihənin əhatə
dairəsi daha genişdir. Yəni 40 deyəndə,
əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə
edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə
edir və bu, çox gözəl nəticə verir, bölgələrdə
də vətəndaşlar tərəfindən yüksək
qiymətləndirilir”.
Qeyd edilməlidir ki, 2004-cü ildən 2017-ci ilə
qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də
kənd yolları salınıb. Bu isə onu deməyə
əsas verir ki, ölkəmizdə qısa müddət ərzində
olduqca yüksək səviyyəli və müasir tələblərə
cavab verən yol-nəqliyyat infrastrukturu yaradılıb, bu
istiqamətdə əhəmiyyətli layihələr həyata
keçirilib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
yeni inkişaf paradiqmaları içərisində ölkənin
nəqliyyat təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat
infrastrukturunun yenilənməsi mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, Şərq-Qərb
və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin
kəsişməsində yerləşən, əlverişli
coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini
inkişaf etdirir, müasir infrastrukturlar qurur,
daşımaların idarə olunması mexanizmini təkmilləşdirir
və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı
genişləndirir.
Yeri gəlmişkən, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad və
Lənkəran rayonlarına səfəri çərçivəsində
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət
sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı
hissəsinin açılışında iştirak edib.
Ölkə Prezidentinə məlumat verilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə
dövlət sərhədi avtomobil yolunun tikintisi regionların
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə
Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış
saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik
Lənkəran-Masallı hissəsinin tikintisi yüksək
keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli
və dörd hərəkət zolağından ibarət yolun
eni 26,5 metrdir. Layihə çərçivəsində yol
üzərində 10 körpü tikilib, 142 dairəvi və
düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri
quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin
tam təmin edilməsinə şərait yaradır.
Ümumiyyətlə, ölkəmizdə
regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi
və yenidən qurulması işlərinin həcmi ildən-ilə
artır. Hazırda respublikanın nəqliyyat-yol
infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi
ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı
vəsait qoyuluşları ilə yanaşı, dövlət
büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr
uğurla icra olunur. Prezident İlham Əliyevin Sərəncam
və göstərişlərinə əsasən, indi əsas
diqqət regionlarda kənd və qəsəbələri birləşdirən
magistralların, həmçinin yaşayış məntəqələrinin
daxili yollarının təmirinə və yenidən
qurulmasına yönəldilib. Belə layihələr
sırasında Ələt-Astara-İran İslam
Respublikası ilə dövlət sərhədi avtomobil yolunun
22,2 kilometr uzunluğunda Lənkəran-Masallı hissəsinin
tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.
Bundan başqa, əsaslı şəkildə
yenidən qurulan Ələt-Astara-İran ilə dövlət
sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi
istifadəyə verilib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən
qurulan Ələt-Astara-İran İslam Respublikası ilə
dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik
Masallı-Cəlilabad hissəsinin
açılışında iştirak edib. Məlumat
üçün bildirək ki, Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər
inşa olunan yeni yolun bir çox hissəsində tikinti
işləri artıq yekunlaşıb. Yolun ümumi
uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol
1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət
zolağından ibarətdir. Yolun hərəkət hissəsinin
eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə
inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik
Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2
kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara
hissələridir. Yolun Salyan-Şorsulu və
Şorsulu-Cəlilabad hissələrində işlər
sürətlə və yüksək keyfiyyətlə davam
etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik
yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən
keçdiyi üçün burada yol yatağı
torpağın xüsusi bərkitmə texnologiyası əsasında
inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma
və yol strukturu olmadığından yol yatağının
tikintisi üçün əraziyə qaya-daş
parçaları gətirilib. Ümumilikdə magistral yolun 55
kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri
gələn il yekunlaşdırılacaq.
Burada işlər texnoloji
ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi
müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun
tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə
aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir.
Layihəyə əsasən, yolboyu 14 yeni körpü və 2
tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb.
Hazırda mövcud olan Ələt-Astara-İran İslam
Respublikası ilə dövlət sərhədi avtomobil yolunun
ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan
yeni yol istifadəyə verildikdə isə bu məsafə 38
kilometr qısalaraq 205 kilometr olacaq.
Böyük iqtisadi və sosial əhəmiyyəti
ilə seçilən bu layihənin həyata keçirilməsi
bölgədə turizmin və kənd təsərrüfatının
inkişafına da öz töhfəsini verəcək. Bundan başqa, bu layihənin icrası şimaldan cənuba
doğru və əks istiqamətdə
yükdaşımaların həcmini artıracaq, Şimal-Cənub
dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara
avtomobil yolu ilə daşımaların daha rahat şəkildə
həyata keçirilməsinə hərtərəfli şərait
yaradacaq.
Bəli,
vurğulandığı kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə son dövrlərdə ölkədə həyata
keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində
yeni magistral yollar salınır və mövcud yollar müasir
səviyyədə yenidən qurulur. Respublika
əhəmiyyətli yollarla bərabər, kənd və qəsəbələrarası
yolların təmirinə və yenidən qurulmasına
göstərilən diqqət ölkədə, ilk növbədə,
sosial layihələrin ardıcıl xarakter
aldığını aydın nümayiş etdirir. Belə
layihələrdən biri də Cəlilabad-Astanlı-Cəngan-Soltankənd
avtomobil yolunun əsaslı şəkildə yenidən
qurulmasıdır. Prezident İlham Əliyev əsaslı
şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd
avtomobil yolunun açılışında iştirak edib. Bu
avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək
“40 yol layihəsi” çərçivəsində “Azəravtoyol”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
müasir səviyyədə yüksək keyfiyyətlə və
texnoloji ardıcıllıqla yenidən qurulub.
20 min nəfər əhalinin
yaşadığı 23 kəndi birləşdirən bu yolun
ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü
texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət
zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı
müxtəlif diametrli suötürücü borular
quraşdırılıb, müxtəlif yol nişanları və
göstərici lövhələr qoyulub. Bu
layihənin icrası yolboyu yerləşən
yaşayış məntəqələrinin sakinlərinin
sosial məsələlərinin həllinə, avtonəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinə,
həmçinin yük və sərnişin
daşımasının xeyli yaxşılaşmasına
töhfə verəcək.
Bununla yanaşı, “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində
Ağstafa rayonu ərazisində “Azəravtoyol” ASC tərəfindən
Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi
avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli
avtomobil yolunun üzərində isə 1 avtomobil körpüsünün
tikintisi də başa çatıb. Artıq istifadəyə
verilmiş hər 4 körpü əhalinin rahat və təhlükəsiz
qaydada gediş-gəlişinə ən yüksək səviyyədə
xidmət edir. Körpülərin inşaat
işləri çərçivəsində, Acıdərəçay
və Ağstafaçay üzərindəki körpülər
sökülüb, Kür çayı üzərindəki
körpünün isə tarixi əhəmiyyəti nəzərə
alınaraq saxlanılıb.
Ağstafa-Poylu-Gürcüstan ilə
dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində
inşa edilən və dəmiryolu üzərindən
keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci
kilometrində Kür çayı üzərindən inşa
edilən körpünün uzunluğu 184 metr və 29,5-ci
kilometrində Acıdərəçay üzərində
inşa edilən körpünün uzunluğu isə 64
metrdir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil
yolunun girişində, Ağstafaçay üzərində inşa
edilən körpünün uzunluğu isə 81 metrdir. Dəmir
yolu üzərindəki körpü 1, digərləri isə
3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil
edir. Layihəyə uyğun olaraq, körpülərə
yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət
zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir
istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla
birlikdə 2,5 metr təşkil edir.
Ağstafa rayonunun Vurğun, Həsənsu,
Eynallı və Köçəsgər kəndlərini
Ağstafa şəhəri ilə əlaqələndirən
Ağstafa-Köçəsgər və həmin
yaşayış məntəqələrini Qırılı
kəndi ilə birləşdirən
Eynallı-Qırılı avtomobil yolları Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə əsaslı
şəkildə yenidən qurulur. Ümumi uzunluğu 15,5
kilometr təşkil edən avtomobil yollarında son tamamlama
işləri aparılır.
3-cü texniki dərəcəyə
uyğun tikilən Eynallı-Qırılı yoluna ikiqat
olmaqla 12 santimetr qalınlığında asfalt-beton
örtük döşənilib. İşlər tam
yekunlaşdıqdan sonra isə yola müvafiq nişanlar və
məlumatverici lövhələr, yol-cizgi və yolgöstərici
xətlər çəkiləcək. Tikinti işlərinin
qısa müddətdə yekunlaşdırılması
üçün əraziyə lazımi sayda canlı qüvvə
və texnika cəlb olunub. Avtomobil yolunun yaxın günlərdə
istifadəyə verilməsi nəzərdə tutulur.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun
Müşfiqabad qəsəbəsindən keçən 1,9
kilometrlik hissəsinin 2 hərəkət zolağından 6 hərəkət
zolağı enində genişləndirilməsi işləri
yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri
zamanı yolun hərəkət hissəsinin eni 7.5 metrdən
22.5 metrə qədər genişləndirilib. Tikinti işləri
çərçivəsində yol boyu 80 min kubmetr qazma-dolğu
işləri görülüb, əsasın tikintisində 36
min kubmetr optimal qırmadaş və qum-çınqıl
materialından istifadə olunub. Daha sonra yola 3 qat olmaqla 40 min ton yeni
asfalt-beton örtük döşənib. Bundan başqa, layihəyə
uyğun olaraq 54 ədəd kommunikasiya xətləri
köçürülüb, 3 kilometr uzunluğunda
suötürücü beton kanal inşa edilib və yol kənarına
8500 poqonmetr səki daşı düzülüb. Qəsəbədən
avtonəqliyyat vasitələrinin yola asan girişini təmin
etmək məqsədilə hər iki istiqamət üzrə
4.5 metr enində kollektor yollarının inşası,
Müşfiqabad qəsəbəsinə daha təhlükəsiz
giriş-çıxışını təmin etmək
üçün mövcud yol ötürücüsündən
istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili
yolun, həmçinin drenaj şəbəkəsinin yenidən
qurulması işləri də yerinə yetirilib.
Həmçinin
vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz
şəkildə keçməsini təmin etmək məqsədilə
2 yerdə - yolun 23.5-ci və 24.4-cü kilometrlik hissəsində
metal konstruksiyalı yeni yerüstü piyada keçidləri
inşa edilib. Metal konstruksiyalı və orta dayaqlı
keçidlər dəmir-beton özül dayaqlar üzərində
qurulub. Üstü bağlı olan keçidlərin
hər birinin uzunluğu 38 metr təşkil edir. Pilləkən hissələr də daxil olmaqla
keçidlərin ümumi uzunluğu 72.8 metr,
qalereyasının eni isə 3.7 metrdir. Keçidlərin
yol səthindən hündürlüyü 5.5 metr təşkil
edir.
Layihə
çərçivəsində piyada keçidlərinin
inşasına paralel olaraq sözügedən hissə boyu
abadlıq işləri də aparılıb, 5 avtobus
dayanacağı, həmçinin zəruri olan yerlərdə
130 yol nişanı və məlumatverici lövhə
quraşdırılıb. Yolun sutkanın qaranlıq
saatlarında işıqlandırılması
üçün 9 və 12 metr hündürlükdə 83
işıq dirəyi quraşdırılıb. Qeyd
olunmalıdır ki, “Regionların 2014-2018-ci illər
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində
“Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə
malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci
kilometrlik layihə hissəsinin I texniki dərəcəyə
uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət
zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi
uğurla icra olunaraq yekunlaşdırılır.
Sözügedən avtomobil yolu 4 hissə üzrə
yenidən qurulur. Artıq yolun 23.3-25.1 və 54.6-77.5-ci
kilometrlik hissəsində yenidənqurma işləri tam olaraq
yekunlaşdırılıb. Yolun 77.5-101-ci
kilometrlik hissəsində son tamamlanma işləri
aparılır, 25.1-54.6-cı kilometrlik hissədə isə
işlər davam etdirilir və yaxın aylar ərzində bu
hissədə də işlər yekunlaşdırılacaq.
Ümumilikdə,
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23.3-101-ci kilometrlik
hissəsində layihə çərçivəsində
Ceyrankeçməz çayı üzərində 2 yeni
avtomobil körpüsü, 123 dairəvi boru, 14 düzbucaqlı
su keçidi, 20 yeraltı keçid və 26 drenaj boru inşa
edilib, 11 geri dönməni təmin etmək üçün
xüsusi hissə və 8 yerüstü piyada keçidi isə
tikilir. Yaxın müddət ərzində isə
yolun 101-117-ci kilometrlik (16 km) hissəsinin də yenidən
qurulmasına başlanılacaq.
Regionları birləşdirmək baxımından
böyük əhəmiyyətə malik Bakı-Şamaxı
avtomobil yolunun genişləndirilməsi vətəndaşların
rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin
və kənd təsərrüfatının inkişafına,
avtonəqliyyat vasitələri ilə yük
daşımalarının artımına gətirib
çıxaracaq.
Vurğulandığı kimi, ölkədə yol
infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq
standartlara uyğunlaşdırılması istiqamətində
sistemli fəaliyyət həyata keçirilir. Son illərdə
avtomobil magistrallarının genişləndirilməsi, respublika
və yerli əhəmiyyətli yolların yenidən
qurulması və tikintisi layihələrinin davam etdirilməsi
ilə bağlı mühüm addımlar atılır, bu sahəyə
davamlı və irihəcmli investisiyalar yönəldilir.
Bu tədbirlərin davamı olaraq, M-5
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi
avtomobil yolunun əsaslı təmir olunması zərurəti
yaranıb. Vətəndaşların rahat gediş-gəlişinin
təmin edilməsinə xüsusi diqqət ayıran dövlət
başçısının ölkədə avtomobil
yollarının yenidən qurulması və reabilitasiyası
istiqamətində həyata keçirilən işlərin
davamı olaraq, həmin avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay
hissəsinin (129-164 kilometr) əsaslı təmir olunması ilə
bağlı imzaladığı Sərəncama əsasən,
“Azəravtoyol” ASC tərəfindən dərhal təmir-tikinti
işlərinə start verilib. Əsaslı təmir
olunan yolun uzunluğu 35 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə 2 metr enində
çiyinlər və genişləndirildikdən sonra 9 metr
enində hərəkət hissəsi daxildir.
Hazırda bu yolda köhnə asfalt-beton
örtüyünün üst qatı frezlənərək kənara
daşınır. Bundan başqa, zəruri olan yerlərdə
yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə
xüsusi material tökülərək kipləşdirmə
işləri aparılır, yol yatağı bərkidilir.
Yol yatağının və zəruri olan yerlərdə
yol əsasının tikintisindən sonra yolda asfaltlanma işlərinə
başlanılacaq. Ümumilikdə yolun 300 min kvadratmetrdən
çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton
örtüyü döşənəcək.
Layihə
çərçivəsində yolboyu mövcud olan 5 avtomobil
körpüsünün əsaslı şəkildə təmiri,
suların ötürülməsi üçün 68 ədəd
müxtəlif ölçülü dəmir-beton boruların
və 70 avtobus dayanacağının
quraşdırılması nəzərdə tutulub.
Əsaslı təmir işləri tam başa
çatdıqdan sonra yola məlumatverici lövhələr və
yol nişanları quraşdırılacaq, yol-cizgi və
yolgöstərici xətlərinin çəkilişi işləri
aparılacaq.
Qeyd edək
ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan
avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay
hissəsi 100.7 min nəfər əhalinin
yaşadığı 2 rayonun inzibati ərazisindən
keçməklə 16 yaşayış məntəqəsini
birləşdirir. Əsaslı təmir işləri
yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə
edən bütün vətəndaşların gediş-gəlişini
rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks
istiqamətdə yük və sərnişin
daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının
və turizmin inkişafına gətirib çıxaracaq.
Yol infrastrukturunun yenilənməsi ilə
bağlı aparılan işlər Naxçıvan Muxtar
Respublikasında uğurla davam etdirilir. Muxtar Respublikanın
ucqar dağ kəndlərinin belə yolları yenilənir, vətəndaşların
gəliş-gedişi asanlaşdırılır. Yeri gəlmişkən,
Babək rayonunun Payız kəndində də geniş
abadlıq-quruculuq işləri aparılıb, həmçinin,
rahat avtomobil yolu çəkilib. Artıq istifadəyə verilən
və ümumi uzunluğu 5200 metr olan kənddaxili avtomobil yolu
genişləndirilərək asfalt örtük salınıb.
Yolun üzərində 82 su keçidi qoyulub, 2380 metrlik beton
kanal çəkilib. Tikinti işləri aparılarkən yolun
kənarında 115 metr daş və 298 metr istinad divarı da
tikilib. Həmçinin Cəhri çayı üzərindəki
kənd körpüsü təmir olunub, ətrafda 703 metr
sahilbərkitmə işləri aparılıb.
Ölkədə yol infrastrukturunun
inkişafı istiqamətində işlər davamlı
xarakter daşıyır. Məlumat üçün bildirək
ki, Zaqatala rayonunda Tala çayı üzərində yerləşən
avtomobil körpüsünün əsaslı şəkildə
təmiri işlərinə də başlanılıb. Zaqatala şəhərinin ərazisindən axan Tala
çayı üzərində yerləşən və
ötən əsrin 60-cı illərində inşa edilmiş
132 metr uzunluğundakı körpünün əsaslı
şəkildə təmiri işləri zamanı hərəkət
hissəsinin genişləndirilməsi üçün
müvafiq işlər görülür. Layihəyə
uyğun olaraq, körpünün eni hər iki istiqamət
üzrə 1,5 metr enində genişləndirilərək,
hazırkı 9,5 metrdən 12,5 metrə
çatdırılacaq. Nəticədə yolun hərəkət
hissəsi mövcud 7 metr deyil, 9,5 metr təşkil edəcək.
Bundan başqa, vətəndaşların körpünün kənarı
ilə rahat və təhlükəsiz hərəkəti
üçün 1,5 metr enində piyada səkiləri inşa
ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin
arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq,
körpünün kənarlarına yeni mühəccərlər
quraşdırılacaq. Təmir-tikinti işləri çərçivəsində
körpüdə əlavə bərkitmə işləri
aparılaraq yükgötürmə qabiliyyəti
artırılacaq.
Sözügedən işlərin qısa
müddət ərzində yekunlaşdırılması nəzərdə
tutulub. Bunun üçün əraziyə lazımi sayda
qüvvə cəlb olunub. Hazırda körpü üzərində
hərəkət məhdudlaşdırıldığı
üçün avtonəqliyyat vasitələrinin hərəkəti
alternativ yola yönəldilib. Dövlət
başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan
ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay
hissəsinin əsaslı təmiri ilə bağlı əlavə
tədbirlər haqqında” Sərəncamına əsasən
yolboyu yerləşən daha 4 avtomobil körpüsünün
də əsaslı şəkildə təmiri nəzərdə
tutulub.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 22 sentyabr.- S.7