Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması əsas vəzifələrdən biridir

 

Həyata keçirilən uğurlu siyasət nəticə etibarilə ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsini təmin edir

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.

Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Buraya ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi bazanın təkmilləşdirilməsi, monitorinqi və s. məsələlər daxildir.

Ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir

Bütün bəşəri və milli dəyərləri qoruyan və geniş miqyasda təbliğ edən Azərbaycan Respublikasında da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.

Onu da qeyd edək ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Ümummilli liderimizin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynayır. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi, milli dövlətlərdə düzgün siyasət yeridildikdə milli və dövlət maraqlarının üst-üstə düşməsi, bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranması nəzərə çarpır. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən birinin dövlətlərlə bütün sahələrdə münasibətlərdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik.

Yeri gəlmişkən, qeyd etmək zəruridir ki, maraq məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən irəli gəlir. O özündə ölkənin coğrafi vəziyyətini, sərvətlərlə təminatını, əhalinin milli, irqi strukturunu, daxili dövlət quruluşunu da ehtiva edir. Bu məsələlər qanunvericiliklə də ciddi şəkildə tənzimlənir. Belə ki, ölkəmizdə ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb. “İnformasiya əldə etmək haqqında”, “İctimai iştirakçılıq haqqında” qanunlar və digər müvafiq sənədlərin qəbulu, müvafiq anlayışın mahiyyətinin geniş kütlələrə çatdırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq təcrübə və milli elementləri birləşdirməklə bu sahədə yeni bir modelin formalaşdırılması, ictimai marağı təmsil edən vətəndaş cəmiyyəti qurumlarının sayının artması və digər məqamları bu yöndə önəmli addım kimi vurğulamaq mümkündür.

Həyata keçirilən islahatlar dövlət maraqlarının daha güclü qorunmasına xidmət edir

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən strateji amillərdən biri demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi, o cümlədən bütün azadlıqların təmin olunmasıdır. Bəllidir ki, ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Azərbaycanın demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, ölkəmiz dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir.

Digər tərəfdən, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Xüsusilə də, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur. Bütün bunlar nəticə etibarilə ictimai və dövlət maraqlarının müdafiəsini təmin etmiş olur.

Kütləvi informasiya vasitələri öz fəaliyyətlərində dövlət maraqlarını maksimum şəkildə qorumalıdır

Şübhəsiz ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə çox böyük vəzifə düşür.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxışlarında bu məsələni dəfələrlə vurğulayıb. Ölkə rəhbəri xüsusilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərində daim mətbuatın milli maraqlardan çıxış etməli olduğunu aktual məsələ kimi vurğulayıb. Təbii ki, KİV nümayəndələri öz fəaliyyətlərində dövlət başçısının “Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq” fikrinə hər zaman əməl etməlidir. Beləliklə də, ictimai və dövlət maraqlarının qorunmasında yalnız dövlət və vətəndaş cəmiyyətləri deyil, media orqanları da fəal olmalıdır.

Nəticə etibarilə, qeyd etmək lazımdır ki, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də, bu maraqların qorunması əsas vəzifələrdən biri olmalıdır.

Nardar BAYRAMLI

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 

Nurlan Bayramlı

Yeni Azərbaycan.- 2018.-  4 dekabr.- S.7.