“Koroğlu”
operası yenə də tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb
Səhnə əsərinin budəfəki
təqdimatı Xalq rəssamı, Dövlət
mükafatı laureatı
Tahir Salahovun 90 illik yubileyinə həsr edilib
Aparıcı sənət ocaqlarımızdan
olan Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı hər zaman olduğu kimi, bu dəfə
də klassik əsərlərin ən parlaq nümunələri ilə tamaşaçılarının
görüşünə gəlib.
Belə ki, teatrın 110-cu alqış
mövsümündə dahi
bəstəkar Üzeyir
Hacıbəylinin “Koroğlu”
operasının təqdimatı
əlamətdar hadisə
kimi yaddaşlarda qalıb. Beləliklə, Üzeyir bəy
musiqisinin vurğunları
noyabrın 28-də bu
möhtəşəm sənət
əsərinin seyrinə
dalmaq üçün
teatrın salonuna toplaşmışdılar. İlk
dəfə 1937-ci ildə
Opera və Balet Teatrının səhnəsinə qoyulan şah əsərin budəfəki təqdimatı
isə Xalq rəssamı, Dövlət
mükafatı laureatı
Tahir Salahovun 90 illik yubileyinə həsr edilmişdi.
Məlum olduğu
kimi, Tahir Salahov “Koroğlu” operasının quruluşçu
rəssamıdır. Belə
ki, Azərbaycan xalqının milli-mənəvi
dəyərlərindən biri
sayılan bu operanı həm də Tahir Salahovun
monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları
bəzəyir. Bayram ab-havalı
gecədə teatrın
aparıcı solistləri
- Xalq artistləri Fidan Hacıyeva, Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva,
Cahangir Qurbanov, Əliəhməd İbrahimov,
Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev, Fəhmin Əhmədli və Nurlan Namazov rol alıblar. Opera isə Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə
olunub.
Məlumat üçün
bildirək ki, “Koroğlu” operasında monumental, kütləvi xor və rəqs
səhnələrində kəndlilərin
surəti öz geniş əksini tapır. Rövşən-Koroğlu,
Nigar, Həsən xan əsərin əsas personajlarıdır.
Bu dəfəki təqdimatda əsərin qəhrəmanı Koroğlu
obrazını Əməkdar
artist Fərid Əliyev canladırır.
Koroğlu mərd, igid sərkərdə olmaqla yanaşı, həm də aşıqdır. Buna görə də musiqidə aşıq üslubu qabarıqdır və Koroğlunun aşıq mahnıları
bunun ən bariz nümunəsidir.
Əməkdar artist İlahə Əfəndiyevanın canlandırdığı
Nigar obrazı isə öz həqiqi, real cizgilərinə və zərifliyinə görə
bəstəkarın yaratdığı
qadın obrazları qalereyasında önəmli
yer tutur. Nigar Koroğlunu dərin məhəbbətlə
sevən bir qızdır. O həm də onun cəsur,
qorxmaz məsləkdaşı,
xanların zülmünə
qarşı haqq səsini ucaldan mübarizə yoldaşıdır.
Qeyd edək
ki, Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert
proqramı maraqla qarşılanıb. Beləliklə,
Azərbaycan xalqının
qüdrətini, azadlıq
mübarizəsini, igidliyini
əks etdirən opera böyük uğurla başa çatıb. Sonda tamaşaçılarla dolu
olan zal uzun müddət ayaq üstə sənətçiləri alqışlayıb.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.- 2018.- 1 dekabr.-
S.7.