Bölgələrdə yeni
məktəblərin tikintisi və təmiri istiqamətində işlər davam etdirilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə məktəb infrastrukturunun da yenilənməsini təmin edir
Məlum olduğu kimi, respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrilməsidir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Hazırda isə sayca üçüncü - 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Onu da qeyd edək ki, ölkəmizdə son 13 ildə Dövlət proqramları çərçivəsində təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən paytaxt Bakıda və regionlarda mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması, yenilərinin tikilməsi xüsusilə diqqətəlayiqdir. Son 13 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond da ölkəmizdə təhsillə bağlı önəmli layihələr həyata keçirir. Belə ki, son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri uğurla reallaşdırılmaqdadır. Fond tərəfindən 2005-ci ildən uğurla həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində indiyədək ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dən çox məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir.
Məlum olduğu kimi, dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 13 ildə çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib. Eyni zamanda, ötən il ərzində də həmin istiqamətdə işlər davam etdirilib. Belə ki, 2016-cı ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli məktəblərlə əvəzlənməsinə start verilib. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Məhz bütün bu sadalananların fonunda, regionlarımızda məktəb infrastrukturlarının yenilənməsi istiqamətində işlər uğurla davam etdirilir. Məsələn, Kürdəmir rayonunun Axtaçı-Qarabucaq kəndində tam orta məktəb üçün yeni bina inşa olunur. Bina Təhsil Nazirliyinin sifarişi ilə “İnşaat Servis-X” MMC tərəfindən tikilir. 132 yerlik tədris ocağı ikimərtəbəli olacaq. Bina müasir arxitektura üslubunda inşa edilir və burada tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılacaq. Hazırda tədris korpusunun zirzəmi hissəsi tikilib, birinci mərtəbənin monolit dəmir-beton döşəməsi quraşdırılıb. İdman zalının kürsü hissəsində hörgü işləri tamamlanıb. Qazanxana və nasosxana binalarının tikintisi başa çatdırılıb, 10 kilovoltluq hava xətti çəkilib. Tədris ocağı üçün yeni binanın bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.
Zərdab rayonunda isə H.Zərdabi adına 1 saylı məktəb-liseyin binasının əsaslı təmirinə başlanılıb. 1176 şagird yerlik təhsil ocağının əsaslı təmiri Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilir. İşlər “Xim Ekspres-2000” MMC tərəfindən görülür. Qeyd edək ki, təhsil ocağı həm də yeni inventar və avadanlıqlarla təchiz olunacaq. Aparılan əsaslı təmir işləri ilə əlaqədar məktəb-liseyin şagirdləri müvəqqəti olaraq şəhər 2 və 3 saylı tam orta məktəblərdə təhsil alırlar.
Balakən rayonunun Şərif kəndində də tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Qeyd edək ki, bina 2012-ci ildə bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən ikimərtəbəli yeni məktəb binasının 2017-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə son 11 ildə Balakən rayonunda 31 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası isə əsaslı təmir olunub.
Öz növbəsində Salyan rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Son illər rayonda 16 yeni məktəb binası tikilib və 9 məktəbdə isə əsaslı təmir işləri aparılıb. Görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə rayonda ilk dəfə 1200 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb. Tikintisinə ötən il dekabrın əvvəlində başlanan üçmərtəbəli məktəb binası şəhər 2 və 3 saylı tam orta məktəblərin ərazisində inşa olunur. Müasir tələblərə cavab verəcək yeni məktəb binasında 48 sinif otağı, kimya-fizika laboratoriyası, kompüter otağı, idman və akt zalları, kitabxana, yeməkxana, tibb məntəqəsi olacaq.
Məktəb binası fasiləsiz elektrik enerjisi, istilik sistemi və içməli su ilə də təmin ediləcək. Bunun üçün yeni təhsil müəssisəsinin həyətində transformator quraşdırılacaq, qazanxana inşa olunacaq və hər biri 150 tonluq 3 su anbarının tikintisi aparılacaq. Məktəbin tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq. Qeyd edək ki, bina hazır olandan sonra şəhər 2 və 3 nömrəli tam orta məktəblər birləşdirilərək yeni təhsil ocağına köçürüləcək.
Bununla yanaşı, Sabirabad rayonunun Yaxadəllək kəndində tam orta məktəb üçün tikilən 360 şagird yerlik binanın inşası yekunlaşır. Tikintisinə 2015-ci ilin mart ayında başlanan binada inşaat işlərinin əsas hissəsi başa çatdırılıb. Binanın dam örtüyü vurulub, qapı və pəncərələr qoyulub, elektrik, su və digər kommunikasiya xətləri çəkilib, istilik sistemi quraşdırılıb, fasad hissə və daxili divarlar rənglənib. 16 sinif otağı, idman və akt zalları, kimya, fizika və biologiya laboratoriyaları, kompüter otaqları, kitabxana, yeməkxana və digər yardımçı sahələri olan məktəb binasının hazırda döşəməsi vurulur və digər tamamlama işləri görülür. Məktəb yeni inventar və avadanlıqlarla təchiz olunacaq. İnşaat işləri bu ilin mart ayının sonlarınadək başa çatdırılacaq.
Xüsusi olaraq vurğulanmalıdır ki, bu gün cəbhə xəttində yerləşən rayonlarımızda da məktəb infrastrukturunun yenilənməsi istiqamətində mühüm fəaliyyət nümayiş olunur. Yeri gəlmişkən, Ağdam rayonunun cəbhə xəttində yerləşən Mahrızlı kənd tam orta məktəbinin binası təmir olunur. 280 şagird yerlik məktəb binasının dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr, döşəmə dəyişdirilib. Divarlar suvanıb, elektrik xətti çəkilib, sanitar qovşaq tikilib, istilik sistemi qurulub. Məktəb binasında son tamamlama işləri aparılır. Qeyd edək ki, məktəbin həyətində də geniş abadlıq işləri aparılacaq, tamet döşənəcək. Təmir işlərinin bu ilin mart ayında başa çatdırılması nəzərdə tutulur.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 25 yanvar.- S.8