Dövlət proqramları
çərçivəsində həyata keçirilən infrastruktur layihələri regionların hərtərəfli
inkişafına təkan verib
Bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin icrası uğurla davam edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın dinamik inkişafı iqtisadi yüksəlişlə yanaşı, regionların hərtərəfli tərəqqisini də şərtləndirir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqamda vurğulamaq lazımdır ki, ümumi inkişaf tendensiyasının tərkib hissəsi sayılan regionların inkişaf konsepsiyası bölgələrdə bir sıra sahələrin yüksəlişinə nail olunmasını təmin edib. Ümumiyyətlə, hazırda dünyanın ayrı-ayrı ölkələrində öyrənilən və təbliğ edilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, son 13 ildə respublikanın bütün regionlarında infrastruktur təminatının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Belə ki, bölgələrdə yeni yolların çəkilməsinə, şəhər və kəndlərin qazlaşdırılmasına, enerji təminatının gücləndirilməsinə böyük həcmlərdə maliyyə vəsaitləri yönəldilib. Həyata keçirilən layihələrin nəticəsidir ki, bu gün respublikanın bölgələrinin infrastruktur təminatı ən müasir tələblər səviyyəsinə çatıb. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Ölkəmizin regionlarında müasir infrastruktur yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev paytaxtda və bölgələrdə yeni istifadəyə verilən əksər sosial təyinatlı infrastruktur obyektlərinin açılışında şəxsən iştirak edib və Öz tövsiyələrini verib.
Dövlət başçısı eyni zamanda Azərbaycanda etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyub və ötən müddət ərzində bu istiqamətdə mühüm addımlar atılıb.
Beləliklə, hazırda içməli su təchizatı sisteminin müasir səviyyəyə qaldırılması ilə bağlı layihələr respublikanın bütün bölgələrində həyata keçirilir. Son 13 ildə həyata keçirilən Dövlət proqramları, həmçinin dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb. Artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s saylı sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.
Bu məqamda qeyd edək ki, hazırda Sumqayıtın su və kanalizasiya şəbəkəsi yenilənir. Sumqayıt şəhərində 1364 çoxmənzilli yaşayış binasının zirzəmilərinin monitorinqi aparılarkən məlum olub ki, 400-ə yaxın binanın zirzəmisinə su yığılıb. Həmin zirzəmilərdən su nümunələri götürülərək suyun mənşəyi və axıntıların səbəbləri araşdırılıb. Nəticədə zirzəmilərdəki suyun bir hissəsinin binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlı olduğu müəyyən edilib. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olub. Şəhərin 350 yaşayış binasının alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı və cari təmir və yenidənqurma işləri aparmaq məqsədilə zirzəmilərdən keçən 1765 poqonmetr su xətti, 5499 poqonmetr kanalizasiya xətti dəyişdirilib. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınıb, su itkiləri minimuma endirilib. Aparılan tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olub.
Eyni zamanda, Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər cədvələ uyğun davam etdirilir. Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrasına 2010-cu ilin dekabrında başlanılıb. Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsi çərçivəsində 2,27 kilometr uzunluğunda Kiş sugötürücü qurğusu inşa edilib, su mənbəyindən anbar kompleksinə qədər 2,9 kilometr uzunluğunda magistral su xətti çəkilib, hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarı təmir olunub. Xlorator qurğusu və sutəmizləyici stansiyanın inzibati binası inşa edilərək sifarişçi təşkilatın istifadəsinə verilib. Birinci mərhələ üzrə işlər 2011-ci ilin sentyabrında başa çatdırılıb.
Layihənin ikinci mərhələsi çərçivəsində hər birinin tutumu 3 min kubmetr olan 3 su anbarı inşa edilib, min kubmetr tutumundakı mövcud su anbarında təmir işləri aparılıb. Eyni zamanda, birinci mərhələ çərçivəsində inşa edilən anbarlar sahəsindən yeni tikilən anbarlaradək polad borularla qidalandırıcı xətlər çəkilib, Şəki şəhərinin suya olan tələbatı qismən təmin edilib. Bu mərhələ çərçivəsində üçüncü müqavilə üzrə işlərə isə 2016-cı il dekabrın əvvəlində start verilib və Şəki şəhərinin mərkəzi hissəsinin paylayıcı su və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur.
İkinci mərhələdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı, həmçinin 3 kollektor tikiləcək, ev birləşmələri də daxil olmaqla, 120 kilometrdən artıq su və bir o qədər də kanalizasiya xətləri inşa ediləcək. Hazırda tikinti işləri şəhərin 12 zonasında aparılır. İnşaat işləri ilə 17 tikinti briqadası məşğuldur. Tikintidə 360 nəfərdən çox işçi çalışır. İşlər sürətləndikcə, işçilərin sayı da artırılacaq. Dekabrın əvvəlindən indiyədək 7 kilometrdən artıq su və bir o qədər də kanalizasiya xətləri inşa edilib. Ümumiyyətlə, bu mərhələ çərçivəsində işlərin 2018-ci il oktyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur. Tikinti işlərini Almaniyanın “Dornier Schneider” Consultinq şirkətinin nəzarəti ilə “Əfqan-TTŞ” şirkəti yerinə yetirir. Layihənin növbəti mərhələsində isə Şəki şəhərindən kənarda tullantı sularını təmizləyəcək qurğu inşa ediləcək.
“Azərsu” ASC Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, qəsəbəyə içməli suyun verilməsi mərasimində Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Bir neçə il öncə Hacıqabul şəhərində yeni layihə icra edilib, şəhərdə uzun illər mövcud olmuş içməli su problemi həllini tapıb. Növbəti mərhələdə kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub”.
Tədbirdə çıxış edən qəsəbə sakinləri içməli su probleminin həllinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Hacıqabul rayonunun Navahı qəsəbəsini içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür-Bakı su kəməri seçilib. Bu kəmərdən Navahı qəsəbəsinə müxtəlif diametrli polietilen borularla 2,4 kilometr magistral su xətti çəkilib. Eyni zamanda, qəsəbə daxilində 5 kilometrlik yeni su şəbəkəsi yaradılıb, 300-ə yaxın ünvana birləşmə verilib. Bununla da 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılıb. Hacıqabul rayonunun Navahı qəsəbəsində 1980-ci illərdə su şəbəkəsi yaradılıb, su təchizatı sistemləri uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşüb və qəsəbəni tam əhatə etməyib. Sakinlərin böyük əksəriyyəti içməli suya olan tələbatını fərdi qaydada ödəmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələrin həyata keçirilməsinə başlanılıb. Xaçmaz rayonunun Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan, Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində həyata keçirilən layihələr çərçivəsində həmin yaşayış məntəqələrində yeni içməli su təchizatı sistemləri yaradılıb. Ümumilikdə 5 rayonun 13 kənd və qəsəbəsində 30 kilometrdən artıq su xətti çəkilib. Bu layihələrdən həmin yaşayış məntəqələrinin 10 mindən çox sakini faydalanıb.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2017.- 27 yanvar.- S.8