Bölgələrin elektrik enerjisi ilə təminatı istiqamətində uğurlu iş aparılır

 

Bu ilin birinci rübündə “Azərişıq” ASC tərəfindən bir sıra regionlarda əsaslı bərpa işləri görülüb

Dinamik inkişafa malik Azərbaycan dövlətində aparılan düşünülmüş siyasət bütün sahələrin paralel inkişafını təmin edib. 2004-cü ildən həyata keçirilən və hazırda üçüncü mərhələsi icra olunan Dövlət proqramları sayəsində regionların inkişaf dinamikası əldə etməsi, yüksək abadlıq-quruculuq işlərinin görülməsi, yeni infrastrukturun qurulması bölgələrin simasını da dəyişməkdədir. Bu gün regionlarımızda elektrik enerjisi ilə təminat da yüksək səviyyədədir. Hətta ucqar kəndlərdə belə fasiləsiz elektrik təminatı həyata keçirilir.

Ümumiyyətlə, son 15 ildə regionlarda çoxlu sayda yeni generasiya obyektlərinin istifadəyə verilməsi ölkəmizdə müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Bəhs olunan dövrdə isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində 30 elektrik stansiyası tikməyə nail olub.

Bu məqamda qeyd edək ki, “Azərişıq” ASC respublikanın bütün regionlarında olduğu kimi, Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. Belə ki, istismar müddətini başa vurmuş elektrik xətləri külək və digər təbii amillərə adekvat olmadığından açılmalar baş verir, fasilələr yaranır. Şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.

Məsələn, Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kilovoltluq (kV) “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart sayğaclar quraşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenilənib və hazırda bu kəndlərdə özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) - SIP xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan komplekt transformator məntəqələrinin (KTM) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanılıb.

İmişli rayonunda Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun kənarında yerləşən 35/6 kV-luq “Bəhrəmtəpə” yarımstansiyasında da genişləndirmə və yenidənqurma işləri aparılır. 35 kV-luq Aranlı və 35 kV-luq Zavod hava xətlərinin magistral yol kənarı ilə paralel keçən hissəsinin birləşdirilərək ikidövrəli dayaqlarla yenidən çəkilməsi istiqamətində ilkin proses başa çatıb. Bununla yanaşı, rayon ərazisində yeni tikilən 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasını elektrik enerjisi ilə təmin etmək üçün yeni ikidövrəli 35 kV-luq “Rəsullu” hava xəttinin tikintisi yekunlaşıb. Artıq 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasının yeni tikilmiş xəttinin birinci dövrəsinə 35/10 kV-luq “Muğan” və ikinci dövrəsinə isə 35/6 kV-luq “Çahar” yarımstansiyaları qoşulub. Həmçinin hazırda rayonun Telişli, Xəlfəli və Hacalmuradlı kəndlərində 0,4 kV-luq şəbəkələri yenidən qurulur.

Aran regionunun digər rayonu Beyləqanda da yenidənqurma işləri sürətlə aparılır. Belə ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yenidənqurma işləri başa çatdırılıb, kabelləşmə və smart kart tipli sayğaclar quraşdırılıb. Hazırda rayon mərkəzində 10 kV-luq Yağ zavodu hava xəttindən qidalanan KTM-lərin 0,4 kV-luq tərəfində və I Şahsevən kəndində yenidənqurma işləri davam etdirilir.

Zərdab rayonunun Dəkkoba, Dəli Quşçu və İsaqbağı kəndlərində yenidənqurma işləri başa çatıb. 2018-ci il ərzində bu kəndlərdə 28 ədəd müxtəlif güclü transformator məntəqələri quraşdırılaraq istismara verilib. Hazırda Zərdab rayonunun mərkəzində ÖİN kabellərlə yenidənqurma işləri görülür. Aran regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunda isə Sarıçoban və Ayaq Qərvənd kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb, hazırda sayğacların quraşdırılması işləri aparılır. Rayonun Sarıcalı kəndində yenidənqurmaya hazırlıq işlərinə start verilib.

Füzuli rayonunun ən böyük kəndlərindən olan Böyük Bəhmənlidə isə KTM-lərin quraşdırılması işi başa çatıb, hazırda 0,4 kV-luq şəbəkənin yenilənməsi işləri aparılır.

“Azərişıq” ASC Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini də yenidən qurur. Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir. Yanvar-mart ayları ərzində Hacıqabul rayonu ərazisində inşa edilən 110/35/10 kilovoltluq (kV) “Qarasu” yarımstansiyasının tikintisi yekunlaşır. 35 kV-luq “Pirsaat” yarımstansiyası tikilərək yenidən qurulub. Eyni zamanda, Pirsaat kəndində 4,4 kilometr məsafədə yeni 6 kV-luq hava xəttinin, 10,19 kilometr məsafədə özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) kabel xəttinin çəkilməsi və 8 ədəd yeni komplekt transformator məntəqəsinin quraşdırılması prosesi yekunlaşıb. Hazırda Hacıqabul rayonunun Udulu kəndində yüksəkgərginlikli 35 kV-luq Udulu hava xətti 1,2 kilometr məsafədə yenidən çəkilir. Nəvahi kəndində isə orta gərginlikli 6 kV-luq Nəvahi hava xətti 13,5 kilometr məsafədə yenidən qurulur. Bununla yanaşı, Udulu kəndində nasos stansiyalarına 22 ədəd komplekt transformator məntəqəsinin quraşdırılması istiqamətində işlər davam etdirilir.

Sabirabad rayonunun Cavad kəndində isə 110/35/10 kV-luq “Cavad” yarımstansiyası tikilir. Bununla yanaşı, Sabirabad rayonunun Beşdəli kəndində yeni komplekt transformator məntəqələri quraşdırılır. Həmçinin hazırda Azadkənd, Beşdəli və Əlicanlı kəndlərində 0,4 kV-luq hava xətləri yenidən qurulur. Artıq Əlicanlı kəndində 9,5 kilometr məsafədə, Azadkənd kəndində 24,5 kilometr məsafədə açıq naqillər ÖİN kabellə əvəzlənib.

Salyan rayonunun Dağüstü kəndində 6 kV-luq Düyəçilik hava xətti 5,3 kilometr məsafədə yenidən qurulub. Rayonun 20 Yanvar qəsəbəsində 6 kV-luq Arbatan hava xəttinin dəmir yolu budaqlanmasında yenidənqurma işləri aparılır, artıq 3,8 kilometr hissədə yenidənqurma işi başa çatıb. Rayonun Kürsəngi kəndində 900 metr məsafədə, Qaraçala kəndində 18 kilometr məsafədə açıq naqillər ÖİN kabellə ilə əvəz edilib.

Saatlı rayonunda isə hazırda Heydərabad-Əhmədbəyli və Dədə Qorqud kəndlərində 0,4 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır. Artıq Heydərabad-Əhmədbəyli kəndində 1,4 kilometr, Dədə Qorqud kəndində 1,2 kilometr məsafədə açıq naqillər ÖİN kabellə əvəz olunub.

Şirvan şəhərində isə Yeni Yaşayış Massivinin enerji təchizat sxemi layihələndirilərək, tikinti işlərinə başlanılıb, 1 kilometr magistral ÖİN xətti çəkilib.

“Azərişıq” ASC apardığı tikinti-bərpa işlərini Cənub regionunda da davam etdirir. Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan başlamış elektrik hava xətlərinədək bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. 2018-ci ilin birinci rübü ərzində Masallı rayonunun ərazisində 35 kilovoltluq (kV) Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda, Alvadı kəndində 35 kV-luq yüksəkgərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV-luq hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) quraşdırılıb. Hazırda 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulur, Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənir.

Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV-luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin 0,4 kV-luq hava xətləri şəbəkələri ÖİN kabellərlə əvəzlənib, kəndlərə yeni KTM-lər quraşdırılıb. Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasının yenidən qurulma prosesi gedir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni KTM-lər quraşdırılır.

Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb. Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0,4 kV-luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda analoji proses rayonun Orand kəndində aparılır. Cəlilabad rayonunda da 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənərək sayğaclar çölə çıxarılır. Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər quraşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir. Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub, hazırda Bəydilli kəndində KTM-lər quraşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2018.-17 aprel.- S.15.