Regionların elektrik enerjisi ilə
təchizatında dönüş yaranıb
Son 13 ildə tikilən 2400 meqavat gücündə
26 elektrik stansiyası sayəsində Azərbaycan daxili enerji tələbatını
tam yerli istehsal hesabına ödəməyə nail olub
Azərbaycanın regional inkişaf
strategiyasında bütün ölkə boyu müasir
infrastruktur quruculuğu mühüm istiqamətlərdən
biri kimi müəyyənləşdirilib. Prezident
İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən
və respublikamızda 2004-cü ildən bəri uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarına uyğun olaraq
ayrı-ayrı bölgələrdə onlarca infrastruktur layihələri
reallaşdırılıb və hazırda bu proses
2014-2018-ci illəri əhatə edən üçüncü
Dövlət Proqramı çərçivəsində də
davam etdirilir. Həyata keçirilən layihələr sayəsində
Azərbaycanda qazlaşdırmanın səviyyəsini 93 faizə
çatdırmaq mümkün olub. Son 13 ildə respublika
miqyasında 11 min kilometrdən çox yol yüksək səviyyədə
təmir edilib, eyni zamanda, çoxlu sayda körpülər,
tunellər tikilib. Cari ildə şərti olaraq “40 yol”
adlandırılan kənd yollarının
abadlaşdırılması layihəsi çərçivəsində
işlər intensiv şəkildə davam etdirilir. Böyük məbləğdə sərmayə
qoyuluşu hesabına reallaşdırılan layihələr
sayəsində ölkəmizdə Ümumdünya Səhiyyə
Təşkilatının tələblərinə cavab verən
səviyyədə keyfiyyətli su alan şəhər və
digər yaşayış məntəqələrinin sayı əhəmiyyətli
dərəcədə artıb.
Eyni zamanda, regionlarda inşa edilən
sosial infrastruktur obyektləri - hər cür rahatlıqlara,
mükəmməl təchizata malik məktəblər, səhiyyə
müəssisələri, Olimpiya İdman Kompleksləri
göz önündə Azərbaycanın müasir mənzərəsini
canlandırır. Aparılan genişmiqyaslı
quruculuq-abadlıq işlərinin nəticəsində ölkənin
regionlarının siması da nəzərəçarpacaq dərəcədə
yaxşılaşıb.
Ölkə boyu yeni generasiya güclərinin
yaradılması müasir infrastruktur quruculuğuna
yaxşı nümunədir
Regionların sosial-iqtisadi inkişafına dair bəhs
olunan Dövlət proqramları çərçivəsində
həmçinin bütün ölkə boyu enerji təsərrüfatının
yenilənməsi həyata keçirilir. Respublika
miqyasında əhali və qeyri-əhali
istehlakçılarının elektrik enerjisi ilə təchizatının
dayanıqlığını təmin etmək məqsədilə
yeni enerji gücləri yaradılır, mövcud xətlər,
transformator məntəqələri təmir edilir,
bütövlükdə təsərrüfat müasir
avadanlıqlarla təchiz olunur. Belə ki, 2004-cü ildən bəri
respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26
elektrik stansiyası tikilib. Nəticədə, Azərbaycanın
enerji təminatı əhəmiyyətli dərəcədə
möhkəmlənib. Qürurverici haldır ki, hazırda
ölkəmiz həm daxili enerji istehlakını
bütünlüklə yerli istehsal hesabına təmin edir,
eyni zamanda, bu sahədə özünün ixrac
imkanlarını daha da artırır.
Hazırda Prezident İlham Əliyevin müvafiq
Sərəncamına əsasən respublikada kiçik su
elektrik stansiyalarının geniş tətbiq edilməsinə
böyük diqqət göstərilir. Bu məqsədlə
indiyədək 12 su elektrik stansiyası istifadəyə verilib
və daha beş stansiyanın inşası davam etdirilir.
“Azərişıq” regionlarda tikinti və yenidənqurma
işlərini daha da genişləndirir
“Azərişıq” ASC regionların enerji təsərrüfatlarında
tikinti və yenidənqurma işlərinin miqyasını
getdikcə daha da genişləndirir. Bu
baxımdan qurumun Mərkəzi Aran regionunda
istehlakçıların dayanıqlı, fasiləsiz və
keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin
istismar müddətini başa vurmuş elektrik şəbəkələrində
texniki itkilərin aradan qaldırılması məqsədilə
həyata keçirdiyi genişmiqyaslı təmir-tikinti və
yenidənqurma işləri də diqqətəlayiqdir.
Mingəçevir və Naftalan
şəhərlərinin, Ağdaş, Ağsu, Yevlax, Bərdə,
Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar
rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi
Aran Regional Elektrik Təchizatı və Satışı
İdarəsində (RETSİ) 261 min abonentə və bununla da
1 milyondan artıq əhaliyə xidmət göstərilir.
RETSİ-nin xidməti ərazisində 9 ədəd
110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda əsaslı
təmir işləri aparılıb, Ağsu və Goranboy
rayonlarında 3 ədəd 110/35/10 kV-luq və 7 ədəd 35
kV-luq yeni yarımstansiyalar inşa edilib. Hazırda “Azərişıq”
ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni
yarımstansiya tikilir.
İqtisadi rayona daxil olan bölgələrdə
756 ədəd yüksəkgərginlikli, 65 min ədəd isə
aşağı və ortagərginlikli elektrik dayaqları dəyişdirilib.
Paralel olaraq 162 km yüksəkgərginlikli, 670 km 10-0,4 kV-luq
hava xətləri çəkilib, həmçinin 2900 km
ÖİN (Özünüdaşıyan İzolyasiyalı
Naqillər) quraşdırılıb. Mingəçevir şəhərində,
Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında
müasir standartlara cavab verən yeni ofis binaları inşa
edilib. Bəhs olunan binalarda elektrik şəbəkələrinin
tamamilə yenidən qurulması və avtomat idarəedilməsi
üçün bütün şərait yaradılıb,
işçilərin səmərəli fəaliyyəti
üçün elektroenergetika sahəsinin avadanlıqları
ilə bərabər, kompüter texnikası
quraşdırılıb, sürətli internetə
çıxış təmin edilib. Burada nəzarət-monitorinq,
avtomat idarəetmə kabinetləri, həmçinin enerji
satışı, qəza və müştəri xidmətləri
üçün xüsusi otaqlar yaradılıb.
Bakı Regional Enerji Təchizatı
və Satışı İdarəsinə (Bakı RETSİ)
daxil olan Qobustan Elektrik Şəbəkəsində də əhalinin
davamlı elektrik enerjisi ilə təchizatı məqsədilə
bir sıra layihələr həyata keçirilir. İstifadə
müddəti başa çatmış naqillər, dayaqlar
yenisi ilə əvəz olunur, müasir standartlara cavab verən
avadanlıqlar quraşdırılır. Rayonda fəaliyyət
göstərən 35-10 kilovoltluq yarımstansiyalar təmir
olunub, 388 kilometr uzunluğunda 0,4 kilovoltluq hava xəttinin 97
kilometrlik hissəsi SİP kabellərlə əvəz olunub.
19 ədəd yeni komplekt transformator məntəqəsi (KTM)
quraşdırılıb.
Yeni transformatorların
quraşdırılması, SİB kabellərin çəkilməsi,
yarımstansiyaların yenidən qurulması rayonun elektrik
enerjisi ilə təminatında əsaslı dönüş
yaradıb. Rayonda elektrik təsərrüfatı, demək olar
ki, yenilənib. Hazırda 7088 abonentdən 3000-ə
yaxınının mənzillərində elektrik enerjisi təchizatı
SİB-ləşmiş kabellərlə həyata
keçirilir. Bundan başqa, 82 km kabel yeniləri ilə əvəz
olunub. 1619 ədəd istismar müddətini başa vurmuş
ağac dayaqlar yeni metal dayaqlarla əvəzlənib. Rayonun mərkəzi
küçələrində də ciddi işlər
görülüb. Həyata keçirilən tədbirlər nəticəsində
rayon elektrik şəbəkəsinin gücü 4348 kilovat
artıb. Bu həmçinin itkilərin azalmasının nəticəsində
əldə edilib. Bundan başqa, rayonda 4048 ədəd yeni
sayğac quraşdırılıb və dəyişdirilib.
Hazırda rayonun yaşayış məntəqələri
üzrə istehlakçıların keyfiyyətli, etibarlı
və təhlükəsiz elektrik enerjisi təminatı məqsədilə
yenidənqurma və əsaslı təmir-tikinti işləri
davam etdirilir.
Tarix boyu elektrik enerjisi almayan Astaranın Şəvqo
kəndinə işıq verilməsi əlamətdar hadisədir
Ölkəmizdə reallaşdırılan
“İşıqlı Azərbaycan” layihəsi çərçivəsində
tarix boyu elektrik enerjisi almayan Astara rayonunun ucqar Şəvqo kəndinə
işıq verilib. Meşənin içində, qayalıqlar
arasında, bir sözlə, ən çətin relyefdə
yerləşən bu kənddə texnikadan istifadə etmək
mümkün olmadığından şəbəkə əl
əməyi ilə qurulub.
Şəvqo kəndində 49
yaşayış evinin və ya 250-dən artıq insanın
elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km
10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə
özünüdaşıyan izolyasiyalı naqillərdən
ibarət xətt çəkilib. 1 ədəd 10/0,4 kv-luq 63 kva
gücündə transformator məntəqəsi
quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd
sayğac qoyulub. “Azərbaycanın hər bir
nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz
elektrik enerjisi ilə təmin olunmalıdır” devizi üzərində
qurulan “İşıqlı Azərbaycan” layihəsi sayəsində
işıqlı günə çıxdıqları
üçün kənd sakinləri ölkə
başçısına minnətdarlıqlarını ifadə
ediblər.
“Qaraqaşlı” yarımstansiyasının
tikilməsi sayəsində Salyan rayonunda 31 min abonentin elektrik
enerjisi ilə təchizatı yaxşılaşıb
Son illərdə regionlarda yeni
yarımstansiyaların inşası da ölkə miqyasında
enerji təchizatının yaxşılaşmasında
mühüm rol oynayır. Prezident İlham Əliyev bu günlərdə
Salyan rayonuna səfəri çərçivəsində
110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının
açılışında iştirak edib.
Açılış mərasimində
bildirilib ki, “Qaraqaşlı” yarımstansiyasının tikilməsi
Salyan rayonunda 31 min abonentin elektrik təchizatının
yaxşılaşdırılmasına, eləcə də
bölgədə mövcud olan güc
qıtlığının aradan qaldırılmasına səbəb
olub. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi
üçün yeni yarımstansiyanın tikilməsi ilə
yanaşı, istismar müddətini başa vurmuş elektrik
şəbəkələrinin yenidən qurulması, həmçinin
yüksək və aşağıgərginlikli yeni hava xətlərinin
çəkilməsi həyata keçirilib. Yarımstansiyanın
qidalandırılması məqsədilə 110 kV-luq “Birinci
Neftçala” hava xəttinin giriş-çıxış və
110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması
üçün 110 və 220 kV-luq qovşaq
yarımstansiyaları əlaqələndirilib. Salyan rayonunun su
təsərrüfatı üçün tələb olunan
11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya da məhz
bu yarımstansiyadan qidalandırılacaq. Odur ki,
“İşıqlı Azərbaycan” layihəsinə uyğun
olaraq tikilən “Qaraqaşlı” yarımstansiyası rayonun
elektrik enerjisi təchizatında xüsusi önəm
daşıyır.
Yeni yarımstansiya Salyan rayonunun
böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli
obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər
Əliyev Parkı, Salyan rayon İcra Hakimiyyəti, Mərkəzi
Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və
məişət təyinatlı obyektləri elektrik enerjisi
ilə təmin edir. Bundan əlavə, qeyri-neft
sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye
sahələri və digər infrastruktur layihələri
üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi
ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək.
İşin operativ və səmərəli aparılması
üçün yeni yarımstansiya müasir standartlara
cavab verən elektron tipli rele mühafizə və avtomat sistemlər,
eleqaz və vakuum tipli avadanlıqla təchiz edilib və məsafədən
idarə olunan SCADA dispetçer sisteminə qoşulub.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 30 sentyabr.-
S.7.