Azərbaycanın bölgələrində
müasir təhsil infrastrukturunun yaradılması diqqət mərkəzində
saxlanılır
Həyata keçirilən məqsədyönlü
tədbirlər, o cümlədən regionlarda yeni məktəblərin
istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi
təhsilin keyfiyyət göstəricilərinin
yaxşılaşmasına müsbət təsir göstərir
(əvvəli ötən sayımızda)
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov
çıxış edib, ölkəmizdə təhsilin
inkişafı istiqamətində görülən işlərdən,
qazanılan uğurlardan danışıb. Nazir müavini
“Enerji səmərəliliyinin təmin olunması” layihəsinin
reallaşmasına görə Çexiya səfirinə təşəkkürünü
bildirib.
Səfir Milan Ekert layihənin
ekoloji əhəmiyyətindən söz açıb.
İnsanlar və ölkələr arasında körpülərin
qurulmasının heç də asan olmadığını
vurğulayan səfir Çexiya ilə Azərbaycan arasında
yaxşı münasibətlərin, strateji anlaşmanın
olduğunu deyib. Bildirib ki, hələ qarşıda
müxtəlif sahələrdə bir çox əməkdaşlıq
imkanları mövcuddur.
Çexiyanın təhsil, idman və
gənclər nazirinin müavini Dana Prudikova
çıxışında iki ölkənin bir-birinə həmişə
dəstək olduğunu söyləyib, təhsilin keyfiyyətinin
vacibliyini, bunun üçün yaxşı şəraitin
yaradılmasının zəruriliyini diqqətə
çatdırıb, məktəbin kollektivinə uğurlar
arzulayıb.
Sonra qonaqlar kompüter və sinif
otaqlarını gəzib, yaradılan şəraitlə
tanış olublar.
Bu yaxınlarda Ağdam rayonunun Bənövşələr
kəndində yeni inşa olunan 260 şagird yerlik məktəb
binası da istifadəyə verilib. Bu münasibətlə
rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin,
kənd sakinlərinin iştirakı ilə
açılış mərasimi keçirilib. Rayon
İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov
mərasimdə çıxış edərək, məktəbin
kollektivini və kənd sakinlərini əlamətdar hadisə
münasibətilə təbrik edib, ölkəmizdə gedən
sosial-iqtisadi inkişafdan, təhsil sahəsində həyata
keçirilən məqsədyönlü tədbirlərdən,
Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın təhsilə göstərdiyi diqqət və
qayğıdan danışıb. Şagirdlərə onlar
üçün yaradılan şərait müqabilində
yaxşı oxumağı, elmə, biliyə daha dərindən
yiyələnməyi tövsiyə edib.
Sonra tədbir iştirakçıları məktəbdə
yaradılmış şəraitlə tanış olublar. Məktəb
binasında sinif otaqları, fənn kabinələri, fizika
laboratoriyası, kompüter otağı, kitabxana, akt zalı
yaradılıb, təhsil ocağı yeni inventar və
avadanlıqla təchiz edilib.
Regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərə müvafiq olaraq Astara rayonunun
Burzubənd kəndində isə 360 şagird yerlik yeni məktəb
binası tikilir. Təhsil Nazirliyinin sifarişi ilə “Litosfer”
MMC-nin inşaatçıları tərəfindən tikilən
ikimərtəbəli, üç korpusdan ibarət yeni təhsil
ocağının tikintisində 20-dən çox yerli
işçi çalışır. Müasir arxitektura
üslubunda tikilən təhsil ocağında şagirdlərin
yüksək səviyyədə təhsil almaları
üçün hər cür şərait olacaq.
Ərazidə 120 metr dərinliyində artezian
quyusu qazılıb, 30 və 100 tonluq su anbarları inşa
edilib. İşıq, istilik və su sistemləri
quraşdırılacaq, məktəbin həyətində
idman meydançası və istirahət guşələri
yaradılacaq. Yeni məktəb binasının 2019-cu ilin
sentyabr ayında istifadəyə verilməsi nəzərdə
tutulub.
Sabirabadın 1176 şagird yerlik Qaratəpə
kənd tam orta məktəbinin binasında əsaslı təmir
işləri isə yekunlaşmaq üzrədir. 1981-ci ildə
istifadəyə verilən məktəb binasında 35 il ərzində
təmir işləri aparılmayıb. Bu da məktəbdə
təhsilin yüksək səviyyədə təşkilində
müəyyən çətinliklər yaradırdı. Bu
problem nəzərə alınaraq ötən ilin sonlarında
məktəb binasında təmir işlərinə
başlanılıb.
Təmir zamanı məktəb
binasının su, qaz, elektrik xətləri, dam
örtüyü, qapı və pəncərələri dəyişdirilib,
havalandırma sistemi qurulub, sinif otaqları, fənn kabinələri,
idman və akt zalları, dəhliz və digər
yardımçı otaqlar, demək olar ki, yenidən tikilib.
Hazırda təhsil ocağında yeni avadanlıq və
inventarlar quraşdırılır, ərazidə abadlıq
işləri aparılır. Məktəb binası yaxın
günlərdə müəllim və şagird kollektivinin
istifadəsinə veriləcək.
Onu da vurğulayaq ki, respublikamızda təhsil
infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində
yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda
kontingenti az olan təhsil ocaqları üçün modul tipli
məktəb binalarının quraşdırılıb istifadəyə
verilməsindən gedir. Xatırladaq ki, 2017-ci ildə
respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə
edən yüz modul tipli məktəb inşa edilib. Bu il də
anoloji məktəblərin tikintisi davam etdirilir. Bir müddət
öncə Siyəzən rayonunun Tuğay kəndində 80
şagird yerlik yeni modul tipli məktəb binası tikilib
istifadəyə verilib. Ümumi orta məktəbin yeni
binasında 7 sinif və digər təyinatlı otaqlar var.
Modul tipli bina yanğın xəbərdarlıq sistemi,
işıq və su təchizatı ilə təmin olunub.
Tikintisinə 2017-ci ilin fevral ayında başlanılan birmərtəbəli
tədris ocağının ümumi sahəsi 300 kvadratmetrdir.
Respublikamızın bölgələrində
təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsilin
keyfiyyətinin yüksəldilməsi məqsədilə
Prezident İlham Əliyevin 2018-ci il 5 aprel tarixli Sərəncamına
əsasən isə hazırda Tovuz rayonunda, ümumilikdə,
332 şagird yerlik 6 modul tipli məktəb binası
quraşdırılır. Tovuz rayon İcra Hakimiyyətindən
bildirilib ki, modul tipli məktəb binaları əsasən
rayonun dağ kəndlərində inşa olunur. Artıq bir
sıra kəndlərdə quraşdırma işləri
başa çatmaq üzrədir.
Ağsu rayonunun şimal dağlıq ərazisində
rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən
Hacman kəndində də ibtidai məktəb
üçün 40 şagird yerlik yeni modul tipli tədris
ocağı istifadəyə verilib. Məktəbin
açılış mərasimində rayon İcra Hakimiyyəti
başçısının müavini Sevil Mirzəliyeva, təhsil
şöbəsinin müdiri Səftər Əlabbasov ölkəmizdə
təhsilin inkişafına göstərilən dövlət
qayğısından danışıblar.
Çıxışlarda
respublikamızın bütün bölgələrində
olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
əlaqədar görülən işlərdən, həyata
keçirilən layihələrdən söz
açılıb. Diqqətə
çatdırılıb ki, Göydəlləkli kəndində
ümumi orta məktəb üçün 90 şagird yerlik
modul tipli yeni bina da istifadəyə hazırdır. Bundan başqa, Abasxanlı kəndində tam orta,
Sarvan və Sanqalan kəndlərində ümumi orta məktəblər
üçün də 90 şagird yerlik modul tipli təzə
binaların quraşdırılması üçün
dövlət vəsaiti ayrılıb və yaxın vaxtlarda
işlərə başlanılacaq.
Sonda qonaqlar yeni binada müasir inventar və
avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn
kabinetləri ilə tanış olublar.
Onu da qeyd edək ki, artıq Ağsu rayonunun
daha bir yaşayış məntəqəsində - Göydəlləkli
kəndində ümumi orta məktəb üçün 80
şagird yerlik modul tipli yeni tədris ocağı istifadəyə
verilib. Məktəbin açılış mərasimində
bildirilib ki, son 15 ildə təkcə Ağsuda ümumtəhsil
məktəbləri və məktəbdənkənar müəssisələr
üçün 28 yeni bina istifadəyə verilib.
Bu məqamda vurğulamaq yerinə düşər
ki, Qax rayonunun Aşağı Malax və Fıstıqlı kəndlərində
də qəzalı vəziyyətdə olan ümumi orta məktəblər
üçün hər biri 40 şagird yerlik modul tipli yeni
binalar quraşdırılır. Bundan əlavə, yaxın
vaxtlarda Çinarlı kəndindəki ümumi orta məktəb
üçün də modul tipli binanın quraşdırılmasına
başlanılacaq. Rayonun Əmircan, Qapıçay,
Qarabaldır və Qaradolaq kəndlərində qəzalı vəziyyətdə
olan ümumi orta məktəblər üçün
quraşdırılan modul tipli binalarda isə tikinti işləri
artıq yekunlaşıb. Bu məktəblərin ikisi 80, ikisi
isə 56 şagird yerlikdir.
Yeri gəlmişkən, bu proses Xaçmaz
rayonunda da uğurla davam etdirilir. Belə ki, verilən məlumata
görə, Xaçmazın Qaracəlli, Cığatay və
Alıcqışlaq kəndlərində modul tipli məktəb
binaları quraşdırılır. Rayonun Ərəb kəndində
tikilən 40 şagird yerlik ibtidai məktəb binası isə
akt zalı, 4 sinif və müəllimlər otağından
ibarətdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş
istilik sistemi ilə təmin edilib.
Xaçmazda 2018-ci ilin sonuna kimi istifadəyə
verilməsi nəzərdə tutulan 4 modul tipli məktəb binasında
300 nəfərə yaxın şagird təhsil alacaq.
Neftçala rayonunda da son illər təhsil
ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm işlər görülür.
Rayonun qəsəbə və kəndlərində yeni-yeni məktəb
binaları tikilib istifadəyə verilir, mövcud binalar isə
əsaslı təmir olunur. Hazırda Neftçala rayonunda bu
istiqamətdə xeyli iş görülüb. Son illər
rayonda 15 yeni məktəb binası tikilib istifadəyə
verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə
ötən il rayonun ayrı-ayrı kəndlərində modul tipli
5 məktəb binası quraşdırılaraq şagirdlərin
ixtiyarına verilib. Prezidentin Sərəncamı ilə bu il
rayonda modul tipli daha 7 məktəb binasının
quraşdırılması nəzərdə tutulub.
Rayon Təhsil Şöbəsinin
müdiri Əjdər Kərimov bildirib ki, məktəb
binaları rayonun Mirzəqurbanlı, Pirəppə,
Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd,
Xolqaraqaşlı və Qazaxdərə kəndlərində
quraşdırılacaq. Ümumi orta məktəblər
üçün nəzərdə tutulan binaların beşi
56, ikisi isə 80 şagird yerlikdir. Binalar
üçün kəndlərdə münasib yerlər
ayrılıb və tikinti işləri aparılır.
Artıq Pirəppə və Qaraqaşlı kəndlərində
56 şagird yerlik ümumi orta məktəb üçün
quraşdırılan tikililərdə inşaat işləri
yekunlaşmaq üzrədir. Yaxın günlərdə məktəb
binaları şagirdlərin istifadəsinə veriləcək.
Qalan 5 binanın tikintisinin isə bu ilin sonuna kimi başa
çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, modul tipli məktəb
binaları azməsrəfli olması, qısa müddətdə
istənilən relyefdə quraşdırılması, asan
daşınması, şagirdlərin sayına uyğun olaraq
sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması
ilə fərqlənir. Bütövlükdə isə, təhsil
infrastrukturunun yenidən qurulması, müasirləşdirilməsi
bu sahənin inkişafında vacib rol oynayır.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 5 dekabr.- S.7.