Müstəqil siyasət
aparan Azərbaycan bu gün ən yüksək zirvələrə
çatıb
Prezident İlham Əliyev: Yolumuz müstəqillik
yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə
bilməz
2018-ci il aprelin 11-də müstəqil
Azərbaycanın həyatında daha bir əlamətdar hadisə
yaşandı - çoxlu sayda yerli və beynəlxalq
müşahidəçilərin izlədiyi prezident
seçkiləri uğurla yekunlaşdı. Əvvəlki
seçkilərdə olduğu kimi bu dəfə də Azərbaycan
xalqı yüksək fəallıq və vətəndaş
mövqeyi sərgilədi, cəmiyyətin müxtəlif təbəqələrinin
nümayəndələri seçki məntəqələrinə
gələrək sərbəst şəkildə öz iradələrini
ifadə etdilər. Mərkəzi Seçki Komissiyasından
verilən məlumatda seçicilərin səsvermədə
iştirak fəallığının 74,30 faiz olduğu
bildirilib.
Seçki prosesini izləyən yerli və beynəlxalq
müşahidəçilərin rəyi belədir ki, Azərbaycan
növbəti prezident seçkilərini azad və şəffaf
şəkildə keçirməklə demokratiya yolunda
növbəti uğura imza atıb. Mərkəzi
Seçki Komissiyasının məlumatında bildirilir ki, tam
demokratik şəraitdə baş tutan seçkilərin ilkin
nəticələrinə əsasən, Yeni Azərbaycan
Partiyasının namizədi, dövlət
başçısı İlham Əliyev 3 milyon 397 min 664 səs
(86,03 faiz) toplayaraq digər namizədləri böyük
fərqlə arxada qoyub.
Onu da deyək ki, seçkilərin ilkin nəticələri
Azərbaycan cəmiyyətində böyük coşqu
yaradıb. Bu günlərdə paytaxt Bakıda
və bölgələrdə insanlar küçələrə,
meydanlara çıxaraq son 15 ildə Azərbaycan dövlətinə
bacarıqla rəhbərlik edən, məqsədyönlü
daxili və xarici siyasəti ilə ölkəmizə
çoxsaylı uğurlar qazandıran Prezident İlham
Əliyevin seçkilərdə inamlı qələbə
qazanmasını əsl toy-bayram sevinci ilə qeyd edirlər. Prezident seçkilərində İlham Əliyevin
inamlı qələbə qazanması münasibətilə
aprelin 12-də Bakıda Heydər Əliyev Mərkəzinin
qarşısındakı parkda keçirilən möhtəşəm
konsert proqramında dövlət başçısının
Özü və ailə üzvləri də iştirak ediblər.
“Açıq, şəffaf, ədalətli şəkildə
keçirilmiş seçkilər Azərbaycan xalqının
iradəsini əks etdirmişdir. Seçkilərdə mənə
göstərilən dəstək məni daha da
ruhlandırır, daha böyük güc verir. Seçkilərdə
xalqımız həm görülən işlərə, real
nəticələrə, eyni zamanda, bizim gələcəyimizə,
xoşbəxt gələcəyimizə səs vermişdir.
Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf
edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik
şəraitində yaşayacaq”, - deyə tədbirdə
çıxış edən Prezident İlham Əliyev
vurğulayıb.
Seçkilərin nəticələri xalqın
Prezident İlham Əliyevə böyük inamını ifadə
edir
Ölkəmizi fərqləndirən
əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycan
iqtidarı apardığı siyasətdə bir qayda olaraq
milli maraqları əsas götürür, daim xalqın mənafeyindən
çıxış edir. Öz növbəsində, cəmiyyət
də iqtidarın siyasətinə yüksək səviyyədə
dəstək verir.
Son 15 ilin təcrübəsinə
diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın
arzu və istəkləri ilə üst-üstə düşən
və reallıqla səsləşən təşəbbüslərlə
çıxış etdiyinin şahidi oluruq. Ölkədə
aparılan praqmatik siyasət ilk növbədə xəlqi
mahiyyəti ilə fərqlənir. Dövlət
başçısı mütəmadi qaydada ictimaiyyətin
nümayəndələri ilə görüşür, tez-tez
bölgələrə səfərlərə gedir. Bu
görüşlər və səfərlər isə izsiz
ötüşmür. Dövlət başçısı
insanları narahat edən məsələlərlə yerindəcə
tanış olur, həmçinin əvvəllər verilən
tapşırıqların müvafiq qurumlar tərəfindən
necə icra edildiyi ilə maraqlanır. Beləliklə,
bir tərəfdən nəzarət möhkəmlənir, məmurların
məsuliyyəti artır, digər tərəfdən isə
dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən
yerlərdə insanların qaldırdıqları məsələlər
mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə
düşər ki, Prezident İlham Əliyev təkcə
2017-ci ildə 30-dan çox rayona səfərə gedib və
çoxlu sayda sosial-iqtisadi təyinatlı obyektlərin
açılışında iştirak edib, dəyərli
tövsiyələrini verib, əmək kollektivlərinin,
ictimaiyyətin nümayəndələri ilə
görüşlər keçirib.
Eyni zamanda, Azərbaycanda son 15 ildə Prezident
İlham Əliyevin iradəsi ilə bilavasitə insanların
mənafeyinə yönələn dərinməzmunlu sosial
siyasət həyata keçirilib. Sosial dövlət olan Azərbaycanda
reallaşdırılan məqsədyönlü dövlət
siyasətinin mərkəzində vətəndaşların
maraqları dayanır. Respublikada davamlı
iqtisadi inkişaf, aparılan islahatlar dərinməzmunlu sosial
siyasətlə tamamlanır. Ölkədə insanların həyat
şəraitinin yaxşılaşması, gəlir
imkanlarının artırılması məqsədilə
ardıcıl şəkildə reallaşdırılan
proqramlar, genişmiqyaslı tədbirlər bunu əyani şəkildə
təsdiqləyir. Təkcə belə bir faktı
vurğulamaq kifayətdir ki, son 15 ildə respublikamızda
maaşlar beş, pensiyalar səkkiz dəfə
artırılıb.
Azərbaycanda
reallaşdırılan sosial siyasət özünün son dərəcə
geniş spektri ilə diqqəti cəlb edir. Ölkədə
dövlət qayğısına ehtiyacı olan bütün
insanlar dövlət dəstəyindən bəhrələnirlər.
İnsanlar arasında ədalətli resurs bölgüsü təmin
edilir ki, bu da aparılan dərinməzmunlu sosial siyasətin əlamətidir.
Deyilənlərdən də
göründüyü kimi, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə
- Azərbaycan vətəndaşı dayanır. Öz növbəsində,
dövlət başçısının apardığı
sosial məzmunlu siyasət cəmiyyətdə Ona böyük
inam formalaşdırıb. Konsert proqramında
da qeyd edildiyi kimi, dövlətimizin
başçısının əldə etdiyi ən
böyük nailiyyət Onun xalqın sonsuz məhəbbətini
qazanmasıdır. Ötən illər ərzində uğurla
reallaşdırdığı siyasətin əsas mahiyyətinə,
qayəsinə diqqət çəkən Prezident İlham
Əliyev vurğulayıb: “Mən həmişə Azərbaycan
xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə
arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan
xalqının dəstəyi əsas rol oynayır. Həmişə
çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə
xidmət edim”.
Aprelin 11-də Azərbaycan xalqı ölkədə
sabitliyin və tərəqqinin bundan sonra da davamına səs
verdi
Son 15 ildə Azərbaycanda Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasəti müxtəlif parametrlər
baxımından dəyərləndirsək, ölkədə
hökm sürən sabitliyi, əmin-amanlığı
xüsusi qeyd edə bilərik. Məlumdur ki, hazırda
dünyada sabitlik və təhlükəsizlik kimi məsələlər
çox ciddi önəm kəsb edir. Bir sıra
hallarda ayrı-ayrı ölkələrdəki qeyri-sabitlik,
xalqların və ölkələrin dinc qonşuluq şəraitində
yaşamalarına göstərilən təhdidlər dövlətlərin
öz potensiallarını inkişafa və rifaha yönəltmələrinin
qarşısını alır. Dünyanın
bu və ya digər regionunda yaşanan gərginlikdən,
müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən
sadə insanlar daha artıq dərəcədə əziyyət
çəkirlər - onlar böyük məhrumiyyətlərlə
üzləşir, öz gələcəklərini qura bilmir,
təhsildən, qlobal miqyasda gedən tərəqqiyə,
müsbət dəyişikliklərə inteqrasiyadan kənarda
qalırlar. Lakin ölkəmizdə tamamilə fərqli mənzərə
hökm sürür. Belə ki, Prezident İlham Əliyevin
apardığı siyasət sayəsində Azərbaycan
xalqı öz həyatını sabitlik şəraitində
qurur, gələcəyə böyük inamla baxır.
Son 15 ildə Azərbaycanda sabitliyin, əmin-amanlığın
təmin olunması ölkənin potensialını,
gücünü sosial-iqtisadi inkişafa yönəltmək
üçün münbit zəmin rolunda
çıxış edib. Hər bir ölkənin uğurlu
inkişafını dəyərləndirmək
baxımından sosial-iqtisadi inkişaf göstəriciləri
çox önəmlidir. Güclü iqtisadiyyat olmadan ölkənin
hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin
uğurlu həllindən də söhbət açmaq
mümkün deyil. Bu mənada Azərbaycanın
güclü potensialından, o cümlədən də neft gəlirlərindən
səmərəli istifadə etməklə ölkənin
iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən
siyasətin önəmini xüsusi qeyd etmək
lazımdır. Respublikada neftdənkənar, innovativ əsaslı,
elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə
diqqət mərkəzində saxlanılıb. Belə
məqsədyönlü yanaşmanın nəticəsidir ki,
Azərbaycan qısa müddətdə Cənubi Qafqaz
coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə
çevrilib. 2004-cü ildən bəri bütün dünya
üzrə ÜDM istehsalının artımında ən
yaxşı göstəricilərdən biri 3 dəfədən
çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs
olunan dövrdə respublikanın qeyri-neft iqtisadiyyatı 2,8 dəfə
artıb. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi
inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı
ilə bağlı deyil, çoxşaxəlidir.
Bu gün Azərbaycan dünyanın azsaylı
ölkələrindəndir ki, heç bir başqa dövlətdən,
heç bir beynəlxalq təşkilatdan asılı deyil.
Ölkəmizin maliyyə vəziyyəti kifayət qədər
yaxşıdır. Son 15 ildə genişmiqyaslı infrastruktur
quruculuğuna böyük həcmlərdə sərmayələr
yönəldilməsinə baxmayaraq, respublikamız
özünün strateji valyuta ehtiyatlarını
artırmağa nail olub. Hazırda respublikamızın strateji
valyuta ehtiyatları 44 milyard dollara çatıb ki, bu da kifayət
qədər böyük rəqəmdir. Eyni zamanda,
yaradılan əlverişli investisiya mühitinin nəticəsi
olaraq son 15 ildə ölkəmizə 230 milyard dollardan
artıq sərmayələr yönəldilib.
Azərbaycanın inkişafı o səviyyəyə
çatıb ki, ölkəmizin uğurları beynəlxalq səviyyədə
də etiraf olunur. Dünya Bankı, Avropa Yenidənqurma və
İnkişaf Bankı respublikamızın iqtisadi potensialı
və inkişaf perspektivləri ilə bağlı nikbin proqnozlar
açıqlayıblar. Bu baxımdan nüfuzlu Davos
İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”
da diqqəti cəlb edir. Davos Dünya İqtisadi Forumunun son
hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə
görə 35-ci yeri tutur. Yenə də Davos Forumunun
inklüziv inkişaf indeksinə görə isə ölkəmiz
inkişaf etməkdə olan ölkələr arasında
3-cü yerdə qərarlaşıb.
Eyni zamanda, ölkəmizin beynəlxalq miqyasda
rolu və nüfuzu əhəmiyyətli dərəcədə
artıb. Avropa ilə Asiyanın
qovşağında yerləşən ölkəmiz həm
özünün coğrafi mövqeyinə, həm də
getdikcə artan gücünə istinad edərək qlobal
miqyasda da təhlükəsizliyin təmin olunmasına öz
töhfəsini verməyə çalışır.
Prezident İlham Əliyev yeni uğurlu əməkdaşlıq
platforması sayılan “Bakı prosesi”nin təşəbbüskarıdır.
Qısa müstəqillik tarixində respublikamızın 150-dən
çox dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin
qeyri-daimi üzvü seçilməsi Azərbaycanın
bütün dünya miqyasında sayılıb-seçilən
ölkəyə çevrildiyini əyani şəkildə təsdiqləyir.
Azərbaycan xalqı Prezident
İlham Əliyevin mövcud reallıqlar, meydana çıxan
yeni çağırışlar kontekstində müəyyənləşdirdiyi
və ölkəmizə hər sahədə böyük
uğurlar qazandıran daxili və xarici siyasəti bəyənir
və dəstəkləyir. İnsanların istəyi, arzusu
odur ki, respublikada ictimai-siyasi sabitlik, inkişafın
ardıcıllığı bundan sonra da təmin edilsin.
Prezident İlham Əliyev 11 aprel seçkilərində
xalqımızın seçimini şərtləndirən
ölkəmizin müsbət reallıqlarına diqqət
çəkərək deyib: “Azərbaycan xalqı dünən
öz seçimini etdi. Azərbaycan xalqı dünən bir
daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə,
inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə
səs verdi. Sözün əsl mənasında, müstəqil
siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə
çatıbdır. Bizim beynəlxalq nüfuzumuz gündən-günə
artır. Azərbaycan dünya miqyasında çox
böyük hörmətə layiq bir ölkədir. Daxili vəziyyətimiz
sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində
yaşayır. Bütün azadlıqlar təmin olunur”.
Ölkənin, cəmiyyətin bütün
potensialı daha güclü Azərbaycan qurulmasına yönəldilib
Hər bir ölkənin siyasi müstəqilliyi
ilk növbədə real gücə əsaslanmalıdır. Dünya praktikasından görürük ki, real
gücü olmayan ölkələrdə milli dövlət
quruculuğu da iflasa uğrayır. İşğalçı
Ermənistanın vəziyyəti buna tipik nümunədir.
İqtisadiyyatı çökən Ermənistan siyasi cəhətdən
də müstəqil deyil, forpost ölkə kimi xaricdən gələn
diktələr əsasında fəaliyyət göstərir və
sosial problemlər məngənəsində boğulur.
Qeyd olunanlar kontekstində Azərbaycanın vəziyyəti
isə tamam başqa rakursdan diqqəti cəlb edir. Praqmatik siyasətçi olan Prezident İlham
Əliyev Azərbaycanın real siyasi müstəqilliyinin təmin
edilməsini hədəfləyərkən ilk növbədə
bu strateji məqsədə çatılmasını şərtləndirən
real əsaslar yaradılmasını diqqət mərkəzində
saxlayıb. Yuxarıda deyilənlər Azərbaycanı
kifayət qədər böyük potensiala və gücə
malik dövlət kimi səciyyələndirir. Son
15 ildə reallaşdırılan məqsədyönlü
siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin
təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi
Azərbaycanın özünəinam hissini artırır və
ölkənin siyasi müstəqilliyini təmin edir. Bu
gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə
təsir göstərmək iqtidarında olan güclü
aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız
regionda qlobal əhəmiyyətli əksər layihələrin
moderatoru rolunda çıxış edir. Bu zaman, təbii ki,
ölkənin milli maraqları əsas götürülür.
Güclü dövlətə çevrilən Azərbaycan
özünün siyasi qətiyyəti sayəsində Ermənistanı
bütün irimiqyaslı regional layihələrdən kənarda
qoymağa nail olub və işğalçı dövləti
dalana salıb.
Təbii ki, Azərbaycanın uğurları
dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizin,
bizi istəməyən qüvvələrin də, necə deyərlər,
yuxusunu ərşə çəkib. Respublikamız iqtisadi və
siyasi cəhətdən gücləndikcə erməni
lobbisinin, antimilli mərkəzlərin, islamofob dairələrin,
imperialist güc mərkəzlərinin narahatlığı da
artır. Onlar hansısa bir yolla Azərbaycanın inamlı
inkişafını əngəlləməyə, ölkə
daxilində bərqərar olan davamlı sabitliyə xələl
gətirməyə çalışırlar. Biz xaricdəki bəlli
dairələrin Azərbaycanın əleyhinə yönələn
fəaliyyətini həmçinin seçkilər öncəsi
mərhələdə də müşahidə etdik. Bəhs edilən dairələr bu və ya digər səbəblərdən
xaricdə məskunlaşan azsaylı “sapı
özümüzdən olan baltalar”ı və ölkə
daxilində müxalifətin radikal kəsimini müəyyən
şirnikləndirici vədlərlə ələ alaraq
onların vasitəsi ilə respublikamızın
reallıqlarını təhrif etməyə,
ictimai-siyasi mühitdə müəyyən gərginliklər
yaratmağa səy göstərirdilər. 11 aprel seçkilərinin
nəticələri həmin dairələrə tərs sillə
oldu, onların qara niyyətləri elə ürəklərində
də qaldı. Seçkilər bütün dünyaya
nümayiş etdirdi ki, xalq öz dövlətini sevir,
taleyini sınanmış Liderinə etibar edir. Azərbaycan
güclü dövlətdir, onunla hər hansı bir təzyiq
və yaxud diktat dili ilə danışmaq mümkün deyil.
Qarşıda isə yeni hədəflər,
yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan
qurmaq üçün daha böyük əzmlə, səylə
çalışmalıyıq. Sözügedən tədbirdəki
çıxışında Prezident İlham Əliyev diqqəti
qarşıda duran hədəflərə yönəldərək
vurğulayıb: “Biz hamımız
çalışmalıyıq ki, bundan sonra da ölkəmizi
gücləndirək. Bu gün də Azərbaycan güclü
dövlətdir. Daha güclü dövlət
qurmalıyıq. Daha güclü Azərbaycan
qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar
qüvvə bizi bu yoldan döndərə bilməz”.
Azərbaycan gələcəyə doğru bu
gün yetişən gənc nəsillə irəliləyir
Bir sıra ölkələrin
acı təcrübəsi göstərir ki, zəngin
karbohidrogen ehtiyatlarının olması heç də həmin
ölkələrin firavan, xoşbəxt yaşamasını təmin
etməyib, əksinə, ayrı-ayrı hallarda təbii sərvətlər
inkişafın qarşısında əngələ
çevrilib, insanlar yerin təkindən “qara
qızıl” hasil etdikləri halda səfalət içində
yaşayıblar. Bunun əsas səbəbi isə bəzi
hallarda milli dövlətlərin neft gəlirlərini səmərəli
şəkildə idarə etməmələri ilə
bağlıdır. Azərbaycanın nümunəsində isə
tamam fərqli mənzərənin şahidi oluruq. Ölkəmizdə
neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə
Neft Fondu yaradılıb. Bura toplanan vəsaitlər həm gələcək
nəsillər üçün qorunub saxlanılır, həm
də ölkə üçün strateji əhəmiyyət
daşıyan layihələrin icrasına yönəldilir.
Bu gün paytaxt Bakının və
regionların müsbət reallıqlarından da
göründüyü kimi, insan kapitalının
formalaşmasına müsbət təsir göstərən
infrastrukturun yaradılması Azərbaycanın prioritetləri
sırasında mühüm yer tutur. Müstəqillik illərində
bütün ölkə boyunca məktəblərin maddi-texniki
bazası möhkəmləndirilib, təhsilin keyfiyyətini
yüksəltmək məqsədilə zəruri tədbirlər
həyata keçirilib. Eyni zamanda, paytaxt Bakıda və
bölgələrdə yeni səhiyyə müəssisələri
açılıb, insanlara göstərilən tibbi xidmətin
səviyyəsi yüksəldilib. Bütün bunların
arxasında isə, təbii ki, dövlətin güclü
siyasi iradəsi, neft gəlirlərinin məqsədyönlü
şəkildə insan kapitalının inkişafına
yönəldilməsi amili dayanır.
Ölkəmizdə cəmiyyətin ən
avanqard hissəsi olan gənclərə hərtərəfli
qayğı göstərilir. Gənclərin
yüksək səviyyəli təhsil almaları,
xalqımızın zəngin ənənələri, milli-mənəvi
dəyərləri ruhunda yetişmələri, ölkənin
ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə
cəlb olunmaları, fəal və sağlam həyat tərzi
sürmələri, idmanla məşğul
olmaları respublikamızda davamlı olaraq həyata
keçirilən dövlət gənclər siyasətinin əsas
istiqamətlərini təşkil edir. Ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu uğurlu gənclər
siyasətini son 15 ildə Prezident İlham Əliyev eyni
ardıcıllıqla davam etdirib. İndiyədək Prezident
İlham Əliyev tərəfindən təsdiqlənən və
gəncliyin inkişafına yönələn bir neçə
Dövlət Proqramı uğurla icra edilib. Dövlət
başçısının müvafiq Sərəncamı ilə
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası” təsdiqlənib. Prezident İlham
Əliyev həmçinin 15 sentyabr 2017-ci il tarixində “Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət
Proqramının təsdiqlənməsinə dair müvafiq Sərəncam
imzalayıb.
Bu gün kreativ düşüncə
tərzi ilə seçilən Azərbaycan gəncləri
ölkədə yaradılan əlverişli mühitdən,
dövlət qayğısından maksimum dərəcədə
bəhrələnərək böyük fəallıq
nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmlənməsinə, iqtisadi qüdrətinin
artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə
öz layiqli töhfələrini verirlər. Gənclərə
böyük inamını ifadə edən Prezident İlham
Əliyev “Mən Azərbaycan gənclərinə üz tutub
deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti
gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə
olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün
yetişən gənc nəsil Azərbaycanı gələcəkdə
idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt
gələcəyə aparacaq”, - deyib.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2018.- 14 aprel.- S.2.