Ölkəmizdə turizmin yüksələn
xətlə inkişafı
gələcəyə daha
nikbin baxmağa əsas verir
Hadi Rəcəbli:
Ən böyük reklam turistin ölkəmizdən öz
vətəninə xoş
təəssüratla qayıtmasıdır
27 sentyabr Dünya Turizm Günüdür. 1925-ci ildən
müxtəlif adlarla fəaliyyət göstərən
turizm təşkilatı
1970-ci il sentyabrın
27-də Ümumdünya Turizm
Təşkilatı kimi
formalaşdı. Bu tarixi əsas götürən təşkilat
27 sentyabr - Dünya Turizm Gününü təsis etdi. Təşkilatın yaradılmasında
əsas məqsəd bir çox ölkələrin iqtisadiyyatını
inkişaf etdirmək,
yoxsulluğun səviyyəsini
azaltmaq, dövlətlərarası
əməkdaşlığı bərpa etmək idi. Azərbaycan da dünyanın 154 ölkəsindən biri kimi bu qurumun
üzvüdür.
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli AZƏRTAC-a müsahibəsində
ölkəmizin turizm potensialı və bu sahənin inkişafı istiqamətində
görülən işlərdən
danışıb.
- Turizm həm
gəlirli biznes sahəsidir, həm də ölkəni dünyada daha geniş tanıtmaq baxımından mühüm
əhəmiyyət kəsb
edir. Təsadüfi deyil ki, Azərbaycan
dövləti turizmin inkişafını iqtisadiyyatın
qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib, bununla bağlı
müvafiq dövlət
proqramları qəbul
olunub. Son vaxtlar bu sahədə
görülən işlərin
real nəticələri
barədə nə deyə bilərsiniz?
- Son iki ildə Azərbaycanda
turizm sahəsində hiss olunacaq dəyişikliklər
baş verib, mühüm irəliləyişlər
əldə edilib. İki rəqəmə nəzər salaq: ölkəmizə gələn
turistlərin sayı
2015-ci ilə nisbətən
30 faiz, 2016-cı ilin birinci yarısına nisbətən 25 faiz
artıb. Bu artım artıq davamlı xarakter alıb.
Turizm sahəsinin inkişafını
şərtləndirən əsas
amillərə gəlincə
isə, bunlar son illər ölkəmizdə həyata
keçirilən iri, müasir infrastruktur layihələridir: fəaliyyətdə
olan 6 hava limanı, dünya standartlarına cavab verən yolların çəkilməsi, 500-dən çox otel şəbəkəsinin istifadəyə verilməsi. Eyni zamanda, ölkədə sabitliyin və təhlükəsizliyin təmin
edilməsi, “ASAN viza” sisteminin reallaşdırılması,
tarixi abidələrin
zənginliyi, Azərbaycan
qonaqpərvərliyi, milli
mətbəximiz və
gündən-günə gözəlləşən,
müasirləşən paytaxtımız
da turistləri cəlb edir. On il bundan
əvvəlki Bakı
ilə indiki Bakı arasında fərqi hər birimiz görürük. Paytaxtımız dünyəvi
turizm şəhərlərindən
birinə çevrilib.
Zənnimcə, biz ölkəmizin turizm potensialının yalnız
20 faizindən istifadə
edə bilmişik, bu potensialın 80 faizi hələ reallaşmayıb.
- Bu ilin
mayında parlamentdə
“Turizm haqqında” qanun layihəsi birinci oxunuşdan keçib. İstərdik ki, bu barədə
də məlumat verəsiniz.
- Prezident İlham
Əliyev hər zaman turizm sahəsini
diqqətdə saxlayır.
Bu sektorun inkişafı zamanın çağırışıdır, vacib məsələlərdən
biridir. Son iki ildə 27 Sərəncam və bir sıra digər
sənədlər qəbul
edilib. Bunların hər biri turizmin
inkişafına hesablanıb.
Azərbaycanda Turizm Şurası yaradılıb
və bu qurum turizm sahəsində
lazımi qərarlar qəbul edir. Parlamentdə birinci oxunuşdan keçən
“Turizm haqqında” qanun layihəsi üzərində iş gedir. Prezident İlham Əliyev parlamentə bu qanunun qəbulunu sürətləndirməyi tövsiyə
edib. Biz artıq dünyanın 12 ölkəsinin turizm haqqında qanunları ilə tanış olmuşuq. Hazırda Türkiyə və Rusiyanın müvafiq qanunları nəzərdən
keçirilir. Qanunlar çoxmaddəli olduğundan
bu iş çox vaxt aparır.
- Turizmin inkişafına
bilavasitə təsir edən amillərdən danışaq. Xüsusən
kadr hazırlığını
nəzərdə tuturuq.
- Bələdçi institutu və Turizm institutlarının hazırladığı ixtisaslı
kadrların turist qəbuletmə səriştəsində
də müsbətə
doğru dəyişikliklər
müşahidə olunur,
peşəkarlıq səviyyəsi
yüksəlir. Turistlərin
sayı artdıqca, kadrlara ehtiyac da artır, çünki bu vaxtadək turizm obyektlərində əsasən
xaricdən gələn
mütəxəssislər işləyirdi.
Turizm sahəsində uğur qazanmaq üçün xidmət
mədəniyyəti, nəqliyyat,
turizm şirkətləri
ilə iş düzgün qurulmalı və ən əsası turist cəlbetmə texnologiyası
işlənib hazırlanmalıdır.
- Ümumiyyətlə, turizmin paytaxtla yanaşı, regionlarda da geniş vüsət
alması günümüzün
reallığıdır. Sizcə,
region turizminin inkişafı üçün
daha çox nəyə diqqət yetirilməlidir?
- Doğrudan da, turizmin geniş
vüsət aldığı
regionlarımız çoxdur.
Şəki, Qəbələ,
Gəncə, Qusar artıq turizm bölgələri kimi tanınır. Amma elə regionlar var ki, turist
qəbul etmək imkanı çox olsa da, infrastruktur
müasir tələblərə
tam cavab vermir. Buna görə
də hələlik həmin bölgələr
turistlərə xidmət
edə bilmir. Bunun üçün hərtərəfli şərait
yaradılmalıdır və
hazırda həmin istiqamətdə iş gedir.
- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, Azərbaycana
gələn turistlərin
sayı ötən illərlə müqayisədə
xeyli artıb. Bunu yetərli hesab etmək olarmı?
- Turistlərin tərkibinə nəzər
yetirsək görərik
ki, onların əksəriyyəti ərəb
ölkələrindən, İrandan
gələnlərdir. Təbii
ki, bununla kifayətlənmək olmaz,
Çin və Avropa ölkələrindən
də turistlər cəlb etməliyik. Turist axını artdıqca, bu sahədə imkanlar da genişlənir. Hər turist nə qədər az xərcləsə, 1000
ABŞ dolları xərcləməli
olur. Bu da dövlət büdcəsi üçün
əlavə vəsait
deməkdir.
Turizmin inkişafına
Azərbaycanda keçirilən
beynəlxalq tədbirlər,
idman yarışları
da öz töhfəsini verir. Bu tədbirlərin təşkili həm də Azərbaycanın təbliğinə xidmət
edir. Azərbaycan
ÜTT-nin 154 üzvü
arasında ən çox turizm potensialına malik ölkələrdən biridir.
İndi qarşımızda
duran əsas vəzifə bu potensialın reallaşdırılmasına
nail olmaqdır. Prezident İlham Əliyevin diqqəti sayəsində turizm yüksələn xətlə
inkişaf edir. Qeyd etdiyim kimi,
ildə 25-30 faiz artım müşahidə
olunur. Bu, böyük nəticədir
və Azərbaycan turizminin gələcəyinə
nikbin baxmağa əsas verir.
- Hadi müəllim,
yəqin razılaşarsınız
ki, turizmin inkişafında reklam da az rol
oynamır. Son vaxtlar Avropanın nüfuzlu telekanallarında
Azərbaycan barədə
reklam çarxlarına
daha tez-tez rast gəlirik. Bu fikrə nə
kimi əlavəniz var? Biz ölkəmizi
turizm məkanı olaraq yetərincə tanıda bilirikmi?
- Hesab edirəm
ki, ən böyük reklam hər bir turistin
ölkəmizdən öz
vətəninə xoş
təəssüratla qayıtmasıdır.
Bir daha vurğulamaq istərdim ki, mötəbər tədbirlərə,
beynəlxalq yarışlara
ev sahibliyi etməyimiz ölkəmizin
xaricdə tanıdılması
baxımından ən
güclü vasitədir,
istənilən reklamdan
daha təsirlidir. İnsanlar gəlir və hər şeyi öz gözləri ilə görürlər.
Eyni zamanda,
düşünürəm ki, elektron təbliğata
da diqqəti artırmalı, sosial şəbəkələrin və
elektron KİV-lərin
bu sahədəki imkanlarından yetərincə
bəhrələnməyə çalışmalıyıq. Yaxud turizm yarmarkaları
keçirilməli, bukletlər
hazırlanmalıdır.
Yeni Azərbaycan.-
2017.- 28 sentyabr.- S.3.