Bu ilin birinci rübündə də aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılıb

Regionlarda yaradılmaqda olan aqroparklar həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, həm də ixrac imkanlarımızın genişləndirilməsinə yol açacaq

Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər son illərdə bu sahənin yüksək inkişaf tempi əldə etməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, ölkəmizdə məhsul əkini və yığımı ildən-ilə artmaqdadır. Ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlər, eləcə də regionlarda aqrar təsərrüfatların inkişaf etdirilməsi yönündə atılan addımlar bu gün əsas prioritetlərdən sayılır.

Vurğulandığı kimi, görülən tədbirlər, aparılan fəaliyyət bölgələrdə istər əkin sahələrinin genişlənməsinə, istərsə də məhsul yığımında keyfiyyətin və kəmiyyətin artımına imkan verib. Eləcə də həm sahibkarlığın inkişaf etdirilməsi, həm də bölgələrdə yeni təsərrüfatların yaradılması yönümündə əsaslı tədbirlər görülür. Öz növbəsində regionlarda yaradılmaqda olan 45 aqropark ölkəmizin ixrac potensialını böyük dərəcədə artırmaq imkanı yaratmaqla yanaşı, regionların inkişafında da müstəsna rol oynayacaq. Qeyd edək ki, bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarımızın genişləndirilməsinə yol açacaq. Prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bildirib ki, biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq: “İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik”.

Bu məqamda bildirək ki, Göyçay rayonunda da fermerlər bu il əsasən faraş tərəvəzçiliyə daha çox üstünlük verirlər. Bu il qış fəslində havanın yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub və bol məhsul üçün zəmin yaradıb. Hazırda Göyçayın 50 kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan torpaq sahələrində qurulan istixanalarda faraş tərəvəzçiliklə məşğul olurlar. Rayonun əsasən Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır, Yalman, Qızılağac, Çərəkə kəndlərində istixana şəraitində faraş tərəvəzçilik geniş yayılıb. Hazırda bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixana olmasın.

Ötən ilin dekabr və yanvar aylarında kəndli fermerlər əvvəlcə kiçik istixanalarda pomidor və xiyar toxumlarının səpinini aparıblar. Onlar lazımi aqrotexniki qulluq göstərərək yetişdirdikləri şitilləri mart ayında böyük istixanalarda torpağa köçürüblər. Bu il rayonun kəndlərində 3830 kəndli fermer tərəfindən 300 hektar sahədə qurulan istixanalarda pomidor və xiyar yetişdirilib. Torpaq mülkiyyətçiləri əsasən pomidorun “Bella”, “Ralli”, “Belbelina” sortlarından, xiyarın “Superina” sortundan olan toxumların əkininə üstünlük veriblər. Bu sortdan olan bitkilər daha məhsuldar və xəstəliklərə davamlıdır. Əldə edilən məhsul keyfiyyətli olduğu üçün xarici bazarda ona tələbat var və yüksək qiymətə satılır.

Bu günlərdə rayonda xiyar yığımına başlanılıb və məhsul hələ ki, daxili bazara çıxarılır. Aprelin 15-dək isə kəndlilər pomidor yığımına başlayacaqlar. Bu məhsul əsasən xaricə ixrac olunacaq. Bu il ilk dəfə olaraq rayonun Ləkçiplaq, Qızılağac və Çərəkə kəndlərində dəyəri 300 min manatdan çox olan 6 ədəd müasir istixana inşa edilib. Hazırda kəndlərdə hər bir həyətyanı sahədə 2-3 və daha çox istixana mövcuddur. Kəndlilər bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsini artırır, ziyanvericilərə qarşı düzgün mübarizə tədbirləri görürlər.

Qeyd edək ki, ötən il rayonda istehsal olunan pomidorun böyük bir hissəsi xarici bazarlara çıxarılıb. Rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər. Göyçayda istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir. Ötən il rayonda 270 hektar sahədə faraş tərəvəz əkini aparılmışdı. Bu il isə daha 30 hektar sahədə yeni istixanaların qurulması kəndililərin bu sahəyə marağının artdığını göstərir. Kəndlilər bu sahədən yaxşı gəlir əldə etdikləri üçün hər il faraş tərəvəz əkini sahəsini artırmaqda maraqlıdırlar.

Şəmkir rayonunda isə taxıl sahələri yazda daha 15 hektar genişləndirilib. Rayonun Nərimanlı kəndində dəmyə şəraitində taxıl səpini başlanılıb. Rayonun taxılçılıqla məşğul olan fermerləri tərəfindən payızda cari ilin məhsulu üçün 14 min 389 hektar sahəyə taxıl səpilib. Taxıl sahələri əvvəlki illə müqayisədə 260 hektar artıb. Əkin sahələrinin 10 min 351 hektarında buğda, 4 min 38 hektarında isə arpa becərilir. Hazırda əkinlərə aqrotexniki qulluq göstərilir və sahələrə yemləmə gübrəsi verilir. Xatırladaq ki, Şəmkirdə 2017-ci ildə əkin sahələrindən 43 min 152 ton məhsul götürülüb.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Qısa müddətdə 2602 hektarda yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 706 hektarı şəkər çuğunduru, 178 hektarı dən üçün günəbaxan, 458 hektarı kartof, 11 hektarı dən üçün qarğıdalı, 8 hektarı noxud, 485 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 751 hektarı çoxillik otlar, 5 hektarı yem üçün sorqo bitkisidir. 91,7 hektarda sarımsaq, 62,5 hektarda baş soğan, 201,5 hektarda xiyar, 7,5 hektarda pomidor, 8,5 hektarda kələm, 113,3 hektarda digər tərəvəz bitkiləri əkilib. Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Pambıq səpini üçün hazırlıq işləri aparılır.

İsmayıllı rayonunda isə artıq 500 hektaradək sahədə yazlıq kartof əkilib və hazırda əkin davam edir. Ötən il 917 hektar sahədən 10 min 343 ton kartof istehsal olunub. Bu il isə əkin sahəsinin 950 hektara çatdırılacağı gözlənilir. Rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Kürdmaşı, Gəraybəyli, Qalınçaq, Topçu kəndlərində kartof əkini, demək olar ki, yekunlaşıb və hazırda əkin şimal ərazilərdə aparılır. Qeyd edək ki, son illər rayonda sənaye üsulu ilə kartof əkininə maraq artıb. Burada intensiv becərmə texnologiyaları tətbiq olunur ki, nəticədə məhsuldarlıq iki dəfə artır. Ötən il Kürdmaşıda 100, Talıstanda 95, İsmayıllı şəhəri ərazisində isə 5 hektarda sənaye üsulu ilə əkin aparılıb və bol məhsul götürülüb. Cari mövsümdə Talıstan, Cülyan və Diyallı icra nümayəndəliklərinin ərazilərində də 200 hektarda əkin aparılacaq və artıq bunun üçün bütün hazırlıq işləri başa çatdırılıb. Əkində yerli və xarici ölkələrdən gətirilən yüksək repreduksiyalı, daha məhsuldar toxumlardan istifadə olunacaq.

Yevlax rayonunda da yaz-tarla işləri aparılır. Yayda, payızda bol məhsul götürmək üçün bütün qüvvələr səfərbərliyə alınıb. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. İndiyə qədər 4300 hektara yaxın sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 6 hektarı qarğıdalı, 2,5 hektarı darı, 100 hektarı günəbaxan, 6 hektarı çuğundur, 96,5 hektarı kartof, 117,5 hektarı tərəvəz, 25 hektarı bostan bitkiləri, 3906 hektarı təzə yoncadır.

Qusarlı təsərrüfatçılar isə dəmyə şəraitində dənli və paxlalı bitkilərin əkininə başlayıblar. Son illər rayon fermerlərinin noxudun əkininə marağı artıb. Əgər 2015-ci ildə Qusarda cəmi 2 hektar noxud əkilmişdisə, ötən il bu göstərici 38 hektara qədər artıb. Bu il isə təsərrüfatçılar 100 hektara yaxın sahədə noxud əkməyi planlaşdırırlar. Təsərrüfatçılar noxudun səpininə başlamazdan 4 ay öncə, yəni ötən ilin noyabr ayında sahələrdə şumlama, gübrələmə işləri aparıb, zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Rayonun Aşağı Ləgər kəndindən olan Ramin Mahmudov bildirir ki, ötən il əkdiyi 2 hektar noxud sahəsindən ümumilikdə 4 ton məhsul əldə edib. Zəhmətinin bəhrəsini görən təsərrüfatçı bu il əkin sahəsini artıraraq 5 hektara çatdırıb. Fermer əkin sahəsində Cəlilabad rayonundan gətirdiyi yerli, məhsuldar noxud sortu becərir. Bu sortun əsas üstün cəhətlərindən biri suya tələbatın az olmasındadır.

Qusarda noxud bitkisi daha çox ucqar dağətəyi ərazilərdə əkilir. Mütəxəssislərin fikrincə, əkin vaxtı havaların əlverişli keçməsi sahələrdən bol məhsul toplanmasına şərait yaradacaq. Təsərrüfatçılar bu il noxud sahəsinin hər hektarından orta hesabla 2,5 tona yaxın məhsul alacaqlarını düşünürlər.

2018-ci ildə Oğuz rayonunun təsərrüfatlarında da 2 min hektardan çox sahədə yazlıq bitkilərin əkini nəzərdə tutulub. Hazırda təsərrüfatlarda yaz-tarla işlərinə start verilib. Fermerlər qısa müddətdə 630 hektar sahəyə yazlıq bitkilər əkiblər. Məhsul istehsalçıları indiyədək 198 hektar sahədə kartof, 147 hektar sahədə tərəvəz əkib, 16 hektar sahəyə vələmir, 222 hektar sahəyə birillik yonca toxumu səpiblər. Təsərrüfatlarda, eyni zamanda, tütün əkini ilə bağlı hazırlıq işləri də görülür. Cari mövsümdə rayonda tütün əkini sahələrinin artırılaraq 250 hektara çatdırılması nəzərdə tutulur. Bu məqsədlə 5120 kvadratmetr sahədə şitilliklər salınıb. Tütün şitilləri mayın əvvəllərində sahələrə köçürüləcək.

Bərdə rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri yaz-tarla işlərini davam etdirirlər. Artıq təsərrüfatlarda 3502 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 1763 hektarı yonca, 20 hektarı pambıq, 300 hektarı şəkər çuğunduru, 91 hektarı kartof, 1328 hektarı tərəvəzdir. Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş 14 min 282 hektar taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 14 aprel.- S.7.