Bölgələrimizdə elektrik enerjisi ilə təchizat, qazlaşdırma və içməli su təminatı yüksək səviyyədədir

Lənkəran iqtisadi rayonunda bu istiqamətlərdə mühüm nailiyyətlər əldə olunub

Yüksək inkişaf tempi əldə etmiş Azərbaycan dövləti bütün sahələrin paralel inkişafı baxımından hər zaman seçilir. Ən əsası isə qəbul edilmiş Dövlət proqramları sayəsində regionların inkişaf dinamikası əldə etməsi, yüksək abadlıq-quruculuq işlərinin görülməsi, yeni infrastrukturun qurulması bölgələrin simasını dəyişməkdədir. Bu gün regionlarımızda istər qazlaşdırmanın, istər elektrik enerjisi ilə təminatın, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması əhalinin rahat yaşamına müsbət təsir göstərir. Bu gün bölgələrimizdə qazlaşdırma və elektrik təminatı ən yüksək səviyyədədir.

Ötən il də bu istiqamətdə mühüm addımlar atılıb. Lənkəran iqtisadi regionuna daxil olan rayonlarda aparılan işlər də bunu deməyə əsas verir. Ötən il Lənkəran iqtisadi regionunun Astara rayonunda qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib, 323 ev təsərrüfatı qazlaşdırılıb, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16937-yə çatdırılıb. Astara rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam edib. Bir neçə ərazidə dayaqlar yeniləri ilə əvəz edilib, 6 ədəd köhnə transformatorlardan ibarət şəbəkə yeni müasir tipli şəbəkə ilə əvəz olunub. Ərçivan və Şahağac nümayəndəliklərində ümumilikdə 600 ədəd SMART tipli sayğac quraşdırılıb. Əvvəllər elektrik təchizatı olmayan Şəvqo kəndinin elektrikləşdirilməsi ilə əlaqədar yeni xətt təsərrüfatı tikilib, 48 evə elektrik enerjisi verilib. Ümumilikdə il ərzində 400 yeni abonent üçün sayğac quraşdırılıb, 3060 abonentin sayğacı dəyişdirilib.

Eləcə də rayon telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 800 min manat təşkil edib, bu da 2016-cı illə müqayisədə 49 min manat çoxdur. Qovşaqda genişzolaqlı internet xidmətləri layihəsi əsasında xətt şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilib. Astara Poçtamtı 428 min manat olan tarif gəliri proqnozunu 100 % icra edib.

Lənkəran iqtisadi regionunun Cəlilabad rayonunda isə rayon mərkəzinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması layihəsi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihədə şəhərin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək üçün 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub.

Ötən il rayon telekommunikasiya qovşağının və poçtamtın yerləşdiyi 1700 kvadratmetrlik dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub, ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb və müasir işıqlandırma sistemi quraşdırılıb. Müxtəlif xidmətləri vahid məkanda cəmləşdirən və açılışında möhtərəm Prezidentimizin iştirak etdiyi “Şəbəkə” xidmət mərkəzinin yaradılması əhali üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzdə poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, İMEİL qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər xidmətlər həyata keçirilir.

Bununla yanaşı, 2017-ci il ərzində rayon telekommunikasiya qovşağı tərəfindən 258 abonentə yeni telefon xətti çəkilib, Cəlilabad şəhərində, Sərhədabad, Hamarqışlaq, Ləkin, Sabirabad və Ağdaş kəndlərində köhnə kabellər yenisi ilə əvəz edilib. Abunəçilərin sürətli internetlə təmin olunması üçün Ağdaş, Günəşli, Qarazəncir, Alar, Muğan və Əliqasımlı kəndlərində DSLAM avadanlığı quraşdırılıb. Bununla da internet abunəçilərinin sayı 4069-a çatdırılıb.

Cəlilabad poçt filialı ili mənfəətlə başa vuraraq ümumi tarif gəliri proqnozunu 110,4 faiz, pullu xidmət proqnozunu isə 112,2 faiz yerinə yetirib. Bank-maliyyə xidməti göstərilməsi üçün 14 poçt şöbəsində kompüter avadanlıqları quraşdırılıb və colver sisteminə qoşulub. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsindən ötrü 616 ədəd dayaq basdırılıb, 72000 metr naqil dəyişdirilib, 2000 ədəd yeni sayğac quraşdırılıb, 900 qüsurlu sayğac yenisi ilə əvəz edilib, 1100 sayğac möhürlənib. Eyni zamanda Uzuntəpə kəndində SMART tipli sayğaclar quraşdırılıb, Sabirabad kəndində SİP kabel çəkilib, Cəlilabad şəhərində, Privolnoye, Alar, Günəşli, Ocaqlı və Suluçeşmə kəndlərində yeni transformatorlar istehlakçıların istifadəsinə verilib.

Eləcə də ötən il ərzində Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad və Göytəpə şəhərlərində, Uzuntəpə, Kazımabad, Seyidbazar, Uzuntəpə kəndlərində köhnə borular yenisi ilə əvəz edilib. Ötən ilin sentyabr ayında Gülməmmədli kəndində 373 abonentə təbii qaz verilib.

Lənkəran iqtisadi rayonuna daxil olan Lerik rayonunda da 2017-ci il ərzində 617 min manatlıq elektrik enerjisi istehsal olunub, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi daim nəzarətdə saxlanılıb. Son illərdə 10-04 kv-luq elektrik hava xətlərində 3 mindən yuxarı ağac dirək dəmir dirəklərlə əvəzlənib, naqillər dəyişdirilib. Lerik şəhərində 3, kəndlərdə isə 13 müasir tipli 10/0,4 kv-luq transformatorlar şəbəkəyə qoşulub. Lerik şəhərində 12,6 meqavat gücündə yeni müasir tipli “Lerik” yarımstansiyası istifadəyə verilib. Kəlvəz, Mistan, Andurma, Rəzgov kəndlərində 0,4 kv-luq hava xətlərində sipləşmə işləri başa çatdırılıb, Orand, Lüləkəran və Şingədulan kəndlərində işlər davam etdirilir.

Vurğulanmalıdır ki, artıq rayonun 48 yaşayış məntəqəsi tam qazlaşdırılıb, 4372 əhali və 57 qeyri-əhali abonenti qazla təmin olunub. Ötən il rayonun Mastail, Əvilə və Murya kəndlərinə mavi qazın verilməsi təmin edilib.

Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Qosmalıan-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi quraşdırılıb, bir neçə məhəllədə sututarları inşa edilib. Hazırda içməli suyun təmizlənərək əhaliyə verilməsi, çirkab suların təmizlənməsi üçün qurğular inşa edilir, tikintidə son tamamlanma işləri həyata keçirilir.

Lənkəran iqtisadi bölgəsinin Masallı rayonunda da kommunikasiya xidmətlərinin aparılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Belə ki, 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində sutəmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. Magistral xəttin uzunluğu 7 kilometr, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 kilometr təşkil edir. Şəhər ərazisində veriləcək su sərfi orta gündəlik norma ilə adambaşına 180 litr qəbul edilib. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9170 sayğac quraşdırılıb. Eyni zamanda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır.

Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılıb və Viləşçay Su Dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılıb. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt çəkilib.

Masallıda son illər sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və miqyası genişlənməkdədir. Masallı Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 10/04 kilovoltluq xətlərdə təmir-bərpa işləri aparılıb, əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı rayonunda elektrik xətt təsərrüfatının yenidən qurulması və abonentlərin SMART tipli sayğaclarla təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Ərkivan qəsəbəsinin elektrik xətt təsərrüfatının yenidən qurulması nəzərdə tutulub ki, artıq bu istiqamətdə işlərə başlanılıb və Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində 340 ədəd dəmir dayaq dəyişdirilib, 7200 metr uzunluğunda naqillər SİP kabelləşdirilib. Bundan əlavə Musaküçə kəndində 8184 metr, Təklə kəndində 8812 metr, Əhmədli kəndində 7857 metr, Qızılağac kəndində 7100 metr, Hüseynhacılı kəndində isə 14000 metr SİP kabel çəkilib. Bu kəndlər üzrə ümumilikdə ötən il ərzində 53153 metr uzunluğunda SİP kabel çəkilib və 2400 ədəd 0,4 kilovoltluq dayaq basdırılıb.

Rayonun Təzə Alvadı, Təklə, Sığıncaq kəndlərində yenidənqurma ilə əlaqədar 31,06 kilometr (AS-70) uzunluğunda naqil çəkilib, 763 ədəd 10 kilovoltluq dəmir beton, 3982 ədəd 0,4 kilovoltluq dəmir dayaq yeniləri ilə əvəz edilib. Hazırda Muğan zonasında yerləşən kəndlərdə SIP kabelləşmə işləri davam etdirilir. Bundan əlavə, hesabat ilində Masallı şəhəri ərazisində “Azərişıq” ASC tərəfindən Masallı Enerji Təchizatı və Satışı İdarəsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılıb.

Bununla yanaşı, Dövlət Proqramı əsasında rayon mərkəzi və 42 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil, Qızılağac, Hüseynhacılı, Məmmədoba, Öncəqala, Xıl, Babaküçə, Sığdaş, Bala Təklə, Qasımlı, Yeddioymaq 2, Xanalion, Tiyaqani və Sığıncaq kəndləri təbii qazla təchiz edilib. Şıxlar və Qodman kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb, hazırda sayğaclaşma işləri davam etdirilir. Rayon üzrə qaz alan abonentlərin sayı 37433 nəfərdir.

Pərviz SADAYOĞLU

 Yeni Azərbaycan.- 2018.- 4 aprel.- S.11.