Azərbaycanın regionlarının dinamik inkişafı davam edir

 

Bu ilin birinci rübündə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında da müsbət nəticələr əldə olunub

Son 15 ildə Azərbaycanın mənzərəsi ölkənin bütün regionlarının tarazlı şəkildə inkişaf etdirilməsi ilə səciyyələnib. Respublikada 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkədə yeni müsbət reallıqlar yaranıb. Belə ki, ölkənin bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, kəndlərin, qəsəbələrin siması yenilənib. Son illərdə bölgələrin maliyyə təminatı da əhəmiyyətli dərəcədə möhkəmlənib. Əlamətdar haldır ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Bundan başqa, yerlərdə yaradılan müəssisələr, həmçinin aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi regionlarda iqtisadi aktivliyi artırıb.

Ümumilikdə, 2004-cü ildən həyata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları regionların həyatında böyük nailiyyətlər əldə olunmasını təmin edib. Və bu proses davamlı xarakter daşıyır. Bu baxımdan, cari ilin birinci rübü də şəhər və rayonlarımızın sosial-iqtisadi həyatında mühüm uğurlarla zəngin olub.

Bu uğurlardan Şirvan bölgəsinə də pay düşüb. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, Şirvan bölgəsi əsasən Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür.

Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. Dağlıq Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Bakı-Tbilisi dəmir yolu magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir.

Beləliklə, qazanılan uğurlar Şirvan bölgəsinə daxil olan Ağsu rayonunda da özünü əyani şəkildə göstərir. Məlumat üçün bildirək ki, Ağsu rayonunda cari ilin birinci rübündə ümumi məhsul buraxılışının həcmi 31 milyon 60,2 min manat, adambaşına düşən ümumi məhsul buraxılışı isə 391,1 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 17,2 və 18,1 faiz çoxdur. Bu barədə Ağsuda 2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında bildirilib. Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hesabat məruzəsində, eləcə də çıxışlarda vurğulanıb ki, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib. Süni mayalama yolu ilə alınan hər buzova görə subsidiyanın verilməsi cins heyvanların baş sayının artırılmasına və bu sahəyə marağın güclənməsinə səbəb olub. Bu ilin birinci rübündə süni mayalama yolu ilə alınan buzov sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 baş çox olub.

Qeyd edilib ki, rayonda 32 min 323,8 hektar sahədə taxıl əkilib və bütün əkinlərə aqrotexniki qulluq göstərilir. Habelə 56 hektarda dənli və paxlalı bitkilər, 46,6 hektarda yonca, 89 hektarda şəkər çuğunduru, 153,2 hektarda kartof, 250 hektarda sarımsaq və sair bitkilər əkilib. Beş hektarda müasir tələblərə cavab verən, yeni texnologiyalar əsasında istixana kompleksi tikilərək istifadəyə verilib. Daha 6 hektarda bu cür kompleks tikilir.

Cari mövsümdə rayonda 2600 hektarda pambıq əkini nəzərdə tutulub. Bu məqsədlə 19 inzibati ərazi dairəsində 167 nəfər istehsalçı ilə müqavilə bağlanılıb. Artıq sahələr səpinə tam hazırdır.

Məruzə və çıxışlarda rayonda bu ilin birinci rübü ərzində təhsil, səhiyyə sahələrində görülən işlər, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi və təbii qazla normal təminatı, su təchizatı sahələrində görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən də danışılıb.

Cari ilin birinci rübündə Qobustan rayonunda isə təhsil, səhiyyə, habelə istehsal, əkin sahələrinin suvarılması ilə bağlı dövlətimizin başçısı tərəfindən 5 Sərəncam imzalanıb ki, bu sərəncamlarla bölgəyə ümumilikdə 20 milyon manatdan artıq vəsait ayrılıb. Bu barədə Qobustan rayonunun İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu il Mərkəzi Xəstəxananın binası, Şahmat məktəbi istifadəyə veriləcək. Qobustan şəhərində 624 şagird yerlik üçmərtəbəli məktəb binasının tikintisi isə davam edir. 2 saylı uşaq bağçası üçün 100 yerlik binanın tikintisinə də başlanılıb. Habelə rayonda 150 nəfərdən artıq qadının işlə təmin ediləcəyi xalça istehsalı emalatxanası tikiləcək, regional yun qəbulu və boya bitkilərinin tədarükü məntəqəsi yaradılacaq.

Vurğulanıb ki, hesablamalara əsasən, rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artıb. Cari ilin məhsulu üçün 30151 hektar sahədə taxıl əkilib. Bu, rayonda taxıl əkini sahəsində yüksək göstəricidir. 615 hektardan artıq sahədə isə yazlıq bitkilər becərilir. Heyvandarlıq sahəsində də ilin ilk üç ayı uğurlu olub. Ət istehsalı 2,1 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı isə 6,8 faiz artıb. Bununla yanaşı, rayonda 1000 hektarda aqroparkın yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin təbii qazla, içməli su ilə normal təminatı istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.

Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan digər bir rayonda - İsmayıllıda isə 2018-ci ilin birinci rübündə ümumi məhsul istehsalı faktiki qiymətlərlə 36 milyon 29 min manat olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 417 min manat çoxdur. Əsas kapitala investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 8 milyon 630 min manat təşkil edib. Birinci rübdə rayonda 455 yeni iş yeri açılıb ki, bunun da 400-ü daimidir. Bu məlumatlar İsmayıllıda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsində, eləcə də digər çıxışlarda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda görülən işlər geniş təhlil edilib. Qeyd olunub ki, bu ilin məhsulu üçün ötən payızda 28 min 741,5 hektar sahədə taxıl əkilib. İlin ilk aylarında əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərilib. Belə ki, taxıl sahələrinə gübrə verilib, 20 min hektardan çox ərazidə alaq otlarına qarşı mübarizə tədbirləri aparılıb. Hesabat dövründə 2 min 133 hektar sahədə yazlıq bitkilər əkilib. Bu il tütün əkini sahəsini 22 hektara çatdırmaq üçün tədbirlər görülüb. Qubaxəllili kəndi ərazisində “ASPİLAND” MMC tərəfindən 10 hektar sahədə badam, 30 hektarda qoz bağı salınıb. Hesabat dövründə kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da dinamik inkişaf təmin edilib.

Məruzə və çıxışlarda ilin ilk günlərindən başlayaraq rayon ərazisində aparılan əsaslı tikinti, abadlıq-quruculuq işləri barədə də ətraflı danışılıb. Qeyd olunub ki, birinci rübdə Lahıc qəsəbə tam orta məktəbi üçün yeni binanın və İsmayıllı-Kəlbənd yolunun tikintisinə başlanılıb. Dəmirçi-Lahıc avtomobil yolunun, Keyvəndi kəndində heyvandarlıq təsərrüfatının, Heydər Əliyev prospektində beşmərtəbəli hotel binasının, “Bədo” əlillərin reabilitasiya və bərpa istirahət mərkəzinin, “Niyal-Konstruktion” MMC tərəfindən ticarət mərkəzi-hotel binasının və digər obyektlərin tikintisi davam etdirilib.

Şamaxı rayonunda da 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları uğurlarla yadda qalıb. Bu da təsadüfi deyil. Belə ki, ölkənin hər yerində olduğu kimi, Şamaxıda da Prezident İlham Əliyevin ölkədə iqtisadiyyatın inkişafı, kənd təsərrüfatında islahatların genişləndirilməsi, sahibkarlığa dəstək, əhalinin məşğulluq səviyyəsinin artırılması, təzə iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirilir. Qeyd olunduğu kimi bu istiqamətdə Şamaxı rayonunda da mühüm işlər görülüb, iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradılıb. Yeri gəlmişkən, rayon ərazisində “Kürdəmir Süd Emalı Zavodu” MMC-yə məxsus 2000 başlıq maldarlıq kompleksinin tikintisi başa çatdırılıb, lizinq yolu ilə 231 baş cins mal-qara gətirilib. Turizmin inkişafı məqsədilə rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək 22 kilometrlik yeni avtomobil yolunun tikintisi davam etdirilir.

Onu da qeyd edək ki, rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Plantasiyaların sahəsi artırılaraq 1710 hektara çatdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. “Mədrəsə Aqro” MMC tərəfindən 74 hektarda, Meysəri kəndi ərazisindəki “Şirvan Şərabları” müəssisəsi tərəfindən isə 120 hektarda yeni üzüm bağları salınıb.

Bu ilin birinci rübündə rayonda həmçinin tikinti-quruculuq və abadlıq işləri, təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar tədbirlər görülüb, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində davamlı addımlar atılıb.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 25 aprel.- S.7.