Bakıda Birləşmiş Ərəb
Əmirliklərinin milli
bayramı qeyd edilib
Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) milli bayramı
- Müstəqilliyin 47-ci ildönümü
münasibətilə dekabrın
3-də bu ölkənin
Azərbaycandakı səfirliyi
rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər
iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra
səfir Məhəmməd
Əhməd Hamil Əl-Qubeysi BƏƏ-nin
inkişaf tarixi barədə məlumat verib. Bildirib ki, Birləşmiş
Ərəb Əmirlikləri
ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq
prinsiplərinə əsaslanan
ikitərəfli münasibətlər,
ölkə başçılarının
qarşılıqlı səfərləri,
getdikcə genişlənən
ticari- iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən
təşrif buyuran turistlərin sayının
artması müxtəlif
sahələrdə əlaqələrimizin
nə dərəcədə
möhkəm olmasına
dəlalət edir. Səfir ölkələrimiz
arasında mövcud olan əlaqələrin genişləndirilməsinə öz
töhfəsini verən
BƏƏ-Azərbaycan Ticarət
Məclisinin artıq üç ildir fəaliyyət göstərdiyini
deyib.
Azərbaycan Hökuməti adından Birləşmiş Ərəb
Əmirlikləri xalqını
bayram münasibətilə
təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında
əlaqələrin yüksək
səviyyədə olduğunu
söyləyib. Bildirib
ki, Azərbaycan
BƏƏ ilə münasibətlərə
xüsusi önəm verir. Bu münasibət qarşılıqlı
hörmətə, güclü
dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən
İslam irsinə əsaslanan əlaqələrimiz
həm ikitərəfli
formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
yüksələn xətt
üzrə inkişaf
edir və güclənir. Bunu şərtləndirən
əsas amil kimi ölkə rəhbərlərinin siyasi
iradəsi və yaxın dostluq münasibətlərini xüsusi
vurğulamaq lazımdır.
Əməkdaşlığımızın
möhkəm hüquqi
bazası var - ölkələrimiz arasında
40-dan çox sənəd,
saziş imzalanıb.
“Made in Azerbaijan” brendi altında məhsullarımızın
təşviqi məqsədilə
cari il dekabrın
8-11-də Əbu-Dabi və
Şarja şəhərlərində
ixrac missiyası təşkil ediləcək.
Nazir qeyd edib ki, Dubayda
Azərbaycan Ticarət
Evinin yaradılması
istiqamətində işlər
artıq başa çatdırılır. Qarşılıqlı
etimad, öz növbəsində investisiya
əməkdaşlığına müsbət dinamika verib. BƏƏ-nin ölkəmizə yatırdığı
2,1 milyard dollar investisiyanın 1,3 milyardı
neft sektoruna, 806 milyonu isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan
tərəfindən isə
BƏƏ-yə 330 milyon
dollar sərmayə yatırılıb. Azərbaycanda 30-a yaxın Birləşmiş
Ərəb Əmirlikləri
şirkəti fəaliyyət
göstərir. Ölkələrimiz
arasında iqtisadiyyatın
bir çox sahələrində əməkdaşlıq
imkanları genişdir.
İnanıram ki, dövlətimizin başçısının
müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ
əməkdaşlığı bundan sonra daha
da inkişaf edəcək.
Yeni azərbaycan.- 2018.- 4 dekabr.-
S.7.