Hikmət Babaoğlu: Həyata keçirilən islahatlar
Azərbaycanın daha da
yüksək inkişafına gətirib çıxaracaq
“Bir çox məsələlər baxımından 2016-cı il bizim üçün çox əlamətdar oldu. Əslində, 2016-cı il bütövlükdə 2001-ci ildən sonra dünya miqyasında, qlobal müstəvidə, beynəlxalq münasibətlər sistemində baş verən 15 illik hadisələrin yekunu kimi yadda qaldı. Bu proseslərin məntiqi nəticəsi olaraq dünyada qlobal iqtisadi böhranın, beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların funksionallığını itirməsinin şahidi olduq. Ötən il 2001-ci ildən başlayan və “ərəb baharı” adlandırılan hadisələrin dönüş nöqtəsi kimi, eləcə də beynəlxalq münasibətlər sistemində yeni regional mərkəzlərin, güc mərkəzlərinin və çoxqütblü dünyanın yaranmasına ümidlərin cücərməsi ilə yadda qaldı”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin bir aktorudur. Onun sözlərinə görə, qloballaşan dünyada baş verən hadisələr milli dövlətlərə də öz təsirini göstərir: “Bu mənada dünyada süni və ünvanlı şəkildə yaradılan iqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərdi. Neftin qiymətinin süni şəkildə ucuzlaşdırılması, imperialist mərkəzlərin Yaxın Şərqi işğal edərək oradan öz neft tələbatlarını pulsuz təmin etmələri neftin dünya bazarında real qiymətini dəfələrlə aşağı saldı. Bu da Azərbaycanın və regionun iqtisadiyyatına təsirsiz ötüşmədi. Beləliklə, biz 2016-cı ildə Azərbaycan iqtisadiyyatında yeni mərhələnin başlandığını gördük”.
Millət vəkili qeyd edib ki, ötən il əsasən iqtisadi islahatlar ili, eləcə də konstitusiya islahlatlarının, həmçinin idarəetmədə, pul-maliyyə sektorunda islahatların aparıldığı il kimi yadda qaldı: “Bunların hamısı deməyə əsas verir ki, bütövlükdə 2016-cı il Azərbaycanda kompleks islahatlar ili və gələcəkdə Azərbaycanın iqtisadi inkişafını təmin edəcək hüquqi bazanın yaradılması ili oldu”.
Baş redaktorun fikrincə, 2016-cı il Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olub: “Ötən il Azərbaycanın idman həyatında da əlamətdar oldu. Ölkədə “Formula 1” yarışları keçirildi, idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar əldə etdilər.
2016-cı ilin ən yaddaqalan hadisələrindən biri aprelin 1-dən 4-dək Ermənistan-Azərbaycan münaqişə zonasında qoşunların təmas xəttində baş verən döyüşlər oldu. Bu hadisələr Azərbaycan Ordusunun, bəlkə də, miqyası etibarilə kiçik, amma mənəvi və hərbi-psixoloji baxımdan çox böyük qələbəsı ilə, Talışda və Lələtəpə yüksəkliklərindəki uğuru ilə yadda qaldı. Şübhəsiz ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də yeni bir şərt və mərhələ formalaşdırdı. Bu, Azərbaycanın hərbi-siyasi gücünün göstəricisi idi.
Bundan başqa, ölkənin sosial, iqtisadi, mədəni həyatında mühüm addımlar atıldı. Ötən il multikulturalizm ili elan olunmuşdu. Azərbaycanın həyat tərzinin, cəmiyyətimizin səciyyəvi xüsusiyyətlərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox böyük addımlar atıldı, bu istiqamətdə çox böyük işlər görüldü. Hər kəs bir daha dərk etdi ki, Azərbaycanda çoxsaylı etnik, sosial qruplar, müxtəlif dini məzhəblərin nümayəndələri bir yerdə yaşaya bilirlərsə, deməli, işğalçı Ermənistanın manipulyativ şəkildə dünya ictimaiyyətinə çatdırmağa çalışdığı “azərbaycanlılarla ermənilər bir arada yaşaya bilməzlər” fikri əsassızdır”.
Ötən il Azərbaycanda “Bakı prosesi” adlandırılan 5-ci Beynəlxalq Humanitar Forumun keçirildiyini xatırladan Hikmət Babaoğlunun sözlərinə görə, bu platforma bir daha göstərdi ki, Azərbaycan Respublikası və onun həyata keçirdiyi siyasət regionda əməkdaşlığa və tərəfdaşlığa xidmət edir. Burada “humanitar Davos” adlandırılan platformada bir daha dünyadakı mövcud problemlər və onların həlli yolları təcrübəli dövlət, ictimai və elm xadimlərinin iştirakı ilə müzakirə edildi. Bu həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya ismarıc verdi ki, mövcud problemlər, əslində, həllolunandır və əgər cəhd edilərsə, buna müxtəlif vasitələrlə nail olmaq mümkündür.
Hikmət Babaoğlu qeyd edib ki, ötən il həmçinin Milli Məclisdə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, elmi, sosial həyatını, müxtəlif sektorları tənzimləyəcək çoxsaylı qanunlar qəbul edildi. Onun sözlərinə görə, 2016-cı il Azərbaycan mediası üçün də əlamətdar oldu. Çünki mediamız 1994-cü ilin atəşkəsindən sonra ilk dəfə qələbə xəbərini verə bildi. “Arzu edirəm ki, Azərbaycan mediası növbəti illərdə də bu cür xəbərləri yaymaq şansı əldə etsin. Konstitusiyada aparılan dəyişikliklər zamanı bir daha söz və mətbuat, insan azadlıqlarının qorunması ilə bağlı məsələlərin təkmilləşdirilməsinin şahidi olduq. Eyni zamanda, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi konstitusion əsaslar yaradıldı. Hazırkı mərhələdə ən başlıca problemlərdən olan təhlükəsizlik məsələsinin konstitusiyada yeni şərtlərə uyğun nizamlanması həyata keçirilən konstitusion islahatların əsas komponentlərindən biridir”, - deyə millət vəkili əlavə edib ki, 2016-cı ildə Azərbaycanda iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi islahatlar aparıldı, regional sənaye mərkəzlərinin yaradılması ilə bağlı investisiyalar qoyuldu. Azərbaycanda ilk dəfə olaraq farmaseptika, dərman istehsalı ilə bağlı addımlar atıldı. O cümlədən adını çəkmədiyimiz digər məsələlər 2016-cı ilin əlamətdar il olduğunu söyləməyə əsas verir.
Hikmət
Babaoğlunun fikrincə, atılan bütün
bu addımlar və
həyata
keçirilən islahatlar 2017-ci il və ondan
sonrakı mərhələyə
hesablanıb. O qeyd edib ki, bu
islahatların nəticəsi 2017-2018-ci illərdən sonra özünü göstərəcək. “2017-ci il Azərbaycanda
iqtisadi sabitləşmə ili
kimi yadda qalacaq, 2018-ci ildən
etibarən isə ölkədə ciddi iqtisadi artım müşahidə olunacaq
və bu da əsas etibarilə
qeyri-neft sektorunun
inkişafı hesabına baş verəcək. Çünki
bu islahatlar istər idarəetmədə, istərsə də iqtisadiyyatda mövcud reallıqlar nəzərə alınmaqla həyata keçirilir
və növbəti illərdə iqtisadi inkişaf üçün
çox ciddi zəmin yaradacaq.
Biz bilirik ki, hətta
ən bədbin proqnozlara
görə belə Azərbaycanda
iqtisadiyyatın 1 faiz böyüməsi gözlənilir. Bu, çox ciddi məqamdır. Əgər mövcud
beynəlxalq iqtisadi şərtləri nəzərə
alsaq, bütün bunlar növbəti
mərhələdə
Azərbaycanın daha da yüksək inkişafına gətirib
çıxaracaq”, - deyə
Hikmət Babaoğlu vurğulayıb.
Yeni Azərbaycan.- 2017.- 7 yanvar.- S.4