Regionlarda yeni iş yerlərinin
yaradılması böyük sosial əhəmiyyət
daşıyır
2004-cü ildən bəri respublika üzrə
1,9 milyon yeni iş yerləri açılıb ki, onların
da böyük əksəriyyəti bölgələrin
payına düşür
Son 15 ildə Prezident İlham
Əliyevin fərmanları ilə təsdiqlənən və
2004-cü ildən uğurla reallaşdırılan
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları Azərbaycanın bütün
bölgələrinin tarazlı və dinamik inkişafında
mühüm rol oynayıb. Müvafiq Dövlət proqramları
həmçinin ölkəmizdə insanların layiqli iş
yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin
həlli baxımından da böyük aktuallıq
daşıyır. Dövlət
proqramlarının uğurlu icrası sayəsində bölgələrin
infrastruktur təminatının güclənməsi və
iqtisadi aktivliyin artması öz növbəsində
bütün ölkə miqyasında çoxlu sayda yeni iş
yerlərinin açılması ilə nəticələnib.
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunan konfransda da bildirildiyi kimi, 2004-cü
ildən bəri respublika üzrə 1,9 milyon yeni iş yerləri
açılıb ki, onların da böyük əksəriyyəti
bölgələrin payına düşməklə daimidir.
Regionlarda yaradılan yeni sənaye müəssisələrində
insanlar layiqli iş yerləri ilə təmin olunurlar
Azərbaycanın konseptual əsaslara söykənən
regional inkişaf strategiyasının mühüm istiqamətlərindən
biri kimi sənaye quruculuğu müəyyənləşdirilib.
Ölkənin sənaye xəritəsi regionlara doğru
genişlənir. Son 15 ildə respublikamızda bölgələrin
əmək resursları, ənənələri, iqtisadi
potensialı və bu kimi digər mühüm amillər əsas
götürülməklə çoxlu sayda sənaye
istehsalatları yaradılıb. Yerli və xarici
investorların sərmayələri hesabına yaradılan bu
müəssisələr, bir qayda olaraq, ən müasir
standartlar səviyyəsində qurulur. Həmin müəssisələrdə
əsasən yerli xammaldan hazırlanan yüksək keyfiyyətli
məhsullar həm daxili tələbatın ödənilməsinə
yönəldilir, həm də “Made in Azerbaijan” brendi ilə
xarici bazarlara çıxardılır.
Regionlarda fəaliyyətə başlayan sənaye
təyinatlı istehsalatlar həmçinin regionlarda fəal məşğul
əhalinin əmək bazarına inteqrasıyasına geniş
imkanlar açıb. Sumqayıt Kimya Sənaye Parkındakı
“Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin
edilib. Sənaye Parkında ötən il Prezident İlham
Əliyevin iştirakı ilə açılan və 2018-ci
ildə istifadəyə veriləcək istehsalatlarda 800-ə
yaxın yeni iş yeri açılacaq. Mingəçevir
Sənaye Parkında yüngül sənaye, o cümlədən
tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul
istehsalı üzrə yerli xammal bazası əsasında 9
fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya
qoyuluşu və 5500-dək yeni iş yerinin
açılması nəzərdə tutulur. Qeyd edək
ki, cari ilin fevral ayında Mingəçevir Sənaye
Parkının iki yeni müəssisəsi fəaliyyətə
başlayıb və həmin müəssisələrdə
700-dən çox insan işlə təmin olunub.
2017-ci ildə Prezident İlham Əliyevin
iştirakı ilə Neftçalada sənaye məhəlləsi
istifadəyə verilib. Hazırda Neftçala Sənaye
Məhəlləsində layihələrinin ümumi dəyəri
45 milyon manat təşkil edən 9 rezident, o cümlədən
avtomobil, balıq yemi və digər yemlər, balıq konservləri,
plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma
boruları və modul tipli məktəb binaları
üçün konstruksiyalar istehsalı və digər sahələr
üzrə məşğul olan sahibkarlar fəaliyyət
göstərirlər. Məhəllədə həmçinin
kiçik sahibkarlar üçün emalatxanalar da
yaradılıb. Bütövlükdə, Sənaye Məhəlləsində
500-dən çox daimi iş yerinin açılması
üçün zəmin yaranıb.
Hazırda Prezident İlham Əliyevin müvafiq
sərəncamlarına uyğun olaraq Masallı və
Hacıqabul rayonlarında yeni sənaye məhəllələri
yaradılır. Masallı Sənaye Məhəlləsində
ilkin mərhələdə ümumi sahəsi 7500 m2-ə
yaxın 3 istehsal sahəsi, texniki və köməkçi
binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən
ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi
təqdim olunub. Sənaye məhəlləsinin tikintisində
200 nəfər çalışır. Burada birinci mərhələdə
230, ümumilikdə isə 600-dən çox yeni iş yeri
yaradılacaq.
Hacıqabul Sənaye Məhəlləsində
regionun iqtisadi potensialına uyğun olaraq ağır
maşınqayırma, xüsusi vaqonqayırma, kompozit
materiallar, plastik taralar, avtomobil və tikinti
materiallarının istehsalı üçün
avadanlıqların istehsalı müəssisələrinin
yaradılması nəzərdə tutulur. Bu layihələr
çərçivəsində 43 milyon manat investisiya
yatırılması və 850-dən çox iş yerinin
yaradılması planlaşdırılır.
Perspektivdə ölkə üzrə belə sənaye
məhəllələrinin sayı daha da artacaq. Prezident
İlham Əliyev bildirib ki, respublikanın bütün
bölgələrində müasir sənaye məhəllələri
yaradılmalıdır.
Aqrar sektorda əmək tutumlu sahələrin
inkişaf etdirilməsi diqqət mərkəzində
saxlanılır
Aqrar sektorda istehsal və ixrac imkanlarının
genişlənməsi də regionlarda iqtisadi aktivliyin
artmasının göstəricisidir. Son illərdə
respublikanın bölgələrində aqrar sektorda əsasən
əmək tutumu geniş olan sahələr inkişaf etdirilir
ki, bu da böyük sosial əhəmiyyət
daşıyır. Baramaçılığın,
tütünçülüyün inkişafının təşviq
edilməsi, bu sahələrdə çalışanlara
dövlət tərəfindən texniki dəstək göstərilməsi,
subsidiyaların ayrılması, məhsulun alış qiymətinin
artırılması və bu kimi digər tədbirlər
insanların Azərbaycanın bölgələri
üçün ənənəvi sayılan təsərrüfat
sahələrinə marağını artırıb.
Eyni zamanda, regionlarda iri fermer təsərrüfatları,
aqroparklar yaradılır. Artıq
respublikanın bölgələrində dövlət dəstəyi
ilə yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət
göstərir, həmçinin ölkə üzrə 40-dan
artıq aqroparkın yaradılması üzrə işlər
intensiv şəkildə davam etdirilir. Bütün
bunların da nəticəsində respublikada fəal məşğul
əhalinin iş yerləri ilə təmin olunmalarına
geniş imkanlar açılıb.
Ölkə üzrə aqrar sektorda əhalinin məşğulluq
imkanlarının artırılması baxımından
pambıqçılığın inkişafının isə
xüsusi əhəmiyyəti var. 2015-ci ilin sonlarından
başlayaraq ölkədə
pambıqçılığın inkişafı diqqət mərkəzində
saxlanılır. İndiyədək Prezident İlham
Əliyevin Sədrliyi ilə bölgələrdə
pambıqçılığın inkişafı məsələlərinin
geniş şəkildə müzakirə edildiyi bir neçə
müşavirə keçirilib. 2017-ci ildə
pambıqçılığın inkişafı ilə
bağlı Dövlət Proqramı qəbul edilib. Dövlət xətti ilə böyük həcmdə
müasir texnika, o cümlədən yüzlərlə
pambıqyığan kombayn alınaraq güzəştli şərtlərlə
pambıq istehsalçılarına verilib. Fermerlərin tədarük etdikləri məhsulun
satış mexanizmi asanlaşdırılıb. Pambıq əkilən sahələrin gübrə ilə
təminatı yaxşılaşır. Azərbaycan
dövləti bu sahəni də, demək olar ki, öz üzərinə
götürüb. Belə ki, fermerlərə
müxtəlif növ gübrələr 70 faiz güzəştlə
verilir.
Həyata keçirilən bu kimi tədbirlərin nəticəsi
müsbətdir. İki il ərzində ölkədə
pambığın tədarükü 35 min tondan 207 min tona
çatdırılıb. Başqa sözlə desək, iki il ərzində pambıq istehsalı altı dəfə
artıb. Bu da son hədd deyil. Perspektivdə regionlarda pambığın tədarükünün
daha da artırılması nəzərdə tutulub.
Ölkədə pambıqçılığın
inkişafı iqtisadi əhəmiyyəti ilə
yanaşı, həm də böyük sosial əhəmiyyət
daşıyır. Bu da pambıqçılığın həm
gəlirli, həm də əmək tutumlu sahə olması ilə
bağlıdır. Prezident İlham Əliyev bir qədər
bundan əvvəl Bərdədə Onun Sədrliyi ilə
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsindəki nitqində bu sahənin
əmək tutumlu olduğuna xüsusi diqqət çəkərək
vurğulayıb: “Pambıqçılıq əmək tutumlu
sahədir. Biz pambıqçılığın
inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə
yeni iş yeri yaratdıq. Bütövlükdə
son illərdə pambıqçılıqla məşğul
olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti
işləmirdi, ancaq bu gün işlə təmin olunurlar.
Əlbəttə ki, bu, xüsusən bölgələrdə
işsizliyin aradan qaldırılması istiqamətində
çox ciddi sosial sahədir. Mən əvvəlki
çıxışlarımda da bunu qeyd etmişəm, bu
gün də qeyd etmək istəyirəm, bizim
üçün pambıqçılığın
inkişafında əldə edilmiş nəticələr
arasında məhz sosial amil ön plandadır. İş
yerlərinin yaradılması əsas vəzifəmizdir, biz
buna da nail ola bilmişik”.
Özünüməşğulluq
proqramı çərçivəsində əldə olunan nəticələr
sevindiricidir
Respublikamızda
Prezident İlham Əliyevin iş yerlərinin
yaradılmasının daimi prosesə çevrilməsi ilə
bağlı verdiyi tapşırığa uyğun olaraq bu
istiqamətdə yeni təşəbbüslər irəli
sürülür. Bu baxımdan
özünüməşğulluq proqramının
reallaşdırılması böyük aktuallıq
daşıyır. Prezident İlham Əliyevin 7 aprel
2016-cı il tarixli Sərəncamı əsasında
2017-ci ilin əvvəlindən start götürən bu aktiv məşğulluq
proqramının əhatə dairəsi getdikcə genişlənir.
Bu proqram sayəsində ölkə üzrə
aztəminatlı insanlar müvafiq dövlət dəstəyi
göstərilməklə layiqli əmək fəaliyyətinə
cəlb edilirlər.
Qeyd edək ki, özünüməşğulluq layihəsi
çərçivəsində 76 şəhər və rayon
üzrə 1172 ailə aktivlərlə təmin edilib. Onlar dövlət
dəstəyindən bəhrələnərək müxtəlif
fəaliyyət istiqamətləri üzrə kiçik ailə
təsərrüfatları yaradıblar. Özünüməşğulluq
proqramı çərçivəsində ölkəboyu ailə
təsərrüfatlarının yaradılmasına dövlət
tərəfindən hərtərəfli dəstək verilir.
Ailələr konteynerlərlə, metodik vasitələrlə
təmin edilirlər. Verilmiş aktivlər hesabına
yaradılan təsərrüfatların 80 faizdən çoxu
kənd təsərrüfatı (maldarlıq,
quşçuluq, əkinçilik, arıçılıq,
bağçılıq, istixana yaratma və s. ),
qalan hissəsi xidmət və istehsal sahələrini əhatə
edir. İşsiz və işaxtaran şəxslərin
onlara verilmiş aktivlərdən səmərəli şəkildə
istifadə edərək biznes-planlarına uyğun və ailə
əməyinə əsaslanan təsərrüfatlarını
gözlənilən səviyyədə qurmaları
proqramın icrası sahəsində müsbət təcrübənin
formalaşdığını deməyə əsas verir.
Dövlət dəstəyindən bəhrələnən
ailə təsərrüfatları istehsal sahəsində
yaxşı nəticələr qazanırlar. Bu təsərrüfatlarda
hazırlanan bal, mürəbbə, ət və
süd məhsulları, suvenirlər həm yerli sakinlər, həm
də ölkəmizə gələn turistlər tərəfindən
böyük maraqla qarşılanır.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycvan.-
2018.- 6 aprel.- S.15