Bölgələrin elektrik
enerjisi ilə təminatının yaxşılaşdırılması
istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
Son illərdə reallaşdırılan layihələrin nəticəsində regionların elektrik enerjisi ilə təminatında ciddi dönüş yaranıb və müştəri məmnunluğu artıb
Son 13 ildə bütün ölkə boyu geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Hazırda respublikanın infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır.
Azərbaycanın elektrik enerjisinə olan tələbatını daxili istehsal hesabına ödəməsi böyük nailiyyətdir
Ulu öndər Heydər Əliyevin ölkənin elektrik enerjisi təsərrüfatının möhkəmləndirilməsi istiqamətində başladığı işlər 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Xatırladaq ki, hazırda respublikamızda bütövlükdə 34 elektrik stansiyası fəaliyyət göstərir. Respublikamızda mövcud elektrik stansiyalarından 25-nin 2004-cü ildən sonra tikilməsi və eyni zamanda, mövcud stansiyalarda genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirilməsi Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatının gücləndirilməsinə necə güclü siyasi iradə nümayiş etdirdiyini əyani şəkildə təsdiqləyir. Qısa müstəqillik tarixində respublikamız yeni yaradılan güclər, mükəmməl infrastruktur, paylayıcı şəbəkənin yenidən qurulması, ardıcıl şəkildə həyata keçirilən idarəetmə islahatları və əlbəttə ki, çoxminli peşəkar kadrlar ordusunun zəhməti sayəsində elektrik enerjisinə olan tələbatını tam yerli istehsal hesabına ödəməyə nail olub, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb ki, bütün bunlar çox böyük nailiyyətdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində qarşısına yüksək inkişaf hədəfləri qoyan müstəqil Azərbaycanın öz böyük məqsədlərinə çatmasında respublikamızda istehsal olunan elektrik enerjisinin və ondan səmərəli istifadə olunmasının müstəsna rolu var.
Regionların enerji paylayıcı şəbəkəsi sürətlə yenilənir
Son illərdə paytaxtın enerji paylayıcı şəbəkəsində əldə olunan müsbət təcrübə həmçinin respublikanın bölgələrində də geniş yayılır. Məlumdur ki, Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb. Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilib. Qısa müddətdə bölgələrin də enerji təchizatında dönüş yarandığını söyləmək mümkündür. Regionların paylayıcı şəbəkəsi sürətlə yenidən qurulur. Son illərdə Gəncədə şəhərin qədim memarlıq üslubunda tikilən yarımstansiya istifadəyə verilib. “Azərişıq” ASC-nin inşa etdiyi 3 yeni 110 kV-luq yarımstansiyadan ikisi regionların (Şəki şəhərində “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy” yarımstansiyaları) payına düşür. “Azərişıq” tərəfindən Xaçmazda 2, Qubada 3, Şabranda 2, Daşkəsəndə 3, həmçinin Qəbələ, Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər birində bir yarımstansiya inşa edilib. Regionlarda müasir standartlara cavab verən 18 rayon enerji təchizatı və satış idarələrinin ofisləri istifadəyə verilib, bir neçə rayonda isə ofis binalarının tikintisi davam etdirilir. Ayrı-ayrı bölgələrdə 35 kV-luq 400-dək yarımstansiya təmir olunub, 1450 ədəd müasir tipli yeni TM və KTM tikilərək quraşdırılıb, 6500-ə yaxın transformator yarımstansiyalarında təmir işləri həyata keçirilib, 24 000 kilometrə yaxın elektrik verilişi xətləri təmir edilib, 15 000-dən çox yeni dayaqlar quraşdırılıb, 750 kilometr kabel xətti, 2400 kilometr hava xətti çəkilib.
Regionların elektrik enerjisi təsərrüfatı yenidən qurularkən ən müasir standartlar tətbiq olunur. Yeni tikilən yarımstansiyalar xüsusi layihə əsasında iki transformatorlu (açıq şəraitdə) olmaqla qapalı tipli tikilir. Yüksək və alçaq gərginlikli xətlərin yarımstansiyaya girişi və çıxışı xüsusi kabel kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata keçirilir. Bu tip yarımstansiyalar daha uzunmüddətli və təhlükəsiz olmaqla dayanıqlıdır. Xarakterik haldır ki, bütün yeni tikililər əsasən mövcud yarımstansiya və digər energetika qurğularının ərazisindən səmərəli istifadə etməklə, birbaşa həmin ərazilərdə inşa olunur. İstifadəyə verilən inzibati binalardakı infrastruktur və xidmət mükəmməlliyi ilə seçilir. İşçilərin fasilə zamanı normal istirahəti üçün də hərtərəfli şərait yaradılır.
“Daş Salahlı” yarımstansiyası ən müasir tələblər səviyyəsində qurulub
2016-cı ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Qazax rayonunda istifadəyə verilən 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası ən müasir tələblər səviyyəsində qurulub. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev bildirib ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib.
Diqqətə çatdırılıb ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti, o cümlədən Qazax və Ağstafa rayonlarındakı sosial obyektləri və istehsal müəssisələrini dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.
Yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vakuum” tipli avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.
Əsas hədəflərdən biri müştəri məmnunluğuna nail olmaqdır
Regionların elektrik enerjisi təchizatı şəbəkəsinin müasir tələblər səviyyəsində yenidən qurulması strategiyasında qarşıya qoyulan əsas hədəflərdən biri müştəri məmnunluğuna nail olmaqdan ibarətdir. Bu məqsədlə bölgələrdə abonentlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə abonentlər müasir tipli sayğaclarla təmin olunurlar. 2011-2016-cı illər ərzində ölkə üzrə 70 mindən artıq SMS Smart tipli sayğac quraşdırılıb.
Eyni zamanda, “Azərişıq” “ASAN xidmət” mərkəzləri vasitəsilə abonentlərə xidmətin əhatəsini genişləndirməyə çalışır. Hazırda “Azərişıq” regionlarda Sumqayıt, Sabirabad, Bərdə, Gəncə və Qəbələ “ASAN xidmət” mərkəzlərində müştərilərinə yüksək səviyyəli xidmət göstərməkdə davam edir.
“Azərişıq” ASC regionlarda elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərə tövsiyə olunur ki, dövrün ən son texnoloji nailiyyətlərindən istifadə edərək elektrik enerjisinə görə ödəmələri “Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satışı idarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa, internet üzərindən azerishiq.az saytı vasitəsilə “onlayn” rejimdə də ödəmə aparıla bilər.
Bu günlərdə regionlarda müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışırlar
Bu günlərdə “Azərişıq”ın Regional Enerji Təchizatı və Satışı İdarələri gücləndirilmiş iş rejimində çalışırlar. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlərin vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb. Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sayğac quraşdırılması işlərinin qısa müddətdə başa çatdırılması və bu sahədə koordinasiyalı birgə işin təşkili məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ərazi strukturlarının və yerli icra orqanlarının nümayəndələrinin daxil olduğu Regional Enerji Təchizatı və Satışı idarələrindəki İşçi qruplarına öz fəaliyyətlərini Mərkəzi Qərargahla əlaqələndirməklə görülən işlərə dair mütəmadi məlumat verilməsi tapşırılıb.
Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq hallarının ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılmasına, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair ASC-nin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilib. Eyni zamanda, qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılıb, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 31 yanvar.-S.8