Zərifə xanım Əliyevanın
zəngin elmi irsi dünya oftalmologiyasına mühüm
töhfələr verib
YAP Qadınlar Şurasının və
BSU-nun birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə
həsr olunmuş tədbir keçirilib
Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar
Şurasının və
Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr
olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları
müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını
ziyarət ediblər.
Daha sonra tədbir BSU-nun akt zalında davam etdirilib. Çıxış edən YAP Qadınlar Şurasının sədri,
partiyanın İdarə
Heyətinin üzvü,
BSU-nun rektoru, professor Nurlana
Əliyeva bildirib ki, hazırda respublikada Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə, zəngin
elmi yaradıcılığına
həsr olunan tədbirlər, humanitar aksiyalar keçirilir. Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu il
də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli
alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə,
humanist addımlar atmağa,
nümunəvi vətəndaş
olmağa çağırış
mahiyyəti daşıyır:
“Azərbaycan xalqı
özünün istedadlı
şəxsiyyətləri, elm və mədəniyyət
adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli
alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir
azərbaycanlıya örnəkdir.
Ümumiyyətlə, 1923-cü ilin ilıq bir bahar günü
dünyaya gələn,
ürəyində və
əməllərində işıqlı
amalları, nəcib duyğuları yaşadan,
ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi
uğrunda fədakarlığı
nəinki bugünkü,
həm də gələcək nəsillər
üçün bir örnək və yaşam etalonudur. Zərifə xanım Əliyevanı yaxından
tanıyanların, sağlığında
onunla birlikdə işləmək, ictimai-mədəni
tədbirlərdə birgə
iştirak etmək səadətinə nail olanların
hamısı bu zərif və nəzakətli, alicənab
və ziyalı Azərbaycan xanımını,
hər şeydən əvvəl, məhz sadə bir insan,
olduqca səmimi, böyük mədəniyyət
sahibi kimi səciyyələndirirlər”.
N.Əliyeva qeyd edib ki,
Zərifə xanım
Əliyevanın zəngin
elmi irsi dünya oftalmologiyasına
mühüm töhfələr
verib. Onun elmi fəaliyyətinin
əsas istiqamətini
görmə orqanının
peşə patologiyası
müəyyənləşdirirdi. Bu sahə olduqca
ağır idi. Onun araşdırılması təkcə
dərin oftalmoloji savad yox, həm
də fundamental təcrübi
biliklər tələb
edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə oftalmologiyasının pioneri
sayılan Zərifə
xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə
patologiyasını araşdıran
elmi tədqiqat laboratoriyası yaratmışdı.
Azərbaycan oftalmologiyasını dünya
səviyyəsində tanıdan
Zərifə Əliyeva
təbabətdə öz
dəsti-xətti olan novator alim idi. Bu istedadlı
alim gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də
dərin elmi araşdırmalar aparırdı.
1983-cü ildə Zərifə Əliyevanın
Azərbaycan Elmlər
Akademiyasının həqiqi
üzvü seçilməsi
bunun təsdiqi oldu. O həm də keçmiş
SSRİ-də ilk qadın
həkim olaraq Tibb Elmləri Akademiyasının akademik
Aberbax mükafatına
layiq görüldü.
Bunlar həm də onun apardığı çoxillik elmi tədqiqatların yüksək
səviyyəsinə, sosial
əhəmiyyətinə, ictimai
fəallığına, pedaqoji
istedadına verilən
yüksək qiymət
idi. Onun alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.
“Zərifə Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası
və müalicəsi
problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə
də maraqlanıb. O,
gənc həkimlərin
tərbiyəsinə, onların
peşə fəaliyyəti
ilə bağlı problemlərinin öyrənilməsinə
və həlli məsələlərinə böyük
diqqət göstərib.
Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin
şəxsiyyət kimi
formalaşması prosesinə
dəyərli töhfədir.
Zərifə Əliyeva
səhiyyədə kadr
hazırlığına və
həkimlərin ixtisasının
təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında
cavan alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli formalaşıb. Diqqətəlayiq xidmətlərinə,
çoxillik elmi tədqiqat işlərinə
görə professor Zərifə Əliyeva
1983-cü ildə Azərbaycan
Respublikası Elmlər
Akademiyasının akademiki
seçilib. Tibb sahəsində çoxşaxəli
fəaliyyəti ilə
bərabər, akademik
Zərifə Əliyeva
ictimai işlərdə
də fəallıq göstərib, keçmiş
SSRİ-nin Sülhü
Müdafiə Komitəsinin
üzvü, Azərbaycan
Sülhü Müdafiə
Komitəsi sədrinin
müavini, “Bilik” Cəmiyyəti İdarə
Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları
Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə
xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının
redaksiya heyətinin üzvü idi” - deyən YAP Qadınlar Şurasının sədri
əlavə edib ki, insanlarla mehribanlığı, dərin
humanizmi Zərifə xanımın peşəsinə
münasibətində də
özünü aydın
göstərirdi.
N.Əliyevanın sözlərinə görə,
elmi, ictimai fəaliyyətə paralel
olaraq, Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün
yoldaşı olub: “Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək
mənəvi mühitdən
qazanıb. Zərifə Əliyeva Azərbaycanın
görkəmli dövlət
xadimi Əziz Əliyevin ailəsində
dünyaya göz açmış, milli dəyərləri övladlarına
böyük məhəbbətlə
təlqin etmiş ləyaqətli bir ananın - Leyla xanımın tərbiyəsi
ilə böyümüş,
Azərbaycanın milli dövlətçilik
tarixinin hünərvər
müəllifi Heydər
Əliyevin ömür-gün
yoldaşı, Vətənimizin,
xalqımızın əziz,
dəyərli övladı
və rəhbəri, dövlətimizi uğurla
dünya birliyinə çıxaran möhtərəm
Prezidentimiz İlham Əliyevin anasıdır.
Eyni zamanda, o, Azərbaycan qadınının
adına, ünvanına
şərəf, qürur
gətirmiş, qadınlıq,
zəriflik, möhtəşəmlik
mücəssəməsidir”.
Daha sonra
tədbir ədəbi-bədii
proqramla davam edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 28 aprel.- S.5.