Xalqı üçün yaşayan lider –

Nursultan Nazarbayev

 

2012-ci ildən bu yana hər il dekabr ayının 1-də Qazaxıstanda Nursultan Nazarbayevin ilk prezident seçilməsi ilə bağlı olaraq “1 Dekabr ilk prezident Günü” kimi qeyd edilir. Bu gün paytaxt Astanada və igər şəhərlərdə çeşidli mədəni tədbirlər təşkil olunur və sair.Bu günün qazax xalqı üçün mahiyyəti çox böyükdür.

Çünki məhz bu tarixə Nazarbayev 1991-ci ildə Qazaxıstan SSR-in ilk prezidenti seçilib və bu tarixdən sonra ölkədə həyatın bütün sahələrinə sürətli inkişafa nail olunub. Nazarbayev nəinki Qazaxıstanın Asiyada özünə layiq yer tuta bilməsinə, həm də türk dünyasında Türk Keneşi, Türk Akademiyası və TürkPA kimi vacib qurumların yaranmasına nail olub.

Nazarbayev yaxşı bilirdi ki, Mixail Qorbaçovun SSRİ-də tətbiq etdiyi prezident üsuluna əsasən rəhbər seçildiyi təqdirdə ölkəsinin inkişafını sürətləndirəcək kəskin qərarlar verə bilməyəcək. Çünki buna səlahiyyəti çatmayacaq. Ona görə də o, qarşıda dörd illik prezidentlik dönəminin olmasına baxmayaraq risqə getdi – Qazaxıstanda prezident seçkilərinin keçirilməsinə qərar verdi. 1991-ci il dekabrın 1-də keçirilmiş seçkidə Nursultan Nazarbayev səslərin 98,7 faizini alaraq dövlət başçısı postuna seçildi. O, prezidentliyinin 10-cu günü fərman imzalayaraq Qazaxıstan SSR adını Qazaxıstan Respublikasına çevirdi və bununla da postsovet dövrü üçün qazax milli özünüdərk prosesinin əsasını qoydu. Nəticəsi də bu oldu ki, cəmi altı gün sonra - dekabrın 16-da Qazaxıstan müstəqilliyini elan etdi...

Bu yerdə qeyd edim ki, Qazaxıstanda prezident idarəetmə sisteminin tam qüvvəsi ilə tətbiqlənməsi bir neçə il vaxt aldı. Belə ki, 1993-cü ildə SSRİ zamanı seçilmiş Ali Sovetin fəaliyyət müddəti başa çatdı və yerində iki palatalı parlament yaradıldı. 1995-ci ildə isə yeni anayasa qəbul olundu və burada prezident idarəetmə üsulu qanuniləşdirildi. Beləcə ölkənin ilk qanuni prezidenti seçilən, daha sonra isə Millətin lideri statusunu alan Nursultan Nazarbayev Qazaxıstan tarixində ən vacib qərarları verərək müstəqil, dünyada tanınan Qazaxıstan Respublikasının yaranmasında lider rolu oynadı. Bu mənada, dekabrın 1-də qeyd olunan bayram təntənəsi sözün əsl mənasında Nazarbayevin haqqıdır. Çünki dekabrın 16-da qeyd olucaq müstəqilliyin ilk qərarları da məhz bu gün verilib.

Nazarbayev ölkəsinin gələcəyini zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Yəni ilk başdan elə siyasət yürüdülüb ki, günümüzdə ölkədə yaşayan və Xalqlar Assambleyasında bir araya gələn yüzdən artıq xalq bərabərcə, eyni haqq və hüquqlar müstəvisində bir ailə kimi yaşamaqdadır. Hətta deyərdim ki, Nazarbayevin bu oturuşmuş siyasəti, özünən sonra fəaliyyət göstərəcək hökumətlər üçün də mayak rolunu oynaya biləcək.

Bu gün Qazaxıstan dünyamiqyaslı toplantılara ev sahibliyi eləməkdədir. Qazaxıstan nüvə silahından təmizlənmiş dünyaya liderlik edir, istənilən dini-məzhəb qarşıdurmalarının baş verməməsi üçün və bu müstəvidə sakit gələcəyi hədəf seçərək hər üç ildə bir dəfə dünyanın səmavi və ənənəvi din liderlərini Astanada bir araya gətirir.

Türk dünyasında da Qazaxıstan və onun lideri olan Nazarbayev çox vacib mövqe sahibidir. Buna sübut olaraq deyim ki, elə bu il Nazarbayev ölkəsi və bütün türk dünyası üçün əhəmiyyətli olan “Gələcəyə yol: mənəvi yenilənmə”, eləcə də ötən həftələrdə də türk tarix və mədəniyyətinin önəmindən söz açan “Böyük Bozqırın yeddi özəlliyi” başlıqlı millətə xitabı hər kəsin diqqətini çəkdi. Bütün bu proseslər isə haqlı olaraq bir dövlət adamını irəli çıxarır. Təbii ki, bu şəxs Nursultan Nazarbayevdir...

Bu yerdə Qazax liderin həyatından örnəkləri ə oxucuların diqqətinə çatdırmaq istərdim.

1940-cı il, iyulun 6-da Almatının Qaskelən rayonunun Şamalğan kəndində doğulan N.Nazarbayev orta təhsilini yerli məktəbdə tamamladıqdan sonra, 1962-ci ildə Qaraqanda Universitetinin metallurgiya fakültəsinə daxil olur və 1967-ci ildə oranı qiyabi yolla başa vurur. 1965-ci ildən başlayaraq Qaraqanda Metallurgiya zavodunda fəhlə, yüksək istilikli sobaların qaz mütəxəssisi və nəhayət briqadir olaraq çalışıb.

Nazarbayev 1971-ci ilin iyun ayında Qazaxıstan Kommunist Partiyasının Temirtau (Dəmirdağ) şöbəsi sədrinin 2-ci müavini seçilir. 1973-cü ilin oktyabrında isə Qaraqanda Metallurgiya zavodunun direktor müavini, 1977-ci ilin martından Qazaxıstan Kommunist Partiyasının Qaraqanda şöbəsi sədrinin müavini, 1979-cu ilin dekabrından isə sədri seçilir. Bundan sonra da Nazarbayevin şöhrəti durmadan artmaqda davam edir və daha yüksək vəzifələrə irəli çəkilir. 1984-cü ilin martında Qazaxıstan SSR Nazirlər Komitəsinin sədri, 1989-cu ilin iyununda Qazaxıstan Kommunist Partiyası sədrinin 1-ci müavini, az sonra isə Qazaxıstan Kommunist partiyasının 1-ci katibi seçilir.

24 aprel 1990-cı ildə Qazax Ali Şurası Nazarbayevi Qazaxıstanın ilk prezidenti seçir. 1 dekabr 1991-ci ildə isə, o, məqalənin yuxarısında qeyd etdiyim kimi, səslərin 98,7 faizini alaraq xalq tərəfindən ilk seçilən prezidenti olur. Bundan sonrakı hər dönəm seçkilərdə səslərin əksəriyyətini toplayan Nazarbayev günümüzədək dövlət başçısıdır. Son prezident seçkilərində (2015-ci ilin apreli) o, 97,5 faiz səs toplayaraq daha 5 il müddətinə prezident postuna seçilib.

Nazarbayev hakimiyyətdə olduğu bu uzun illər ərzində dövlətinin və xalqının inkişafına çalışmaqla yanaşı, eyni zamanda, türk xalqlarının və dövlətlərinin bir-birinə inteqrasiyası, birlik yaratması üçün də böyük səylər göstərib. Məsələn, 2-3 oktyabr 2009-cu il tarixlərində N.Nazarbayev Naxçıvanda keçirilən Türk Dilində Danışan Dövlətlərin Zirvə toplantısında təklif edib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılsın. Təbii ki, digər iştirakçı ölkələr bu gözəl təklifi qəbul edirlər. Həmin Zirvədə Qazaxıstan prezidenti daha bir maraqlı və vacib təkliflə də çıxış edib. O, türk ölkələrinin liderlərinə Qazaxıstanda Türk Dünyası Akademiyasının qurulmasını təklif edir və bu iştirakçı ölkələrin rəhbərləri tərəfindən alqışla qarşılanır.

N.Nazarbayev 1962-ci ildən Sara Nazarbayeva ilə evlidir. Dariga, Dinara və Aliya adlı 3 qızı və 9 nəvəsi var.

Nazarbayev Türk Dünyasının birliyi müstəvisində xidmətləri danılmazdır. O, son illər, məsələn, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında vasitəçilik edib, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində səylər göstərib, türk ölkələrinin daha sıx inteqrasiyası üçün böyük addımlar atıb. Bundan əlavə, Suriya böhranında Türkiyənin və suriyalı türkmənlərin böyük maraqlarını nəzərə alaraq, Nazarbayev məlum Astana danışıqları prosesini başladıb. Eləcə də öz ölkəsinə - Qazaxıstana müasir və güclü inkişaf müstəvisi seçib, bölgədə tarazlı və sayğılı bir siyasət yürüdüb.

Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin qardaşlıq müstəvisində inkişafına da nail olub. Onun vaxtilə söylədiyi bir fikri diqqətə çatdırıram: “Hesab edirəm ki, ölkələrimiz müstəqilliyin əldə edilməsi dövrünü layiqli şəkildə keçirdi. Bu illər bizdən öncəki nəsillərin müstəqillik arzularının gerçək olduğu illərdir”.

Nazarbayev çıxışlarında da vurğulayıb ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir.

Qeyd edək ki, vaxtilə ümummilli lider Heydər Əliyev də bu böyük siyasətçi haqqında yüksək fikirlər səsləndirib. O, vaxtilə “Nusrultan Nazarbayev böyük təcrübəyə malik, xalq tərəfindən sevilən siyasətçi və dövlət xadimidir” demişdi.

Yeri gəlmişkən, N.Nazarbayevin Azərbaycana səmimi dostluq münasibətlərini təsdiqləyən bir neçə tarixi faktı xatırlamaq yerinə düşərdi. 1991-cı ildə məhz Nazarbayevin təşəbbüsü ilə Rusiya prezidenti Boris Yeltsin Azərbaycana, eləcə də Dağlıq Qarabağa səfər etmişdi ki, bu zaman onu müşayiət edən Nazarbayev bütün görüşlərdə separatizmin, qanunsuz silahlı dəstələrin fəaliyyətinin təhlükəli olduğunu dönə-dönə vurğulayırdı. Başqa bir fakt: Nazarbayev Avrasiya İqtisadi Birliyinin iclasında Ermənistan prezidenti Serj Sarkisyana ölkəsinin Gömrük İttifaqına qoşulacağı təqdirdə BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunması ilə bağlı müraciət edib. Yəni burada da Azərbaycanın sərhəd toxunulmazlığı prinsipini nəzərə alıb.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2018.- 5 dekabr.- S.4.