Azərbaycan teatrları yeni mövsümə hazırdır

 

Sənət ocaqları teatrsevərlərə bir-birindən

zəngin maraqlı repertuar vəd edir

 

Zəngin tarixi yol keçən Azərbaycan teatr sənəti yeni inkişaf dövrünü yaşayır. Son dövrlərdə teatrlarımızda yüksək yaradıcı atmosfer mövcuddur. Başlamaqda olan yeni teatr mövsümünün repertuarına nəzər saldıqda da bunu aydın şəkildə görə bilərik. Ötən mövsümlərdə olduğu kimi, bu dəfə də teatrlarımız tamaşaçıların qarşısına bir-birindən zəngin repertuar ilə çıxmağa hazırlaşır. Məzuniyyətdən qayıdan yaradıcı heyət böyük həvəs və ruh yüksəkliyi ilə artıq yeni tamaşanın məşqlərinə başlayıb.

 

Milli Dram Teatrı yeni mövsümdə

premyeralarla tamaşaçıların görüşünə gələcək

 

Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümə “Qarabağnamə” tamaşası ilə başlayacaq. Qurumun mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, teatr ənənəvi olaraq mövsümü “Qarabağnamə” tamaşası ilə açır və bağlayır. Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası hər zaman tamaşaçılar tərəfindən çox maraq və coşqu ilə qarşılanıb. Teatrın tarixinə silinməz sətirlərlə yazılıb. Teatrın kollektivi, həmçinin görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşası, o cümlədən “Qəribə, çox qəribə əhvalat”, “Bir, iki - bizimki!” və başqa səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlməyə hazırlaşır.

Həmçinin yeni mövsümdə müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə tamaşaçıları sevindirəcəyik. Teatrın repertuarında ənənəvi olaraq dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alacaq”, - deyə C.Zeynallı əlavə edib.

 

Üzeyir Hacıbəyli X Beynəlxalq

musiqi festivalı çərçivəsində...

 

Öz növbəsində, aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümdə klassik əsərlərin ən parlaq nümunələri, operaları, qastrol səfərləri, teatrın səhnəsində xarici ölkələrdən dəvət olunacaq məşhur sənət ulduzlarının çıxışları və s. ilə yadda qalacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, qurum 110-cu teatr mövsümünə sentyabrın 19-da ənənəvi olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə başlayacaq.

Bununla yanaşı, sentyabrın 22-də teatrın səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.

Tamaşanın əsas mövzusunu böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram təşkil edir. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim olunur. Qeyd edək ki, teatrda tamaşanın ilk premyerası 2013-cü il mayın 14-də baş tutub. Sentyabrın 23-də isə Müslüm Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulacaq. Bildirilib ki, bu üç tamaşa Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı çərçivəsində nümayiş olunacaq.

 

Rus Dram Teatrı 98-ci mövsümün

repertuarını açıqlayıb

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı isə 98-ci teatr mövsümünə başlayır. Yeni mövsümün ilk ayında teatrsevərləri maraqlı tamaşalar gözləyir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, qurum mövsümə premyera ilə başlayacaq. Belə ki, sentyabrın 15-də “Yuxularımdan kənar ol” (“Təhminə və Zaur”) adlı səhnə əsəri nümayiş olunacaq. Bundan başqa, sentyabrın 16-da İnqmar Berqmanın pyesi və Boris Yerxovun tərcüməsi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşası göstəriləcək.

Tanınmış ingilis dramaturqu, “vəziyyət komediyası”nın (“situation comedy” - sitcom) ustası Rey Kuninin əsəri tamaşaya hazırlanır. Müəllifin “Qarışıqlıq” adlandırdığı pyes sentyabrın 22-də isə “Kişi, qadın, pəncərə... məşuq” adı ilə Bakı tamaşaçısına təqdim ediləcək. Xalq artisti İranə Tağızadənin quruluş verdiyi “sitkom” qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. İşə bax ki, pəncərələri “Biq-Ben”ə baxan otağın nömrəsi 13 imiş! Elə tamaşadakı bütün gərginliklər nəhs rəqəmin ucbatından başlayır. Sonra da... Daha nələr olacaq, nə baş verəcək, bütün bunları premyerada biləcəyik.

 

Musiqili Teatr yeni mövsümə

sentyabrın 20-dən başlayacaq

 

Öz növbəsində, respublikanın ən böyük musiqili teatrlarından olan Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü sentyabrın 20-də dahi bəstəkar Ü.Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə açacaq. Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına veriləcək.

 

Kukla Teatrı 87-ci mövsümünə hazırlaşır

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da öz mövsüm repertuarını hazırlayıb. Teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmovanın sözlərinə görə, daim axtarışda olan teatrın yaradıcılıq planına “Qırmızıpapaq” və “Durnabalığı” tamaşaları daxil edilib. Teatrın baş rejissoru Qurban Məsimovun “Qırmızıpapaq” tamaşası Şarl Perronun eyniadlı nağılının motivləri əsasında səhnələşdirilib. “Durnabalığı” tamaşası “Durnabalığının buyruğu ilə” rus xalq nağılının motivləri əsasındadır. Onun quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovdur.

Yeni mövsümdə teatrƏlibaba və qırx quldur”, “Göyçək Fatma”, “Şəngülüm, Məngülüm”, “Tıq-Tıq və Taq-Taq”, “Cik-Cik xanım”, “Karlson”, “Gözəl və bədheybət”, “Çipollino” və “Üç muşketyor” tamaşalarını da təqdim edəcək.

Bir sözlə, uşaqlarda teatra sevgi və məhəbbət oyatmaq missiyasını daşıyan sənət ocağı sentyabrdakı repertuarında da Azərbaycanın tarixi, ədəbiyyatı və nağıllarının təbliğinə xüsusi önəm verib.

 

Pantomima Teatrı yeni mövsümü

İt gəzdirən xanım”la açacaq

 

Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü sentyabrın 15-də “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək.

Qurumdan verilən məlumata görə, sənət ocağında sentyabrın 16-da “Pantomima buketi”, sentyabrın 22-də “Vuvana” və 23-də isə “Dejevu” tamaşaları oynanılacaq.

Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da isə “Fəlakət və İnsan” tamaşaları izləniləcək.

 

Müşfiqə Bayramlı

 

Yeni Azərbaycan.- 2018.- 29 avqust.- S.8.