Regionlarda
reallaşdırılan su layihələri aqrar sektorda məhsuldarlığın
artmasına müsbət təsir göstərir
Son 15 ildə ölkə
miqyasında 360 min hektar sahədə torpaqların su təminatının
və 256 min hektarda meliorativ vəziyyətinin
yaxşılaşdırılması işləri yerinə
yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin
dövriyyəsinə daxil edilib
Son 15 ildə regionların
sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət
proqramlarının icrası çərçivəsində
bölgələrdə həyata keçirilən çoxlu
sayda suvarma layihələrinin, meliorativ tədbirlərin kənd
təsərrüfatının inkişafında, o cümlədən
də məhsuldarlığın artmasında rolu əvəzsizdir.
Bu barədə martın 26-da Prezident İlham Əliyevin Sədrliyi
ilə Bərdədə keçirilən
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsində geniş söhbət
açılıb. Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
sədri Əhməd Əhmədzadə məlumat verərək
bildirib ki, 2004-cü ildən bəri Prezident İlham
Əliyevin böyük diqqətinin nəticəsi olaraq
ölkə miqyasında 4,0 min kilometr uzunluğunda suvarma
kanallarının, 2400 kilometr uzunluğunda
kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən
qurulması və bərpası, 360 min hektar sahədə
torpaqların su təminatının və 256 min hektarda
meliorativ vəziyyətinin
yaxşılaşdırılması işləri yerinə
yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin
dövriyyəsinə daxil edilib, 2 minə yaxın
subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi
sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay,
Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.
2018-ci ildə regionlarda yeni suvarma layihələrinin
həyata keçirilməsi nəzərdə tutulub
Ötən il Prezident İlham Əliyevin
tapşırığı əsasında regionlarda 103 min
hektar sahəyə suyun çatdırılması və su təminatının
yaxşılaşdırılması işləri həyata
keçirilib. Dövlət
başçısı tərəfindən 2018-ci ildə də
təxminən bu qədər torpağın əkin dövriyyəsinə
cəlb edilməsi qarşıya vəzifə qoyulub.
Ə.Əhmədzadənin bildirdiyinə görə,
başlanan layihələrin icrası cari ildə də
uğurla davam etdirilir.
“Şəmkir-Samux-Goranboy magistral
kanalının İpək yolu ilə kəsişmə
qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər
hissəsində tamamlama işlərini başa
çatdırmaqla Goranboy rayonunda 8 min hektar, ötən ildə
torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Yeni
Mil-Muğan kanalının cari ildə beton üzlüyə
alınması ilə Saatlı, Biləsuvar və
İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq
sahələrinin suvarma mövsümündə su ilə təmin
edilməsi mümkün olacaq”, - deyə Ə.Əhmədzadə
vurğulayıb.
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin rəsmisi 2018-ci ildə
reallaşdırılacaq digər layihələr barədə
də məlumat verib. O bildirib ki, cari ildə
Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam
etdirilərək Neftçala rayonunun 12400 hektar əkin sahəsinin
su təminatı yaxşılaşdırılacaq, Ağcabədi
rayonunda isə 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə
təmin olunacaq. Kür çayında yeni
tikilən nasos stansiyasında və “H” kanalında tikinti
işləri davam etdirilərək Sabirabad rayonunun kəndlərinin
layihə üzrə qalan 7500 hektar əkin sahələrinin su
təminatı yaxşılaşdırılacaq, eləcə
də rayonun Kür çayı üzərindəki yeni nasos
stansiyasında və magistral kanalda tikinti işlərini
tamamlamaqla rayonun əlavə 9300 hektar qış otlaq sahələrinə
suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr
çərçivəsində Biləsuvar rayonunun 1600 hektar
yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək.
Hacıqabul rayonunda isə meliorativ tədbirlər davam etdirilməklə
2700 hektar yeni suvarılacaq torpaqlara suvarma suyu
çatdırılacaq.
Siyəzən rayonunda yeni suvarma layihələri
ümumilikdə 12 min 964 hektar sahəni əhatə edəcək
Reallaşdırılan yeni suvarma layihələri
ölkənin bütün bölgələrini əhatə
edir. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi
çərçivəsində həyata keçirilən
işlər tam başa çatdıqdan sonra Siyəzən
rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə
təmin olunub. Bununla yanaşı, layihəyə görə
5 min 992 hektar mövcud suvarılan torpaqların su ilə təminatı
da yaxşılaşdırılıb.
Siyəzən rayonu ərazisində
mövcud suvarılan torpaqların su ilə təminatının
yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi məqsədilə
görülən işlər, ümumilikdə, 12 min 964 hektar
sahəni əhatə edəcək.
Siyəzəndə mövcud suvarılan
torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi
Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanalından
götürülən suyun hesabına reallaşacaq. Kanallardan
götürülən su ümumi uzunluğu 28 min 790 metr olan
Ceyranbatan-Siyəzən paylayıcı su kəməri vasitəsilə
rayon ərazisinə veriləcək. Bununla yanaşı, layihə
çərçivəsində Siyəzəndə 61 min 488
metr qapalı, 15 min 375 metr açıq drenaj şəbəkəsi
də qurulub. Siyəzən rayonu ərazisində mövcud
suvarılan torpaqların su ilə təminatının
yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi məqsədilə
görülən işlər hazırda intensiv şəkildə
davam etdirilir.
Ağdaşda eyni vaxtda üç suvarma layihəsinin
icrasına başlanılıb
Ağdaş rayonunda boş qalan
torpaqların əkinə cəlb edilməsi üçün
yeni suvarma sistemlərinin qurulması, şirə
kanallarının lildən təmizlənməsi, əhalinin təmiz,
içməli su ilə təminatının
yaxşılaşdırılması, eləcə də
çay kənarındakı yaşayış məntəqələrinin
sel sularından mühafizəsi məqsədilə
görülən işlər uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin məlumatında
bildirilir ki, Ağdaşda əkinə yararlı olsa da boş
qalan və suvarılmayan 15800 hektar torpaq sahəsinin əkin
dövriyyəsinə cəlb edilməsi üçün 3
layihənin icrasına başlanılıb. Birinci
layihə üzrə suvarma suyu Yuxarı Şirvan kanalından
götürülməklə 4300 hektar sahənin, ikinci layihə
üzrə suvarma suyu Kür çayından
götürülməklə 7000 hektar sahənin,
üçüncü layihə üzrə suvarma suyu
Türyançay çayından götürülməklə
4500 hektar sahənin suvarılması təmin olunacaq.
Hazırda müxtəlif diametrli borularla yeraltı su xətlərinin
çəkilməsi işləri görülür.
Bundan əlavə, hazırda Kənd
Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı
Layihələri və Kreditlərin İdarə edilməsi
üzrə Dövlət Xidməti və İslam
İnkişaf Bankı birgə olaraq “Kənd yerlərində
kompleks inkişaf” layihəsi çərçivəsində
Ağdaşın səkkiz Sudan İstifadə edənlər Birliyinin (SİB) əhatə etdiyi kəndlərdə
35 min hektar ərazi üçün nəzərdə tutulan
suvarma arxlarının, şirə kanallarının, drenaj
şəbəkələrinin, kollektorların qazılaraq lildən
təmizlənməsi və mövcud beton kanalların bərpası
və yeni beton kanalların inşası işlərinə başlanılıb.
Hazırda rayonun Kükəl və Ərəbocağı
SİB-nin ərazisində işlər davam etdirilir. Bu günədək
60 kilometr uzunluğunda suvarma arxı yenidən qazılıb,
500 metr uzunluğunda beton kanal təmir edilib.
Həmçinin Türyançay
Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun
yaşayış məntəqələrinin sel və
daşqından qorunması üçün ötən bir il ərzində
Türyançay çayında 327 min kubmetr məcratəmizləmə
və 1200 metr uzunluğunda lildən təmizləmə
işləri görülüb.
Qazax rayonunda 262,84 kilometr arx və kanal lildən
təmizlənib
Qazax rayonunda son illər kənd təsərrüfatı
məhsulları istehsalının artırılmasına nail
olunub. Taxılçılıq, kartofçuluq sahələrində
əldə edilmiş yüksək məhsuldarlıq buna
sübutdur. Taxılçılıqda hektardan məhsuldarlıq
36 sentnerə, kartofçuluqda isə 272 sentnerə
çatdırılıb. Bu barədə Qazax Rayon İcra
Hakimiyyətində yaz-tarla işlərinə
hazırlığın vəziyyəti ilə bağlı
keçirilən müşavirədə bildirilib.
Müşavirədə rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov qeyd edib ki, cari
ildə əkin sahələri daha da genişləndirilərək
rekord həddə çatıb. Bu ilin məhsulu
üçün 20 min hektar sahədə əkin
aparılıb.
Rəcəb Babaşov bildirib ki,
kənd təsərrüfatında yüksək məhsuldarlıq
əldə etmək üçün qarşıda duran ən
mühüm vəzifə əkin sahələrinin su ilə
tam təmin olunmasıdır. Ötən il havaların quraq
keçməsinə baxmayaraq, rayon Suvarma Sistemləri İdarəsinin səyi və itkiyə yol verilməməsi nəticəsində
demək olar ki, ciddi bir problem yaşanmayıb. Əkin sahələrinin
su ilə təmin olunması istiqamətində görülən
ən mühüm işlərdən biri də su kanalları
və arxlarının təmizlənməsi, yararlı hala salınmasıdır.
Bu məqsədlə 262,84 kilometr arx və kanal təmizlənib.
Hazırda rayonun Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aslanbəyli,
Yuxarı Salahlı, Alpout, Kommuna və Hüseynbəyli və
digər kəndlərində arx və kanalların lildən təmizlənməsi
işləri davam etdirilir.
Regionlarda 248 yaşayış məntəqəsində
yeni subartezian quyuları qazılacaq
Xəbər verildiyi kimi, Prezident
İlham Əliyev martın 12-də “Əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması və əhalinin
içməli suya tələbatının ödənilməsi
ilə bağlı tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən, əhalisi
597 min nəfərə yaxın olan 38 şəhər və
rayonun 248 yaşayış məntəqəsində 8740 hektar
əkin sahəsinin və əkin üçün istifadə
olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması,
yeni suvarılacaq torpaqların suvarma suyuna,
habelə əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçün 2018-ci ildə 300 ədəd
subartezian quyusunun layihələndirilməsini və
qazılmasını təmin etmək məqsədilə
Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.47.13-cü yarımbəndində
göstərilmiş məbləğin 21 milyon manatı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə ayrılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadənin məlumatına əsasən, bu
quyuların 126-sının 5 min hektara yaxın əkin sahələrini
suvarma suyu ilə təmin etmək üçün ölkənin
13 pambıqçılıq rayonunda qazılması nəzərdə
tutulub. Həmin quyular əsasən vegetasiya suvarma
dövründə istifadəyə veriləcək.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 3 aprel.- S.11.