Regionlarda genişmiqyaslı
meliorativ tədbirlər həyata keçirilir
Reallaşdırılan yeni layihələr
sayəsində ölkə üzrə 347 min hektar sahədə
suvarılan torpaqların su təminatı
yaxşılaşdırılıb, 55 min hektar yeni
suvarılan sahələr kənd təsərrüfatı
dövriyyəsinə cəlb edilib
Azərbaycanda aqrar sektorda məhsuldarlığın
artırılması baxımından regionlarda meliorativ tədbirlərin
həyata keçirilməsi, bütövlükdə su
ehtiyatlarından səmərəli şəkildə istifadə
olunması böyük aktuallıq daşıyır. Bu da ilk
növbədə onunla bağlıdır ki, respublikamızda
həm su ehtiyatları, həm də əkinəyararlı
torpaq fondu məhduddur. Belə ki, ölkə ərazisinin
yalnız 54,9 faizi kənd təsərrüfatına
yararlıdır. Bu ərazilərin də əksəriyyəti
- 2915,4 min hektarı daimi bitkilər (bağlar,
üzümlüklər, tingliklər, çay
plantasiyaları), otlaqlar və biçənəklər
altında olan torpaqlardır. Respublikanın regionlarında cəmi
1,8 milyon hektar sahə şum əkinçiliyi
üçün istifadə olunur. Suvarılan torpaqlar ölkənin
kənd təsərrüfatına yararlı torpaq sahələrinin
üçdəbirini (1432,7 min hektar) təşkil edir. Bununla
belə, respublikada istehsal olunan kənd təsərrüfatı
məhsullarının 90-95 faizi məhz bu torpaqların
payına düşür. Suvarılan torpaqların təxminən
üçdəbirindən çoxu (565 min hektarı) mexaniki
üsulla, o cümlədən 349,4 min hektarı elektrikləşdirilmiş,
68,2 min hektarı dizel nasos stansiyaları ilə, 147,7 min
hektarı isə subartezian quyuları vasitəsi ilə
suvarılır.
Ölkə ərazisində yeni suvarılan
torpaqlar dövriyyəyə cəlb edilir
Azərbaycanda suvarma əkinçiliyinin
inkişafına əsasən XX əsrin birinci
yarısından başlanıb. Əgər 1925-ci ildə cəmi
510 min hektar ərazi suvarma şəbəkəsi ilə əhatə
olunmuşdusa, sonrakı illərdə həyata
keçirilmiş meliorativ tikinti işləri hesabına
suvarılan sahələrin həcmi 2000-ci ildə 1426 min
hektara çatdırılıb. Lakin bu, son hədd deyil.
Torpaq-iqlim şəraiti Azərbaycanda suvarılan torpaq sahələrini
3,0-3,5 mln. hektara qədər artırmağa imkan verir.
Son 13 ildə Prezident İlham
Əliyevin siyasi iradəsi əsasında ölkənin
regionlarında meliorativ tədbirlərin həyata keçirilməsinə
əsaslı kapital qoyuluşu dəfələrlə
artıb, sahənin maddi-texniki bazası xeyli
yaxşılaşdırılıb, minlərlə kilometr
suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin
bərpası, yenidən qurulması və tikintisi həyata
keçirilib. Regionlarda reallaşdırılan
layihələr sayəsində 347 min hektar sahədə
suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə
meliorativ vəziyyət yaxşılaşdırılıb, 55
min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı
dövriyyəsinə cəlb edilib, sel və
daşqınlara qarşı Kür, Araz və dağ
çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə
və bəndlərin möhkəmləndirilməsi işləri
həyata keçirilib.
Respublikanın içməli və suvarma su təminatının
yaxşılaşdırılması baxımından
Taxtakörpü, Şəmkirçay, Tovuzçay su
anbarlarının inşası tarixi nailiyyətdir. Bəhs olunan anbarların istifadəyə verilməsi
regionlarda minlərlə hektar suvarılan torpaqların su təminatının
yaxşılaşmasına, eyni zamanda, dövriyyəyə
yeni torpaqların cəlb edilməsinə münbit zəmin
yaradıb. 2013-cü ildə Prezident İlham Əliyevin
iştirakı ilə istifadəyə verilən
Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik
Stansiyası, Vəlvələçay-Taxtakörpü və
Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələrinin
texniki parametrləri kifayət qədər genişdir. Cəmi
bir neçə il ərzində Vəlvələçaydan
Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb
relyefi ilə seçilən ərazidə böyük həcmdə
işlər reallaşdırılıb. Bu layihələrin
unikallığı həm də ondadır ki, Samur
çayından götürülən su öz axarı ilə
Vəlvələçay-Taxtakörpü kanalı ilə
Taxtakörpü su anbarına ötürülür. Kanal
üzərində 57 mükəmməl hidrotexniki qurğu
quraşdırılıb. Taxtakörpü su anbarının
sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu 270
milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.
2014-cü ilin noyabrında istifadəyə verilən
Şəmkirçay su anbarı layihəsinin yerinə yetirilməsinə
700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.
Şəmkirçay su anbarının ümumi su tutumu 164,5
milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir.
Anbarın bəndinin nüvə hissəsindən
hündürlüyü 196 metrdir. Layihəyə əsasən,
orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay
çayının sularını bu anbarda nizamlamaqla ildə
207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə
uyğun olaraq su anbarında nəqledici, qəza
sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
Layihə çərçivəsində Şəmkirçay
su anbarında yığılan suyu əkin sahələrinə
nəql edəcək əsas magistral kanal, sağ və sol
sahil magistral kanalları, həmçinin maşın
kanalı üçün qidalandırıcı kanal inşa
olunub.
Son illərdə Azərbaycanda su
təminatının yaxşılaşdırılması məqsədilə
həyata keçirilən infrastruktur layihələrindən
biri də 2016-cı ilin fevralında Prezident İlham
Əliyevin iştirakı ilə istifadəyə verilən
Tovuzçay su anbarıdır. Ümumi su tutumu 20 milyon kubmetr,
faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su
anbarının gil nüvəli torpaq bəndinin
hündürlüyü 45 metr, üstdən eni 10 metr,
uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi
160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə
uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250
kubmetr və uzunluğu 731 metr olan qəza
sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə
125 kubmetr olan dəmir-beton borulu qülləli
suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi
üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub.
Layihənin icrası zamanı Tovuzçay çayı üzərində
8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə
və ətraf kəndlərə gedən, ümumi uzunluğu
6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən
çox olan Axıncaçay çayı üzərində
körpünün tikintisi də başa
çatdırılıb. Görülən
mühüm işlərdən biri də Tovuz və Şəmkir
rayonlarının mövcud əkin sahələrinin su təminatının
yaxşılaşdırılması məqsədilə bu sahələri
suvarma suyu ilə təmin edən Ağstafaçay sağ
sahil kanalına əlavə su verilməsi
üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu
7004 metr olan polad boru kəmərinin tikintisidir.
Yeni nəhəng anbarların sayəsində
bölgələrin su təminatında dönüş
yaranıb
Taxtakörpü və Şəmkirçay
su anbarları kimi XXI əsrin nəhəng layihələrinin
reallaşdırılması nəticəsində 200 min hektar əkin
sahələrinin su təminatının
yaxşılaşdırılması, 50 min hektara yaxın yeni
suvarılan sahələrin dövriyyəyə cəlb
olunması imkanları yaranıb, Bakının,
Sumqayıtın, Gəncənin, ətraf rayonların içməli
su ilə təmin edilməsi kimi strateji əhəmiyyətli
sosial problemin həlli mümkün olub.
Cari ilin birinci yarısında
Taxtakörpü su anbarının tam layihə həcmində
- 270 milyon kubmetr su ilə doldurulması və qurğunun tam
gücü ilə işləməyə başlaması əlamətar
hadisədir. İstifadəyə verildiyi vaxtdan indiyədək
su anbarına 1 milyard 241 milyon kubmetr su yığılıb
ki, onun da 1 milyard 127 milyon kubmetri su istifadəçilərinə
verilib.
Öz növbəsində Tovuzçay su
anbarı da qərb bölgəsində aqrar sektorun
inkişafına yeni təkan verəcək. Qeyd
edək ki, “Tovuzçay su anbarının tikintisinin davam
etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin
tam başa çatdırılması nəticəsində
Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla
ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı
yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz
rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin
olunacaq.
Şəmkir, Samux, Göygöl və Goranboy
rayonlarında 94 min hektar sahə suvarma suyu ilə təmin ediləcək
Ölkəmizdə yeni suvarma layihələrinin,
meliorativ tədbirlərin həyata keçirilməsi
davamlı xarakter alıb. Cari ilin birinci yarısında
Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy
magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə
verilib. Açılış mərasimində
bildirilib ki, Şəmkirçay su anbarının, ondan su
götürən 60,5 kilometr uzunluğunda magistral kanalların
istifadəyə verilməsi ilə Şəmkir, Samux,
Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin
su təminatı yaxşılaşdırılıb, 17 min
hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin
“Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri
suvarma suyu ilə təmin edilib.
Bəhs olunan layihə barədə
məlumat verən “Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə bildirib ki, “Şəmkir çayı
üzərində dəryaçanın tikintisi” kompleks layihəsinə
daxil edilmiş və ötən əsrin 80-ci illərində
tikilmiş Şəmkir maşın kanalının
davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən
çox olan kanalın ikinci növbəsinin tikintisinə
başlanılıb. Bu layihənin icrası sayəsində
suvarma su mənbəyi işğal zonasında qalan Goranboy
rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə
təmin etmək mümkün olacaq. Ötən il kanalın 8
kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və
Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə
suvarma suyu çatdırılıb. Kanalın kəsişmə
qurğusunun və onun qalan 19 kilometrlik hissəsinin tikintisinin
tamamlanması ilə Goranboy rayonunun daha 18 min 584 hektar torpaq sahələrinə
suvarma suyu çatdırılmaqla bu sahələrdə kənd
təsərrüfatı məhsulları istehsalının
inkişafına nail olunacaq. Hazırda kanalın 4,5
kilometrlik hissəsinin tikintisi üzrə tamamlama işləri
davam etdirilir. Eyni zamanda, Şəmkir maşın kanalından
Goranboy və Samux rayonlarında yeni yaradılmış
aqroparka məxsus 4700 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin
edilməsi üçün hazırda boru kəmərinin və
hovuzun tikintisi işləri aparılır. Layihənin tam
başa çatdırılması ilə Şəmkir, Samux,
Göygöl və Goranboy rayonlarında 27 min hektarı yeni
suvarılan torpaqlar olmaqla 94 min hektar sahənin suvarma suyu ilə
təmin edilməsi mümkün olacaq.
2017-ci ildə 100 min hektar sahənin suvarma
dövriyyəsinə cəlb edilməsi real hədəfdir
Son 13 ildə ölkə
miqyasında yeni su anbarlarının tikilməsi, müasir
kanalların çəkilməsi və bu qəbildən digər
işlərin həyata keçirilməsi nəticəsində
regionlarda fermerlərin suvarma suyuna olan tələbatının
ödənilməsində dönüş yaranıb. Belə ki, cari ilin birinci yarısında ölkə
üzrə 1 milyon 376 min hektar sahədə, o cümlədən
136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min hektara yaxın
tütün, 410 min hektar yem bitkiləri, 65 min hektar bostan-tərəvəz
və digər bitkilər orta hesabla 2,5 dəfə
suvarılıb.
Ölkədə aqrar sektorun suvarma suyu ilə təminatının
gücləndirilməsi məqsədilə yeni layihələrin
reallaşdırılması nəzərdə tutulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci
ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində aqrar sektorda məhsuldarlığın
artırılması baxımından meliorativ tədbirlərin
önəminə diqqət çəkərək
vurğulayıb: “İlin əvvəlində
qarşıya vəzifə qoyulmuşdu ki, biz 100 min hektardan
çox yeni torpaq sahələrinin suvarılmasını təşkil
edək və bu istiqamətdə işlər gedir. Biz buna nail
olacağıq. Biz yeni layihələr üzərində
işləyirik. Elə etməliyik ki, suvarma işlərini
maksimum dərəcədə yüksək səviyyədə
aparaq. Çünki bu, məhsuldarlığa bilavasitə təsir
göstərir”.
Ölkəmizdə yaxın perspektivdə
icrası nəzərdə tutulan suvarma layihələri
sırasında Yuxarı Şirvan Kanalının yenidən
qurulması xüsusi yer tutur. Bu layihə 10
rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının
yaxşılaşdırılması və 106 min hektar yeni
suvarılan torpaqların dövriyyəyə verilməsi ilə
ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə
təmin edilməsi, eləcə də regionda ekoloji mühitin
yaxşılaşdırılması və Hacıqabul
gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin
qarşısının alınması imkanları yaradacaq.
Daha bir iqimiqyaslı suvarma layihəsi Masallı
rayonunda reallaşdırılır. Viləşçay Su
Anbarının ikinci növbəsinin tikintisi nəticəsində
Masallı rayonunda 20 min 100 hektar əkin sahəsi suvarma suyu ilə
təmin ediləcək. Yeni layihəyə əsasən Viləşçay
su hövzəsinin həcminin 132 milyon kubmetrə
çatdırılması nəzərdə tutulub. Layihənin texniki-iqtisadi əsaslandırılmasında
əkin sahələrini suvarma suyu ilə təmin etmək
üçün 40 kilometr uzunluğunda suvarma
kanallarının üzərindəki hidrotexniki qurğularla
birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və
digər işlərin yerinə yetirilməsi mümkün
olacaq. Layihədən qonşu Cəlilabad və
Neftçala rayonları da faydalanacaq. Qeyd edək ki, Viləşçay
Su Anbarının ikinci növbəsinin tikintisi layihəsinə
2018-ci ildə başlanılması
planlaşdırılıb. Yeni layihəyə əsasən,
su bəndinin hündürlüyü daha 16 metr
artırılacaq.
Hacıqabul, Şamaxı və Zərdab
rayonlarının suvarma suyu ilə təminatı
yaxşılaşacaq
Azərbaycanın regionlarında
reallaşdırılan daha bir irimiqyaslı su layihəsi
Hacıqabul, Şamaxı və Zərdab rayonlarını əhatə
edir. Xəbər verildiyi kimi, “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransda Prezident İlham Əliyevin əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması barədə
tapşırıqlarına əsasən, “Azərsu” ASC tərəfindən
həyata keçirilən ilk layihənin icrası uğurla
yekunlaşıb. Zərdab rayonunda 10 min hektar ərazinin suvarma
təminatının
yaxşılaşdırılmasını nəzərdə
tutan layihənin reallaşdırılması sayəsində
yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb
edilməsinə imkan yaranıb. Layihəyə
uyğun olaraq Kür çayından əkin sahələrinə
suyun verilməsi məqsədilə çayın sahilində
məhsuldarlığı saniyədə 3 kubmetr olan
sugötürücü qurğu, nasos stansiyası, diametri 1400
mm olan 15 kilometr uzunluğunda kəmər inşa edilib.
Qurğuları elektrik enerjisi ilə təmin etmək
üçün 4 mvt-luq transformator və paylayıcı
qurğu tikilib, Zərdab 35/10 kilovoltluq yarımstansiyasından
6 kilometr elektrik xətti çəkilib, 81 ədəd dayaq
quraşdırılıb. Layihənin qısa müddətdə
yekunlaşdırılması məqsədilə
tikinti-quraşdırma işləri bir neçə məntəqədə
paralel şəkildə aparılıb. Yeni layihənin
icrası nəticəsində minlərlə hektar torpaq sahəsində
müxtəlif kənd təsərrüfatı məhsulları
yetişdiriləcək.
Prezident İlham Əliyevin
tapşırığına əsasən, “Azərsu” ASC tərəfindən
icra olunan ikinci suvarma layihəsi Hacıqabul və
Şamaxı rayonlarında həyata keçirilir.
Padarçöl adlanan ərazidə 10 min hektar sahənin
suvarılması Hacıqabul rayonunun Talış kəndi
yaxınlığındakı Kür sutəmizləyici
qurğularının imkanlarından istifadə etməklə
həyata keçiriləcək. Bu məqsədlə təmizləyici
qurğudan Padarçöl ərazisinə 27 kilometr
uzunluğunda magistral kəmər çəkiləcək.
İndiyədək kəmərin 9 kilometrlik hissəsi inşa
edilib.
Yeri gəlmişkən qeyd edək
ki, Prezident İlham Əliyev bir qədər bundan əvvəl
Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin
suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında
müvafiq Sərəncam imzalayıb. Sərəncamda
vurğulanıb: “Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində
kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin
təmin olunması üçün bitkiçilik və
heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları
ilə özünü təminetmə səviyyəsi
daha da yaxşılaşmışdır. İstehsalın
stimullaşdırılması məqsədilə dövlət
büdcəsinin vəsaiti hesabına yardım verilməsi kənd
təsərrüfatı istehsalı sahəsində ilbəil
dinamik inkişafın əldə edilməsini təmin edən
amillərdən olmuşdur. Bu tədbirlər çərçivəsində
Hacıqabul və Şamaxı rayonlarında 10000 hektarlıq
və Zərdab rayonunda 10000 hektarlıq ərazinin suvarma suyu
ilə təminatı layihəsinin icrasına
başlanılmışdır”.
Sərəncama əsasən
Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin
suvarma suyu ilə təminatı üçün
başlanılmış layihələrin davam etdirilməsinə
dövlət dəstəyini təmin etmək məqsədilə
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 8,0 (səkkiz)
milyon manat vəsait ayrılıb.
Melioratorlar Şərur rayonunda növbəti
suvarma mövsümünə ciddi hazırlıq görüblər
Naxçıvan Muxtar Respublikasının digər
bölgələrində olduğu kimi, Şərur rayonunda da
melioratorlar aqrar sektorda məhsuldarlığın ilbəil
artmasına öz töhfələrini verirlər. Rayon Suvarma
Sistemləri İdarəsinin rəisi Vaqif Həsənov
bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə Şərurda 150 milyon kubmetr su
tutumuna malik Arpaçay Su Anbarı tikilib. Mövsüm
ərzində Şərurla yanaşı, Kəngərli və
Sədərək rayonlarının əkin sahələrinin də
bir qismi həmin anbardan qidalanan sağ və sol sahil
kanalları, bəzi yaşayış məntəqələri
isə Araz çayından nasoslar vasitəsilə su ilə təmin
olunur.
Hazırda Arpaçay dəryaçasında
53,1 milyon kubmetr su var. Gölə bir saniyə ərzində
0,6 kubmetr su daxil olur, suvarma məqsədilə sağ və
sol sahil kanallarına, çay yatağına saniyədə 14
kubmetr su buraxılır. İtkiyə yol verilməməsi,
mövcud ehtiyatdan bütün mövsüm ərzində səmərəli
istifadə olunması üçün su kanallara və
çay yatağına qrafik üzrə
ötürülür və buna ciddi nəzarət edilir.
Şərur rayonunda ötən ilin
payızlıq taxıl əkinləri də daxil olmaqla, cari
yaz mövsümündə 27 min hektara yaxın sahədə
normal suvarma həyata keçirilib. Meliorasiya və
suvarma qurğularının texniki normalara uyğun istismarı
ilə yanaşı, bəzi yerlərdə təmir işləri
də ardıcıl davam etdirilir. İdarənin balansında
olan nasos stansiyalarının, subartezian quyularının fasiləsiz
işinin təmin olunması, dayanan quyuların təcili təmir
edilib işə salınması üçün də
vaxtaşırı əsaslı tədbirlər
görülür. Bu tədbirlər əlavə sahələrin
əkin dövriyyəsinə daxil edilməsi ilə
yanaşı, həm də torpaqların
şoranlaşmasının qarşısını alır. Keçən aylarda 1 milyon 430 min kubmetr həcmində
torpaq işləri görülüb, kollektor-drenaj şəbəkələri,
kanal və arxlar lildən təmizlənib, Xanlıqlar, Vərməziyar
və Ələkli kəndlərində 589 hektar sahənin su
təminatını yaxşılaşdırmağa imkan verən
suvarma boru xəttinin tikintisi başa
çatdırılıb. Həmçinin
rayondakı 17 min hektardan artıq əkin sahəsinə suvarma
suyunun vaxtlı-vaxtında verilməsi üçün
lazımi tədbirlər görülüb, su itkisi halları
minimuma endirilib. 7 min 637 hektar taxıl, 760 hektar kartof, 1578 hektar
tərəvəz, 474 hektar bostan bitkiləri əkinləri 5 dəfə
suvarılıb.
Qarşıdan 2017-ci ilin payız suvarma
mövsümü gəlir. Şərurlular 2017-ci ilin
yazında etibarlı bünövrə qoyduğu bol məhsulun
yığımını başa çatdırır,
payız mövsümünə hazırlaşırlar. Rayon
Suvarma Sistemləri İdarəsi həmin dövrdə sahələrin
vaxtında suvarılması üçün indidən işlərini
tədbirli görür. Bu da o deməkdir ki, payız
aylarında da əkin sahələrini suvarma suyu ilə tam təmin
etmək mümkün olacaq.
Ölkə ərazisində subartezian
quyularının qazılması intensiv şəkildə davam
etdirilir
Son illərdə ölkənin regionlarında həmçinin
dövlət vəsaiti hesabına subartezian quyularının
qazılması geniş vüsət alıb. Meliorasiya
və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq
Aslanovun verdiyi məlumata əsasən, ümumilikdə
Prezident İlham Əliyev tərəfindən subartezian
quyularının qazılması və istifadəyə verilməsi
üçün 18 milyon manat vəsait ayrılıb ki, bu da
ölkə rəhbərliyinin kənd təsərrüfatına
nə qədər önəm və dəstək verməsinin
ifadəsidir. Rafiq Aslanov bildirib ki, 2016-cı ildə
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
ayrılmış 1 milyon 350 min manat vəsait hesabına əkin
sahələrinin və əkin üçün istifadə
olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması, əhalinin
içməli suya olan tələbatının
ödənilməsi üçün 900 subartezian quyusu
qazılıb istifadəyə verilib. 2017-ci ilin birinci
yarısında isə daha 98 subartezian quyusu qazılıb.
Ölkəmizdə indiyədək istifadəyə verilən
subartezian quyularından çoxlu sayda təsərrüfat
subyekti, o cümlədən 1 milyon 300 min insan faydalanır.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama
əsasən ölkənin 36 inzibati rayonunun daha 136
yaşayış məntəqəsində 150 subartezian
quyusunun qazılması təmin ediləcək.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 27 sentyabr.- S.7.