YAP Gənclər Birliyi 2016-cı ildəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirib

 

Əli Əhmədov: Azərbaycanı böyük gələcək gözləyir

Yanvarın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2016-cı ildəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət və hökumət rəsmiləri, deputatlar, partiyanın gənc üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurlara dair videoçarx nümayiş etdirilib. Daha sonra YAP Gənclər Birliyinin 2016-cı ildəki fəaliyyətini əks etdirən film təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, 2016-cı ili Azərbaycan uğurla başa vurub və 2017-ci ilə böyük ümidlərlə daxil olub. Onun fikrincə, 2017-ci il Azərbaycanın həyatında, ölkəmizin inkişafında əhəmiyyətli dəyişikliklərin növbəti başlanğıc nöqtələrindən birinə çevriləcək.

Əli Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda YAP Gənclər Birliyinin də rolunun artması bizi sevindirir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, hesab edirəm ki, gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Bu, hər iki tərəf üçün - həm YAP, YAP Gənclər Birliyi üçün, həm də partiyaya daxil olan gənclər üçün qarşılıqlı faydalı münasibətlərdir. Nəticə etibarilə bu münasibətlər ümummilli maraqlarımıza xidmət etmiş olur. Gənclərimiz YAP-a daxil olmaqla, partiyamızın siyasətini dəstəkləyir, partiyanın gücünə imkanları daxilində töhfə verirlər. Eyni zamanda, təbii ki, gənclər YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edir, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında göstərdikləri ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan vətəndaşları, rəhbərləri yetişəcəklər. Beləliklə də, gənclər YAP-ın sıralarına qoşulmaqla özlərinin uğurlu gələcəyi üçün etibarlı meydan əldə edirlər. Təbii ki, həm Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində, həm də bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi gənclərlə bağlı siyasətdə gənclərə nə qədər böyük önəm verildiyi cəmiyyətimizə məlumdur”.

Baş nazirin müavini bildirib ki, biz gənclərimizə Azərbaycanın gələcəyi kimi, gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq. Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Bu həm də indiki dövrün zəruri tələbatıdır. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Əli Əhmədov yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.

YAP Sədrinin müavini deyib ki, yeniliyi hamıdan yaxşı dərk edən, yeniliyi özündə ehtiva edən qüvvə gənclərdir. Bu mənada yeniləşən, yeniləşməni özünün yaşam tərzinə çevirən və gələcək həyata hazırlanmağın yolunun məhz bundan keçdiyini dərk edən cəmiyyət üçün gənclərin bu yeniləşmə prosesində iştirakını təmin etmək tamamilə məntiqlidir.Bu həm də qarşıya qoyulmuş hədəflərə çatmaq üçün seçilmiş ən düzgün yollardan biridir. Cəmiyyətimizdə gənclərimiz üçün geniş perspektivlər açılıb. YAP gənclərin ictimai-siyasi həyatımızda daha yaxından iştirak etməsi üçün ən gözəl imkan yaradan təşkilatlardan biridir və gənclərimiz bunu dərk edirlər. Beləliklə, gənclər həm Heydər Əliyev ideyalarına sadiq olduqlarına, həm Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərinə, həm də YAP-ın gənclərin ictimai-siyasi fəallığı üçün geniş imkanlar yaratdığına görə öz seçimlərini YAP-la bağlayırlar. Beləliklə, mən gənclərimizin 2016-cı ildəki fəaliyyətini kifayət qədər səmərəli hesab edirəm. Düşünürəm ki, 2016-cı ilin uğurlarının təmin olunmasına gənclərimiz böyük töhfələr veriblər. YAP gənclərinin bu töhfədə payı kifayət qədər böyük və əhəmiyyətlidir. İnanıram ki, gələcək illərdə YAP-ın gənc fəalları bu istiqamətdə öz töhfələrini daha da artıracaq, YAP-ın ictimai mövqelərinin möhkəmlənməsinə verdikləri töhfələri genişləndirəcəklər” - deyə, Baş nazirin müavini vurğulayıb.

Azərbaycan dövlətinin və Azərbaycan xalqının 2016-cı ili uğurla başa vurduğunu deyən Əli Əhmədov bildirib ki, dövlətimiz və cəmiyyətimiz inkişaf edir. Onun sözlərinə görə, bu inkişaf bizdən həyatın tələblərilə ayaqlaşmağı gözləyir: “Bu mənada Azərbaycan cəmiyyəti ciddi, böyük və möhtəşəm hədəflərə yönəlmiş dəyişikliklər mərhələsində yaşamaqdadır. Mən bunu cəmiyyətimizin transformasiyasının yeni bir mərhələsi də adlandırardım. Ölkəmiz böyük inkişaf mərhələsi keçib, çox böyük nailiyyətlər, dəyişikliklər gerçəyə çevrilib. Bütövlükdə Azərbaycanın həyatı, o cümlədən hər bir vətəndaşın həyatı ciddi şəkildə dəyişib. Bu dəyişikliklərin miqyası o qədər möhtəşəmdir ki, kənar müşahidəçilər də bunu etiraf edirlər. Hesab edirəm ki, bu dəyişikliklərin ən möhtəşəmlərindən biri də yeni, daha vətənpərvər, intellektual, bilikli, sağlam iddialı gənc nəslin yetişməsidir. Müstəqillik illərində qazandığımız ən böyük nailiyyətlərdən biri də məhz belə bir gənc nəslin yetişməsidir”.

Hazırda cəmiyyətin yenidən ciddi islahatlar dövründə olduğu vurğulayın Baş nazirin müavini söyləyib ki, bu islahatların hədəfi Azərbaycanın inkişafın növbəti daha yüksək mərhələsinə çatmasını təmin etməklə əlaqədardır. “Təbii olaraq, istər ölkəmizdə, istərsə də regionda və dünyada baş verən dəyişikliklər islahatlarımızın xarakterinə, forma və məzmununa da öz təsirini göstərir. Bu mənada yaşadığımız islahatlar mərhələsi bir sıra yeni məqamlarla səciyyələndirilə bilər. Bunun ən mühümlərindən biri iqtisadi islahatlarda özünü göstərir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan dərin iqtisadi islahatlar mərhələsinə qədəm qoyub. Bu, hər şeydən əvvəl iqtisadiyyatda struktur dəyişiklikləri, birmərkəzli iqtisadiyyatdan çoxmərkəzli iqtisadiyyata keçidin təmin edilməsi ilə əlaqədardır. İqtisadiyyatın şaxələndirilməsi islahatların qarşısında duran çox vacib vəzifələrdən biridir. Digər tərəfdən, iqtisadiyyatın lokomotivi rolunda bir mərkəzin, bir regionun deyil, müxtəlif regionların çıxış etməsi kimi bir hədəfin də qarşıya qoyulmasını ayrıca vurğulamaq istəyirəm. Beləliklə, Azərbaycanda şərti şəkildə ifadə etmək mümkündürsə, çoxmərkəzli iqtisadiyyatın yaradılması istiqamətində işlər gedir. Məsələn, Mingəçevirdə bir istiqamətdə texnoparkların yaradılması, Sumqayıtda başqa bir istiqamətli texnoparkların yaradılması və s. bütün bunlar iqtisadi mərkəzlərin yaradılması məqsədilə atılan addımlardır ki, bunun nəticəsində Azərbaycan iqtisadiyyatı tamamilə şaxələndirilmiş olacaq. Və bizim həyatımızın iqtisadi əsasları bir sahədən deyil, bir çox sahələrdən qidalanmış olacaq. Bu da, təbii ki, iqtisadiyyatın daha etibarlı əsaslara söykənməsini təmin edəcək” - deyən Əli Əhmədov onu da qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə dövlət dəstəyi də xüsusi əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, Azərbaycan əhalisinin iqtisadi fəallığının artırılması forması kimi dərk edilir. Biz iqtisadi fəal əhalinin sayını artırsaq, bu, bir tərəfdən, iqtisadiyyatımızın inkişafına təsir göstərəcək, digər tərəfdən isə, insanlarımızın həm həyat səviyyəsinin yüksəlməsinə, həm də bütövlükdə ölkənin iqtisadi inkişafına töhfə verəcək.

İdarəetmə sahəsi ilə əlaqədar da çox vacib islahatlar həyata keçirildiyini deyən Əli Əhmədovun sözlərinə görə, biz yaxın zamanlarda daha çevik və səmərəli idarəetmə mexanizminin yaradılmasına nail olacağıq. Bu da bütövlükdə cəmiyyətimizin transformasiyasına, həyatımızın bütün sferalarının daha əhəmiyyətli dərəcədə dəyişməsinə öz təsirini göstərəcək. Digər tərəfdən, innovasiyaların tətbiq olunması istiqamətində böyük layihələr həyata keçirilir. Bu layihələr Azərbaycanın iqtisadi inkişafına və iqtisadiyyatın yeni metodlar üzərində qurulmasına imkan verəcək.

İslahatlar sırasında bir neçə əhəmiyyətli məqama da diqqəti çəkən Baş nazirin müavini hazırda icbari tibbi sığorta ilə əlaqədar cəsarətli bir sosial layihənin həyata keçirildiyini vurğulayıb: “Bu, hər bir vətəndaşın həyatı ilə bağlı olan sahədir və güman edirəm ki, bu istiqamətdə aparılan islahatlar öz müsbət nəticələrini göstərəcək. Bu gün bu sahə ilə bağlı cəmiyyətimizin nigarançılıq və narahatlıqları həmin layihənin reallaşması nəticəsində aradan qalxacaq və Azərbaycanda daha etibarlı səhiyyə sisteminin təmin edilməsi mümkün olacaq. Eyni zamanda, cənab Prezidentin təşəbbüsü ilə əlçatan mənzil tikintisi ilə əlaqədar layihəni ayrıca vurğulamaq istəyirəm. Azərbaycan əhalisinin tərkibində gənclərin xüsusi çəkisi yüksək olan ölkələrdən biridir. Azərbaycanda əhali artımı bizi məmnun edir. Hər il ölkəmizdə əhali orta hesabla 1,3 faiz artır. Əhalinin sayının çox olması bizim üstünlüklərimizdən biridir. 25-30 il əvvəl Azərbaycan əhalisinin sayı təxminən 7 milyon nəfər idi. İndi isə 10 milyon nəfərə yaxınlaşıb. İndi Azərbaycanın əhalisi Cənubi Qafqazın əhalisinin yarısından çoxunu təşkil edir. Amma vaxtilə nisbət belə deyildi. Azərbaycanın 7 milyon əhalisi olanda Gürcüstanda 5 milyon, Ermənistanda isə 3,5 milyon nəfər əhali yaşayırdı. Beləliklə də, bu nisbət dəyişib və bu, ölkəmizin ciddi resurslarından biridir. Əhalinin yüksək dinamikası ölkəmizdə insanların mənzil təminatının ödənilməsi üçün çox ciddi layihənin reallaşmasını tələb edirdi. Bununla əlaqədar Prezidentimiz tərəfindən təşəbbüs irəli sürülüb və güman edirəm ki, bu layihənin reallaşması nəticəsində çox ciddi sosial proqram həyata keçiriləcək və gənclərimizin mənzillə təmin olunması istiqamətində bizi narahat edən problemlər yaxın zamanlarda aradan qalxacaq”.

“Beləliklə, cəmiyyətimiz ciddi dəyişikliklər, ciddi islahatlar dövrünün yeni mərhələsini yaşayır” - deyən YAP Sədrinin müavininin sözlərinə görə, artıq islahatların yeni mərhələsi başlayıb. Onun fikrincə, bununla əlaqədar YAP-ın gənclərinin üzərinə böyük vəzifələr düşür: “Mən istəyərdim ki, bizim gənclərimiz bu ilin fəaliyyət proqramına bu vəzifələri daxil etsinlər, məsələyə xüsusi diqqət yetirsinlər. Hər bir dəyişiklik, islahat cəmiyyətin bunlara hazır olmasına böyük ehtiyac hiss edir. Azərbaycan cəmiyyətinin bugünkü dəyişiklikləri düzgün anlamasına və dəstəkləməsinə ehtiyac var. Cənab Prezidentin təşəbbüsləri, ölkəmizdə həyata keçirilən islahatların hansı məqsədlərə xidmət etdiyi məsələsi bu gün cəmiyyətimiz tərəfindən düzgün qiymətləndirilməlidir. Hesab edirəm ki, bu ictimai dəstək Prezidentimizin islahatlar paketinin uğurla həyata keçirilməsinin çox vacib komponentlərindən birini təşkil edir. Bu mənada bütövlükdə YAP və onun Gənclər Birliyinin qarşısında duran mühüm vəzifələrdən biri bu həqiqətin insanlarımıza, o cümlədən gənclərimizə çatdırılması ilə bağlıdır. Gənclərimiz bu islahatları zəruri edən obyektiv şərtləri, cəmiyyətimizin bu gün yaşadığı problemləri və onların aradan qaldırılması üçünəyyənləşdirilmiş siyasəti olduğu kimi dərk etməlidirlər. Bunun nəticəsində həmin dəyişikliklərin uğurla reallaşmasına çox ciddi ictimai dəstək vermiş oluruq. Hesab edirəm ki, gənclərimiz 2017-ci ildə fəaliyyətlərinin istiqamətlərini bu səmtə yönəltməyə borcludurlar. Təbii ki, həm ölkə daxilində, həm də xaricində dövlətimizin, YAP-ın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var. Doğrudur, onlar çox deyil və cəmiyyətimizin əhval-ruhiyyəsinə, həyata keçirilən siyasətin uğur qazanmasına hansısa problem yarada bilməzlər. Amma bütövlükdə bu siyasətə geniş ictimai dəstəyin təmin olunması nöqteyi-nəzərindən hesab edirəm ki, bu islahatların mahiyyətinin ölkə gəncləri arasında izah edilməsi çox vacib bir vəzifədir. Bunun üçün istər sosial şəbəkələrdən, istərsə də ictimai müzakirələrin aparıldığı digər meydanlardan gənclərimiz istifadə edə bilərlər və etməlidirlər”.

Əli Əhmədovun fikrincə, gənclərimizin intellekti, savadı, vətənpərvərliyi və YAP-a sıx bağlılıqları, Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəkləmələri kifayət qədər ciddi əsaslar yaradır ki, gənclərimiz qeyd etdiyimiz məsələlər ətrafında ciddi təbliğat işləri qura bilsinlər. O, YAP Gənclər Birliyinin bu istiqamətdə ciddi bir fəaliyyət proqramı müəyyənləşdirəcəyinə, gənclər arasında geniş təbliğat işi aparacağına və Azərbaycan gənclərinin həyata keçirilən bu islahatların mahiyyətini daha dərindən dərk etməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib: “Nə qədər gənclərimiz bu siyasəti dəstəkləyəcəklərsə, hesab edirəm ki, həmin siyasət daha uğurla həyata keçiriləcək. Eyni zamanda, nə qədər gənclər arasında təbliğat işi aparılsa, onlar bu islahatları nəinki dəstəkləyəcək, həmçinin bu islahatların həyata keçirilməsinin vacib iştirakçısına çevriləcəklər. Beləliklə də, biz həmin islahatları uğurla həyata keçirə biləcəyik. Nəticədə də Azərbaycan iqtisadiyyatı yüksələcək, iqtisadiyyat daha etibarlı təməllər üzərində qərar tutacaq və bugünkü təminatımızın daha yüksək səviyyəyə qalxması üçün zəmin hazırlanmış olacaq. Bu isə o deməkdir ki, insanların həyatı daha da yaxşılacaq, gənclərimizin təhsil alması və işlə təminatı üçün daha etibarlı mexanizmlər meydana gəlmiş olacaq, gənclərimiz cəmiyyətin ictimai, iqtisadi həyatında daha yaxından iştirak edəcəklər”.

Hesab edirəm ki, bizim gənclərimiz içərisində kiçik və orta sahibkarlığa kənardan baxmaq mentaliteti artıq sona çatmalıdır. Bu baxış tamamilə dəyişməlidir” - deyən Baş nazirin müavininin fikrincə, gənclərimiz kiçik və orta sahibkarlığın ən fəal iştirakçılarına çevrilməlidirlər. Əli Əhmədov qeyd edib ki, ali məktəbləri bitirən, kifayət qədər savadı və bacarığı olan insanlar dövlətin dəstəyi ilə öz işlərini qura bilərlər. Onun sözlərinə görə, bu gün biz iqtisadiyyatın fundamental əsaslarda inkişaf etməsi üçün çalışırıq. Bu fundamental əsaslar həmin kiçik və orta sahibkarlığa baş vuran gənclərimizin gələcəkdə böyük adamlarına çevrilmələrinə zəmanət hazırlamış olacaq: “Mən istəyərdim ki, gənclərimiz öz həyatlarını bir istiqamətdə görməsinlər. Elm, təhsil, dövlət idarəçiliyində çalışmaq istəyini ortaya qoymaqla yanaşı, iqtisadi fəallıq sahəsində də gənclərimizin iştirakçılıq səviyyəsinin artırılmasına böyük ehtiyac var. Azərbaycanın iqtisadiyyatı, bütövlükdə gələcəyimiz iqtisadiyyatın bu sferaları ilə əlaqədardır. Sahibkarlar, təşəbbüskar insanlar, öz işini yaratmağı bacaran insanlar təbəqəsi yetişmədən Azərbaycan iqtisadiyyatının müasir dünyanın tələblərinə uyğun iqtisadiyyata çevrilməsi çox çətin olardı. Dünyada o ölkələrin iqtisadiyyatı inkişaf edib ki, onların iqtisadiyyatı dövlət tərəfindən dəstəklənməklə yanaşı, insanların fəal iştirakı nəticəsində formalaşmış olur. Bu mənada, gənclərin aparacağı təbliğat işləri, bir tərəfdən, həyata keçirilən islahatlara ictimai dəstəyin səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq ki, bu da islahatların uğur qazanmasının vacib komponentlərindən biridir. Digər tərəfdən, gənclərimizdə sahibkarlığa marağın artmasını şərtləndirəcək. Bu həm onların özləri üçün yaxşıdır, həm də cəmiyyətin iqtisadi potensialının artması baxımından çox vacib elementlərdən biridir”.

“Beləliklə, Azərbaycanı böyük gələcək gözləyir. Biz inkişaf mərhələsini yaşamışıq, Azərbaycan bütün dünyaya özünün inkişaf etmək potensialını sübut edib. Eyni zamanda, hesab edirəm ki, Azərbaycan növbəti mərhələdə bu potensialının kifayət qədər böyük olduğu iddiasını ortaya qoyub bunu sübuta yetirmək gücündədir və sübuta yetirə biləcək. Bu işdə YAP Gənclər Birliyinin üzərinə böyük işlər düşür. İnanıram ki, 2017-ci ildə YAP Gənclər Birliyi bu istiqamətdə səmərəli fəaliyyət göstərəcəkdir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Sonra tədbirdə çıxış edən Dövlət İqtisad Universitetinin tələbəsi, YAP təqaüdçüsü Məcid Nəcəfli bildirib ki, Azərbaycan dövləti gəncliyin inkişafı üçün bütün imkanları yaradıb. Xüsusilə yüksək təhsil üçün gənclərə geniş meydan yaradıldığını deyən M.Nəcəfli qeyd edib ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafı üçün mühüm layihələr həyata keçirir. “Bu gün mən bir tələbə olaraq təhsil alıram ki, qazandığım biliklərlə ölkəmizə xidmət edim. Amma lazım gələrsə, Ali Baş Komandanın əsgəri kimi torpaqlarımızın işğaldan azad olunması üçün cəbhəyə də getməyə hazıram”, - deyə M.Nəcəfli qeyd edib.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvü Tehranə Qasımova çıxışında qeyd edib ki, təmsil etdiyi təşkilatda da gənclər fəal iştirak edirlər. Onun sözlərinə görə, 40 min üzvü olan YAP Gəncə şəhər təşkilatında 20 min nəfər gənc təmsil olunur. T.Qasımova qeyd edib ki, gənclərimiz dövlətin yaratdığı imkanlardan geniş bəhrələnirlər.

BDU-nun tələbəsi, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Zeyvə Tağızadə bildirib ki, YAP Azərbaycan xalqının taleyi ilə əlaqədar olan məsuliyyəti öz üzərinə götürərək daşıya bilən bir partiyadır: “Hazırda Yeni Azərbaycan Partiyası 700 minə yaxın insanı öz ətrafında birləşdirir. Bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir. YAP-ın üzvləri arasında həmçinin gənclər də böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də Azərbaycanın sağlam, intellektual gənclərindən ibarətdir. Ümumiyyətlə, Ulu öndərin ideyalarına sadiq qalan və cənab Prezidentin rəhbərlik etdiyi YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib”.

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Tamerlan Əkbərov çıxış edərək bildirib ki, Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs ideallar dayanır: “YAP Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Gənclərimiz hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Onun həyata keçirdiyi siyasəti dətəkləyirlər”.

Sonra tədbirdə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş bir qrup idmançıya YAP-ın üzvlük vəsiqələri, eləcə də, ötən il YAP Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 31 yanvar.-S.5