Azərbaycanda təhsilin
inkişafı istiqamətində ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilir
Milli Məclisin deputatı
Dilarə Cəbrayılova www.yap.org.az saytına müsahibə
verib:
- Dilarə xanım, noyabrın 28-də Bakı
Konqres Mərkəzində Azərbaycan müəllimlərinin
XV qurultayı keçirildi. Qurultayın iştirakçısı
kimi bu mötəbər tədbirin əhəmiyyətini və
müzakirə edilən məsələlərin təhsil sahəsinin
inkişafı kontekstində önəmini necə qiymətləndirirsiniz?
- Noyabrın 28-də Bakıda
keçirilən Azərbaycan müəllimlərinin XV
qurultayında təhsilin inkişafı istiqamətində bir
çox fundamental əhəmiyyətli məsələlər,
o cümlədən “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda
müəyyənləşdirilmiş hədəflərə
nail olunması istiqamətində əldə
edilmiş uğurlar, XIV qurultaydan sonrakı müddətdə
təhsil sistemində reallaşdırılmış tədbirlər
və islahatlar müzakirə olundu, qarşıda duran yeni vəzifələr
müəyyənləşdirildi. Ümumi təhsil, orta
ixtisas və peşə təhsili müəssisələrindən
1400-ə yaxın, ali təhsil müəssisələrindən
isə 200-dən çox nümayəndənin iştirakı
ilə keçirilən Azərbaycan müəllimlərinin XV
qurultayının ölkəmizdə təhsil sisteminin
inkişafına mühüm töhfələr verəcəyinə
əminlik ifadə olundu, Azərbaycan təhsilinin dünya təhsil
sisteminə inteqrasiyası, müəllimin
nüfuzunun daha da artırılması ilə bağlı
konkret təkliflər irəli sürüldü. Diqqətə
çatdırıldı ki, ölkədə davamlı olaraq
aparılan məktəb tikintisi, məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
nəticəsində əməkhaqqı artımı, işə
qəbulun şəffaf təşkili bu peşəyə
marağı ilbəil artırır.
Digər tərəfdən, qurultay çərçivəsində
panel sessiyalarda çox mühüm və aktual məsələlər
müzakirə predmetinə çevrildi. Bu istiqamətdə
bir sıra məqamlara nəzər salmaq istərdim. Peşəyönümü işinin təşkili və
peşə təhsilinin təbliği mövzusunda
keçirilmiş sessiya ölkəmizdə peşə təhsili
sisteminin inkişafının müzakirəsi və gələcək
hədəflərin müəyyənləşdirilməsi
baxımından olduqca əhəmiyyətli idi. Məlumdur ki, peşə təhsilinin maddi-texniki
bazasının gücləndirilməsi və genişləndirilməsi
istiqamətində dövlət tərəfindən davamlı
olaraq məqsədyönlü addımlar atılır, həyata
keçirilən tədbirlər səmərəli nəticələr
verir. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda peşə təhsili ilə bağlı
xüsusi müddəalar öz əksini tapıb. Eyni zamanda, 2016-cı ildə Peşə Təhsili
üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə
qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi
baxımından çox əhəmiyyətlidir.
Çünki bu sahənin inkişafı ölkənin
ixtisaslı kadrlara olan tələbatının ödənilməsi
baxımından önəmlidir. Biz cəmiyyətdə
bu sahəyə marağın davamlı olaraq
artdığını müşahidə edirik. Peşə təhsili
müəssisələri peşəyönümü
işinin təşkilində və təbliğində
yaxından iştirak edirlər.
Qurultayda “Ümumi təhsil: bu
günə və gələcəyə baxış. Ümumi
təhsilin məzmunu”, “Ümumi təhsil: bu günə və
gələcəyə baxış. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi”, “Ümumi təhsil: bu günə
və gələcəyə baxış. Müəllim və
cəmiyyət”, “Ümumi təhsil: bu günə
və gələcəyə baxış. Ümumi təhsilin
idarə olunması”, “Ali təhsil: mövcud vəziyyət,
perspektivlər”, “Təhsildə innovasiyalar” mövzularında
panel sessiyalarında da ölkəmizdə müvafiq sahələrin
inkişafı istiqamətində görülən işlərdən
danışıldı, qarşıda duran vəzifələr
müəyyənləşdirildi. Düşünürəm
ki, bəhs olunan istiqamətlərdə müzakirələr
olduqca səmərəlidir və gələcəkyönümlü
xarakter daşıyır.
- Ümumiyyətlə, təhsil sahəsinin
inkişafı Azərbaycan dövləti üçün
prioritet məsələlərdən biridir. Dövlət tərəfindən
bu istiqamətdə görülən işlər və
aparılan islahatlarla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda mühüm
prioritetlərdən biri kimi müəyyənləşdirilmiş
təhsilin inkişafı istiqamətində davamlı işlər
görülür, həyata keçirilən islahat xarakterli tədbirlər
müsbət göstəricilərin əldə
olunmasını təmin edir. Yəni Azərbaycanda hər
bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil
sektorunda da aşkar şəkildə nəzərə
çarpır. Prezident İlham Əliyevin
yüksək diqqət və qayğısı sayəsində,
eləcə də müvafiq göstərişləri əsasında
atılan addımlar, icra edilən Dövlət proqramları təhsil
sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin
meydana çıxmasını, yüksək nəticələrin
qazanılmasını şərtləndirib.
Bu gün təhsilin bütün
pillələrində - uşaq bağçalarında, məktəbdənkənar
müəssisələrdə, orta məktəblərdə,
kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində,
ali təhsildən sonrakı təhsil, əlavə təhsil
sahəsində yeni layihələrin reallaşdırılması
istiqamətində mühüm addımlar atılır. Təhsil
sahəsində həyata keçirilən islahatlar - təhsildə
infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi,
ümumtəhsil məktəblərinin kadr potensialının
və tədrisin keyfiyyətinin yüksəldilməsi
xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın qəbulundan ötən 5 il ərzində
ölkəmizdə təhsil sahəsində müsbət
dinamika müşahidə olunub.
- Təhsil infrastrukturunun yenilənməsi
istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti
və nəticələri barədə fikirləriniz nədən
ibarətdir?
- Təhsil infrastrukturunun yenilənməsi daim
dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə
görülən məqsədyönlü işlər
ardıcıl xarakter daşıyır. Təsadüfi
deyil ki, son 5 ildə ölkədə 500-dən çox,
2003-2018-ci illər ərzində isə 3500-dək məktəb
binası tikilib və ya əsaslı təmir olunub ki, bunun da
nəticəsində 1 milyondan çox şagirdin təlim
şəraiti əhəmiyyətli şəkildə
yaxşılaşıb.
Ümumiyyətlə, son 15 ildə məktəb
tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul
edilib, eyni zamanda, digər sahələri əhatə edən
Dövlət proqramlarında da məktəb tikintisinə
böyük diqqət yetirilib. Regionların,
Bakı şəhərinin və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də
yoxsulluğun azaldılması, məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun artırılması ilə
bağlı Dövlət proqramlarında məktəb
tikintisinə dair geniş müddəalar öz əksini
tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil
müəssisələrinin infrastrukturunun yenilənməsinə
geniş yer ayrılıb. Sözügedən
Dövlət proqramları çərçivəsində son
15 il ərzində Bakıda və şəhərətrafı
qəsəbələrdə, həmçinin regionlarda 3 mindən
çox məktəbin tikilməsi və ya əsaslı təmir
edilməsi ayrıca qeyd edilməlidir.
Təhsil infrastrukturunun yenilənməsi
istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi
qeyd etmək lazımdır. Ümumiyyətlə, Heydər
Əliyev Fondu bir çox sahələrdə səmərəli
layihələr həyata keçirməklə yanaşı, təhsilin
inkişafı istiqamətində də mühüm təşəbbüslərlə
çıxış etmiş, bu sahədə
genişmiqyaslı işlər
reallaşdırmışdır. Bu baxımdan, “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramını diqqətə
çatdırmaq gərəkdir. Bu proqramda
respublikamızın rayon və şəhərlərində
yeni məktəb binalarının tikilib istifadəyə verilməsi,
təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki
bazasının yaxşılaşdırılması, təhsilin
keyfiyyətinin yüksəldilməsi kimi məsələlər
öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə
müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli
nəticələr verib.
- Dilarə xanım, Azərbaycan təhsilinin
dünya təhsil sisteminə inteqrasiyasını və bu
istiqamətdə əldə edilən nailiyyətləri necə
dəyərləndirirsiniz?
- Azərbaycan dövləti təhsilin
dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində
saxlayır və bu istiqamətdə davamlı tədbirlər,
islahatlar həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə
təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq
miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu
reytinq agentliklərinin hesabatlarında öz əksini
tapır. Bəllidir ki, 2018-ci il üçün “Qlobal Rəqabətlilik
Hesabatı”nda 140 ölkə arasında 69-cu yerdə qərarlaşan
Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə
yaxşılaşıb. Təhsil indikatorları üzrə
ciddi irəliləyişə nail olunması, Azərbaycanın
göstəricilərinin dünyanın bir sıra inkişaf
etmiş ölkələrinin göstəricilərindən də
yüksək olması xüsusi əhəmiyyətə
malikdir. Bəhs olunan qurultayda təhsil naziri
Ceyhun Bayramovun da qeyd etdiyi kimi, təhsilin kəmiyyət və
keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi
üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu
kateqoriyanın tərkib hissəsi olan rəqəmsal
bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi
düşüncə üzrə 27-ci, bacarıqlı
işçilər tapmaq asanlığı üzrə
31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai
təhsildə müəllim-şagird nisbəti üzrə
48-ci yerə yüksəlib.
Digər tərəfdən,
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın müvəffəqiyyətlə icra
olunması, bu günlərdə isə yeni “2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə Dövlət Proqramı”nın qəbul edilməsi
Azərbaycan təhsilinin dünya təhsil sisteminə
inteqrasiyasını sürətləndirən çox
mühüm amillərdir. Prezident İlham
Əliyevin qurultay iştirakçılarına təbrik məktubunda
“Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi
üçün həlledici amil kimi insan kapitalının
inkişafını təmin edəcək “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın icrasına başlanılmasından
beş il keçir. Bu müddətdə ölkəmizdə
müasir təhsil quruculuğu istiqamətində uğurlu
addımlar atılmış və Azərbaycan təhsilinin
dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir”,
- deyə vurğulanıb.
Bunlarla yanaşı, təhsil sahəsində
müxtəlif proqramların icra olunması dünya təhsil
sisteminə inteqrasiyanın çevik və səmərəli
xarakter daşımasında mühüm rola malikdir. Bundan əvvəl
Erasmus proqramı Avropa ölkələri ilə müəllim-tələbə
mübadiləsi həyata keçirilib və bu, ölkədə
ali təhsilin inkişafına öz təsirini göstərən
mühüm amillərdən biri olub. Hazırda
isə Erasmus+ proqramı çərçivəsində
Şərq Tərəfdaşlığı ölkəsi olan
Azərbaycan ali təhsil müəssisələri birgə
magistratura proqramları, Kredit mobilliyi (keçmiş “Erasmus
Mundus”), Potensialın gücləndirilməsi layihələri
(keçmiş “Tempus”), Jan Mone Proqramı, Bilik Alyansları,
Strateji Tərəfdaşlıq və Sektor Bacarıqları
(müəyyən şərtlər ilə) kimi imkanlardan
istifadə edəcək.
Bütövlükdə, ölkəmizdə
təhsilin inkişafı ilə bağlı müxtəlif
proqramların uğurla həyata keçirilməsi və
ardıcıl islahatların aparılması çox
mühüm nəticələrin, nailiyyətlərin əldə
edilməsinə səbəb olub. Bütün bunlar isə
Azərbaycan təhsilinin dünya təhsil sisteminə
inteqrasiyasını təmin edən və sürətləndirən
mühüm amillərdir.
Yeni Azərbaycan.-
2018.- 1 dekabr.- S.6.