Şəhid pilotlarımızdan bəhs
edən “Aprel şəkilləri” sənədli
filmi təqdim olunub
Aprelin 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Bitməyən
müharibənin qəhrəmanları”
silsiləsindən “Aprel
şəkilləri” sənədli
filminin təqdimatı
olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər
Qrupunun dəstəyi ilə çəkilən
filmin təqdimat mərasimində aprel şəhidlərinin ailə
üzvləri, Milli Məclisin deputatları, media və ictimaiyyət
nümayəndələri iştirak
ediblər.
Filmin baş
məsləhətçisi, Azərbaycan Mətbuat Şurasının sədri,
deputat Əflatun Amaşov, ssenari müəllifi Bəxtiyar Qaraca, rejissorları Kəmalə Mirzəyeva və Nuranə İsmayıldır. Bakıda
və Kürdəmir rayonunda çəkilən
filmdə aprel döyüşlərində şəhid
olan və “Azərbaycan bayrağı”
ordeni ilə təltif edilən pilotlar - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir.
Tədbirdə çıxış edən Ə.Amaşov Aprel döyüşlərinin
Azərbaycan xalqının
qələbə inamının
özünə qayıtmasında
böyük rol oynadığını, düşmən
üzərində böyük
hərbi, psixoloji qələbə qazanıldığını
bildirib: “Aprel döyüşləri bizim
qəhrəmanlıq dastanımızdır.
Onu xalqımızın
yaddaşına həkk
etmək bizim borcumuzdur. “Bitməyən müharibənin qəhrəmanları”
silsiləsindən üç
sənədli film çəkiləcək. “Aprel
şəkilləri” sənədli
filmi bu silsilədən birinci filmdir. Növbəti film Aprel döyüşlərində
şəhid olan və “İgidliyə görə” medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr
ediləcək “Briqada
komandiri” sənədli
filmi olacaq”.
Sonra “Aprel
şəkilləri” sənədli
filmi nümayiş olunub.
Filmin nümayişindən
sonra çıxış
edən “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi
Sona Vəliyeva şəhidlərimizlə qürur
duyduğumuzu vurğulayıb
və üzünü
şəhid ailələrinə
tutaraq deyib: “O kədər sizin ürəyinizi nə qədər ağrıdırsa,
inanın ki, bizim qəlbimizi də ağrıdır. Filmi seyr edərkən
burada əyləşən
hər bir insanın üzündə
həmin kədər,
gözündə isə
yaş vardı. Şəhidlər seçilənlərdir.
Torpaq uğrunda, millət uğrunda şəhid olmaq Allahın göndərdiyi
bir məqamdır və bizim bu
üç şəhidimiz
də bu ali məqama qovuşub. Aprel döyüşləri dövlətimizin
və xalqımızın
birliyini bir daha ortaya qoydu”.
Bakı Dövlət Universitetinin
professoru Cahangir Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları çıxışlarında film
haqqında öz təəssüratlarını bölüşüblər, Aprel
döyüşlərinin hərb
tariximizin şanlı
səhifələrindən biri olduğunu qeyd ediblər.
Sonda şəhid
ailələri adından
Təbriz Musazadənin
anası Tovuz Musayeva, Urfan Vəlizadənin həyat yoldaşı Könül
Vəlizadə çıxış
edərək filmin yaradıcı heyətinə,
tədbir iştirakçılarına
təşəkkürlərini bildiriblər.
Yeni Azərbaycan.-
2018.- 28 aprel.- S.6.