Qaradağ rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Vaxtilə respublikamızın paytaxtı
Bakı şəhəri ölkəmizin hüdudlarından kənarda
çoxları tərəfindən, sadəcə, “küləklər
şəhəri” kimi bilinirdi. Bəzilərinin
yaddaşlarında Bakı neft yataqları ilə zəngin olan
ölkənin paytaxtı kimi assosiasiya doğururdu. Bu gün isə
Bakı dünyanın ən məşhur şəhərləri
sırasında yer alır. Qədimliyi, qədim olduğu qədər
də möhtəşəm müasir tikililəri, nadir
memarlıq üslubunda inşa olunan kompleks və göydələnləri
ilə Bakının adı dillər əzbəridir. Prezident
İlham Əliyev də vurğulayıb ki, Bakı
dünyanın ən gözəl şəhərlərindən
biridir: “Bakının tarixi gözəlliyi vardır. Qədim
Bakının gözəlliyi vardır və bu, bizim qürur
mənbəyimizdir. Eyni zamanda, gəncləşən,
müasirləşən Bakı da dünya miqyasında
artıq özünə yer tuta bilibdir”.
Bəli, indi dünyanın harasında olursa
olsun, Bakıdan söz düşəndə insanlar mavi Xəzərin
qoynunda yerləşən və gözəlliyi ilə cəlb
edən ecazkar şəhərin sehrindən
danışırlar. Bakıya ayaq basan hər kəs bu şəhərə
heyran qalır, uzun müddət paytaxtımızın
yaratdığı xoş təəssüratlardan bəhs
edir. Hər il onlarla beynəlxalq idman yarışlarına və
mədəniyyət festivallarına, siyasi, humanitar forumlara
yüksək səviyyədə ev sahibliyi edən
paytaxtımız turistlərin ən çox üz
tutduqları şəhərlərdən biridir. Təkcə
ötən il Bakıya gələn turistlərin sayı təxminən
3 milyon nəfərə yaxın olub. Deməli,
hər ötən il Bakının şöhrəti
diyardan-diyara yayılır, bu qədim şəhər,
sözün həqiqi mənasında, dünyaya günəş
kimi doğur. Əlbəttə ki, bunlar bir gecənin
içində sehrli çubuğun hərəkəti ilə əldə
olunmuş möcuzəvi dəyişim deyil. Bu,
düşünülmüş və incəliklə yerinə
yetirilən uğurlu siyasətin nəticəsində hər
gün daha da böyüyən, daha da inkişaf edən
ölkənin paytaxtının qibtə olunacaq yüksəlişidir.
95 yaşlı Qaradağ rayonu yeni inkişaf mərhələsində...
Sevindirici haldır ki, bu inkişaf, yeniləşmə
təkcə paytaxtın insanların ən çox müraciət
etdiyi, toplaşdığı mərkəz hissəsi ilə məhdudlaşmır.
Bakının bütün rayonları müasir infrastrukturu,
abad yolları, yeni mədəniyyət və idman sarayları,
müasir tipli səhiyyə və təhsil müəssisələri,
geniş park və xiyabanları ilə göz oxşayır. Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının və Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət proqramlarının uğurlu icrası
paytaxtımızın rayonlarının da dinamik
inkişafını təmin edib. Qaradağ rayonunun son
illərdə əldə etdiyi nailiyyətlərdə bu fakt
özünü aydın şəkildə göstərir. Bu il mayın 7-də inzibati rayon kimi
yaradılmasının 95-ci ildönümünü qeyd edəcək
olan Qaradağ rayonu paytaxtın inzibati baxımdan ən
böyük rayonu kimi Azərbaycanın mühüm sənaye
mərkəzlərindən biridir. Ölkəmizin uğurlu
neft strategiyasının reallaşmasında Qaradağ
rayonunda yerləşən neft-qaz çıxarma və istahsal
zavodları lokomotiv rolunu öz üzərlərinə
götürüblər. Həmçinin rayonda
fəaliyyət göstərən Heydər Əliyev adına
Bakı Dərin Özüllər Zavodu, Bakı Gəmiqayırma
Zavodu, müxtəlif tikinti və inşaat
materiallarının istehsalı üzrə
ixtisaslaşmış zavodlar Azərbaycanda Prezident İlham
Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi
inkişaf strategiyası nəticəsində daha
genişmiqyaslı nailiyyətlərin əldə olunmasına
mühüm töhfələr verir. Bu zavodların
böyük əksəriyyətinin istehsal etdikləri məhsullar
xarici bazarlara çıxarılmaqla ölkəmizin ixrac əməliyyatlarının
genişlənməsində əsaslı paya malikdir.
“Qazanılan hər bir uğura dövlət
başçısının diqqət və
qayğısı sayəsində nail olunub”
Təbii ki, görülən işlər
rayonun ümumi iqtisadi inkişaf göstəricilərinin
yüksəlməsini təmin etməklə yanaşı,
mühüm sosial mahiyyət də kəsb edir. On minlərlə
Qaradağ rayon sakini bu zavodlarda daimi iş yerləri ilə təmin
olunub. Eyni zamanda, rayonda genişmiqyaslı sosial infrastrukturun
yaradılması, rayonun qəsəbələrində
müasir təhsil və səhiyyə obyektlərinin tikintisi,
yeni yolların çəkilməsi istiqamətində də əsaslı
işlər görülməkdədir. Prezident
İlham Əliyev də son illərdə Qaradağ royununda
görülən işləri yüksək qiymətləndirərək
rayonun tanınmayacaq qədər gözəlləşdiyini və
abadlaşdığını vurğulayıb. Şübhə
yoxdur ki, digər rayonlarımızda olduğu kimi, Qaradağda
da genişmiqyaslı uğurlara dövlətin ciddi dəstəyi
və böyük diqqəti sayəsində nail olunub.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov da bildirib ki, məhz ölkə
Prezidentinin birbaşa təşəbbüsü və himayəsi
sayəsində son illər Qaradağ rayonunda bir çox
mühüm obyektlərin inşası uğurla başa
çatdırılıb. “Qazanılan hər bir uğura
dövlət başçısının diqqət və
qayğısı sayəsində nail olunub. Bunun bariz nümunəsi
kimi, ötən il ərzində ölkə
başçısı cənab İlham Əliyevin Qaradağ
rayonuna 3 dəfə səfər etdiyini göstərmək
olar. Bu səfərlər çərçivəsində
Prezident cənab İlham Əliyev may ayının 18-də
Heydər Əliyev adına yarımdalma qazma qurğusunun
açılış mərasimində, sentyabr ayının
6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi
çərçivəsində inşa edilən “Xankəndi”
sualtı tikinti gəmisinin təqdimat mərasimində və
oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət
Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun
təntənəli açılış mərasimində
iştirak etmişdir. Prezident cənab İlham Əliyevin
Qaradağ rayonuna səfərləri 2017-ci ilin ən
mühüm və yaddaqalan hadisələrindən
olmuşdur”, - deyə S.Mikayılov qeyd edib.
Yeri gəlmişkən, Qaradağ rayonunun
sosial-iqtisadi inkişafı ötən ilin zəngin statistik
göstəricilərində də öz əksini tapıb. Belə ki, rayon İcra Hakimiyyətindən verilən
məlumatlara görə, ötən il sənaye sahəsində
2017-ci ildə 929 mln. 693 min manatlıq və ya əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz
çox sənaye məhsulu istehsal edilib və xidmətlər
göstərilib. Sənaye məhsulunun ümumi həcmində
qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil
edib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf
etməkdə davam edib və pərakəndə ticarət
şəbəkəsindən rayon əhalisinə əvvəlki
ilin müvafiq dövrünə nisbətən 61,4 faiz
artıq istehlak malları satılıb.
Qeyd olunduğu kimi, 2017-ci il Qaradağ rayonunun
iqtisadi-sosial həyatında bir çox mühüm hadisələrlə
zəngin olub. Rayon rəhbərliyi hesab edir ki,
ötən ilin may ayının 30-da Qaradağ rayonunun
Lökbatan qəsəbəsində qaçqın və məcburi
köçkün ailələr üçün 1026 mənzilli
yeni yaşayış kompleksinin təməlqoyma mərasiminin
keçirilməsi xüsusilə diqqətəlayiq hadisədir.
Çünki ölkəmiz
üçün çox vacib olan bu məsələyə,
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması məqsədilə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın çağırışına
Qaradağ rayonunda fəaliyyət göstərən özəl
sektor və biznes strukturları da qoşulublar. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 18 may 2017-ci il tarixində Qaradağ
rayonunda SOCAR-ın “Caspian Driling” Şirkətinin dəniz təchizat
və logistika bazasında Heydər Əliyev adına
yarımdalma qazma qurğusunun açılış mərasimində,
6 sentyabr 2017-ci il tarixində isə Gəmiqayırma zavodunda
“Şahdəniz-2” layihəsi çərçivəsində
inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat
mərasimində iştirakı isə yenə də
Qaradağ rayonunun tarixinə parlaq hərflərlə
yazılmış unudulmaz hadisələrdir.
Yaxın gələcəkdə Qaradağ
rayonunun ölkə iqtisadiyyatına töfhələri daha da
artacaq
Milli Məclisin Qaradağ
rayonundan seçilmiş deputatı, Yeni Azərbaycan
Partiyası Qaradağ rayon təşkilatının sədri
Aydın Hüseynov qəzetimizə açıqlamasında
deyib ki, son illərdə həyata keçirilən Dövlət
proqramları və uğurla reallaşdırılan digər tədbirlər
bu gün ölkəmizin hər bir yerində müsbət
reallıqlar yaradıb. Dövlətin ciddi siyasi iradəsi və
həyata keçirilən geniş investisiya proqramları nəticəsində
ən ucqar bölgələrimizdə belə müasir
infrastruktur yaradılıb, vətəndaşların həyat
şəraiti əsaslı şəkildə
yaxşılaşdırılıb. Aydın Hüseynovun
sözlərinə görə, ölkəmizin dinamik
inkişafı paytaxtın Qaradağ rayonunun timsalında da
özünü göstərir. Belə ki, rayonda həyata
keçirilən uğurlu tədbirlər nəticəsində
istehsal sahələrinin dinamik və effektiv fəaliyyəti təmin
olunub, sənaye potensialı əsaslı şəkildə
gücləndirilib: “Rayonda ən müasir
texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə
cavab verən rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə
və obyektlər yaradılıb. İstehsal müəssisələrində
işlə təmin olunan vətəndaşların rifahını
xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli
dərəcədə yaxşılaşıb. Rayonda
çox geniş infrastruktur şəbəkəsi
yaradılıb, yeni müasir tipli müəssisələr,
xidmət obyektləri, istirahət və yaradıcılıq
guşələri, parklar, səhiyyə, təhsil, idman
qurğuları və s. həm rayonun inkişafına töhfələr
verir, həm də vətəndaşların güzəranının
daha da yaxşılaşmasında ifadə olunur”.
Millət vəkili Aydın Hüseynov rayonda həyata
keçirilən investisiya layihələrinin vacibliyini
vurğulayaraq bu layihələr sırasında Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanını xüsusi qeyd edib. Onun sözlərinə görə, rayonun və
respublikamızın sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə
malik Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin
işə düşməsi beynəlxalq yükdaşıma
ilə bərabər, daxili yükdaşıma
üçün də geniş imkanlar yaradır. Digər
tərəfdən, yerli məhsulların xarici bazarlara
çıxarılması alternativləri artır. Bundan əlavə, Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı çox böyük layihədir və
burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə
tutulur. Ələti unikal edən xüsusiyyətlərdən
biri də onun Bakının Qaradağ rayonunda yerləşməsidir.
Bakının hazırda əsas iqtisadi mərkəz
olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin,
istərsə də insan resursunun əsasən paytaxtda cəmləşdiyini
nəzərə alsaq, bu özü də böyük
üstünlüklər yaradır. Qeyd edilməli digər məqam
da burada xüsusi iqtisadi zonanın yaradılmasıdır ki,
bu da sahibkarlar üçün öz fəaliyyətlərini
genişləndirmək fürsəti deməkdir. Bu isə,
öz növbəsində, Qaradağ rayonunun yaxın gələcəkdə
ölkə iqtisadiyyatında rolunun daha da artacağını
deməyə əsas verir.
Beləliklə, sadalanan faktlar bir daha Qaradağ
rayonunun sosial-iqtisadi həyatında əsaslı nailiyyətlərin
əldə olunmasını sübuta yetirir. Dövlətin
ciddi diqqət və qayğısı, yerlərdə işin
düzgün qurulması və vətəndaşların dəstəyi,
fəallığı bütün məsələlərin həllində
açar rolunu oynayır. Bu, eyni zamanda, gələcəkdə
daha genişmiqyaslı uğurların qazanılmasına da
möhkəm bünövrə yaradıb.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2018.- 24 aprel.- S.7.