Regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması işi uğurla davam edir

 

Bu ilin sonuna qədər ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi ötəcək

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən siyasət bütün sahələrin tərəqqisinə səbəb olub. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər xüsusi önəm kəsb edir. Məhz bu proqramlar çərçivəsində ötən 15 il ərzində regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, həmçinin bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində mühüm addımlar atılıb.

Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər qazlaşdırma sahəsində də mühüm uğurların əldə edilməsinə səbəb olub. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma, demək olar ki, iki dəfəyə yaxın artıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edir. Cari ildə regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələr isə yüksək səviyyədə icra edilir.

Qeyd edək ki, bu günlərdə mətbuata açıqlamasında “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bildirib ki, Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda ölkənin qazlaşdırılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində görülən işləri qənaətbəxş qiymətləndirib. Qazlaşma proqramına əsasən, bu il ərzində respublikanın regionlarında 42 inzibati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması həyata keçirilməlidir. Ə.Hacıyev deyib: “Ölkə başçısının müvafiq Sərəncamına əsasən, yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar SOCAR-a bu il üçün 100 milyon manat vəsait ayrılıb. Biz fəaliyyətimizi Azərbaycan Prezidentinin ölkə üzrə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması barədə verdiyi tapşırığın icra olunması istiqamətində qurmuşuq. Artıq noyabrın 1-nə olan göstəricilərə görə, ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faiz icra olunub. Cari ilin sonuna kimi isə qazlaşdırma səviyyəsi 95,7 faizi ötəcək. Yanvar-oktyabr aylarında 99 yaşayış məntəqəsi təbii qazla təmin edilib”.

O qeyd edib ki, yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulması “birpilləli” tənzimləmə sistemi əsasında aparılıb. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Ümumilikdə, 2009-cu ildən bu günə kimi aparılmış işlərin nəticəsi olaraq 51 min 406,8 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 9 min 310,3 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 1514 yaşayış məntəqəsinə təbii qaz verilib.

Onu da qeyd edək ki, bu ilin noyabr ayında da bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması tədbirləri həyata keçirilib. Bununla cari il ərzində qazlaşdırılan yaşayış məntəqələrinin sayı 100-ü ötüb. Faktlara diqqət yetirək. Məlum olduğu kimi, məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Elə bu məqsədlə dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. Noyabrın 19-da Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, noyabrın 19-da Kürdəmir rayonunun Qarasu kəndinə təbii qazın verilməsi kənd sakinlərinin də sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 656 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 006 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 47 181 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Noyabrın 21-də isə Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qazın verilməsi təmin olunub. Bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, ümumilikdə 784 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 804 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 37 072 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Noyabrın 21-də həmçinin Oğuz rayonunun Muxas kəndinə də təbii qaz verilib. Qeyd edək ki, 278 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 min 140 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və paylayıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 150 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 890 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Noyabrın 22-də isə Goranboy rayonunun Goranlı və Həmənli kəndlərinə də təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, ümumilikdə 178 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 106 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Onu da qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində də işlər davam etdirilir. Cari ildə ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub. Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşımasına, hava şəraitinin qeyri-sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlərin xeyli hissəsi tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb.

Noyabrın 22-də isə Gədəbəy rayonunun Sonalar, Hacılar, Mormor və Cücanlı kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 222 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 33 683 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bundan əlavə, Gədəbəy rayonunun Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə, eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir. Tezliklə qeyd olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 1 dekabr.- S.7.