Azərbaycanda yol infrastrukturunun inkişafı diqqət mərkəzindədir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində 2004-cü ildən bu günədək 11 min kilometr yeni yollar çəkilib

Ölkəmizdə əldə olunan inkişaf bütün sahələri əhatə etməkdədir. Qeyri-neft sektorunun dirçəldilməsi, kənd təsərrüfatının daha yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində atılan addımlar, yenilənən infrastrukturlar bir daha aparılan fəaliyyətin ardıcıllığının və məqsədyönlülüyünün təmin edilməsindən xəbər verir. İnfrastruktur quruculuğu istiqamətində görülən işlər bu mənada xüsusi olaraq vurğulanmalıdır. Onu da qeyd edək ki, ölkəmizdə mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işlər yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində də mühüm nəticələrin əldə olunmasını şərtləndirib.

Qeyd edək ki, 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları regionlarda yol infrastrukturunun əsaslı şəkildə yenilənməsinə yol açıb. Yəni regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb. Eyni zamanda, hazırda da bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

Vurğulayaq ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində layihələr arasında kənd yollarının yenilənməsi ilə bağlı görülən tədbirlər xüsusi olaraq qeyd olunmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev hər zaman Azərbaycan Respublikasında bütün kənd yollarının təmiri ilə bağlı görülən işlərin davamlı olduğunu vurğulayıb. Nazirlər Kabinetinin bu ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, kənd yolları layihələri icra edilir: “Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir”.

Qeyd edilməlidir ki, 2004-cü ildən 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınıb. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə qısa müddət ərzində olduqca yüksək səviyyəli və müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturu yaradılıb, bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad və Lənkəran rayonlarına səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib. Ölkə Prezidentinə məlumat verilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib, 142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

Ümumiyyətlə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən magistralların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometr uzunluğunda Lənkəran-Masallı hissəsinin tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Bundan başqa, əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib. Məlumat üçün bildirək ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.

Burada işlər texnoloji ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yolboyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.

Böyük iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsi bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Bundan başqa, bu layihənin icrası şimaldan cənuba doğru və əks istiqamətdə yükdaşımaların həcmini artıracaq, Şimal-Cənub dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Bəli, vurğulandığı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur. Respublika əhəmiyyətli yollarla bərabər, kənd və qəsəbələrarası yolların təmirinə və yenidən qurulmasına göstərilən diqqət ölkədə, ilk növbədə, sosial layihələrin ardıcıl xarakter aldığını aydın nümayiş etdirir. Belə layihələrdən biri də Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib. Bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək “40 yol layihəsi” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı müxtəlif diametrli suötürücü borular quraşdırılıb, müxtəlif yol nişanları və göstərici lövhələr qoyulub. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin sosial məsələlərinin həllinə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə, həmçinin yük və sərnişin daşımasının xeyli yaxşılaşmasına töhfə verəcək.

Bununla yanaşı, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində Ağstafa rayonu ərazisində “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 avtomobil körpüsünün tikintisi də başa çatıb. Artıq istifadəyə verilmiş hər 4 körpü əhalinin rahat və təhlükəsiz qaydada gediş-gəlişinə ən yüksək səviyyədə xidmət edir. Körpülərin inşaat işləri çərçivəsində, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpünün isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.

Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr və 29,5-ci kilometrində Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 metrdir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metrdir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir. Layihəyə uyğun olaraq, körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edir.

Ağstafa rayonunun Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən Ağstafa-Köçəsgər və həmin yaşayış məntəqələrini Qırılı kəndi ilə birləşdirən Eynallı-Qırılı avtomobil yolları Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulur. Ümumi uzunluğu 15,5 kilometr təşkil edən avtomobil yollarında son tamamlama işləri aparılır.

3-cü texniki dərəcəyə uyğun tikilən Eynallı-Qırılı yoluna ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənilib. İşlər tam yekunlaşdıqdan sonra isə yola müvafiq nişanlar və məlumatverici lövhələr, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Avtomobil yolunun yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən 1,9 kilometrlik hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi işləri yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 metrdən 22.5 metrə qədər genişləndirilib. Tikinti işləri çərçivəsində yol boyu 80 min kubmetr qazma-dolğu işləri görülüb, əsasın tikintisində 36 min kubmetr optimal qırmadaş və qum-çınqıl materialından istifadə olunub. Daha sonra yola 3 qat olmaqla 40 min ton yeni asfalt-beton örtük döşənib. Bundan başqa, layihəyə uyğun olaraq 54 ədəd kommunikasiya xətləri köçürülüb, 3 kilometr uzunluğunda suötürücü beton kanal inşa edilib və yol kənarına 8500 poqonmetr səki daşı düzülüb. Qəsəbədən avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 4.5 metr enində kollektor yollarının inşası, Müşfiqabad qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri də yerinə yetirilib.

Həmçinin vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə 2 yerdə - yolun 23.5-ci və 24.4-cü kilometrlik hissəsində metal konstruksiyalı yeni yerüstü piyada keçidləri inşa edilib. Metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir. Pilləkən hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 72.8 metr, qalereyasının eni isə 3.7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5.5 metr təşkil edir.

Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq sözügedən hissə boyu abadlıq işləri də aparılıb, 5 avtobus dayanacağı, həmçinin zəruri olan yerlərdə 130 yol nişanı və məlumatverici lövhə quraşdırılıb. Yolun sutkanın qaranlıq saatlarında işıqlandırılması üçün 9 və 12 metr hündürlükdə 83 işıq dirəyi quraşdırılıb. Qeyd olunmalıdır ki, “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci kilometrlik layihə hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi uğurla icra olunaraq yekunlaşdırılır.

Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur. Artıq yolun 23.3-25.1 və 54.6-77.5-ci kilometrlik hissəsində yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun 77.5-101-ci kilometrlik hissəsində son tamamlanma işləri aparılır, 25.1-54.6-cı kilometrlik hissədə isə işlər davam etdirilir və yaxın aylar ərzində bu hissədə də işlər yekunlaşdırılacaq.

Ümumilikdə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23.3-101-ci kilometrlik hissəsində layihə çərçivəsində Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü, 123 dairəvi boru, 14 düzbucaqlı su keçidi, 20 yeraltı keçid və 26 drenaj boru inşa edilib, 11 geri dönməni təmin etmək üçün xüsusi hissə və 8 yerüstü piyada keçidi isə tikilir. Yaxın müddət ərzində isə yolun 101-117-ci kilometrlik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Vurğulandığı kimi, ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm addımlar atılır, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilir. Bu tədbirlərin davamı olaraq, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb. Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, həmin avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 kilometr) əsaslı təmir olunması ilə bağlı imzaladığı Sərəncama əsasən, “Azəravtoyol” ASC tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib. Əsaslı təmir olunan yolun uzunluğu 35 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissəsi daxildir.

Hazırda bu yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yol yatağı bərkidilir.

Yol yatağının və zəruri olan yerlərdə yol əsasının tikintisindən sonra yolda asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yolun 300 min kvadratmetrdən çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Layihə çərçivəsində yolboyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri, suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların və 70 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub.

Əsaslı təmir işləri tam başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100.7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.

Yol infrastrukturunun yenilənməsi ilə bağlı aparılan işlər Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar Respublikanın ucqar dağ kəndlərinin belə yolları yenilənir, vətəndaşların gəliş-gedişi asanlaşdırılır. Yeri gəlmişkən, Babək rayonunun Payız kəndində də geniş abadlıq-quruculuq işləri aparılıb, həmçinin, rahat avtomobil yolu çəkilib. Artıq istifadəyə verilən və ümumi uzunluğu 5200 metr olan kənddaxili avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində 82 su keçidi qoyulub, 2380 metrlik beton kanal çəkilib. Tikinti işləri aparılarkən yolun kənarında 115 metr daş və 298 metr istinad divarı da tikilib. Həmçinin Cəhri çayı üzərindəki kənd körpüsü təmir olunub, ətrafda 703 metr sahilbərkitmə işləri aparılıb.

Ölkədə yol infrastrukturunun inkişafı istiqamətində işlər davamlı xarakter daşıyır. Məlumat üçün bildirək ki, Zaqatala rayonunda Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işlərinə də başlanılıb. Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlər görülür. Layihəyə uyğun olaraq, körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndirilərək, hazırkı 9,5 metrdən 12,5 metrə çatdırılacaq. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9,5 metr təşkil edəcək. Bundan başqa, vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1,5 metr enində piyada səkiləri inşa ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq. Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılaraq yükgötürmə qabiliyyəti artırılacaq.

Sözügedən işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Hazırda körpü üzərində hərəkət məhdudlaşdırıldığı üçün avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yola yönəldilib. Dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yolboyu yerləşən daha 4 avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.-  23 sentyabr.- S.7.