Azərbaycanın bölgələrində müasir təhsil infrastrukturunun yaradılması diqqət mərkəzində saxlanılır

 

Həyata keçirilən məqsədyönlü tədbirlər, o cümlədən regionlarda yeni məktəblərin istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərir

Məlum olduğu kimi, Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Yəni Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib.

Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub.

Onu da qeyd edək ki, təhsil sahəsinin inkişafında təhsil infrastrukturunun yenidən qurulması da mühüm rol oynayır. Belə ki, son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.

Dövlət proqramları çərçivəsində son 15 il ərzində Bakıda və şəhərətrafı qəsəbələrdə, həmçinin respublikanın bölgələrində 3 mindən çox məktəb tikilib və yaxud əsaslı təmir edilib ki, bu da təhsil sahəsinə çox böyük töhfədir. Ölkə boyu 2004-cü ildən bəri yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən də birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Əlamətdar haldır ki, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ildən-ilə daha geniş vüsət alır. Ölkəmizdə təkcə 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Respublikamızda yeni məktəb binalarının tikintisi 2018-ci ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir. Cari ildə ölkə üzrə 200-dən çox məktəb tikilib və yaxud təmir olunub.

Ölkədə müxtəlif Dövlət proqramları çərçivəsində yeni məktəblərin inşa olunması yaxın perspektivdə Azərbaycanın təhsil sektorunun maddi-texniki bazasının köklü surətdə yaxşılaşmasını təmin edəcək. Respublikada məktəb fondu ən müasir standartlara cavab verəcək ki, bu da yüksək keyfiyyətli təhsil üçün çox mühüm şərtdir. Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bu məsələ ilə əlaqədar bildirib: “Bu il bölgələrdə yüzlərlə məktəb təmir edilib, o cümlədən 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur. 42 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır”.

Qeyd edək ki, hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə ki, Prezident İlham Əliyev oktyabrın 11-də “Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Təhsil Nazirliyinə ayrılıb. İqtisadiyyat Nazirliyinə isə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də imzaladığı “Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamla isə Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyinə isə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Prezident İlham Əliyevin İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncama əsasən isə İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Dövlət başçısının digər bir Sərəncamı İsmayıllı rayonu ilə bağlı olub. Belə ki, ölkə Prezidenti noyabrın 7-də “İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. İsmayıllı rayonunun Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Ümumiyyətlə, hazırda respublikanın bir çox rayonlarında məktəb tikintisi və ya əsaslı təmiri uğurla davam etdirilir. Məsələn, Zərdabda 1176 şagird yerlik şəhər 1 nömrəli məktəb-liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə məktəb-liseyin yerləşdiyi binanın şəhərin ən qədim təhsil ocaqlarından biri olduğu vurğulanıb. Bildirilib ki, hələ sovetlər birliyi dövründə 20 nəfər məzun məktəbi qızıl və gümüş medalla bitirib. İndi də rayonda təhsilin inkişafına böyük töhfələr verən məktəb-liseyin məzunlarından son illərdə 13 nəfəri, o cümlədən builki məzunlardan bir nəfəri ali məktəblərə qəbul imtahanlarından 600-dən çox bal toplayıb. Bir nəfər məzun Prezident təqaüdçüsüdür. Məktəb-liseyi ötən dərs ilində bitirən 48 məzundan 32-si, əvvəlki ildəki məzunlardan da 4-ü olmaqla, 36 nəfər müxtəlif ali məktəblərə qəbul olunub.

Ölkəmizdə, o cümlədən Zərdabda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, bu sahəyə dövlət qayğısından danışılaraq qeyd olunub ki, son 10 ildə rayonda 3092 şagird yerlik 19 məktəb binası tikilib. Bu il Alıcanlı və Burunlu kəndlərində modul tipli ümumi orta məktəb binaları istifadəyə verilib. Daha 4 təhsil ocağı üçün bu cür binaların quraşdırılmasına hazırlıq işləri görülür.

Şamaxı rayonunun Qaravəlli kənd tam orta məktəbində isə Çex Respublikasının ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı “Enerji səmərəliliyinin təmin olunması” layihəsinin açılışı olub. Layihə çərçivəsində Qaravəlli kənd məktəbi əsaslı təmir edilib. Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert, Azərbaycanın Təhsil Nazirliyinin və Çexiyanın Təhsil, İdman və Gənclər Nazirliyinin məsul işçiləri, media nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. Mərasimi rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev açaraq, layihə çərçivəsində kənd məktəbinin mövcud üç korpusundan birinin dam örtüyünün tamamilə dəyişdirildiyini, ümumiyyətlə, binanın əsaslı təmir edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 4 sinif və 1 kompüter otağı ən müasir havalandırma sistemi ilə təmin olunub. 11 kompüter istifadəyə verilib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə imkan yaradacaq.

 

(davamı növbəti sayımızda)

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 4 dekabr.- S.7