Xalqımız Azərbaycanın
davamlı inkişafı naminə cənab İlham Əliyevi
dəstəkləyir
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Malik Həsənov www.yap.org.az
satına müsahibə verib:
- Malik müəllim, Azərbaycan prezident
seçkilərinə sabitlik və inkişaf fonunda gedir. Cənab
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən inkişaf siyasətinin əhəmiyyəti və
nəticələri barədə nə deyə bilərsiniz?
- Aprelin 11-də ölkəmizdə
prezident seçkiləri keçiriləcək. Əvvəla
onu demək istəyirəm ki, seçkiöncəsi mühit,
ictimai-siyasi sabitlik və demokratik şərait xüsusi olaraq
təqdir edilir. İctimai rəy sorğuları və
mövcud reallıqlar isə deməyə əsas verir ki, Azərbaycan
xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən inkişaf siyasətinin nəticələrini
olduqca yüksək qiymətləndirir. Bu, təsadüfi
deyil, çünki müasir müstəqil Azərbaycanın
hazırkı mənzərəsini səciyyələndirən
başlıca reallıqlar möhkəm ictimai-siyasi sabitlik və
dinamik iqtisadi inkişafla bağlıdır. Ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu uğurlu
inkişaf siyasətinin Onun layiqli varisi cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində
Azərbaycan yüksək beynəlxalq reytinqə malik olan
ölkəyə çevrilib, bütün sahələrdə
əhəmiyyətli uğurlar qazanılıb. Təsadüfi
deyil ki, son 15 ildə Azərbaycan dünya miqyasında sürətli
inkişaf tempinə malik olan ölkələr sırasında
yer alıb. Ötən müddət ərzində milli
iqtisadiyyatımız 3 dəfədən çox artıb, qeyri-neft
sektoru 2,8 dəfə genişlənib. 2004-cü ildə Azərbaycanın
strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar həcmində
idisə, hazırda bu göstərici 44 milyard dollara
çatıb. Yəni respublikanın valyuta ehtiyatları 15 il ərzində
23 dəfə artıb və bu, adambaşına düşən
valyuta ehtiyatlarının həcminə görə dünya
miqyasında çox yüksək göstəricidir. Son 15 ildəki
iqtisadi göstəricilərimiz ümumi
inkişafımızın uğurlu dinamikasını əyani
şəkildə göstərir. Bu müddət ərzində
ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb və
onlardan 1,4 milyonu daimidir. 2017-ci ildə isə 177 min daimi iş
yeri açılıb. Yeni iş yerlərinin
açılması regionları da əhatə edir. Daha dəqiq desək, regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarından irəli gələn
vəzifələrin yerinə yetirilməsi nəticəsində
bölgələrdə əhalinin məşğulluğunun
təmin olunması, yeni iş yerlərinin
açılması istiqamətində mühüm nailiyyətlər
əldə edilib.
- Yeri gəlmişkən, milli inkişaf siyasətinin
mühüm istiqamətlərindən biri ayrı-ayrı sahələrdə
müvafiq proqram və layihələrin uğurla icra
olunmasıdır...
- Azərbaycanın inkişafını təmin
edən başlıca amillərdən biri müxtəlif sahələrdə
səmərəli layihə və proqramların müvəffəqiyyətlə
həyata keçirilməsidir. Sosial, iqtisadi, humanitar, təhsil
və digər sahələrdə məqsədyönlü layihələr
həyata keçirilir, mühüm nəticələr əldə
edilir. Xüsusilə də, infrastruktur quruculuğu istiqamətində
əhəmiyyətli nailiyyətlər qazanılıb. Bu
istiqamətdə bir neçə nümunəyə nəzər
salmaq məqsədəuyğundur. Məsələn,
respublika ərazisində qazlaşdırma sahəsində
aparılan genişmiqyaslı işlər nəticəsində
ölkəmizdə əhalinin qazla təchiz edilməsinin 93
faizə çatdırılmasını xüsusi olaraq qeyd
etmək lazımdır. 2010-2017-ci illərdə Azərbaycan ərazisində
yaşayış məntəqələrinin
genişmiqyaslı yeni qazlaşdırma tədbirləri
nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi
təbii qazla təmin edilib. 2009-cu ilin iyul ayına qədər
mövcud qaz şəbəkəsinin uzunluğu 10 min 536
kilometr təşkil edirdisə, 8 ilə yaxın vaxt ərzində
48 min 558 kilometr yeni qaz kəmərləri çəkilib,
9 min 101 kilometr müxtəlif diametrli qaz xətləri yenidən
qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici
məntəqə quraşdırılıb. Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
çərçivəsində həyata keçirilən tədbirlər
sırasında bölgələrin qazlaşdırılması
ilə bağlı layihələrin də önəmi
xüsusi vurğulanmalıdır. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası istiqamətində respublika ərazisində qaz təchizatı
sisteminin yenidən qurulması, kənd və qəsəbələrin
qazlaşdırılması, həmçinin uzun müddət
təbii qaz almayan yaşayış məntəqələrinin
yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində
görülən məqsədyönlü tədbirlər nəticəsində
respublikanın qaz təchizatı şəbəkəsi
genişləndirilir və müasirləşdirilir. Regionlarda
da qazlaşdırma və qaz təminatının bərpası
istiqamətində məqsədyönlü tədbirlər
uğurla davam etdirilir.
Əhalinin içməli su ilə fasiləsiz
təmin olunması istiqamətində də davamlı tədbirlər
həyata keçirilir. Diqqətə çatdırmaq istəyirəm
ki, 2004-cü ildə ölkə üzrə fasiləsiz
içməli su ilə təminat 26 faiz olub. İndi bu
göstərici 67 faizə çatıb, Bakı şəhərində
81, bölgələrdə isə 43 faizdir. Son 15 il ərzində
Taxtakörpü, Şəmkirçay, Göytəpə və
Tovuzçay su anbarları tikilib ki, bu da kənd təsərrüfatının
inkişafı üçün mühüm meliorativ tədbirlər
sırasında yer alır. Bundan başqa, son 15 ildə
respublika üzrə 2500 meqavat gücündə 30 yeni elektrik
stansiyası tikilib. Həmçinin 2004-cü
ildən etibarən respublikamızda 12 min 300 kilometr yol çəkilib,
443 körpü tikilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat
dəhlizləri üzrə yol-nəqliyyat infrastrukturunun
müasir standartlar səviyyəsində yenidən qurulması
Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli
dərəcədə genişləndirib, regionlarda daxili
yük və sərnişin daşımalarının
artmasına, həmçinin rahatlığın təmin
olunmasına müsbət təsir göstərib. Yəni son
15 ildə ölkə miqyasında infrastruktur layihələri
uğurla həyata keçirilib. Bu isə vətəndaşların
həyat səviyyəsinin yüksəlməsinə xidmət
edib, ölkəmizin inkişafının daha da sürətlənməsinə
təkan verib.
- Cənab İlham Əliyevin ölkəmizə
rəhbərlik etdiyi dövrdə diqqət mərkəzində
olan başlıca məsələlərdən biri
regionların sosial-iqtisadi inkişafı olub. Bu sahədə
görülən işlər və əldə edilən nəticələri
necə qiymətləndirirsiniz?
- Ölkəmizin inkişaf dinamikasında
regionların özünəməxsus yeri var. Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən
Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində həyata
keçirilən tədbirlər bu sahədə mühüm
uğurların əldə edilməsini şərtləndirib.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı
davamlı xarakter daşıyır və son 15 ildə əldə
edilən nailiyyətlər bunu təsdiqləyir. Azərbaycanda
2004-cü ildən həyata keçirilən regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
bölgələrin sürətli inkişafını təmin
etməklə yanaşı, infrastrukturun yenilənməsində
də əsaslı rol oynayır. Son 15 ildə
respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma,
quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə
ocaqlarının, gənclər mərkəzlərinin və
bu qəbildən olan digər sosial təyinatlı obyektlərin
qurulması, yenilənməsi mühüm əhəmiyyət
daşıyır.
Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilən Dövlət proqramları
bölgələrin tarazlı inkişafını təmin
edib. Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində yeni yollar
çəkilib və ya yenidən qurulub, çoxlu sayda
körpülər, yol qovşaqları tikilib, kommunal
infrastruktur daha da yaxşılaşdırılıb, rabitə
və digər xidmətlərin səviyyəsi yüksəlib,
çoxsaylı sənaye, kənd təsərrüfatı,
xidmət, ticarət müəssisəsi fəaliyyətə
başlayıb. Məlumdur ki, ötən müddət ərzində
regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət
Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata
keçirilib. Hər 2 Dövlət proqramlarında
qarşıya qoyulan vəzifələrin uğurla yerinə
yetirilməsi nəticəsində yerlərdə istehsal və
emal potensialı gücləndirilib. Hazırda isə
üçüncü Dövlət Proqramı icra edilir.
Əvvəlki illərdə yaradılan baza və qazanılan
təcrübə 2014-2018-ci illəri əhatə edən sayca
üçüncü Dövlət Proqramının qəbul
edilməsi üçün möhkəm əsas oldu.
Hazırda, qeyd etdiyim kimi, yeni Dövlət Proqramı
böyük müvəffəqiyyətlə yerinə yetirilir.
- Malik müəllim, qazanılmış bu
möhtəşəm nailiyyətlər seçkilərin nəticələrində
özünü necə göstərəcək?
- Sadaladığımız
möhtəşəm nailiyyətlər deməyə əsas
verir ki, Azərbaycan son 15 il ərzində Prezident İlham
Əliyevin rəhbərliyi ilə hərtərəfli, dinamik
və dayanıqlı inkişaf yolu keçib. Ötən
dövrün mənzərəsi onu göstərir ki, Azərbaycan
inkişaf edir, qazanılan nailiyyətlər isə
ölkəmizin gücü və qüdrətinin daha da
artmasını şərtləndirir. Buna görə də Azərbaycan
xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasəti dəstəkləyir və bu siyasətin
ölkəmizin inkişafına, sabitlik və
firavanlığa xidmət etdiyini əminliklə ifadə edir.
Xalqımız əmindir ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasət bundan sonra da ölkəmizin uğurlu
inkişafını təmin edəcək, qarşıdakı
dövrdə ölkə iqtisadiyyatı dayanıqlı şəkildə
inkişaf edəcək, qeyri-neft sektorunun inkişafı istiqamətində
mühüm nəticələr əldə olunacaq. Nəticə
etibarilə, cənab İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən çoxşaxəli islahatlar
ölkəmizin gələcək inkişafı
baxımından böyük əhəmiyyətə malikdir.
Bu səbəbdən əminliklə demək olar ki,
xalqımız inkişaf və sabitliyin davamlı olması
üçün cənab İlham Əliyevə səs verəcək.
Yeni Azərbaycan.-
2018.- 4 aprel.- S.8.