Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Hamit
Karadeniz “Yeni Azərbaycan” qəzetinin
redaksiyasında olub
Yanvarın 11-də Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub. Hamit Karadeniz görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğulayaraq bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətləri bütün dünya üçün örnəkdir. İki ölkə arasındakı münasibətlərin mütəmadi olaraq möhkəmləndiyini deyən səfirliyin mətbuat müşaviri əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın dəstəyini hiss edib. Hamit Karadeniz diqqətə çatdırıb ki, 15 iyul hadisələri zamanı Azərbaycan demokratik dəyərləri rəhbər tutaraq qardaşlıq, dostluq mövqeyi ortaya qoydu və Türkiyənin yanında oldu. Bu mövqeyin Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini deyən səfirliyin mətbuat müşaviri iki ölkə arasındakı dostluğun daimi olduğunu vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” fəlsəfəsinə söykənir. Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır, iki ölkə arasındakı möhkəm dostluq və qardaşlıq münasibətləri sarsılmazdır. Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 15 iyul hadisələrindən dərhal sonra Türkiyənin qanuni seçilmiş hakimiyyətinin yanında olduğunu bildirib, baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və qardaş Türkiyənin dövlət maraqlarını müdafiə edib.
Görüşdə
Türkiyə
Cümhuriyyətinin
Azərbaycan
Respublikasındakı səfirliyinin
mətbuat müşaviri Hamit Karadeniz 15 iyul hadisələrini əks
etdirən xatirə plaketini
“Yeni Azərbaycan”
qəzetinə təqdim edib.
Yeni Azərbaycan.- 2017.- 12 yanvar.- S.5.