Azərbaycanın bölgələri
bu ilin birinci rübündə uğurla inkişaf edib
Bu inkişaf Ağstafa, Qazax və Şəmkir
rayonlarında da özünü əyani şəkildə
göstərib
Son 15 ildə Azərbaycanın mənzərəsi
ölkənin bütün regionlarının tarazlı şəkildə
inkişaf etdirilməsi ilə səciyyələnib. 2018-ci
ilin birinci rübü də inkişaf baxımından əlamətdardır.
Belə ki, bu ilin birinci rübündə Azərbaycan
iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun
böyük əksəriyyəti xarici sərmayədir. Bu isə
ölkəmizin xarici investorlar üçün çox cəlbedici
olduğunu göstərir. Birinci rübdə Azərbaycan
iqtisadiyyatı 2,3 faiz artıb. Qeyri-neft sektorunda 3 faiz, sənaye
istehsalında 2 faiz, qeyri-neft sənayesində isə təxminən
10 faiz artım qeydə alınıb. Kənd təsərrüfatında
4,2 faiz artım əldə olunub ki, bu artımın tərkibində
daha çox bitkiçiliyin artımı müşahidə
edilir. Birinci rübdə xarici ticarət dövriyyəsinin 31
faiz, o cümlədən ümumi ixrac 24 faiz, qeyri-neft
ixracı 37 faiz artıb. Bu ilin ilk üç ayında 34 min
yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş
yeridir.
Ümumiyyətlə, respublikada 2004-cü ildən
etibarən regionların sosial-iqtisadi inkişafına dair
müvafiq Dövlət proqramlarının uğurla
reallaşdırılması sayəsində ölkədə
yeni müsbət reallıqlar yaranıb. Belə ki, ölkənin
bütün bölgələrində genişmiqyaslı
abadlıq-quruculuq işləri aparılıb, kəndlərin,
qəsəbələrin siması yenilənib. Son
illərdə bölgələrin maliyyə təminatı da əhəmiyyətli
dərəcədə möhkəmlənib. Əlamətdar
haldır ki, Dövlət proqramlarının uğurla
reallaşdırılması sayəsində bir çox
göstəricilər üzrə bölgələrdə
artım tempi ölkə üzrə müvafiq göstəriciləri
üstələyib. Bundan başqa, yerlərdə yaradılan
müəssisələr, həmçinin aqrar sektorun yeni
yanaşmalar əsasında inkişaf etdirilməsi regionlarda
iqtisadi aktivliyi artırıb.
Bu
uğurlardan ölkənin qərb rayonlarına da pay düşür. Bu ilin birinci
rübünün yekunları bunu deməyə əsas verir.
Belə ki, ötən üç ayda Ağstafa
rayonu üzrə ümumi məhsul
buraxılışının həcmi 1 faiz artıb.
Keçən ilin eyni dövrü ilə müqayisədə
sənaye məhsulunun ümumi həcmi 2 dəfə, kənd təsərrüfatı
məhsullarının həcmi 6,8 faiz artıb, nəqliyyat
xidmətində 5,7 faiz, rabitə xidmətində 0,9 faiz, ticarət
sahəsində 6,3 faiz artım olub. Əsas kapitala yönəldilən
investisiyaların həcmi 2,6 milyon manat təşkil
edib. Bu barədə Ağstafada 2018-ci ilin ilk
üç ayında sosial-iqtisadi inkişafın yekunları və
qarşıda duran vəzifələrə həsr olunan hesabat
yığıncağında rayon İcra Hakimiyyətinin
başçısı Məhərrəm Quliyevin hesabat məruzəsində
qeyd olunub.
Bildirilib ki, yanvar-mart ayları ərzində həyata
keçirilmiş bir sıra tədbirlər nəticəsində
rayonda 430 nəfər işlə təmin olunub. Hazırda rayon Məşğulluq
Mərkəzində 204 vakant iş yeri mövcuddur.
Qeyd edək ki, rayonun iqtisadiyyatının əsasını
kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart
aylarında rayon üzrə kənd təsərrüfatı məhsullarının
həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
460,1 min manat və ya 6,8 faiz artıb. Rayon
üzrə 8517 hektar sahədə buğda, 1588 hektar sahədə
arpa olmaqla, 10105 hektar taxıl səpini həyata keçirilib.
Yazlıq bitkilərin əkini davam etdirilir.
Cari ilin üç ayında Ağstafa rayonunda
abadlıq-quruculuq və təmir-tikinti sahəsində də
sürətli inkişaf təmin olunub. Ağstafa
şəhərinin abadlaşdırılması, küçə
və meydanların yenidən qurulması, çoxmənzilli
yaşayış binalarının təmiri işləri
ön plana çəkilib. C.Cabbarlı və
Nizami küçələrində abadlıq-yenidənqurma
işləri aparılıb. Şəhərin
M.Allahverdiyev küçəsində 16, 20, 22 saylı,
Ş.Qurbanov küçəsində 23 və 24 saylı
binaların dam örtüyü dəyişdirilib, 32 mənzilli
yaşayış binasının həyətində
abadlıq işləri aparılıb.
Hesabat yığıncağında rayonda yol
infrastrukturunun yaxşılaşdırılması, problemlərin
aradan qaldırılması istiqamətində bir sıra
işlərin görüldüyü də vurğulanıb. Bildirilib ki,
hazırda rayonun Düzqışlaq-Kolayır-Qarahəsənli-Xılxına
avtomobil yolunda əsaslı təmir işləri
aparılır.
Yığıncaqda həmçinin rayonun təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrində
görülən işlər hərtərəfli təhlil
olunub, tapşırıq və tövsiyələr verilib.
2018-ci ilin birinci rübü Qazax rayonu üçün də
uğurlu olub.
Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və
xərclərinin proqnozu 9363000 manat məbləğində
müəyyənləşdirilib. 2018-ci ilin birinci
rübündə yerli daxilolmalar 1824849 manat proqnoza
qarşı 2045427 manat və ya 112,09 faiz
yerinə yetirilərək büdcəyə 220578 manat
artıq vəsait mədaxil olub. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə büdcəyə
279499 manat və ya 15,83 faiz çox vəsait
daxil olub. 2018-ci ilin birinci rübündə
qarşılıqlı hesablaşmalar əsasında 222861
manat vəsait daxil olub və 204731 manat vəsait öz təyinatı
üzrə xərclənib. Yekun olaraq 2018-ci ilin birinci
rübündə yerli gəlirlər cəmi 2047710 manat proqnoza
qarşı 2268288 manat, yəni 110,77 faiz
yerinə yetirilib.
Qeyd edək
ki, rayon ərazisində 5 özəl bank filialı, 1 özəl
bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan
kredit təşkilatı fəaliyyət göstərir. 2018-ci
ilin 3 ayı ərzində əhaliyə 5111570 manat kredit
verilib, əhalidən 1379650 manat və 1106334 ABŞ dolları
əmanət cəlb olunub. Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən 10 layihə üzrə 1576000 manat
(162 iş yeri) kredit verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən
əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi
üçün 2018-ci ilin 3 ayında 9954200 manat vəsait
köçürülüb. Şöbədə 2018-ci ilin 3
ayında sosial sığorta haqları üzrə
yığım proqnozu 99,3 faiz yerinə
yetirilib. Belə ki, 736600 manat proqnoza
qarşı 726000 manat vəsait toplanıb. O cümlədən
bu göstərici büdcə təşkilatları üzrə
419900 manat proqnoza qarşı 467000 manat toplanmaqla 111 faiz,
qeyri-büdcə təşkilatları üzrə 313700 manata
qarşı 262000 manat olmaqla 83,3 faiz, o cümlədən
hüquqi şəxslər 181400 manata qarşı 178000 manat
olmaqla 98 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər üzrə isə 126300 manata
qarşı 84400 manat toplanmaqla 66,8 faiz yerinə yetirilib.
2018-ci
ilin birinci rübündə Qazax rayonu üzrə əsas
kapitala yönəldilən investisiyaların həcmi 6172300
manat, ümumi məhsul buraxılışının həcmi
35200000 manat olub ki, bu ötən ilin müvafiq dövrü ilə
müqayisədə 0,6 faiz çoxdur. Sənaye məhsulunun
ümumi həcmi 6500000 manat, keçən ilə nisbətən
17,8 faiz çox, kənd təsərrüfatı məhsullarının
həcmi 10250000 manat, 2017-ci ilə nisbətən 0,6 faiz
çox olmuşdur. Adambaşına düşən ümumi
məhsulun həcmi 364 manat, orta aylıq əməkhaqqı
295,9 manat olmuşdur.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar
Qazax rayonunda davamlı surətdə yeni iş yerləri
açılır. Birinci rübdə 9 yeni müəssisə
yaradılıb, 123-ü daimi olmaqla 275 yeni iş yeri
açılıb.
Həmçinin
2018-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə
34 müəssisədən 766 boş iş yeri təqdim
edilib, müraciət etmiş 822 nəfər vətəndaşdan
777 nəfəri iş axtaran kimi qeydiyyata alınıb, 464 nəfərə
işə göndəriş verilib, 447 nəfər münasib
işlə təmin olunub.
Yeri gəlmişkən, bu ilin birinci rübü Şəmkir
rayonu üçün də uğurlu olub. Cari ilin məhsulu
üçün Şəmkirdə 14 min 398 hektar sahədə
taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə
260 hektar çoxdur. Taxıl əkilən sahələrin 12
min 389 hektarını buğda, 2 min 188 hektarını isə
arpa zəmiləri təşkil edir. Bundan əlavə, 4 min
hektar sahədə kartof, 5 min 151 hektarda tərəvəz
bitkiləri, 70 hektarda isə şəkər çuğunduru
əkilib. Bu barədə Şəmkirdə
2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın
yekunları və qarşıda duran vəzifələrə həsr
olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin
başçısı Alimpaşa Məmmədovun məruzəsində
bildirilib.
Qeyd olunub ki, ölkəmizin
sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir
rayonunda da 2018-ci ilin birinci rübündə iqtisadiyyatın əsasını
təşkil edən kənd təsərrüfatı, sənaye,
tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və
xidmət sahələrində müsbət nəticələr
qazanılıb. Respublikanın iri kənd təsərrüfatı
rayonlarından olan Şəmkirdə aqrar sektorun
inkişafı ilə bağlı məqsədyönlü tədbirlər
həyata keçirilir. Rayonda baramaçılığın əvvəlki
şöhrətini qaytarmaq üçün də tədbirlər
görülür. Belə ki, son illər rayonda
baramaçılığın yem bazasını möhkəmləndirmək
üçün 80 min tut tingi əkilib. Cari ildə rayonun 36
yaşayış məntəqəsi üzrə
kümçülərə ipəkqurdu toxumu veriləcəyi
planlaşdırılıb.
Rayonda heyvandarlığın inkişafı ilə
bağlı görülən tədbirlər nəticəsində
iribuynuzlu mal-qaranın baş sayı artaraq 61 min 442 başa,
qoyun-keçilərin baş sayı isə 304 min 815 başa
çatıb. Cari ilin üç ayında 2034 ton ət, 12432
ton süd və 11 milyon 398 min ədəd yumurta istehsal olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
42 ton ət, 397 ton süd və 95 min ədəd yumurta
çox istehsal edilib.
Hesabat dövründə Şəmkir rayonunda
1494 yeni iş yeri açılıb ki, onunda 662-si daimi, 832-si
müvəqqəti iş yeri olub.
Məruzədə qeyd olunub ki, rayonda
aparılan abadlıq-quruculuq işləri cari ilin üç
ayında da davam etdirilib. Hazırda mərkəzi xəstəxana
binasının və evləri qəzalı vəziyyətdə
olan sakinlər üçün inşa olunan çoxmənzilli
yaşayış binasının tikintisi davam edir.
Hesabat yığıncağında rayonun təhsil,
səhiyyə, mədəniyyət və digər sahələrində
görülən işlər də hərtərəfli təhlil
olunub, lazımi tapşırıq və tövsiyələr
verilib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 26 aprel.- S.7.