Azərbaycanda
sahibkarlığın inkişafına güclü dövlət
dəstəyi göstərilir
İqtisadiyyatın müxtəlif
sahələrində fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi
tədbirləri davam etdirilir
Öz inkişafına görə regionun lider
dövləti olan Azərbaycanda həyata keçirilən
iqtisadi siyasət istər regional layihələrin, istərsə
də müvafiq Dövlət proqramlarının icrasına
imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik
olan ölkəmizin tərəqqisinin konseptual əsaslara
söykəndiyini bir daha təsdiqləyir. Bu məqamda
xüsusi olaraq qeyd edək ki, 2004-cü ildən etibarən
böyük uğurla reallaşdırılan regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın
bütün bölgələrinin inkişafına təkan
verib. Məhz bu kontekstdə son 15 ildə regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
çərçivəsində bölgələrdə
böyük layihələr reallaşdırılır. Bu
layihələr də bölgələrin inkişafına, əhalinin
rifahının yüksəlməsinə xidmət edir.
Bunlardan biri də “ABAD” layihəsidir. Xəbər
verildiyi kimi bir müddət öncə İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Azərbaycan
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”)
tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik
hüquqi şəxs və “Azər-Türk Bank” ASC
arasında birgə əməkdaşlığa dair Niyyət
Protokolu imzalanıb. Niyyət Protokoluna əsasən,
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu “ABAD”çıların investisiya layihələrinin
dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini
təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditlərin
illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla
sahibkarlara çatdırılmasında müvəkkil bank kimi
çıxış edəcək, “ABAD” publik hüquqi şəxs
isə maliyyələşdirilmiş layihələr
hesabına əldə olunmuş məhsulun marketinqinin həyata
keçirilməsində sahibkarlara köməklik göstərəcək.
Yeri gəlmişkən,
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun icraçı direktoru Şirzad Abdullayevin qeyd etdiyi
kimi, dövlətimizin uğurlu iqtisadi siyasəti ölkədə
özəl bölmənin inkişafına və sahibkarlıq
fəaliyyətinin genişləndirilməsinə, yeni
sahibkarlıq subyektlərinin fəaliyyətə
başlamasına təkan verib. Onun sözlərinə
görə, ölkədə sahibkarlığın
inkişafına dövlət dəstəyi göstərən
maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti
dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri
4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə
2,1 milyard manatdan artıq güzəştli kredit verilib.
Verilmiş kreditlərin 75 faizi respublikanın
regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin
payına düşür. Maliyyələşdirilmiş layihələrin
90 faizini isə kiçikhəcmli kreditlər təşkil
edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən
biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən
indiyədək 48 mindən çox sahibkarın iştirak
etdiyi 360-dan çox işgüzar forum keçirilib.
Qeyd edək ki, SKMF digər təşkilatlarla
da fəal əməkdaşlıq edir. Məlum
olduğu kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu, “Azərbaycan Şəkər
İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı”
ASC arasında da əməkdaşlığa dair niyyət
protokolu imzalanıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən
bildiriblər ki, niyyət protokoluna əsasən, “Azərbaycan
Sənaye Bankı” ASC İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına güzəştli kreditlərin şəkər
çuğundurunun əkilməsi məqsədilə illik faiz
dərəcəsi 3 faizdən artıq olmamaqla verilməsinə
vasitəçilik edəcək, “Azərbaycan Şəkər
İstehsalat Birliyi” MMC güzəştli kreditlərin əkinçilik
mövsümü ərzində şəkər
çuğunduru istehsalçısı olan fermerlərə
verilməsini və əldə olunmuş xammalın tədarükünü
təmin edəcək.
Bununla bağlı İmişlidə
keçirilən tədbirdə çıxış edən
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun özəl
bölmənin inkişafında, xüsusən də regionlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlər,
imzalanmış niyyət protokolu üzrə birgə əməkdaşlığın
üstünlükləri barədə məlumat verib. Qeyd edilib ki, şəkər çuğundurunun
istehsalına ayrılan dövlətin güzəştli
kreditləri İmişlidə yerləşən emal müəssisəsinin
yerli xammalla təminatını artıracaq, bu sahədə
idxaldan asılılığın azalmasına imkan verəcək.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu şəkər çuğunduru istehsalı layihələrinin
aşağı faizlə maliyyələşdirilməsini
davam etdirəcək.
Ş.Abdullayev qeyd edib ki, şəkər
çuğunduru ilə məşğul olan fermerlərə
3 faizlə 7 milyon manat güzəştli kreditlərin verilməsi
təmin ediləcək. O bildirib ki, bu, emal sənayesi ilə
kiçik sahibkarlar arasında əməkdaşlığın
və bu istiqamətdə dövlətin dəstəyinin ən
gözəl bir nümunəsi olacaq.
“Azərbaycan Şəkər İstehsalat
Birliyi” MMC-nin direktoru Mehran Məmmədov birliyin fəaliyyət
istiqamətləri barədə məlumat verib, şəkər
çuğunduru istehsalının artırılmasının
məşğulluqda əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Sənaye Bankı”
ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan
imzalanmış niyyət protokoluna uyğun olaraq şəkər
çuğunduru istehsalçılarının investisiya layihələrinin
maliyyələşdirilməsinə müvəkkil bank olaraq
illik faiz dərəcəsi 3 faizdən artıq olmamaqla güzəştli
kreditlər veriləcəyini qeyd edib,
istehsalçılarla işgüzar əlaqələrin daha da
genişləndiriləcəyini diqqətə
çatdırıb.
Tədbir çərçivəsində
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına “Azərbaycan Sənaye Bankı” ASC vasitəsilə
şəkər çuğunduru istehsalına illik 3 faiz
olmaqla 7 milyon manat güzəştli kredit verilib. Bu, 1472 fermer
tərəfindən 7 min hektar sahədə şəkər
çuğundurunun əkilməsinə imkan verir. Daha aşağı faizlə güzəştli
kreditlərin verilməsi kiçik və orta
sahibkarlığın inkişafına əlavə stimul verməklə
yanaşı, “Azərbaycan Şəkər İstehsalat
Birliyi” MMC ilə şəkər çuğunduru
istehsalçıları arasında biznes əlaqələrinin
inkişafında və təsərrüfatların genişləndirilməsində
əhəmiyyətli olacaq.
İqtisadiyyat Nazirliyi
Sahibkarlığa Kömək Milli Fondunun fevralın 16-da
Salyan rayonunda keçirdiyi işgüzar forumda isə müvəkkil
kredit təşkilatları vasitəsilə Salyan və ətraf
rayonlarda fəaliyyət göstərən sahibkarlıq
subyektlərinə 343 min manat güzəştli kredit verilib.
İşgüzar forumda sahibkarlara fond tərəfindən Salyan rayonunun iqtisadi potensialına uyğun olaraq,
istixana kompleksinin, intensiv bağçılıq,
taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının
və quru meyvə istehsalı müəssisəsinin
yaradılması üzrə hazırlanmış nümunəvi
investisiya layihələri və metodiki materiallar təqdim
olunub.
Sahibkarlığa Kömək Milli Fondunun
icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti
və bu ilin ötən dövründə verilmiş güzəştli
kreditlər hesabına həyata keçirilən layihələr
barədə iştirakçılara məlumat verib. Qeyd edilib
ki, bu tədbirdə verilən kreditlər də daxil olmaqla
Salyan rayonunda indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə
44 milyon manat güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində
dövlətin güzəştli krediti ayrılan aqroparkda və
istixana kompleksində aparılan işlərə baxış
keçirilib.
Bu tədbirlər çərçivəsində
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinə isə 1,2 milyon manat güzəştli
kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq
sahələrinin inkişafına, logistik mərkəzin
tikintisinə və genişləndirilməsinə yönəldiləcək
ki, bunun nəticəsində də 80-dən çox yeni
iş yeri açılacaq. Güzəştli kreditlər
sahibkarlara martın 30-da, Qusar rayonunun Yuxarı Zeyxur kəndində
keçirilən işgüzar forum çərçivəsində
təqdim olunub.
Forumda qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin maarifləndirilməsi və
investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini
davam etdirir. Sahibkarlığın güzəştli
kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində
Qusar rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə prioritet hesab
olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik
və intensiv bağçılıq təsərrüfatlarının,
müasir meyvə-tərəvəz və süd
emalı müəssisələrinin,
ixtisaslaşdırılmış “yaşıl market” və
logistik mərkəzin yaradılması üzrə nümunəvi
investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə
kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin
100 faizədək hissəsinin dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktorunun müavini
Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin
ötən dövründə verilmiş güzəştli
kreditlər hesabına həyata keçirilən layihələr
barədə danışıb. Bildirilib ki, 2018-ci ilin ötən
dövründə sahibkarlıq subyektlərinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 50 milyon manatdan çox
güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən
layihələrin reallaşdırılması 5 min 100-dən
çox yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə, bu tədbirdə verilən
kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin 2 min 500-dən
çox investisiya layihəsinin maliyyələşdirilməsinə
189,1 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Qusar
rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış
400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının
və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu
kompleksə baxış keçirilib. Kompleksdə ötən
il istehsal olunan meyvə Rusiya, Qazaxıstan, BƏƏ və
Gürcüstana ixrac edilib. Hazırda Qətər, Əfqanıstan,
Pakistan, Şri-Lanka və s. ölkələrlə
danışıqlar aparılır. Bu kompleks fəaliyyətini
genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət
göstərən fermerlər tərəfindən istehsal
olunan məhsulların tədarükü, çeşidləmə
və qablaşdırma, məhsulların saxlanması,
satışının təşkili, nəqliyyat,
sertifikatlaşdırma, gömrük və digər xidmətləri
göstərəcəkdir ki, bu da yeni intensiv meyvə
bağlarının salınmasını
stimullaşdıracaq.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 5 aprel.- S.11.