İnsanlara sevgi ilə keçən mənalı ömür yolu

 

Bu gün dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümüdür

Sadə insan, böyük ictimai xadim və görkəmli alim Zərifə xanım Əliyevanın ömür yoluna nəzər salıb bu barədə yazı hazırlamaq həm asandır, həm də çətindir. Asandır ona görə ki, bu işıqlı şəxsiyyətin həyatı zəngin və bənzərsizdir. Onun ömür yoluna, xalqına, Vətəninə, insanlara həsr olunan fəaliyyətinə aid ibrətamiz faktlar istənilən yazı üçün geniş və cəlbedici mövzu ola bilər. Zərifə xanım Əliyeva barədə yazı yazmaq ona görə çətindir ki, o, uca zirvədə dayanan bir şəxsiyyətdir. Bu böyük və işıqlı insan haqqında yazılan hər yazı onun portretinin heyrətamiz ştrixlərini əhatə etməli, çoxşaxəli fəaliyyətinin miqyasına uyğun gəlməlidir.

Şəcərədən gələn alicənablıq

Zərifə xanım Əliyeva bahar təravətli apreldə dünyaya gəlib. Burada həm də bir möcüzəli, sirli-sehrli harmoniya var. Zərifə xanımın alicənab təbiəti elə idi ki, o, ünsiyyətdə olduğu bütün insanlara xoş ovqat bəxş edirdi. Ətrafındakılar ondan həmişə müsbət enerji alırdılar.

Təbii ki, Zərifə xanımın bu qayğıkeşliyi, həssaslığı, alicənablığı təsadüfi deyildi. İnsanın əhatə olunduğu mühit, təmas qurduğu insanlar onun formalaşmasına təsir edən çox mühüm faktorlardır. Eyni zamanda, gen amili insanın yalnız fiziki görünüşündə üzə çıxmır, həm də onun xarakter xüsusiyyətlərində təzahür edir.

Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. Azərbaycanın görkəmli simalarından olan Əziz Əliyevin ailəsi barədə geniş söhbət açmağa lüzum yoxdur. Xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlərə böyük önəm verilməsi, necə deyərlər, bu ailənin təməl prinsipləri idi. Yox, bu kimi keyfiyyətləri ailə üzvlərinə kim isə kənardan xüsusi olaraq aşılamırdı, sadəcə, ailədə götür-qoy belə idi, ailə üzvləri arasında münasibətlər belə qurulmuşdu və hamı da qeyd olunan keyfiyyətləri özü üçün sövqi-təbii olaraq bir çərçivə sanırdı. Ailəni Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri - Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digərləri ilə sıx əlaqələr bağlayırdı. Əziz Əliyevin evi bu görkəmli simalar üçün bir növ ocaq yerinə çevrilmişdi. Onlar tez-tez bura yığışır, saatlarla müzakirələr aparır, fikirlərini bölüşür, xalqın inkişafı, maariflənməsi ilə bağlı yeni ideyalar irəli sürürdülər. Azərbaycanın görkəmli şəxsiyyətlərinin bu ailə ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərib, onların yaddaşında silinməz izlər qoyub.

Zərifə xanım Əliyeva məhz belə bir mühitdə tərbiyə alır və böyüyürdü. Yetişdiyi mühit, şəcərədən gələn xüsusiyyətlər onda möhkəm iradə, eyni zamanda, nəciblik və xeyirxahlıq formalaşdırdı. Onun ailədə də, cəmiyyətdə də davranışlarında, ünsiyyətlərində diqqəti cəlb edən və ona qarşı dərin rəğbət oyadan bir kübarlıq var idi. Bu böyük insan üçün sanki doğma və ögey anlayışları yox idi. O, öz övladlarına, yaxınlarına olduğu kimi, təmas qurduğu digər bütün insanlara da son dərəcə qayğı və xeyirxahlıqla yanaşırdı. Onun çevrəsində daim mehriban, xoş ünsiyyət yaranırdı. Zərifə xanımı bir dəfə görmək və tanımaq kifayət idi.

Zərifə xanımın əziz xatirəsinin uzun illərdən sonra da insanların qəlbində yaşaması da elə bununla bağlıdır. Görkəmli alim az yaşayıb. O, 1985-ci il aprelin 15-də Moskvada vəfat edib. Lakin illər ötsə də, Zərifə xanımın nurani çöhrəsi, işıqlı xatirələri insanlardan uzaqlaşmır. Əksinə, onun yeri daha aydın görünür, xidmətləri daha dərindən və daha geniş miqyasda dərk olunur. Zərifə xanım haqqında xoş xatirələri anarkən düşünürsən ki, dünyamızın belə xeyirxah insanlara böyük ehtiyacı var.

İnsanlara sevgi Zərifə xanım Əliyevanın həyatını həkimliyə bağladı

İnsanlara olan sevgi hissi Zərifə xanım Əliyevanın həyat yolunun müəyyənləşməsində də əsas oldu. O, qəlbinin hərarətini ehtiyacı olan insanlara ötürmək üçün həkim olmağı qərarlaşdırdı. Həm də onun gözləri önündə canlı nümunə var idi - atası Əziz Əliyev həkim idi.

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə isə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə Azərbaycan Respublikası üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Zərifə xanım nəzəri axtarışları ilə yanaşı, praktiki fəaliyyətini də geniş miqyasda davam etdirirdi. O, Azərbaycanın böyük tibb müəssisələrinə, eləcə də respublikamızın ən çox traxoma xəstəliyi yayılmış rayonlarına səfərlərə gedir, oftalmoloq-həkimlər qarşısında traxoma və başqa göz xəstəliklərinin müayinə və müalicəsinə dair məruzələr edir, əhali ilə çoxsaylı söhbətlər aparırdı.

Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu: bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik, onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Zərifə xanım Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verir və oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirirdi. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi də xüsusi yer tuturdu. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası daha çox cəlb edirdi. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.

1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməyib. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.

Zərifə xanım Əliyeva həmçinin yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə diqqət yetirirdi. Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilirdi. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q.Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almaqla yanaşı, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri idi. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.

1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşürdü. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə, elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı”.

Akademik Zərifə xanım Əliyevanın elmi tədqiqatları bu gün də öz aktuallığını saxlayır

Görkəmli alim Zərifə xanım Əliyevanın qələmindən davamlı axtarışlarının və praktiki fəaliyyətinin nəticəsi olaraq bir sıra sanballı elmi əsərlər çıxıb. “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalar buna misaldır. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin diqqətini cəlb edib və dəfələrlə nəşr olunub.

Akademik Zərifə xanım Əliyevanın görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri və həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri bu gün də öz aktuallığını itirməyib. Onun “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini özünə cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr edib. Dünyada ilk tibbi vəsait olan “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin kitab bu gün həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir. Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir. Leninqrad Gigiyena İnstitutunun Göz Xəstəlikləri kafedrasının müdiri, professor A.N.Dobromislov Zərifə Əliyevanın əsərlərinin önəminə diqqət çəkərək yazıb: “Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq büruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı ilə, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır”.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Azərbaycanlı professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın oftalmoloq idi.

Zərifə xanım Əliyeva qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı idi

Zərifə xanım Əliyeva bir alimin, bir həkimin əldə edə biləcəyi ən böyük uğurlara nail olub. O, Azərbaycanda oftalmologiya üzrə ilk dəfə akademik adını qazanıb. Zərifə xanım gözəl həkim olmaqla yanaşı, həm də böyük ictimai xadim idi. O, uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib.

Lakin Zərifə xanım Əliyeva nə qədər böyük şan-şöhrət qazansa da, həyatda bütün titullarından ucada dayanan bir missiyası da var idi ki, bu da onun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı, ana olması ilə bağlı idi. Zərifə xanım Əliyeva ailə dəyərlərinin yüksək tutulduğu bir ailədə dünyaya göz açıb tərbiyə almışdı. Və təbii ki, özü də milli adət-ənənələrimizin, xalqımızın əsrlərin sınağından keçərək bu günümüzədək gəlib çatan ailə dəyərlərinin yaşamasına və yeni çalarlarla daha da zənginləşməsinə böyük önəm verirdi. Biz Zərifə xanım Əliyevanın timsalında öz ailəsinə və övladlarına hədsiz bağlı olan fədakar bir ana obrazını görürük. O, övladlarının yaxşı təhsil və tərbiyə almaları, müasir düşüncəli intellektual gənclər kimi böyümələri, formalaşmaları üçün hər bir çətinliyə dözməyə hazır idi. O, həkim kimi hər gün onlarca xəstəni müayinə və müalicə edirdi, çox yorulurdu. Lakin bütün bu yorğunluqlar heç vaxt onun evinə daxil olmurdu. Zərifə xanım işdə olduğu kimi, ailədə də bütün vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə çalışırdı və buna nail olurdu. O, həmişə övladları ilə daha çox vaxt keçirməyə, malik olduğu yüksək mənəvi keyfiyyətləri onlara ötürməyə çalışırdı. Onun oğlu - son 15 ildə müstəqil Azərbaycanın sükanını inamla idarə edən, ölkəmizə böyük uğurlar qazandıran Prezident İlham Əliyevin yüksək mənəvi keyfiyyətlərinə, daxili zənginliyinə istinadən deyə bilərik ki, Zərifə xanım Əliyeva ailədə qarşısına qoyduğu məqsədə - övladlarına yaxşı tərbiyə verməyə nail olub. Milli köklərə bağlı olan Zərifə xanım Əliyevanın tərbiyəsini əxz edən Prezident İlham Əliyev Azərbaycanın inkişafı, müstəqilliyinin möhkəmlənməsi, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yer alması naminə möhkəm iradə və qətiyyət nümayiş etdirir.

Professor O.P.Dobromislova Zərifə xanım Əliyeva haqqında müşahidələrini ümumiləşdirərək belə yazıb: “Zərifə Əziz qızı təkcə görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə idi, qeyri-adi şəxsiyyət idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi. Öz xatirələrimdə əsasən Zərifə Əliyevanı insan və qadın kimi səciyyələndirmək istərdim”.

Zərifə xanımın xalqımızın Ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı olması isə onun üçün ikiqat məsuliyyət yaradırdı. Bu iki unikal şəxsiyyəti böyük sevgi telləri birləşdirirdi. Ulu öndərin Özü dəfələrlə ömür-gün yoldaşına gənclik illərindən başlayan və ömrünün sonunadək tükənməyən böyük məhəbbətini etiraf edib. Zərifə xanım Əliyeva həyat yoldaşının ona qarşı səmimi hisslərdən yaranan münasibətini həyatının ən əziz dəyəri kimi qorumağa və gücləndirməyə çalışırdı. O, Ulu öndərə yalnız ömür-gün yoldaşı olmayıb, həm də Ona silahdaşlıq edib.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 28 aprel.- S.4.