Ölkəmizin
regionlarında sosial infrastruktur obyektlərinin tikintisi davam edir
Azərbaycanda
yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi nəhəng
təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar
açıb
Artıq
15 günə yaxındır ki, ölkəmizdə yeni tədris
ili başlanıb. Hər il
olduğu kimi bu il də respublikamızın bütün təhsil
ocaqlarında, o cümlədən ümumtəhsil məktəblərində
yeni dərs ilinə hazırlıq işləri uğurla
başa çatıb. Bir çox şəhər
və kəndlərdə yeni məktəb binalari tikilib,
köhnə binalar təmir olunub, avadanlıqlar yeniləri ilə
əvəzlənib. Məktəblərin
maddi-texniki bazaları təkmilləşdirilib. Təbii ki, həyata keçirilən işlər
öz növbəsində təhsil sahəsində nailiyyətlərin
əldə edilməsini şərtləndirib.
Ümumiyyətlə, təhsildəki nailiyyətlər
hər bir ölkədə, o cümlədən Azərbaycanda
inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə
son illərdə təhsilin inkişafı ilə bağlı
həyata keçirilən tədbirlər deməyə əsas
verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı
və inamlı görmək istəyir. Bundan
başqa, zəngin təbii sərvətləri ilə
dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən
səmərəli istifadə ilə insan kapitalının daha
da inkişaf etdirilməsini başlıca məqsəd
seçib. Bununla da neft gəlirləri Azərbaycanda
həm də təhsilin və elmin inkişafına yönəlib.
Dövlətin təhsillə bağlı
strategiyasının həyata keçirilməsində ölkənin
ən böyük qeyri-hökumət təşkilatı olan
Heydər Əliyev Fondunun fəaliyyəti isə xüsusilə
diqqət çəkir. Təhsil sahəsində Fondun ən
böyük və irimiqyaslı işi olan “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi uğurla davam
etdirilir. Onu da deyək ki, 2003-cü ildən
indiyə qədər ölkədə 3000-dən çox məktəb
tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş
bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı,
onun maddi-texniki bazasının möhkəmləndirilməsi
işi ümummilli səviyyəyə qaldırılıb.
Bir sözlə, təhsil sahəsinin hərtərəfli
inkişafı, Azərbaycan dövlətinin, şəxsən
Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu diqqətin
nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına
dair Dövlət proqramlarında nəzərdə tutulan
işlərin görülməsi istiqamətidə həyata
keçirilən sosial infrastruktur obyektlərinin tikintisi
çərçivəsində paytaxt Bakıda və
regionlarda çoxlu sayda məktəb binaları tikilib, yaxud əsaslı
şəkildə yenidən qurulub. Onu da
vurğulamaq yerinə düşər ki, ötən müddət
ərzində Prezident İlham Əliyevin təşəbbüsü
ilə məktəb tikintisinə dair bir neçə
ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən
Dövlət proqramlarında da məktəb tikintisinə
böyük diqqət yetirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində bu məqama toxunan
dövlət başçısı “Sosial infrastruktur obyektlərinin
tikintisi aparılmışdır və aparılır. Birinci altı
ayda 26 tibb müəssisəsi tikilmiş və təmir
edilmişdir. İyirmidən çox modul
tipli məktəb tikilmişdir. İlin
sonuna qədər onların sayı 100-ə
çatmalıdır. Yəni, sosial
infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir”
deyib.
Yeri gəlmişkən, təhsil sahəsini diqqət mərkəzində
saxlayan dövlət başçısı paytaxt Bakı ilə
yanaşı, bölgələrə səfəri çərçivəsində
istifadəyə verilən yeni məktəblərin
açılışında da iştirak edir. Məsələn, Prezident
İlham Əliyev sentyabrın 24-də 1200 şagird yerlik
Salyan şəhər 2 saylı tam orta məktəbin yeni
binasının açılışında iştirak edib. Dövlətimizin başçısına Salyan
şəhər 2 saylı tam orta məktəbdə
yaradılan şəraitlə bağlı məlumat verilib.
Bildirilib ki, 1954-cü ildən ümumtəhsil məktəbi
kimi fəaliyyət göstərən Salyan şəhər 2
saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli
uyğunlaşdırılmış binada yerləşirdi.
2003-cü ilədək məktəb binası 26
sinif otağından ibarət idi və tədris iki növbədə
aparılırdı. 2003-cü ildə əlavə
14 sinif otağı tikildi və həmin ildən etibarən tədris
birnövbəli sistemə keçdi.
2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi
müvəqqəti olaraq 3 saylı tam orta məktəbin
binasında yerləşdirilmişdi. Dövlətimizin
başçısının ötən il
imzaladığı Sərəncamla məktəb
üçün yeni bina tikildi və bu, bir çox problemləri
aradan qaldırdı. İlk növbədə,
digər təhsil ocaqlarında yerləşdirilən
şagirdlər öz doğma məktəblərinə
qayıtdılar. İndi onlar müasir, zəruri
avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini
davam etdirirlər. Üç mərtəbədən
ibarət yeni məktəb binasında 48 sinif otağı, 6
laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi,
kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq
zalları fəaliyyət göstərir.
Burada yaradılan şərait bir daha təsdiqləyir
ki, son illərdə təhsil sahəsində qazanılan
uğurların təməlində Azərbaycanın yeni təhsil
modeli dayanır. Artıq ölkədə yeni təhsil
konsepsiyası formalaşıb və həyata keçirilməyə
başlanıb. Azərbaycanda yüzlərlə
məktəbin tikilməsi, təhsil müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi nəhəng
təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar
açıb.
Prezident
İlham Əliyev məktəbin sinif otaqlarında,
laboratoriyalarında, idman və atıcılıq zallarında
yaradılan şəraitlə tanış
olub. Atıcılıq otağında şagirdlər
pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini
nümayiş etdiriblər. Dövlətimizin
başçısı məktəbin müəllim və
şagird kollektivinə uğurlar arzulayıb.
Məktəb tikintisi istiqamətində işlər Aran
iqtisadi rayonuna daxil olan Neftçalada da uğurla davam edir. Belə ki, Təhsil Nazirliyi
tərəfindən Neftçalanın altı kəndində
bu il orta məktəblər
üçün modul tipli məktəb binasının
quraşdırılması nəzərdə tutulub. Rayon təhsil şöbəsindən bildiriblər
ki, ilin əvvəlində rayonda bu tip məktəb
binalarının quraşdırılmasına
başlanılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən
ölkəmizin hər yerində, o cümlədən
Göyçayda da uzun illər qəzalı vəziyyətdə
olan və istismara yararsız binalarda yerləşən məktəblər
üçün modul tipli binaların
quraşdırılmasına başlanılıb. Ötən müddət ərzində
rayonun Hacağabəyli kəndində 24 yerlik sinif komplekti,
Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb
binası istifadə verilib, şəhər 2 və 6 saylı
tam orta məktəblərində, həmçinin Qaraman,
Mallı-Şıxlı kənd məktəblərində əsaslı
təmir işləri aparılıb. Alıkənd
kəndində 40 yerlik modul tipli məktəb binasının
tikintisi üçün layihə-smeta sənədləri
hazırlanıb.
Məlumat
üçün bildirək ki, son illərdə regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində,
həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Göyçayda 14 yeni məktəb binası tikilib, 10
təhsil ocağı isə əsaslı şəkildə
yenidən qurulub.
Yeni tədris
ili ərəfəsində Ağcabədi
rayonunun Hacılar kəndində də əsaslı təmir
olunan 200 şagird yerlik məktəb binası istifadəyə
verilib. Bu münasibətlə keçirilən
mərasimdə bildirilib ki, məktəb binasının dam
örtüyü tamamilə təzələnib, qapı-pəncərələr,
döşəmə və tavan dəyişdirilib. Divarlara armatur tor toxunaraq suvanıb, rənglənib.
Binada elektrik xətti çəkilib, istilik və
müşahidə sistemləri qurulub. Məktəbin
həyətində sanitar qovşaq və qazanxana tikilib, yerə
tamet döşənib, abadlıq işləri aparılıb,
yaşıllıq salınıb. Təhsil
ocağı müasir inventar və avadanlıqlarla təmin
olunub.
Öz növbəsində Ağdaş rayonunda da yeni məktəb
binaları inşa edilir. Yeni dərs ili ərəfəsində rayonda şagird
yeri 100-dək olan və qəzalı vəziyyətə
düşən Pirəyir, Yenikənd, Aşağı Zeynəddin
və Qarasuqumlaq kəndlərində yerləşən
azkomplektli təhsil müəssisələrinin yerində
müasir modul tipli məktəb binalarının tikintisinə
başlanılıb.
Kürdəmir rayonunun Çöl-Ərəb kəndinin
məktəbliləri yeni dərs ilini modul tipli yeni binada
qarşılayıblar. Rayon İcra Hakimiyyətindən bildirilib
ki, Təhsil Nazirliyinin sifarişi ilə kənd məktəbi
üçün modul tipli 96 şagird yerlik yeni bina
quraşdırılıb. “PDL” MMC tərəfindən
quraşdırılan yeni tədris ocağı 9 sinif
otağından ibarətdir. Qeyd edək ki,
Təhsil Nazirliyinin sifarişi ilə rayonun Yeni
Şıxımlı kəndində də ibtidai məktəb
üçün 40 şagird yerlik modul tipli yeni bina
quraşdırılıb.
Ölkənin cənub bölgəsinə gəlincə,
sentyabrın 15-də Masallı rayonunun Mololon və Meşəkənarı
kənd ümumi orta məktəbləri üçün
inşa edilmiş yeni məktəb binaları istifadəyə
verilib. Hər biri 80 şagird yerlik yeni məktəb
binalarında məktəblilərin yüksək səviyyədə
təhsil almaları, həmçinin təlim-tərbiyələri
üçün lazımi şərait yaradılıb. Bu münasibətlə keçirilən
açılış mərasimlərində qeyd olunub ki, son
illər Masallıda olan 98 məktəbdən 50-yə
yaxını yenidən tikilib və əsaslı təmir
olunub. Bu məktəblərdən 20-si son
dörd ilin payına düşür.
Sentyabrın 16-da isə Masallının Kubin kənd
ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb
binası şagird və müəllimlərin ixtiyarına
verilib. Azərbaycan
Hökuməti və Dünya Bankı tərəfindən
maliyyələşdirilən, Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyinin həyata keçirdiyi Azərbaycan
Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində
inşa edilmiş 60 şagird yerlik binada məktəblilərin
yüksək təhsil almaları üçün lazımi
şərait yaradılıb.
Təhsil infrastrukturunun inkişafı və yenidən
qurulması istiqamətində işlər Naxçıvan
Muxtar Respublikasında da davam etdirilir. 2017-ci ilin ötən dövründə
muxtar respublikanın şəhər, kənd və qəsəbələrində
yeni avadanlıqlarla təchiz edilən, ən yeni kompüter dəstləri
və elektron lövhələrlə təmin olunan 2716
şagird yerlik 5 tam orta məktəb binası istifadəyə
verilib. Hazırda muxtar respublikada 3-ü ibtidai, 5-i ümumi orta
və 208-i tam orta olmaqla, ümumilikdə, 216 məktəb və
Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət
göstərir.
Sentyabrın 15-də - Bilik Günündə isə Babək
rayonunun Payız kənd tam orta məktəbinin yeni binası
istifadəyə verilib.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Bilik Gününün - yeni tədris ilinin
başlanmasının Babək rayonunun Payız kəndində
müasir məktəb binasının istifadəyə verilməsi
ilə qeyd olunduğunu bildirib, muxtar respublikanın ümumtəhsil,
ali, orta ixtisas və peşə məktəblərinin
şagird, tələbə və müdavimlərini, Heydər
Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji
kollektivləri yeni tədris ilinin başlanması münasibətilə
təbrik edərək deyib: “Təhsil qədər cəmiyyəti
irəli aparan ikinci bir sahə yoxdur. Əgər
təhsil inkişaf edirsə, ölkə də inkişaf edir.
Bu gün inkişaf edən ölkələrin təcrübəsini
nəzərdən keçirsək, görərik ki, bu ölkələrin
inkişafının kökündə təhsilə göstərilən
qayğı dayanır. Bu bir həqiqətdir
ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi
Ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik
fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Ümummilli liderimizin müəllifi olduğu və
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
davam etdirilən təhsil strategiyası Azərbaycanda və
onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə
yüksəlmişdir”.
Məlumat verilib ki, 3 mərtəbəli məktəb
binası 240 şagird yerlikdir. Binada 3-ü elektron lövhəli
olmaqla 13 sinif otağı, 2 laboratoriya, hərbi kabinə,
şahmat sinfi, kompüter otağı, müəllimlər
otağı, psixoloq otağı, kitabxana və idman zalı fəaliyyət
göstərir. Məktəbin kitabxana fondunda
1362-si dərslik və 2530-u bədii ədəbiyyat olmaqla 3892
kitab vardır. Kitabxanada Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına
uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət
guşə yaradılıb. Kompüter
otağında 19 kompüter quraşdırılıb və
internetə qoşulub.
Yeni modul
tipli məktəb binalarının istifadəsi istiqamətində
həyata keçirilən işlərdən Quba-Xaçmaz
iqtisadi rayonuna da pay düşüb. Daha dəqiq desək, sentyabrın 19-da Xaçmaz rayonunun
Gəncəli kəndində 100 şagird yerlik yeni modul tipli məktəb
binası istifadəyə verilib. Xaçmaz
rayonunun Aşağı Ləgər və
Çılğır kəndlərində
quraşdırılan daha iki yeni modul tipli məktəb
binası isə ilk dərs günündən şagird və
müəllimlərin ixtiyarındadır.
Bu barədə KİV-ə verilən məlumata görə,
Gəncəli kəndində məktəbin
açılış mərasiminə rayon İcra Hakimiyyətinin,
Təhsil Şöbəsinin rəhbər şəxsləri,
məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər
iştirak ediblər. Mərasimdə çıxış edən
sözügedən məktəbin direktoru Çimnaz
Əmiraslanova Gəncəli kəndində yeni məktəbin
istifadəyə verilməsini valideynlərin, xüsusilə də
şagirdlərin böyük sevincinə səbəb
olduğunu vurğulayaraq, göstərilən diqqət və
qayğıya görə dövlət
başçısına minnətdarlığını
bildirib.
Bundan başqa, Xaçmaz rayonunda şagird sayı 100-dək
olan 2 məktəb üçün modul tipli binalar
quraşdırılıb. Səkkiz otaqdan ibarət
olan binaların üstünlükləri azməsrəfli
olması ilə yanaşı, qısa müddət ərzində
istənilən relyefdə quraşdırılmasıdır.
Məktəblər istilik sistemi, internet, inventar
və avadanlıqlarla təmin olunub.
Sentyabrın 22-də isə Quba rayonunun Ərməki kəndində
yeni məktəb binası istifadəyə verilib. İkimərtəbəli,
132 şagird yerlik təhsil ocağının
açılış mərasimində rayon İcra Hakimiyyətinin,
Təhsil Şöbəsinin nümayəndələri, məktəbin
müəllim və şagird kollektivi, eləcə də kənd
sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər
ölkəmizdə elm və təhsilə göstərilən
dövlət qayğısı nəticəsində bu sahənin
davamlı inkişafı üçün möhkəm zəmin
yarandığını vurğulayıblar. Bildirilib ki,
son illər Qubada da müasir tipli yeni məktəb
binalarının inşası geniş vüsət alıb.
Ötən 14 ildə rayonda 70-ə yaxın yeni
məktəb binası, 5 bağça tikilib, 10-a yaxın bina
isə əsaslı təmir olunub. Hazırda
rayonun 4 kəndində yeni məktəb binaları tikilməkdədir.
O da
vurğulanıb ki, Ərməki kəndində inşasına
2014-cü ildə başlanılan təhsil ocağı
müasir standartlara cavab verən avadanlıqla təmin olunub. Binada istilik sistemi qurulub. Dövlət vəsaiti
hesabına inşa olunan təhsil ocağında 11 sinif
otağı ilə yanaşı, idman zalı, kitabxana,
laboratoriya, kompüter, eləcə də psixoloq və tibb
otağı fəaliyyət göstərəcək. Məktəbdə “Gənclərin
çağırışaqədərki
hazırlığı” fənninin keyfiyyətli tədrisi
üçün xüsusi otaq yaradılıb və lazımi əyani
vəsaitlərlə təmin edilib. Mərasimdə
çıxış edənlər təhsilin
inkişafına göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə, Heydər
Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ölkəmizin
şimal bölgəsinə, daha dəqiq desək, Şəki-Zaqatala
iqtisadi rayonuna daxil olan Balakən rayonunun ucqar
yaşayış məntəqələrindən olan
Sarıbulaq və Salban kəndlərində də ibtidai məktəblər
üçün 40 və 20 şagird yerlik modul tipli yeni məktəb
binaları quraşdırılıb. Rayon
İcra Hakimiyyətindən bildiriblər ki, hər iki məktəb
indiyədək qəzalı vəziyyətdə olan köhnə
binalarda fəaliyyət göstərib. Modul
tipli məktəblər azməsrəfli olması, qısa
müddətdə istənilən relyefdə
quraşdırılması, asan daşınması, şagirdlərin
sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla
azaldılıb-artırılması ilə fərqlənir.
Şimal bölgəsindəki Şəki rayonunda da modul
tipli məktəb binalarının tikintisi davam etdirilir. Verilən məlumatlara
görə, rayonun Aşağı Şabalıd, Babaratma və
Fazıl kəndlərində quraşdırılan və hər
biri 56 şagird yerlik olan modul tipli məktəb binaları yeni
dərs ilinin başlanğıcında öz
qapılarını şagirdlərin üzünə
açıb. Rayonun Baş Zəyzid kəndində
Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən 624
şagird yerlik yeni məktəb binasının isə cari ilin
sonunadək istifadəyə verilməsi nəzərdə
tutulur. 2012-ci ildə bölgədə
baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə
düşən bu məktəb indiyədək
uyğunlaşdırılmış binalarda fəaliyyət
göstərib. Hazırda məktəb
binasında tikinti işləri cədvələ uyğun davam
etdirilir. Tezliklə binanın dam
örtüyünün quraşdırılmasına
başlanılacaq.
Bölgədəki Qəbələ rayonunda da təhsil
sahəsinin inkişafı diqqət mərkəzindədi. Bu barədə
sentyabrın 20-də Qəbələ rayonunda yeni inşa edilən
məktəbə təşkil olunan mediatur zamanı bildirilib.
Belə ki, Qəbələnin Seyidqışlaq
kənd ümumi orta məktəbinə gələn iyirmi
beşdən çox KİV nümayəndəsi və təhsil
eksperti görülən işlər barədə məlumatlandırılıb.
Bildirilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı,
1 müəllimlər otağı, kitabxana və digər
yardımçı otaqlardan ibarətdir. Rayonda
daha bir modul tipli məktəb Cığatelli kəndində
istifadəyə verilib. 56 şagird yerlik
ümumi orta məktəbdə 7 sinif və 1 müəllimlər
otağı var.
Səfər çərçivəsində media
nümayəndələri Qəbələ rayonunun
Aydınqışlaq kəndində əsaslı təmir
olunan yeni məktəb binasının açılış mərasiminə
də qatılıblar. Tədbirdə rayon İcra Hakimiyyəti
başçısının müavini Ətayə Osmanova, Təhsil
Nazirliyinin məktəbəqədər və ümumi təhsil
şöbəsinin müdir müavini Firuddin Həmzəyev,
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 1978-ci ildə tikilən və bu il
əsaslı təmir olunan məktəbdə 24 sinif
otağı, 2 laboratoriya və müəllimlər
otağı istifadəyə verilib. Təhsil
ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52
müəllim məşğul olur.
Sentyabrın 20-də həmçinin Oğuz rayonunun
Yemişənli kənd ümumi orta məktəbi
üçün inşa edilən 80 şagird yerlik modul tipli
yeni bina müəllim və şagirdlərin istifadəsinə
verilib. Bu münasibətlə jurnalistlərin və təhsil
ekspertlərinin iştirakı ilə Oğuz rayonuna mediatur təşkil
olunub. Açılış mərasimində
Təhsil Nazirliyinin və rayon təhsil şöbəsinin məsul
əməkdaşları, məktəbin pedaqoji kollektivi və
şagirdlər iştirak ediblər.
Mərasimdə ölkəmizdə
təhsilin inkişafına göstərilən yüksək
dövlət qayğısından, təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlərdən bəhs edilib. Diqqətə
çatdırılıb ki, təkcə son on ildə Oğuz
rayonunda 17 yeni məktəb binası tikilib istifadəyə
verilib, 3 məktəb binası əsaslı təmir olunub. Bu
il Təhsil Nazirliyi tərəfindən 3 kənd məktəbi
üçün modul tipli yeni binalar inşa edilib. Hazırda
rayonun Padar kənd məktəbində əsaslı təmir
işləri davam etdirilir.
Sonra tədbir iştirakçıları məktəbdə
yaradılan şəraitlə tanış olublar. 80 şagird
yerlik məktəb 10 sinif otağı, müəllimlər
otağı və yardımçı otaqlardan ibarətdir. Məktəbdə
73 şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 18 müəllim məşğul olur.
Sonda bildirək ki, ölkəmizdə modul tipli
məktəblərin inşası davam edir. Təhsil
Nazirliyindən bildiriblər ki, indiyədək 30 modul tipli məktəbin
inşası başa çatıb, 40 məktəbdə isə
bu sahədə iş davam etdirilir. İlin sonunadək 44 rayon əhatə
olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki
kənd məktəbinin modul tipli məktəblərlə
əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər
Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala,
Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz,
Göygöl, Tərtər, Göyçay və digər
rayonlarda inşa olunub.
Modul tipli məktəblərin
üstünlüyü onların azməsrəfli olması ilə
yanaşı, qısa müddət ərzində istənilən
relyefdə quraşdırılması, asan
daşınması, sinif otaqlarının sayının
şagirdlərin sayına uyğun olaraq rahatlıqla
azaldılıb-artırılmasıdır. Həmçinin
qəzalı vəziyyətdə olan təhsil müəssisələrində
təmir-tikinti işləri aparılarkən tədris
prosesinin dayandırılmaması məqsədilə səyyar
modul tipli məktəblərin quraşdırılması da nəzərdə
tutulur.
Bir sözlə, yuxarıda
sadalananlardan da bəlli olur ki, Azərbaycanda həyata
keçirilən infrastruktur layihələri çərçivəsində
təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, respublikanın
hər yerində məktəb tikintisinin geniş vüsət
alması istiqamətində məqsədyönlü
işlər həyata keçirilib.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2017.- 28 sentyabr