Azərbaycanda aqrar sektor
keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub
Ölkəmizin regionlarında aqrar sektorda məhsuldarlığı artırmaq üçün mühüm addımlar atılır
Məlum olduğu kimi, son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.
Regionlarda kənd təsərrüfatının inkişafının təmin olunmasında həyata keçirilən Dövlət proqramlarının mühüm rolu var. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına zəmin yaradıb.
Beləliklə, hazırda postneft dövrünü yaşayan Azərbaycanda qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafı ön plandadır. Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun “Aqrar siyasət və sahibkarlığın inkişafı” şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Quliyevin AZƏRTAC-a açıqlamasında qeyd etdiyi kimi eyni zamanda, aqrar sektorun əsas istiqamətləri olan bitkiçilik və heyvandarlığın inkişafını təmin etmək üçün Dövlət proqramları hazırlanıb, əkin sahələrinin artırılması və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsində 2016-cı ildə 1628,9 min hektar əkin sahəsinin 997,5 min hektarında dənli və dənli-paxlalılar, 162,8 min hektarında kartof, tərəvəz və bostan, 1000 hektarında yemlik bitkilər, 73,4 min hektarında texniki bitkilər əkilib. Ümumi əkin sahələri ötən illə müqayisədə 2,8 faiz, o cümlədən dənli bitkilərin əkin sahələri 4,8, buğda əkini 9,2, texniki bitkilər əkini 89,2 faiz artıb. Dənli və dənli paxlalılar istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,2 min ton artaraq 3060,1 min tona çatıb. Xüsusilə qeyd edilməlidir ki, 2016-cı ilin 10 ayında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixrac həcmi 21,8 faiz artıb və 270,8 milyon ABŞ dolları təşkil edib.
Dənli bitkilərin istehsalında toxumçuluğun mühüm rolu nəzərə alınaraq bu sahəyə xüsusi diqqət yönəldilib. Dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə 183,4 min ton taxıl toxumu, o cümlədən 37,8 ton orijinal, 223,5 ton superelit, 1797,6 ton elit, 21 min ton R1, 50,7 min ton R2 və 109,1 min ton reproduksiyasız toxumlar, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təsərrüfatlarında isə 37,8 ton orijinal, 223,6 ton superelit, 1797,6 ton elit toxum istehsal olunub. Eyni zamanda, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təsərrüfatlarında orijinal, superelit və elit tərəvəz, kartof, yem bitkiləri, pambıq toxumları, həmçinin meyvə, çay və üzüm tingləri yetişdirilib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədi ilə 2016-cı ildə dövlət büdcəsinin vəsaiti hesabına 481,9 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 19,3 milyon manat, 1192,8 min hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 59,6 milyon manat, 14,2 min hektar sahədə aparılan təkrar əkinlərə görə 710 min manat məbləğində yardım verilib.
Hesabat dövründə 107,4 min ton həcmdə mineral gübrənin 70 faiz güzəştlə satılması üçün dövlət büdcəsindən 49,05 milyon manat ayrılıb. Bundan əlavə, 2016-cı ildə sertifikatlı toxum və tinglərin istehsalına və satışına görə toxumçuluq təsərrüfatlarına 7,97 milyon manat, elmi-tədqiqat təşkilatları tərəfindən istehsal edilmiş orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin ödənilməsinə isə 929,7 min manat büdcə vəsaiti yönəldilib.
2016-cı il dekabrın 1-nə olan məlumata görə, 2017-ci ilin məhsulu üçün 993,5 min hektar sahədə şum aparılıb, 800,8 min hektarda dən üçün payızlıq bitkilər, o cümlədən əkinlərin 519,4 min hektarında buğda, 281,4 min hektarında arpa səpilib.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, pestisidlər və cins damazlıq heyvanlarla təmin olunması istiqamətində işləri davam etdirib və istehsalçılara müxtəlif aqrotexniki xidmətlər göstərib. On bir ayda bu məqsədlər üçün dövlət büdcəsindən 77,108 milyon manat, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 50 milyon manat olmaqla, ümumilikdə, 127,108 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, Cəmiyyətin fəaliyyətindən əldə edilmiş təkrar istifadə vəsaitindən 116,5 milyon manatı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə xərclənib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir kənd təsərrüfatı texnikaları ilə təminatının gücləndirilməsi məqsədləri üçün 2016-cı ildə 164,45 milyon manat dəyərində 4349 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb.
Ötən il ərzində “Aqrolizinq” ASC tərəfindən 3354 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 34 pambıqyığan kombayn, 993 traktor, 1 ekskavator və 2326 ədəd digər kənd təsərrüfatı texnikaları gətirilib və istehsalçıların istifadəsinə verilib. Eyni zamanda, “Aqrolizinq” ASC tərəfindən özünün təkrar istifadə vəsaiti hesabına 1660 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının alınması məqsədi ilə müqavilə bağlanıb. Artıq 943 ədəd kənd təsərrüfatı texnikasının gətirilərək istehsalçıların istifadəsinə verilməsi təmin edilib.
Dövlətimizin başçısının tapşırığı ilə aqrar sektorun, xüsusilə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, bu sahəyə hərtərəfli dövlət dəstəyi kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, fındıqçılığın dirçəldilməsinə güclü təkan verib. Kənd təsərrüfat məhsullarının istehsalının artırılması üçün ayrı-ayrı sahələr üzrə dövlət proqramları işlənib hazırlanıb. Bu proqramlarda xüsusən ixrac potensialının artırılmasına yönəlmiş tədbirlər əksini tapıb.
2016-cı ili pambıqçılıqda dönüş ili kimi səciyyələndirmək olar. Belə ki, pambıq əkinlərinin sahəsi ötən ilə nisbətən 2,8 dəfə artaraq 52057,7 hektara çatıb. Respublikada 87 min 237,7 ton pambıq tədarük olunub ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. İstehsalçılara verilən subsidiyalar, məhsulun alış qiymətinin artırılması və digər stimullaşdırıcı tədbirlər kənd camaatının yenidən pambıqçılığa marağının artmasına səbəb olub.
Baramaçılığın inkişaf etdirilməsi məqsədilə ötən ilin sonlarında Çindən Azərbaycana 1,5 milyon ədəd tut tingi gətirilib və 37 rayona paylanılıb. Tinglər fermer və sahibkarlara, eyni zamanda, nazirliyin tabeliyindəki tingçilik təsərrüfatlarına pulsuz verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi bu sahənin inkişafı ilə yanaşı, kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynayacaq. Eyni zamanda, təsərrüfatlar üçün əlavə gəlir mənbəyi olacaq.
Azərbaycanda 40 min hektar ərazidə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Bu il 10240 hektar sahədə fındıq bağları salınıb. Bu tədbirlər əsasən Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Quba, Oğuz, Şəki, Şabran, İsmayıllı və Yevlax rayonlarını əhatə edəcək. Yeni fındıq bağlarının salınması məqsədilə ting yetişdirən fermerlərə subsidiya kimi verilməsi üçün 700 min manat vəsait ayrılıb.
Qeyd edək ki, respublikamızda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün geniş imkanlar var. Kənd təsərrüfatının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edildiyi kimi, 2014-cü il üzrə “The Observatory of Economic Complexity” hesabatına görə, Azərbaycan ixracın həcmi üzrə dünyada 144 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Strateji Yol Xəritəsində gələcəkdə idxaldan asılılığı minimuma endirmək və yerli məhsullarla özünü təminetmə səviyyəsini daha da yüksəltmək məqsədilə rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi ilə bağlı qarşıya konkret hədəflər qoyulub. Həmçinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamı və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 mart tarixli Fərmanı ölkənin ixracının şaxələndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib.
Bir sözlə, Strateji Yol Xəritəsində müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi, habelə dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində yaxın, orta və uzunmüddətli dövr üçün nəzərdə tutulan hədəflərə çatmaq mümkün olacaq.
Bu məqamda qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatlar, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər Göyçayda da uğurla icra edilir. Dövlətimizin başçısının rayonlarda kənd təsərrüfatı sahəsində yerli istehsalın artırılması, xüsusən də pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2016-cı ildə Göyçayda mühüm işlər görülüb və uğurlu nəticələr qazanılıb. Rayon əhalisinin vaxtilə ənənəvi sahələr hesab olunan pambıqçılıq və baramaçılıqda yaxşı təcrübəsi var və hazırda Göyçayda bu sahələrin inkişafı üçün mövcud imkanlardan geniş istifadə edilir.
Bu gün ölkəmizdə aqrar sahənin inkişafına Göyçayın torpaq mülkiyyətçiləri və fermerləri öz töhfəsini verməkdədirlər. Rayonda kənd təsərrüfatı üçün yararlı hesab olunan və xüsusi mülkiyyətə verilmiş 23267 hektar, bələdiyyə mülkiyyətində isə 18854 hektar torpaq sahəsi mövcuddur. Bunun da böyük hissəsi 2016-cı ildə əkin işlərinə cəlb edilib. Ötən il rayonda 13880 hektar sahədə taxıl yetişdirilib, 37 min 67 ton məhsul tədarük olunub. 2015-ci illə müqayisədə ötən il rayonda taxıl əkini sahəsi və əldə edilən məhsul xeyli çox olub. Belə ki, 2015-ci ildə Göyçayda 13756 hektar sahədən 36 min 408 ton məhsul tədarük edilmişdi.
Dövlət yardımından bəhrələnən göyçaylı fermerlər kənd təsərrüfatı məhsullarının əkin sahəsini və məhsuldarlığı ildən-ilə artırırlar. 2017-ci ilin məhsulu üçün aparılan taxıl səpini bu günlərdə başa çatdırılıb. Kəndlilər 14100 hektar sahədə taxıl səpini aparıblar və hazırda sahələrə lazımi aqrotexniki qulluq edilir.
Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı və buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı Göyçayda uğurla icra olunur. Bununla əlaqədar rayonda yaradılan xüsusi komissiya 2016-cı ildə 5977 torpaq mülkiyyətçisinə dövlət büdcəsinin vəsaiti hesabına, ümumilikdə, 1 milyon 111 min 777 manat maddi yardım və subsidiya hesablayıb, həmin vəsait plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb.
Aqrar sahəyə dövlət qayğısının artması nəticəsində 2016-cı ildə Göyçay rayonunda kənd təsərrüfatının pambıqçılıq və baramaçılıq sahəsində əhəmiyyətli dirçəliş hiss edilib. Uzun illər fasilədən sonra 2016-cı ildə ilk dəfə olaraq 16 kənddə 200 hektar sahədə pambıq əkini aparılıb. Rayonda çiyid səpini aparılan sahələrə aqrotexniki qulluq edilərək, bol məhsul götürülüb. Fermerlər 143,45 min kiloqram məhsul tədarük edərək “Ucar-MKT” İstehsalat Kommersiya MMC-yə təhvil veriblər. Kəndlilər cari ildə Göyçayda 600 hektardan çox sahədə çiyid səpini aparmağı planlaşdırırlar. Bunun üçün indidən hazırlıq işləri görülür, istifadəsiz qalan boş torpaq sahələrinin əkinə cəlb edilməsi nəzərdə tutulur.
Eyni zamanda, uzun illər fasilədən sonra 2016-cı ildə ilk dəfə olaraq Göyçay rayonuna Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu gətirilərək yerli kümçülərə paylanılıb. Kümçülər 1200 kiloqram barama istehsal ediblər. Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından Azərbaycana gətirilən tut tinglərinin 40 min ədədi bölgü əsasında Göyçay rayonuna göndərilib. Tinglərin vaxtında əkilməsi üçün kənd sakinlərinin iştirakı ilə kütləvi iməciliklər təşkil edilib. Üç kəndin ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid boş torpaq sahələri ayrılıb, tut tinglərinin əkilməsi təmin olunub. Rayonun Mallı-Şıxlı kəndində 2 hektar, Ləkçiplaq və Alpoud kəndlərinin hər birində isə bir hektar tut bağı salınıb. Hər hektar əraziyə 10 min ədəd tut tingi əkilib.
Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon sakinlərinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə son bir ayda əlavə olaraq 24 kənddə 12 hektar sahədə yeni tut bağı salınıb. Həmin bağlara, ümumilikdə, 10 min ədəd yerli tut tingi əkilib. Yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməkliyi ilə Göyçaya daha 5 min ədəd tut tingi gətiriləcək. Hazırda yeni salınan tut bağları hesabına gələn il Göyçayda 3 ton barama istehsalı gözlənilir.
Prezident İlham Əliyev ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi üçün müvafiq tapşırıqlar verərkən bildirib ki, kənd təsərrüfatının ənənəvi strateji sahələri bərpa edilməklə yanaşı, rayonlar üzrə ixtisaslaşma da nəzərə alınmalıdır. Göyçayın məhz bağçılıq, baramaçılıq, pambıqçılıq və tərəvəzçilik sahəsində böyük təcrübəsi var. Vaxtilə rayon üzümçülükdə də ciddi uğurlar qazanıb və mövcud potensial bu sahəni bərpa etməyə imkan yaradır. Ötən il Göyçayda yeni meyvə bağlarının, xüsusən də nar, xurma, heyva və alça bağlarının salınmasına böyük önəm verilib. Belə ki, 120 hektar sahədə yeni meyvə bağı salınıb. Hazırda rayonda 5766 hektar sahədə meyvə bağı mövcuddur ki, bunun 4915 hektarı bar verəndir. 2016-cı ildə Göyçayda 62 min 770 ton meyvə tədarük olunub. Həmçinin 3912 hektar nar bağından 42 min 300 ton, 805 hektar xurma bağından 14 min 700 ton məhsul götürülüb.
Göyçaylı torpaq mülkiyyətçiləri bostan və tərəvəz əkini sahəsini və məhsuldarlığı ildən-ilə artırmağı qarşıya məqsəd qoyublar. Ötən il rayonda 1071 hektar sahədə tərəvəz məhsulları yetişdirilib ki, bu da 2015-ci ildəkindən 30 hektar çoxdur. Tərəvəz sahələrinin 263 hektarını qapalı pomidor və xiyar istixanaları təşkil edir. Kənd zəhmətkeşləri 2016-cı ildə 18 min 600 ton tərəvəz məhsulu istehsal ediblər ki, bunun 5040 hektarı qapalı istixanaların payına düşür.
Rayonda tərəvəz bitkiləri ənənəvi olaraq hər il yaz aylarında əkilir və yayda məhsul toplanşı həyata keçirilir. Lakin ötən il ilk dəfə olaraq Göyçayda payız ayları üçün açıq havada təkrar tərəvəz əkini aparılıb. Təkrar əkin zamanı pomidor, xiyar, paxla, badımcan, bibər və digər bitkilər əkilib. Ümumilikdə, 64,5 hektar sahədə təkrar tərəvəz əkini aparılıb və payız aylarında əlavə 420 ton məhsul tədarük olunub. Ötən il rayonda 37 hektar sahədə 619 ton bostan, 157 hektar sahədə 1871 ton kartof istehsal edilib ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Bir sözlə, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar cari ildə bu sahədə daha böyük nailiyyətlərin əldə olunacağına əminlik yaradır.
Ağsu rayonunda isə payızlıq taxıl səpini başa çatıb. Rayon statistika idarəsindən bildirilib ki, bölgədə 33 min 925 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 18 min 156 hektarı buğda, 15 min 769 hektarı isə arpadır. Builki mövsümdə buğda əkini sahələri xeyli artırılıb.
Rayonun Gəgəli, Kəndoba, Ərəbuşağı, Qaraqoyunlu, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər daha çox sahələrdə səpin aparıblar. Erkən taxıl əkilən sahələrdə vəziyyət normaldır. Hazırda gəmiricilərə qarşı mübarizə tədbirləri görülür.
2016-cı ildə həmçinin Ağsu rayonunda meyvə bağlarından 10 min 863 ton məhsul yığılıb. İstehsal əvvəlki illə müqayisədə 319 ton çoxdur. Bölgədə 3560 hektar meyvə bağı var. Dağlıq, dağətəyi və düzən ərazilərdə əsasən nar, heyva, üzüm, xurma, alma, alça, gavalı və əncir yetişdirilir. İstehsal olunan məhsullar emal müəssisələrinə satılır, habelə yerli və ətraf rayonların, Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına çıxarılır.
Hazırda 7470 hektar meşə ərazisi olan Ağdaş rayonunda bu sahənin mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir. Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən bildirilib ki, idarənin tabeliyində olan Ağdaş, Ağzıbir və Ucar meşəbəyiliklərinin ərazisində ötən ilin payız mövsümündə 40 hektar sahədə meşə ağaclarının və tut bağlarının əkilməsi ilə bağlı plan uğurla yerinə yetirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməyi ilə 2016-cı ildə Ağdaşda baramaçılığın inkişaf etdirilməsi üçün yeni tut bağlarının salınması işlərinə böyük önəm verilib.
Müəssisənin kollektivi ötən iki ay ərzində 33 hektar sahədə tut bağı salıb. Ağdaş və Ağzıbir meşəbəyiliklərinin ərazisinə ümumilikdə 24,5 min ədəd yerli tut tingi əkilib. Bundan əlavə, Ağdaş meşəçiləri 7 hektar sahədə akasiya, göyrüc, iydə, qovaq, nar və digər ağac tinglərinin əkinini həyata keçiriblər. Hazırda müəssisənin 5 hektarlıq tingçilik təsərrüfatında 450 mindən çox müxtəlif ağac tingi yetişdirilir. Bunun 60 mini yerli tut ağaclarıdır. Bundan əlavə, müəssisə tərəfindən 2016-cı ildə qonşu rayonlarda və Bakıda yaşıllıqların salınması üçün minlərlə ağac tingləri göndərilib.
Həmçinin müəssisənin ərazisində 30 hektar sahədə mədəni meşəlik salınıb. İdarə meşəliklərin salınması ilə yanaşı, onun mühafizəsini də uğurla həyata keçirir. Yay aylarında meşələrin yanğından mühafizəsi üçün ətraf ərazidə 3 metr enində şum zolaqları çəkilib, vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb. Cari ildə xəstə və kök üstündə qurumuş ağacların kəsilməsi hesabına 500 kubmetr odun yanacağı hazırlanaraq orta məktəblərə, uşaq bağçalarına, xəstəxanalara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə verilib.
Rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Ağdaşa göndərilib. Kənd sakinlərinin iştirakı ilə kütləvi iməciliklər təşkil edilib. Ağacların fərdi təsərrüfat sahələrində, bələdiyyə torpaqlarında, eləcə də yolların kənarında, ümumilikdə 3 hektar ərazidə əkilməsi təmin edilib.
Təbii ki, aqrar sahənin inkişafı kompleks işlərin görülməsini tələb edir və bu istiqamətdə əkin sahələrinin suvarılması daim diqqət mərkəzindədir. Məsələn, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Sabirabadın Azadkənd kəndi ərazisində Kür çayından qidalanan 24 kilometr uzunluğunda yeni kanal inşa edilir. “Muğansutikinti” ASC-nin Şirvan filialı tərəfindən tikilən yeni kanalın işə düşməsi ilə rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələhmədbəyli kəndlərinin 11 min 500 hektar əkin sahəsi su ilə təmin olunacaq. Tikintinin birinci mərhələsində suqəbuledici qurğu olan stasionar nasos stansiyası və iki boru xəttinin tikintisi, həmçinin beton kanalın 3 kilometrlik hissəsində işlər artıq başa çatdırılıb. Yeni nasos stansiyasının suötürmə gücü saniyədə 10 kubmetr olacaq. Kanalın tikintisinə əlliyə qədər müxtəlif növ texnika cəlb olunub. İnşaat işlərində 100-dən çox işçi çalışır. Yaxın vaxtlarda tikintinin ikinci mərhələsinə başlanılacaq.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2017.- 10 yanvar.- S.8