Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir

 

Prezident İlham Əliyev: Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir

Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Şübhəsiz ki, bunun əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütün bunların nəticəsi kimi, Azərbaycan həm də sabitlik adası kimi xarakterizə olunur.

Etibarlı təhlükəsizlik və sabitlik mühiti dayanıqlı inkişafa töhfə verir

Ümumiyyətlə, milli dövlətlərin gücünüəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsidir. Bir çox araşdırmaçılar bunu milli hökumətin keyfiyyəti kimi səciyyələndirirlər. İdarəetmə strategiyasını rasional prinsiplər, meyarlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edildiyi və ardıcıl səciyyə daşıdığı subyektlər qismində çıxış edirlər. İdarəetmə strategiyasının səmərəliliyi dedikdə isə, təbii ki, iqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə ümummilli mənafeyin təmin olunmasına istiqamətlənmiş siyasi kursun həyata keçirilməsi sayəsində əldə edilmiş tərəqqi meyilləri və bunun əsasında duran effektiv nəticələr nəzərdə tutulur. Vətəndaşların maddi rifah halının, həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülən fundamental tədbirlər - sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq səviyyəsinin artırılması, eləcə də sosial-siyasi həyatın və təsisatların legitimləşdirilməsi, təsisatlanma prosesinin konstitusion əsasda reallaşdırılması, siyasi-hüquqi islahatların mütəmadi surətdə həyata keçirilməsi kimi təməl faktorlar ictimai-siyasi sabitliyin və ümummilli inkişafın qarantı qismində çıxış edir. Yuxarıda sadalanan faktorları və meyarları nəzərə alaraq qeyd edə bilərik ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər.

Digər tərəfdən, hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Buna paralel olaraq təhlükəsizlik mühitinin təmin və mühafizə olunması istiqamətində ardıcıl tədbirlər ictimai-siyasi sabitliyin davamlılığını şərtləndirir. Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Bütövlükdə, rasional daxili və xarici siyasət kursu sayəsində siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.

Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgünəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.

Siyasi kataklizmlər Azərbaycandan yan keçib: ölkəmizdə 2016-cı ildə siyasi sabitlik qorunub saxlanıb

Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Dünya siyasətinin gələcəyinə təsir edən iqtisadi böhran isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə, həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdəəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Dolayısıyla, siyasi və iqtisadi böhran müasir dünyanın əsas problemi kimi çıxış edir. Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir.

Bütövlükdə, 2016-cı ilin də region və dünya üçün siyasi mənzərəsi heç də müsbət deyil. Xüsusilə Avropada, MDB məkanında, Yaxın Şərqdə baş verən siyasi böhran və kataklizmlər müxtəlif xalqların çoxsaylı fəlakətlərlə üzləşməsinə səbəb olub, milli dövlətlərin müstəqilliyini sıradan çıxarıb. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı bu məqamlara toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, 2016-cı ili təhlil edərkən, əlbəttə ki, biz regionda və dünyada gedən prosesləri nəzərə almalıyıq: “2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulmuşdur və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşmışdır. 2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunurdu. Avropada miqrantlar böhranı dərinləşmişdir, MDB məkanında gedən proseslər narahatlıq doğururdu. Yaşadığımız bölgədə və Yaxın Şərqdə, qeyd etdiyim kimi, qanlı toqquşmalar, müharibələr, terror aktları, əfsuslar olsun ki, bölgədəki sabitliyə çox böyük zərbə vurmuşdur”.

Bu məqamda qeyd edək ki, çoxsaylı siyasi kataklizmlərlə müşayiət olunan, müxtəlif ölkələrdə stabillik və təhlükəsizliyin pozulduğu 2016-cı ildə də Azərbaycanda sabitlik qorunub saxlanıb, ölkəmiz kənar təsirlərə məruz qalmadan öz siyasi istiqrarını davam etdirib.

Əlbəttə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycanın ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilməsi beynəlxalq aləmin ölkəmizə diqqətinin kifayət qədər artmasını şərtləndirib.

Xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün artmasında ifadə olunur

Azərbaycanda sabitlik amili, xalq-iqtidar birliyi ölkəmizin milli güc komponenti kimi çıxış edir. Sirr deyil ki, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizmə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi sayəsində ölkəmiz artıq hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətdir. Məhz 2016-cı ildə də ölkəmizdə sabitlik, təhlükəsizlik mühitinin qorunub saxlanması bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır: “Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.

Azərbaycanın daxili və xarici siyasət kursu müstəqillik prinsipinə söykənir

Qeyd etdiyimiz kimi, Azərbaycanda möhkəm ictimai-siyasi sabitliyi təmin edən başlıca amillərdən biri məhz müstəqil siyasət kursunun həyata keçirilməsidir. Bu gün Azərbaycanın daxili və xarici siyasəti məhz müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.

Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Bu səbəbdən dəəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.

Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. Doğrudur, hələ də Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur. Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqlar.

Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər.

Nəticə etibarilə, dünya iqtisadiyyatına uğurla inteqrasiya olunan, Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan müstəqil siyasətini uğurla davam etdirir. Hər hansı bir qurumdan, təşkilatdan asılı olmayan ölkəmiz öz inkişaf yolunda inamla irəliləyir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı onu da qeyd edib ki, Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır: “Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar”.

Azərbaycanın seçdiyi inkişaf yolu milli maraqlara və xalqın ali iradəsinə əsaslanır

Bütövlükdə, bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edərək uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

Bir sözlə, Azərbaycan dayanıqlı inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Bununla yanaşı, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunə - örnək qismində çıxış edir. Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2017.- 13 yanvar.- S.2